Xəbər lenti



Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını şərh edib.

 Novruz Məmmədov 2016-cı ilin sentyabr ayında Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendumla yeni bir tarixi mərhələnin başlandığını deyib:

“Buna görə dövlət başçısı növbədənkənar seçkilər yolu ilə seçicilərə etimad votumu üçün müraciət edir. Seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli və siyasi-iqtisadi resursların yeni dövr üçün daha mütəşəkkil şəkildə səfərbər edilməsi baxımından vacibdir.

Şübhəsiz ki, gündəlikdə olan islahatların səmərəsinin artırılması, kadr və struktur islahatlarının aparılması, müvafiq qanunvericilik aktlarının qəbul edilməsi məqsədilə Prezident seçkilərinin aprel ayına təyin edilməsi məqsədəuyğun hesab edilib”.

Prezidentin köməkçisi vurğulayıb ki, 2018-ci ildə Azərbaycanda onlarla beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin keçirilməsi planlaşdırılıb:

“Aprel ayının sonundakı Formula-1 yarışlarından başlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi, Azərbaycan Ordusunun, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının, Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı silsilə tədbirlər, Bakı Beynəlxalq Humanitar Forumu və bu qəbildən olan digər tədbirlərin seçkilər öncəsi və seçkilər dövründə təşkili seçki prosesinə də əlavə çətinliklər yarada bilərdi. Bu səbəbdən, seçkilərin belə mühüm tədbirlərdən əvvəl yekunlaşdırılması daha məqsədəuyğundur”.

Novruz Məmmədov qeyd edib ki, müasir dövrümüzdə beynəlxalq münasibətlər sistemində mövcud olan tendensiyaların intensivliyi, Azərbaycanın yerləşdiyi regionda və daha geniş coğrafiyada baş verən proseslər hər an müəyyən suallar yarada bilər. Bu da hazırlıq səviyyəsinin artırılmasını və xarici siyasətdə çevikliyin nümayiş etdirilməsini tələb edir.

Eyni zamanda, Cənubi Qafqaz regionunda və qonşu regionlarda cərəyan edən neqativ proseslərin getdikcə kəskin xarakter alması və Azərbaycanın da yerləşdiyi bölgəyə təsir göstərməsi ehtimalı mövcuddur. Həmin neqativ təsirləri neytrallaşdırmaq məqsədilə atılan qabaqlayıcı addımlardan biri də Prezident seçkilərinin vaxtının irəli çəkilməsidir.



Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 15-1.3-cü maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun şəxsi işinin aparılmasının yeni qaydaları ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. həmin Qanunun 15-1.4-cü maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasına görə inzibati məsuliyyət müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin Qanunun 15-2.3-cü maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun xidməti vəsiqəsinin nümunəsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. beynəlxalq təcrübə nəzərə alınmaqla “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. bu Fərmanın 7-ci hissəsində nəzərdə tutulmuş proqram təminatının hazırlanması üçün tələb olunan vəsaitin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılması üçün tədbirlər görsün;

1.9. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Bu Fərmanın 1.5-ci bəndində nəzərdə tutulmuş Strategiya layihəsi hazırlanarkən həmçinin aşağıdakı məsələlər nəzərə alınsın:

2.1. dövlət qulluğunda institusional islahatlar;

2.2. dövlət qulluğunda kadr siyasəti;

2.3. dövlət qulluğunda rotasiya;

2.4. dövlət qulluqçularının peşəkarlığının və səmərəliliyinin artırılması məqsədi ilə dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi;

2.5. dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi;

2.6. dövlət qulluğunun informasiya təminatı, o cümlədən elektron dövlət qulluğunun inkişaf etdirilməsi;

2.7. dövlət qulluqçularının stimullaşdırılması məqsədi ilə mütərəqqi motivasiya (həvəsləndirmə) sisteminin yaradılması.

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında “İşçilərin Şəxsi İşlərinin Elektron Məlumat Sistemi” (bundan sonra – Sistem) yaradılsın.

4. Müəyyən edilsin ki:

4.1. Sistem proqram təminatı vasitəsilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hər bir işçisi üçün elektron şəxsi iş qovluğunun yaradılmasını, şəxsi iş qovluğunda olan sənədlərin və məlumatların elektron qaydada tərtib olunmasını və aparılmasını, habelə Sistemdə olan məlumatların daim yenilənməsini təmin edir;

4.2. Sistemin administratoru funksiyasını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir, texniki təminatını və işlək vəziyyətdə olmasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, təhlükəsizliyini Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti təmin edir.

5. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

5.1. Sistemin proqram təminatının hazırlanmasını və tətbiqini təmin etsin;

5.2. “İşçilərin Şəxsi İşlərinin Elektron Məlumat Sistemi”ndən istifadə qaydalarını iki ay müddətində müəyyən etsin;

5.3. bu Fərmanın 7-ci hissəsində nəzərdə tutulmuş proqramın tətbiqi ilə bağlı zəruri tədbirlər görsün və görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi bu Fərmanın 4.2-ci və 5.1-ci bəndlərindən irəli gələn zəruri tədbirlərin görülməsini təmin etsin.

7. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılsın ki, Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi vəzifəli şəxslərin şəxsi iş qovluğunun elektron qaydada tərtib olunması və aparılması ilə bağlı müvafiq proqram təminatını həmin proqramın administratoru olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklifləri əsasında doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsin.

8. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518) 3.1-ci bəndində “maddəsində” sözü “, 15-1.3-cü və 15-2.3-cü maddələrində” sözləri ilə əvəz edilsin.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsi ilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkili, yük vaqonlarının və konteynerlərin istismarı, nömrələr üzrə uçotu və onlardan istifadəyə görə hesablaşmalar haqqında Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

1. Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsi ilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkili, yük vaqonlarının və konteynerlərin istismarı, nömrələr üzrə uçotu və onlardan istifadəyə görə hesablaşmalar haqqında Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə 2017-ci il avqustun 8-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun preambulasının birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun preambulasının birinci hissəsində “qurumlar” dedikdə, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi nizamnamələrində sahibkarlıq fəaliyyətinə qanunla nəzərdə tutulmuş hallarda və qaydada nəzarəti həyata keçirmək hüququ olan, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslər və publik hüquqi şəxslər nəzərdə tutulur;

2.3. həmin Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.4. həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinin beşinci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu həyata keçirir;

2.5. həmin Qanunun 9-cu maddəsinin 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;

2.6. həmin Qanunun 10-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi həyata keçirirlər.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

18:07

Prezident İlham Əliyev Xızı rayonunun Giləzi–Xızı (34 km)–Fındığan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Giləzi–Xızı (34 km)–Fındığan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

***

18:34

Prezident İlham Əliyev Ş.Ş.Abdullayevin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilsin”.

***

Prezident İlham Əliyev C.R.Hüseynovun Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Cavidan Rizvan oğlu Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilsin”.

***

Prezident İlham Əliyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 936-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 936-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov