Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq yağıntıların intensivləşəcəyi, 15 və 16-da daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağı gözlənilir.
Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, intensiv yağış nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi ehtimalı var.
Aprelin 15-16-da qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacaq, 15-16-da arabir leysan xarakterli intensiv olacaq.
Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-si gündüzədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 17-dək davam edəcək.