Xəbər lenti



Novruz Məmmədov: Azərbaycan xalqı prezident İlham Əliyevə inanır

 

Azərbaycanın stabil, təhlükəsiz və çiçəklənən gələcəyinin növbəti yeddi ilinin memarı prezident İlham Əliyev olmalıdır.

Bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün “Facebook” səhifəsində yazıb.

N. Məmmədov bu gün YAP-ın möhtəşəm qurultay keçirdiyini bildirib:

“Möhtəşəm bir Qurultay. Səmimi, ürəkdən gələn, gələcəyə inamlı və ümid dolu çıxışlar. Ölkənin müxtəlif region və təşkilatlarının nümayəndələrinin nitqləri bir leytmotiv üzərində köklənmişdi: Azərbaycanın stabil, təhlükəsiz və çiçəklənən gələcəyinin növbəti yeddi ilinin memarı prezident İlham Əliyev olmalıdır.

İstər-istəməz dahi Heydər Əliyevin cümlələrini – “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram... Mən ona özüm qədər inanıram və gələcəyinə Böyük Ümidlər bəsləyirəm” – xatırladım.

Qurultayda elə təəssürat yaranmışdı ki, sanki hamı bu müdrik kəlamları xatırlayır. Düşünürəm: Şübhəsiz Azərbaycan xalqı prezident İlham Əliyevə inanır”.

 


Xəbər verdiyimiz kimi, bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçirilib.

Qeyd edək ki, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qurultayın qərarını təqdim edib. Qərar yekdilliklə qəbul olunub.

 










Milli Məclisin (MM) Regional məsələlər komitəsinin fevralın 6-da keçirilən iclasında Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabat məruzəsinin müzakirəsi keçirilib.

MM-in Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, iclasda ilk dəfədir ki, ədliyyə nazirinin müavini Vilayət Zahirov da iştirak edir.

Onun sözlərinə görə, buna səbəb bələdiyyələrlə bağlı səsləndirilən fikirlərə yerində və zamanında cavab almaqdır:

“Çünki bəzən komitəmizdə səslənən fikirlərə rəsmi cavab almaq bir qədər çətin olur”.

V. Zahirov isə bildirib ki, 2017-ci il bələdiyyələrin fəaliyyətində uğurlu il olub.

“Bələdiyyələrlə iş iki istiqamətdə aparılıb və uğurlu nəticələr əldə edilib”.

Nazir müavini xüsusilə bələdiyyə qulluqçularının Etik davranış Kodeksinin qəbulunun bələdiyyələrin fəaliyyətində mühüm rol oynadığını və bundan sonra da oynayacağını bildirib.

O deyib ki, 65 minə yaxın bələdiyyə aktı daxil olub və onların qanunverciliyə uyğunluğu yoxlanılıb, bəziləri dəyişdirilməsi üçün geri qaytarılıb:

“1979 aktın ləğvi və ya dəyişdirilməsi qərara alınmışdı ki, nəticədə onlardan 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib. Qalanları ilə bağlı müzakirələr davam edir”.

Nazir müavini bəzi bələdiyyələrin fəaliyyətində ciddi qanun pozuntularının aşkar edildiyini bildirib və  əlavə edib ki, artıq 24 faktla bağlı tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müvafiq sənədlər göndərilib: 

“Artıq 15 fakt üzrə cinayət işi başlanılıb”.



Həmsədrlər Bakıda - Qarabağ danışıqları başlayır

Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakıda dövlət rəsmiləri ilə görüşləri keçiriləcək.

Həmsədrlərin prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Səfərin məqsədi Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə hal-hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.

Həmsədrlər Bakı səfərindən sonra Ermənistana və işğal altında olan Dağlıq Qarabağa yollanacaqlar.


Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkisi qərarı müxalifət sıralarında çaxnaşmaya səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, bəzi ekspertlər belə iddialar irəli sürməyə başlayıb ki, seçkinin önə çəkilməsi müxalifətə seçkini boykot etmələri üçün bəhanə olacaq. Artıq Milli Şura seçkini boykot qərarı verdiyini bəyan edib. Bu barədə qurumun sədri Cəmil Həsənli özünün sosial şəbəkə hesabında fövqəladə toplantı keçirdiklərini, boykot və mart ayından etibarən mitinqlərə başlamaq qərarı verdiklərini açıqlayıb. AXCP sədri Əli Kərimli də seçkiləri boykot edəcəklərini və onun legitimliyini şübhə altına almaq üçün etiraz aksiyalarına başlayacaqlarını bildirib.

Liderləri həbsdə olan REAL hərəkatı da növbədənkənar seçkilərin nəticələrini tanımayacaqlarını bəribaşdan elan edib. İlqar Məmmədovun həbsxanadan vətəndaşları bu seçkiləri boykot etməyə çağıracağını bildirib.

Seçkidə İsa Qəmbərin namizədliyi ilə iştirak qərarı olan Müsavat Partiyası isə hələ ki növbədənkənar seçki ilə bağlı son qərarı qəbul etməyib. Partiyanın başqanı Arif Hacılı deyib ki, bu həftə partiya Məclisinin növbədənkənar sessiyası olacaq və növbədənkənar seçki ilə bağlı hansı taktikanı seçəcəklərini müəyyənləşdirəcəklər. Partiyanın bir qədər əvvəl namizədliyini irəli sürdüyü İsa Qəmbər isə bildirib ki, partiya nə qərar qəbul etsə ona tabe olacaq.

AĞ Partiyanın prezidentliyə namizədi Tural Abbaslı isə boykot qərarının düzgün olmadığı fikrindədir: “Siyasi partiyaların yaranma və fəaliyyət göstərmə məqsədi hüquqi yolla hakimiyyətə gəlməkdir. Hüquqi yolla da hakimiyyətə gəlməyin hələ ki yeganə yolu seçkilərdir. Yəni dolayısıyla desək, seçkilər partiyaların hakimiyyətə gəlməyi və ya siyasi mövqelərini möhkəmləndirməyi üçün əlverişli şansdır”. 

Yeni AXCP-nin namizədi Razi Nurullayev də boykotun zərər gətirəcəyi düşüncəsində olduğunu dedi. Onun sözlərinə görə, əgər siyasi partiya seçkiləri boykot edirsə, o zaman siyasi partiyanı buraxmalıdır: “Biz bilirik ki, nəticələr nə olacaq. Məgər 2013-də nəticələrin bəlli olduğunu bilmirdik? Bilirdik. Bəs onda niyə iştirak etdik? Biz iştirakın tərəfdarıyıq və əlimizdən gələni edəcəyik. Əgər yaranan vəziyyət imkan verməsə, o zaman mövcud namizədlərdən birinə dəstək də verə bilərik”. 

AMİP lideri Etibar Məmmədov isə bildirib ki, aprelin 11-də növbədənkənar prezident seçkisi normal addımdır: “Burada qeyri-adi heç nə yoxdur. Sərəncam imzalanıbsa, ondan irəli gələn məsələlər icra olunmalıdır. Kim seçkilərdə iştirak etmək istəyirsə, bu qrafikə uyğun iş aparmalıdır. Yəni burada konstitusiyaya zidd nəsə yoxdur”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov