Xəbər lenti



Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı zamanı Ermənsitanın silahlanması məsələsinə toxunub.

Dövlətimizin başçısı deyib ki, onlar yeni müharibəyə hazırlaşırlar.

“Kim onları yenidən müharibəyə sürükləyir? Fransa və onun prezidenti. Onların Ermənistanı təchiz etdiyi məhvedici silahlar bizə qarşı yönəlir. Bu gün başqa yerdə lazım ola biləcək “Sezar” haubitsaları Ermənistana göndərilir. Əslində, Avropa İttifaqının kəşfiyyat missiyası olan dırnaqarası Avropa monitorinq missiyası gecə-gündüz casus kimi sərhədlərimizdə dayanır və baxırlar ki, bəlkə haradan, bir yerdən girə bilsinlər. Bizim də həmin dırnaqarası monitorinq missiyası barədə kifayət qədər kəşfiyyat məlumatımız var. Avropanın Sülh Fondu milyonlarla dolları Ermənistanı silahlandırmaq üçün ona verir”.

Azərbaycanla Ermənistan arasında növbəti dəfə müharibə baş verə bilərmi?

Mövzu ilə bağlı Azərbaycan Yəhudi media mərkəzinin politoloqu Rüstəm Tağızadə öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında həll edilməyən məsələlər çox idi. Tərəflər ayrı-ayrı vaxtlarda sülh müqaviləsi imzalamaq üçün cəhdlər etdilər. Lakin Ermənistan tərəfinin siyasi iradəsinin olmaması və ona edilən xarici təzyiqlər səbəbindən bu proses gecikir:

"Bundan başqa, müharibədən təzə çıxmış dövlət kimi Ermənistan xalqının bu məsələyə hazırlıq prosesinin zəif olması və ölkə daxilində sıx şəkildə mitinqlərin keçirilməsi problem yaradırdı. Sonrakı dövrlərdə ölkə başçımız dəfələrlə Ermənistan hakimiyyətinə xəbərdarlıq edib ki, silahlanma olmamalıdır, Avropa İttifaqının  müşahidə missiyası “fəaliyyəti” fonunda sərhəddə yalandan müşahidə aparmamalıdır. Çünki onların fəaliyyəti kəşfiyyat xarakterlidir. Eyni zamanda Fransa və Hindistan tərəfindən Ermənistana silahlar verilməməlidir. Həmin silahların əksəriyyətinin hansı məqsədlə verildiyi hər kəsə məlumdur".

R.Tağızadə hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni ilə əlaqədar informasiyalar çox yayılır. Müqavilənin mətninə əsasən, bir çox təkliflərlə bağlı razılaşmalar var. Lakin bu o demək deyil ki, sülh müqaviləsi tezliklə bağlana bilər.

Rüstəm Tağızadə: Ermənistan tərəfinin siyasi iradəsinin olmaması və ona edilən xarici təzyiqlər səbəbindən proses gecikir

"Eyni zamanda Azərbaycanla Ermənistan arasında növbəti müharibənin baş verib-verməyəcəyi hələlik aydın deyil. Azərbaycan tərəfi müharibənin baş verməsini istəmir, amma kommunikasiyanın açılması prosesində problemlər var. Həmçinin sərhəddə tez-tez atəşkəs pozulur. Digər tərəfdən, Ermənistan təxribatlara əl ata bilər. Yəni, ortada güvənli bir vəziyyət yoxdur. İki ölkə arasında müharibənin başlamasında əsas məsuliyyət Ermənistan tərəfinin üzərinə düşəcək", - deyə müsahibimiz qeyd edib.

Politoloqun fikrincə, ümumilikdə müharibənin baş verməsi asan proses deyil. Bu, dünyada gedən geosiyasi proseslərdən asılıdır.

Gülşən Şərif



Məlum olduğu kimi hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəməsinin baxış iclası keçirilir. Məhkəmə baxış iclası Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

Toplanmış mötəbər sübutlar əsasında 2548 epizod üzrə ittiham olunan 15 nəfər Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Məhkəmədə dövlət ittihamını 6 prokuror, Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.

Yəqin ki, ittiham olunan 15 nəfərin hamısı layiqli cəzalarını alacaqlar. Onlar Azərbaycan Respublikasının hansı gücə sahib olduğunu görəcəklər.Bəlkə də havadarlarının nə vaxtsa imdadlarına yetəcəyi günü səbrsizliklə gözləyirlər.Amma Azərbaycan daha onlar fikirləşdiyi Azərbaycan deyil...

Məhkəmə baxışında bu ermənilər dəfələrlə vəkillərindən, hakimdən narazılıqlarını ifadə ediblər.Hətta bir necə dəfə əsassız olaraq vəsatətlər versələr də hakim Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinə əsasən təmin etməyib.

Məhkəmə prosesində məni maraqlandıran digər məsələ ilə bağlı mövzuya toxunmaq istəyirəm.Əvvəla bu ermənilər 30 il ərzində Qarabağda heç bir Qanuna əməl etməyiblər və bu illər ərzində özlərindən uydurduqları qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən şər,böhtanla məşğul olublar.Bəs nə üçün onda onların saxlanma şəraitindən,məhkəməyə aparılıb gətirilməsindən narazılıqlarını bildirmirlər?

Bəzən məhkəmələrdə ittiham olunan şəxslər ilk olaraq yuxarıda sadaladığım məsələlərdən narazılıqlarını bildirirlər.

Qeyd edim ki,onların saxlandıqları yerdən aparılıb gətirilməsini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmət Mühafizə Alayının əməkdaşları və Konvoy taboru təmin edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tabeliyində olan cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının, Mühafizə Alayının, Konvoy taborunun əməkdaşları və hərbi qulluqçuları Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanununda nəzərdə tutulmuş bütün vasitələrə qanun çərçivəsində əməl edirlər.

Sözsüz,Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə naziri Fərid Əhmədovun rəhbərliyi ilə penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təmin olunması, saxlanma şəraitinin yaxşılaşdırılması və infrastrukturun müasirləşdirilməsi ilə bağlı ardıcıl tədbirlər görülür.Bu gün istər paytaxtda , istərsə də bölgələrdə yeni müasir penitensiar komplekslərin inşa olunaraq istifadəyə verilməsi, məhkumların səmərəli islah olunaraq cəmiyyətə reinteqrasiyası ədliyyə orqanı işciləri üçün ən vacib vəzifədir.

Penitensiar xidmətin əməkdaşları ilə keçirdiyi bütün görüşlərdə nazir Fərid Əhmədov Xidmətin fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, rejim və davranış qaydalarına riayət edilməsi, məhkumların hüquqlarının təmin olunması, onların islah prosesinin səmərəli təşkili və digər məsələlərlə bağlı tapşırıqlar verib.Və bəlkə də bu sahədə görülmüş səmərəli işin nəticəsidir ki, son dövrlər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayından və Konvoy taborundan yalnız xoş sözlər eşidirik.




Ağazaid Süleymanov



Azərbaycanın Konstitusiyası, dövlətin hüquqi əsaslarını müəyyən edən ən yüksək qanunverici akt olaraq ölkənin daxili hüquq sisteminin təməlini təşkil edir. Ölkə başçısının diqqət və qayğısı nəticəsində 2025-ci il "Konstitusiya və Suverenlik ili" kimi elan edilib. Bu da Konstitusiyanın əhəmiyyəti və onun beynəlxalq hüquqla uyğunluğunun təmin edilməsi istiqamətində mühüm addımdır.

Lakin bu təməl sənəd yalnız milli kontekstə deyil, həm də beynəlxalq hüquq prinsiplərinə, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi hüquq normalarına, Avropa Şurası və Avropa İttifaqı çərçivəsində təsdiq edilmiş standartlara uyğun olmalıdır. Konstitusiyanın beynəlxalq sistemlərə uyuğunluğu Azərbaycanın beynəlxalq aləmdə hüquqi mövqeyini gücləndirir, eyni zamanda ölkənin daxili hüquq sisteminin inkişafına təkan verir. 

Bəs Azərbaycan konstitusiyası beynəlxalq normalara uyğun olaraq necə tənzimlənir? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Rüstəm Əzimzadə bildirib ki, Azərbaycanın Konstitusiyası, əsasən, ölkənin beynəlxalq öhdəliklərinə uyğun olaraq formalaşır və bu uyğunluq dövlətin beynəlxalq münasibətlərdə mövqeyini gücləndirməkdə mühüm rol oynayır:

"Azərbaycanın Konstitusiyasının beynəlxalq hüquqla uyğunluğu bir tərəfdən ölkənin beynəlxalq müqavilələrinə uyğun hərəkət etməsini təmin edir, digər tərəfdən isə insan hüquqları və azadlıqları sahəsində Beynəlxalq İnsan Hüquqları Deklarasiyası, Avropa İnsan Hüquqları Konvensiyası və digər beynəlxalq sənədlərə riayət etməyi məqsəd qoyur. Bu, yalnız ölkənin beynəlxalq öhdəliklərini yerinə yetirməklə qalmır, həm də vətəndaşlarının hüquqlarını beynəlxalq standartlarla qorumağa xidmət edir. Nəticə etibarilə, Azərbaycan yalnız beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün fəaliyyət göstərmir, eyni zamanda vətəndaşlarının hüquqlarını, o cümlədən siyasi, iqtisadi və sosial hüquqlarını beynəlxalq standartlara uyğun şəkildə qoruyur. Ali hüquqi sənədin bu yöndə formalaşması Konstitusiyanın insan hüquqları sahəsindəki müddəalarını daha geniş bir kontekstdə gücləndirir və dövlətin müvafiq beynəlxalq qurumlarla əməkdaşlığını dərinləşdirir".

Hüquqşünasın sözlərinə görə, Azərbaycanda Konstitusiyada insan hüquqları və azadlıqlarının yüksək səviyyədə qorunmasına dair müvafiq müddəalar mövcuddur: 

"Bununla yanaşı, beynəlxalq hüququn əsas prinsipləri, xüsusilə də İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi ölkənin Konstitusiyasına inteqrasiya olunaraq, onun həyata keçirilməsini və qorunmasını təmin edir. Məsələn, tortura qarşı mübarizə və ifadə azadlığının təmin olunması kimi məsələlər beynəlxalq hüquqla sıx əlaqədardır, Azərbaycan bu prinsipləri öz hüquqi sistemində tətbiq edir. Sözügedən sahə beynəlxalq hüquqla sıx əlaqədardır və Azərbaycan həmin beynəlxalq prinsipləri öz hüquqi sistemində tətbiq etməyə çalışır. O cümlədən, Azərbaycanın beynəlxalq müqavilələrə qoşulması və həmin müqavilələrin ölkə hüququna daxil edilməsi Konstitusiyaya uyğun şəkildə həyata keçirilir. Bu, ölkənin beynəlxalq aləmdəki mövqeyini təsbit edir və onun beynəlxalq hüquqa olan məsuliyyətini gücləndirir. Bu baxımdan Azərbaycan Konstitusiyasının, beynəlxalq hüququn əsas prinsipləri ilə təhlili, həmçinin ölkənin beynəlxalq hüququn tətbiqindəki müvəffəqiyyətlərinin araşdırılması xüsusilə əhəmiyyət kəsb edir".

Rüstəm Əzimzadə: İslahatlar Azərbaycanın beynəlxalq hüquq sahəsindəki mövqeyini gözə çarpdırır

Müsahibimizin fikrincə, Azərbaycan Konstitusiyasındakı son dəyişikliklər beynəlxalq hüququn tələbləri ilə daha sıx uyğunlaşdırılmağa çalışılıb: 

"Bu addımlar xüsusilə demokratik prinsiplərin gücləndirilməsi və insan hüquqlarının qorunmasına dair müvafiq müddəaların təkmilləşdirilməsi məqsədi güdür, Azərbaycanda dövlətin beynəlxalq hüquqa uyğun fəaliyyətini daha da möhkəmləndirir və təhlükəsizliyi, ədalətliliyi təmin edir. Ocümlədən, ölkənin Avropa Şurası, BMT və digər beynəlxalq təşkilatlar qarşısında olan öhdəliklərini daha da səmərəli yerinə yetirməsini təmin etmək üçün atılmış mühüm addımlar kimi qiymətləndirilir. Məsələn, məhkəmə müstəqilliyinin gücləndirilməsi, insan hüquqları sahəsindəki beynəlxalq normalara uyğunluğun artırılması və ifadə azadlığı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi bu dəyişikliklərdən biridir. Bu cür islahatlar yalnız ölkənin daxili hüquqi sistemini deyil, həm də Azərbaycanın beynəlxalq hüquq sahəsindəki mövqeyini gözə çarpdırır".

Nəticə etibarilə həmsöhbətimiz bildirib ki, Azərbaycanın Konstitusiyasının beynəlxalq hüquq və ümumdünya standartları ilə uyğunluğu ölkənin hüquqi inkişafı və beynəlxalq əlaqələrinin möhkəmlənməsi baxımından son dərəcə əhəmiyyətlidir: 

"Uyğunluğun artırılmasında hüquq sisteminin daha da təkmilləşdirilməsi və vətəndaşların hüquqlarının beynəlxalq aləmdə qorunması istiqamətində atılacaq addımların önəmi danılmazdır. Azərbaycan hüquq sisteminin beynəlxalq hüquqa uyğunluğu yalnız dövlətin beynəlxalq öhdəliklərini yerinə yetirməsi ilə bağlı deyil, həm də vətəndaşlarınınhüquq və azadlıqlarını qorumağa xidmət edən fundamental bir prinsipi təmsil edir. Konstitusiyada aparılan dəyişikliklər və islahatlar, insan hüquqları, ədalətli məhkəmə sistemi, ifadə azadlığı və digər mühüm hüquq sahələrində beynəlxalq hüquq prinsiplərinə uyğunluğun təmin edilməsi məqsədini güdür. Bu, vacib bir addımdır. Yanaşmalar həm daxili, həm də xarici siyasət sahəsində müsbət nəticələr əldə etməyə imkan verir və ölkəmizin hüquq sisteminin inkişafına doğru daha böyük addımlar atmasına şərait yaradır".

Əli Hüseynov



“Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, həmçinin bu il, Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub:

“Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır.

Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəlliyiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək”.



Ölkəmizin hər yerində olduğu kimi  UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə də "27 sentyabr - Anım Günü" qeyd edilib. Kollecin kollektivi Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər. Müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.

Daha sonra Kollecdə Anım Gününə həsr olunmuş tədbir keçirilib. Vətən müharibəsi şəhidlərinin ruhuna ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutdan sonra Kollec tələbələrinin hazırladıqları şeir, mahnı və səhnəciklər nümayiş olunub.

Tədbirdə çıxış edən Kollecin  sosial və humanitar məsələlər üzrə direktor müavini  Zaur Vəliyev Vətən müharibəsində əldə edilən Zəfərin Azərbaycan dövləti, xalqı və ordusunun dəmir yumruq kimi birliyi hesabına qazanıldığını qeyd edib.

Kollecin direktoru Şəhriyar Laçınov da öz növbəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə rəşadətli əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın, bütövlükdə xalqımızın  birlik və həmrəylik nümayiş etdirdiyini xüsusi vurğulayıb.

Bizə Qələbə sevincini yaşadan, vətənin müstəqilliyi və istiqlaliyyəti,xalqının rifahı uğrundan canından keçərək şəhidlik zirvəsinə çatan bütün qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirik!








Azərbaycan Xalqı öz gücünü və dövlətçilik enerjisini Heydər Əliyevdən almışdır. Ulu öndərin 55 il əvvəl, iyulun 14-də Azərbaycana rəhbər gəldiyi gündən bu günədək Möhtərəm Adı bütün azərbaycanlıların xilaskarı, qoruyucusu kimi sanki öz sehrini və ilahi gücünü qoruyub saxlamaqdadır.

Mən və mənimki yüz minlərlə indiki Ermənistana məxsus əzəli torpaqlarımız olan Göyçə, Zəngəzur, Zəngibasar, İrəvan mahalında doğulub, böyüyüb-başa çatan minlərlə Qərbi Azərbaycanlılar daim Heydər Əliyevin Atalıq qayğısını hiss etmişik.

O, 250 mindən artıq Qərbi Azərbaycanlının, eləcə də Gürcüstanda yaşayan qədim mahalımız Borçalıdakı soydaşlarımızın arxa-dayağına, hamisinə çevrilmişdi, hər birimizin ictimai-siyasi, sosial hüquqlarını qoruyurdu.

Məhz Onun nüfuzu sayəsində həmin illərdə Ermənistanda Azərbaycan dilində orta məktəblərin sayı artmışdı, Ermənistan SSR Maarif Nazirliyinin məlumatında qeyd edilirdi ki, o dövrdə tədrisin Azərbaycan dilində aparıldığı 155 məktəb mövcud idi ki, burada 50 mindən artıq azərbaycanlı şagird təhsil almışdır.

Təkcə mənim böyüyüb başa çatdığımız Basarkeçər rayonundakı 32 kəndin hər birində Azərbaycan dilində məktəb var idi. 1988-ci ilin fevralınadək fəaliyyət göstərən M.F.Axundov adına İrəvan şəhər Azərbaycan orta məktəbi Ermənistanın ən nümunəvi qabaqcıl təhsil ocağı kimi SSRİ-də şöhrət qazanmışdı.

Eləcə də Xaçatur Abovyan adına Pedoqoji İnstitutda Azərbaycan dili və filologiya fakültəsi fəaliyyət göstərirdi. Kənd Təsərüfatı Texnikumunda yüzlərlə azərbaycanlı öz doğma dilində təhsil alırdı.
O dövrdə Ermənistanda azərbaycançılığı və milli ruhu təcəssüm etdirən mədəni-elmi qurumlarımızın fəaliyyəti artmışdı, Azərbaycan dilində qəzet və jurnalların nəşri genişlənmişdi, Basarkeçərdə Azərbaycan dilində “Bolluq uğrunda” qəzeti nəşr olunurdu.

Ötən əsrin 70-ci və 80-ci illərində Heydər Əliyevin birbaşa əməyi sayəsində keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə oxumağa göndərilən minlərlə tələbənin sırasında da Qərbi Azərbaycan və Gürcüstanda yaşayan gənclərimiz xüsusi yer tuturdu.

Heydər Əliyev SSRİ Nazirlər Sovetində rəhbər vəzifədə işləyərkən bizim qayğımızı çəkirdi, lazım olan bütün köməklikləri göstərir, yüzlərlə istedadlı və bacarıqlı mütəxəssisə böyük etimad göstərərək müxtəlif vəzifələrə təyin edirdi.
Bu gün Azərbaycanda yüksək dövlət vəzifələrində, parlament və müxtəlif orqanlarda təmsil olunan yüzlərlə Qərbi Azərbaycanlı Heydər Əliyevin o dövrdə yetişdirdiyi kadrlardır.

Mən fəxr edirəm ki, Heydər Əliyevin kadrıyam.

Təəssüf ki, o dövrdə Kremldə oturanların məkrli planı nəticəsində Ümummilli liderimiz rəhbər vəzifədən uzaqlaşdırıldı və yuxarıda qeyd etdiyimiz elm və təhsil, ictimai, mədəniyyət ocaqlarının hamısının fəaliyyəti dayandırıldı.

Qərbi Azərbaycanlıların və Gürcüstanda yaşayan soydaşlarımızın deportasiyası başladı, Ermənistandakı terrorçu rejimlə yanaşı, Gürcüstanda şovinist Qamsaxurdiya hökuməti azərbaycanlıları öz torpaqlarından çıxardı, təkcə Dmanisidən minlərlə soydaşımız ev-eşiyini itirdi. Heydər Əliyevin Şevardnadze ilə şəxsi dostluğu və dahi şəxsiyyət kimi hörməti nəticəsində sonrakı illərdə bu faciənin də qarşısı alındı.

Həmin vaxt hakimiyyətdə olan Vəzirov, Mütəllibov hökumətii öz doğma yurdunda hər şeyini itirərək Azərbaycana pənah gətirən bizlərə üz çevirdi, minlərlə soydaşımız Azərbaycana yox, Rusiyanın və Orta Asiyanın müxtəlif yerlərinə səpələnməli oldu və neçə illər ağır günlər yaşadılar.

Onlar yalnız 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycana qayıdaraq sabit və firavan həyatlarını qurdular.

Ulu öndər ilk gündən bizə yenidən öz Atalıq qayğısını göstərdi. “Qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” deyən Heydər Əliyev davamlı olaraq şəraitimizlə maraqlandı.

O, 2002-ci il sentyabr ayının 13-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Ermənistandan olan qaçqınlar və Xocalıdan olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılışında ürəkağrısı ilə bildiridi ki, dünya heç vaxt belə qalmayacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, kökünlər öz yerlərinə, yurdlarına qayıdacaqlar.
Onun bu arzusunu Siyasi Əmanəti olan İlham Əliyev gerçəkləşdirdi və Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi.

Ali Baş Komandan Vətən müharibəsində qələbədən sonra Qərbi Azərbaycan məsələsini ali məqsəd kimi qarşıya qoyub və Qərbi Azərbaycanlıların “Qayıdış Konsepsiyası” nı gerçəkləşdirməyə çalışır.
Qərbi Azərbaycanın keçdiyi yol Azərbaycan xalqının keçdiyi tarixi yolun bir parçasıdır.
Cənab Prezident 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan ziyalılarının bir qrup nümayəndəsi ilə görüşdə əmin etdi ki, biz Qarabağa, Şərqi Zəngəzura qayıtdığımız kimi öz qədim ərazilərimiz olan Qərbi Azərbaycana da qayıdacağıq.
Əminəm ki, biz Göycəyə, Zəngəzura, Basarkeçərə də yaxın zamanlarda qayıdacağıq.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor


Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. 

Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğlan övladı olub:

“Atam, anam tarixi Azərbaycan torpağı olan Borçalı mahalında anadan olub. Özüm Bakı şəhərində dünyaya gəlmişəm. Amma qismət elə oldu ki, övladım bu torpaqlarda dünyaya göz açdı. 2022-ci ilin dekabr ayında ailə qurmuşuq. Bu gün oğlumuz dünyaya gəldi. Çox sevincliyik. Həkim əməliyyatla olmasını məsləhət görmüşdü. Çox şükür ki, proses heç bir problemsiz həyata keçdi”.

A.Abdullayev deyib ki, artıq körpənin adını da seçiblər:

“Adı bizə bu günləri yaşadan Ali Baş Komandanın adı ilə bağlıdır. Övladımın adı İlham olacaq”.

Onun sözlərinə görə, ötən ilin oktyabr ayında işlə bağlı Xankəndiyə gəlib:

““Azərsu” ASC-nin tabeliyində fəaliyyət göstərən Qarabağ Regional Su-Kanal İdarəsində işləyirəm. Burada elə həm də iş yoldaşım olan həyat yoldaşımla birlikdə yaşayıram. Bu torpaqlarda igid-igid oğullarımızı itirmişik. Bu gün isə bir əsgər də artdı. Övladımın burada doğulması ilə bağlı arzu, istək, dilək sadəcə bu idi”.

Lamiyə Məmmədova

 

 




 


Məlum olduğu kimi, Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə start verilib. Artıq seçkilərdə iştirak edəcək 7 nəfər öz namizədliyini irəli sürüb. Bu siyahının getdikcə artma ehtimalı da var. Yəqin ki, namizədlərin qeydə alınması ilə bağlı yekun qərarı MSK verəcək.

Demokratik ölkədə yaşadığımız üçün prezident seçkisinə qatılmaq üçün kimsəyə namizədliyini irəli sürmək yasaqlana bilməz. Bu onların həm hüqüqi, həm də vətəndaş haqqıdır.

Lakin adlarını "müxalifət" qoymuş bəziləri heç bir məntiqi əsas gətirməyərək seçkiyə qatılmamaq üçün özlərindən min bir bəhanə uydururlar. Onların bəziləri bu dəfə də çox asanlıqla məğlub olacaqlarını bilib seçkiyə getməməklə bağlı qərar veriblər. Onlar nədənsə anlamaq istəmirlər ki, belə mənasız bəhanələr xalq tərəfindən artıq qəbul olunmayacaq. Xalqın iradəsinə qarşı çıxmağı özləri üçün adətə çevirmiş bu dırnaqarası müxalifət nümayəndələri yəqin ki, seçkilərə qatılmamaqla, gətirdikləri bəhanələrlə düşmənin dəyirmanına su tökmüş olduqlarını unudurlar və yaxud da onlar özləri də anlayırlar ki, indiki dövrdə Prezident İlham Əliyevdən başqa layiqli bir namizəd yoxdur. Bu gün bu yazını yazarkən əslində 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşmiş 300 mindən artıq təhsil işçisinin fikirlərini ifadə etmiş olaram.  

Daima qətiyyətli addımları ilə milli maraqlarımızı qorumağı bacaran lideri bu xalq niyə seçməsin? 200 illik məğlubiyyət tarixinə 44 günə yeni zəfərlər yazan qəhrəmanı xalq niyə seçməsin? Ölkənin işğal olunmuş ərazilərinin azad olunması və suveren hüquqlarımızın bərpasını təmin edən lideri xalq niyə seçməsin?

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı. Müstəqillik qazandıqdan sonra keçirilən bütün seçkilərdə prezidentliyə namizədliyi irəli sürülən şəxslərdən xalqın başlıca istəyi Qarabağ münaqişəsinin ədalətli həll olunması və Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması, doğma torpaqlardan didərgin düşmüş insanların öz yurdlarına qayıtması idi. Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqlarının azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi və  cari ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində problemin bütövlükdə ədalətli şəkildə həll olunması Azərbaycanın gündəliyini də köklü surətdə dəyişdirdi. İndi Azərbaycanın gündəliyi münaqişə və müharibə ilə deyil, sülh və əməkdaşlıq məsələləri ilə təyin olunur. Beləliklə, Azərbaycan Prezidentinə xalq tərəfindən verilən mandatın da mahiyyəti ciddi şəkildə dəyişir. Sülh və əməkdaşlıq məsələlərinin həll olunması, o cümlədən, işğaldan azad olunmuş Azərbaycan torpaqlarının bərpa edilməsi və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının təmin edilməsi vəzifələri müəyyənləşdirilib.

Bu gün Azərbaycanda yeni reallıq meydana gəlib və bu, ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsaslarını  müəyyən edib. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı, bütövlükdə Azərbaycan xalqı, o cümlədən dünya ictimaiyyəti ölkəmizdə növbədənkənar prezident seçkilərinin təyin olunması ilə əlaqədar qərarın yeni reallıqlardan irəli gələn qaçılmaz zərurət olduğunu aydın şəkildə dərk edir və bu cür də qiymətləndirir. Belə olduğu halda, müzəffər Ali Baş Komandanla prezident seçkisində kim rəqabətə girə bilər? Əlində heç bir konsepsiyası olmayan, dünyada baş verən siyasi reallıqları dərk etməyən insanlara kim səs verəcək? Xalqın qəlbində əvəzedilməz heykəl ucaltmış İlham Əliyev Azərbaycan xalqının və mənim namizədimdir. Çoxminli təhsil işçiləri adından təklif vermək istərdim ki, gecikdirmədən Cıdır düzündə müzəffər Ali Baş Komandanı və ordumuzu tərənnüm edən abidə kompleksi yaradılsın. Həmin kompleks ölkəmizə qonaq gələn rəsmi şəxslərin də ziyarət yeri olsun. Orta məktəblərin aşağı sinflərinin bir dərsi əyani şəkildə məhz Şuşada, Cıdır düzündə keçirilsin.      

Biz təhsil işçisi kimi inanıram ki, Azərbaycan xalqı fevralın 7-də yenidən öz liderini - Prezidentini və Ali Baş Komandanını yenidən seçməklə, həm də xalqımızın, həmçinin dövlətimizin təhlükəsizliyinə və inkişafına səs vermiş olacaq.

Şəxsən mənim namizədim İlham Heydər oğlu Əliyevdir!

 
Zaur Vəliyev

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin
sosial və humanitar məsələlər üzrə direktor müavini



Arayik Harutyunyanın boynunun aşağı basıldığı, qolu qandallı şəkildə videosunu da gördük. Xoşbəxtlik pik həddə!

Bunu bəlkə də, soyuq başla fikirləşəndə, başqa sözlə də ifadə etmək olar. Amma indiki halda ürəyimizdəki sevinclə, gözlərimizdəki qürur hissinin bağladığı sülh sazişinin birinci bəndi bunu deyir.

İkinci bənddə qeyd olunur ki, ən sevdiyiniz adamlara bu fotonu çərçivələdib hədiyyə edin. Qoy iş otağından, evinin giriş koridorundan assın. Qoy hər dəfə o fotoya baxanda necə möhtəşəm bir ölkədə, necə sözünün ağası olan dövlətdə yaşadığını hiss etsin.

Bundan sonrakı bəndlərdə:

Bu foto mənim və mənim kimi onminlərlə insanın çadır şəhərciklərində, vaqonlarda keçən uşaqlıq illərinin dövlət tərəfindən birdəfəlik kompensasiyadır! 

Bu foto həm də, Qarabağ həsrəti ilə dunyasını dəyişən doğmalarımızın ruhuna duadır! Bu foto Arayikin əmri ilə Gəncəyə atılan raket nəticəsində həlak olan, Azərbaycanın ən kiçik şəhidi - 10 aylıq Narinin məzarı üstə düzülən qərənfillərin əvəzedicisidir.

general-memmedovun-mehkemesi-baslayir

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək.

Generalın vəkili Rəşad Mirmehdizadə saytımıza bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə istintaq müddətində müvəkkili və digər təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 40 milyon manata yaxın vəsait dövlət büdcəsinə ödənilib və bu proses davam edir. Barəsində məhkəməyə göndərilən 128 cild cinayət işi ilə Nizami Məmmədov ağır sağlamlıq durumu ilə əlaqədar çox çətinliklə tanış ola bilib və bəzi vəsatətlər verib.

 
 Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyinin maliyyə strukturlarında mənimsəmə faktları müəyyən edilib, yüksəkvəzifəli maliyyə xidmət rəisləri ilə yanaşı Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov da xüsusilə külli miqdarda mənimsəmə cinayətlərində ittiham edilərək həbs edilib.

Sail Ağasəlim

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov