Xəbər lenti



Hesablama Palatası ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dövlət vəsaitinin və əmlakının istifadə edilməsinin hüquqi aktlara uyğunluğunun auditini aparıb.
 
Bizimaz.az bu barədə Palataya istinadən xəbər verir.
 
Auditin nəticələrinə görə, dini və maarifləndirmə mövzusunda keçirilmiş tədbirlər zamanı günlərin və iştirakçı saylarının çox göstərilməsi hesabına artıq ödənilmiş Komitə üzrə 408395,77 manat, Fond üzrə 99338,9 manat, müqavilə üzrə yerinə yetirilməyən cari təmir işlərinə görə Komitə tərəfindən 26277,0 manat ödənilib.
 
Komitə tərəfindən "Dini maarifləndirmə tədbirləri ilə bağlı işlərin və xidmətlərin satınalınması” ilə bağlı müqavilə üzrə günlərin və iştirakçı saylarının çox göstərilməsi hesabına 69625,70 manat artıq vəsait ödənilib.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü ildə 1874999,98 manat xərc artıq tanınıb, "Digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri” maddəsində 421969,0 manat, həmçinin "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”ın "Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənişləri” maddəsində 2022-ci il üzrə 426493,49 manat, 2023-cü il üzrə 364119,0 manat məbləğlər artıq təqdim olunub.
 
Mənəvi Dəyərlərin Təbliği Fonduna 2022-ci ildə xərcə silinmiş 266.940,0 manat, 2023-cü ildə isə 209.804,0 manat dəyərində olan "Maarifləndirmə xarakterli filmlərin və sosial video çarxları"nın "Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” hesabında uçota alınması və illik maliyyə hesabatlarına müvafiq düzəlişlərin edilməsi barədə göstəriş verilib. Eyni zamanda, Fond tərəfindən inventarizasiya zamanı artıqgəlməsi müəyyən edilmiş dəyəri 13495,65 manat olan 10 adda ehtiyatın müvafiq hesablarda uçota alınması, əskikgəlməsi müəyyən edilmiş ilkin dəyəri 50152,50 manat olan 32 adda avadanlığın qalıq dəyərinin müəyyən edilərək və 59877,32 manat olan 42 adda ehtiyatın dəyərinin dövlət büdcəsinə bərpa edilməsi tapşırılıb.
 
Qeyd edilən bəzi qərarların icrası təmin edilib və bəzilərinin isə izlənməsi davam edir.


Məmməd Abdullayev:"Niyə şəxslər yüksək pensiya ala bilməyəcək?" 

Azərbaycanda bəzi vətəndaşlar rəsmi sahibkarlıq fəaliyyəti göstərməsələr də, VÖEN vasitəsilə çalışırlar. Bu isə onların hüquq və öhdəlikləri, xüsusilə də sosial sığorta haqları və gələcək pensiya təminatları ilə bağlı suallar doğurur.
 
VÖEN-lə çalışanların sosial ödənişləri, pensiya hüquqları necə tənzimlənir?
 
AZXEBER.COM xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, Azərbaycanda sosial ödənişlərin müxtəlif növləri var:
 
"Bilirsiniz, VÖEN-lə çalışanların bir hissəsi sadələşmiş vergi ödəyiciləridir. Məsələn, taksi sürücüləri, bərbərlər, fərdi sahibkarlar və sair. Onlar minimum əməkhaqqının 6 faizi qədər Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəniş edirlər. Bundan əlavə, onların icbari tibbi sığortası minimum əməkhaqqının 4 faizini təşkil edir. Pensiya hüquqlarının formalaşması isə ödənilən sosial sığorta haqlarından asılıdır. Hər ay ödənilən məbləğlər pensiya hesabına yığılır və onun əsasında formalaşır. Bu, istər VÖEN, istərsə də əmək müqaviləsi ilə çalışanlara aiddir. Digər şərtlərdən biri iş stajıdır. VÖEN-lə çalışanlar sosial təminatdan məhrum olurlar. Məsələn, onların məzuniyyəti, tibbi kompensasiyası və sair kimi haqları yoxdur".
 
İqtisadçının sözlərinə görə, yeni qaydalara əsasən, uzun müddət VÖEN-lə çalışan şəxslər mütləq əmək müqaviləsi bağlamalıdırlar ki, sosial təminat hüquqları yaransın:
 
"Təəssüf ki, bəzi hallarda bunu müşahidə etmirik. Eyni zamanda dövlət özəl pensiya fondlarına təşviq edir. Bu fondlar işçilərin pensiya kapitalını artırır və dövlətin də sosial yükü azalır. VÖEN-lə çalışan şəxslər təkcə sadələşmiş vergi ödəyiciləri deyil. Hətta ondan istifadə edə bilməsələr belə, öz gəlirlərindən DSMF-yə həmişə ödəniş etmək məcburiyyətindədirlər. Dövlətin isə hər kəs qarşısında minimal öhdəlikləri var. Hətta işsiz şəxslər də müavinət ala bilərlər. Bu səbəbdən Azərbaycanda 10 min manat pensiya alanlar da var, daha aşağı məbləğlər də mövcuddur. Pensiya haqları sosial sığorta ödənişləri və staj nəzərə alınmaqla, xüsusi düsturla hesablanır. Həmçinin pensiya hüququ qazanmaq üçün minimum 25 il sığorta stajı tələb olunur və bu müddət ərzində sosial sığorta ödənişləri müntəzəm edilməlidir. Bundan əlavə, VÖEN-lə çalışan şəxslər həm də özəl pensiya fondlarına qoşularaq əlavə yığım edə bilərlər. Bu da gələcəkdə daha yüksək pensiya almağa şərait yaradır".
 
Qeyd edək ki, 2025-ci ildən minimum pensiya məbləği 320 manatdır.

Paytaxtda evlərin qiyməti 2024-cü ilə nisbətən  2025-ci ildə də artıb.

Bizimaz.az xəzərxəbər-ə istinadən bildirir ki, bəzi ərazilərdə 5, bəzilərində isə 16 faiz bahalaşma var.

Ekspertlər bildirir ki, 2024 cü ilin son ayı ilə müqayisədə 2025 cü ildə evlərin qiyməti 13,3% artıb. İqtisadçı ekspert Vüqar Orucucun sözlərinə görə, təkrar mənzil bazarında yeni tikililərdə mənzillərin 1 kvadrat metrinin qiyməti ay ərzində 1,9% , illik isə 12,3% artıb. Köhnə tikililərdə isə ay ərzində 1,5%, illik artım isə 10,5% təşkil edib.

Onlar bildirir ki, növbəti ildə daha böyük bir artım ola bilər.

Vüqar Oruc qeyd edib ki, mərkəzi ərazilər və mərkəzə yaxın bölgələrdə qiymət artımı daha yüksəkdir, kənar rayonlarda isə artım azdır.

Belə ki, ən çox artım Nərimanov rayonunda, ən az artım isə Qaradağ rayonunda müşahidə olunur. Ortalama artım isə 12.2% dir.


İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana mümkün səfəri medianın gündəmini zəbt etməkdədir. Belə bir görüşün reallaşması, təkcə Azərbaycan–İsrail münasibətləri baxımından deyil, həm də Yaxın Şərqdə baş verən mürəkkəb proseslər fonunda böyük geosiyasi əhəmiyyət daşıyır.

Azərbaycan və İsrail arasında mövcud olan hərtərəfli əməkdaşlıq, xüsusilə enerji, müdafiə sənayesi və təhlükəsizlik sahələrində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu kontekstdə mümkün səfər, ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi ilə yanaşı, regional balansın formalaşmasında Azərbaycanın rolunu daha da gücləndirə bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən israilli politoloq, jurnalist İqor Roytapel bildirib ki, Azərbaycan və İsrail arasında münasibətlər hazırda öz zirvə nöqtəsindədir. İsrail neft ehtiyatlarının 40 faizini Azərbaycandan alır, Azərbaycan isə silahlanma sahəsində İsrailin mühüm tərəfdaşıdır. Bu əlaqələr çoxşaxəli və qarşılıqlı faydaya əsaslanır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu münasibətlər “aysberqin görünən zirvəsi”ni xatırladır və dərin strateji əməkdaşlıqla müşayiət olunur:

"Yaxın Şərqdə baş verən son proseslər fonunda, əgər belə bir səfər gerçəkləşərsə, onun əsas gündəm mövzuları sırasında Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması və İranla bağlı məsələlərin olacağı ehtimal edilir. Azərbaycan bu məsələdə körpü rolu oynaya bilər. Azərbaycan həm Türkiyə, həm də İsrail ilə dərin münasibətlərə malikdir. Azərbaycan artıq bölgədə Türkiyə ilə İsrail arasında dialoqun qurulmasında mühüm vasitəçi kimi çıxış edir".

İqor Roytapel: Görüşdə diqqət Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına yönələcək

Müsahibimiz bildirib ki, Azərbaycanın geosiyasi mövqeyi və balanslı diplomatik xətti ölkəmizə Yaxın Şərqdəki gərginliklərin həllində qlobal oyunçu kimi çıxış etməyə imkan verir. Bu baxımdan, Benyamin Netanyahunun Bakıya səfəri təkcə ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət kəsb edə bilər:

"Bu kontekstdə diqqət, əsasən, Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına yönələcək. Azərbaycan bu prosesdə “ağıllı düşünən qardaş” obrazında çıxış edərək regionda sülh və sabitliyə töhfə verə bilər".

Nəticə olaraq onu demək olar ki, Ben­yamin Netanyahunun Azərbaycana gözlənilən səfəri təkcə iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyması ilə deyil, həm də regionda sülh və sabitlik üçün yeni imkanların yaranması baxımından mühüm hadisə ola bilər. Bu səfər Azərbaycanı təkcə enerji və müdafiə sahəsində deyil, diplomatik platformalarda da əsas oyunçulardan birinə çevirə bilər. Xüsusilə Türkiyə–İsrail münasibətlərinin normallaşmasında Azərbaycanın vasitəçi rolu və İranla bağlı təhlükəsizlik məsələlərinin müzakirəsi, Bakı görüşünün regional əhəmiyyətini daha da artırır. Beləliklə, bu səfər yalnız iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi ilə kifayətlənməyəcək, həm də Yaxın Şərqdə yeni geosiyasi balansların formalaşmasına töhfə verəcək.

Əli Hüseynov

 


"Bayden Administrasiyasından sonra Donald Trampın Avropa və Rusiya ilə münasibətlərində sərgilədiyi siyasət hər şeyi alt-üst edir. Hazırda avropalılar və NATO böyük ixtilaf içərisindədir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, Ukrayna Rusiya-ABŞ münasibətlərinin normallaşması və ayaqda tutulması üçün qurban verilir:

"Bu yanaşma Qərbin nə qədər ikiüzlü və riyakar olduğunun göstəricisidir. Vaxtilə məhz Ukraynanı Rusiyaya qarşı silahlandıran, 500 milyard dollar məbləğində silah-sursat yardımı edən ABŞ, NATO və Avropa İttifaqı idi. Ancaq bu gün onlar öz yardımlarını dayandırmaq üzrədir. Ukraynanı oyundankənar qoyaraq onun üzərindən Rusiya ilə razılığa gəlirlər”.

Müsahibimizə görə, bütün bu razılaşmaların arxasında o durur ki, Tramp Ukraynanı, Baltikyanı ölkələri bir növ Rusiyanın təsir dairəsi kimi tanıyır. Əvəzində isə 2025-ci ilin sonuna kimi Yaxın Şərqdə, xüsusən İran və Fələstin üzərində ABŞ və onun müttəfiqi İsrailin istədiklərini etmək üçün kart-blanş alınır.

Tural Gəncəliyev:  Ukraynanı oyundankənar qoyaraq onun üzərindən Rusiya ilə razılığa gəlirlər

T.Gəncəliyev hesab edir ki, razılaşmanın önəmli aspektlərindən biri formalaşmaqda olan Rusiya-İran müttəfiqliyinin qarşısını almaqdır:

"Tramp Ukraynanı Rusiyaya güzəştə getməklə Rusiyanı İrandan aralayır. Hazırda İranın nüvə obyektlərinin vurulması və bu ölkənin neytrallaşdırılması üçün çox gözəl şans yaranıb. Trampın Ukrayna üzərindən Rusiya ilə anlaşmasının arxasında Yaxın Şərqdə İranın oyunçu kimi kənarlaşdırılması dayanır. Çünki biz müşahidə edirik ki, ABŞ-Rusiya danışıqları fonunda İsrailə, Yaxın Şərqə çox güclü silah arsenalının, ağır texnikanın göndərildiyini görürük. Bunlar pazlın müəyyən hissələridir. Ona görə də Yaxın Şərqi Ukraynadakı proseslərdən ayırmamalıyıq".

Aydın Baxış



Yanvarın 28-də prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə,  dövlətimizin başçısı diqqətə çatdırıb ki, Bakı şəhərində və onun ətrafında yerləşən ərazilərdə yeni dövlət proqramının qəbul edilməsi zəruridir:

“Bu, çox böyük proqram olacaq, böyük maliyyə tutumlu proqram olacaq. Bütün aidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən proqram olacaq. Ona görə mən bugünkü müşavirəni çağırmışam ki, bu məsələləri biz müzakirə edək və bizə təqdimat edilsin, ictimaiyyət də bilsin ki, nələr gözlənilir, hansı illərdə hansı işlər görülsün. Eyni zamanda ictimaiyyət nümayəndələri də müvafiq dövlət orqanlarına - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə öz tövsiyələrini verə bilərlər. Bəlkə biz nəyi isə bu proqrama salmamışıq. Yəni yerlərdən də gələn təkliflər nəzərə alınacaqdır”.

Bakıvaxtı.az "Bakını tıxacdan necə xilas edək" sualı ilə nəqliyyat ekspertlərinə müraciət edib.

Aslan Əsədov: Bakı-Sumqayıt-Bakı yoluna alternativ “Yeni yol” layihəsini təqdim etmişəm

Nəqliyyat məsələləri üzrə eskpert Aslan Əsədov Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, o bu barədə Bakı-Sumqayıt-Bakı yoluna alternativ “Yeni yol” layihəsini təqdim edib. Layihə 3 mərhələdən ibarətdir:

“1-ci mərhələdə Binəqədi rayonu 9 mikrorayon ərazisində tikintisi aparılacaq tunel və ya dolayı yol çəkilişi nəzərdə tutulub. Bu, Abşeron rayonu Masazır, Saray qəsəbələrini, Binəqədi rayonu Biləcəri, Binəqədi qəsəbələrini əhatə edəcəkdir. 2-ci mərhələ üzrə küçələrin genişləndirilməsi, ərazi üzrə yaşayış və qeyri-yaşayış evlərinin satın alınması və plana düșəcək yaşayış və ya qeyri-yaşayış sahələrinin təyin edilməsi və sökülməsi işləri nəzərdə tutulub. 3-cü mərhələ isə yol ilə kəsişəcək yol və qovşaqların tikilməsi və təyini ilə bağlıdır”.

Ekspert deyib ki, ilkin mərhələdə yolun 2 gediş, 2 gəliş olmaqla, 4 zolaqlı olması, perespektivdə isə 8 zolağadək genişləndirilməsi mümkün ola bilər. Layihənin icra müddəti 3 il planlaşdırılıb.

A.Əsədov qeyd edib ki, təklif etdiyi “Yeni yol” layihəsi çərçivəsində həyata keçirilməsi planlaşdırılan məsələlərin əhali üçün bir sıra üstünlükləri olacaq:

“Yeni yol çəkilərsə, ərazidə Biləcəri, Binəqədi, Novxanı, Masazır ərazisində mənzil qiymətləri dəyişəcək, torpaq və yaşayış sahələrinin qiymətləri bahalaşacaq. Bundan əlavə ərazidə məşğulluq artacaq, yeni iş yerləri açılacaq, kanalizasiya, içməli su, internet və s. kimi sosial layihələrin tipik həllərində sıçrayış olacaq. Həmçinin layihə Biləcəri, Masazır, Saray, Novxanı qəsəbələrinin Nəsimi metrosuna əlçatanlığını təmin edəcək, kanat, funklyor inşası ilə ərazidə şəhər turizminin inkişafı və turizmin digər elementlərini bariz göstərəcək. Yeni marşrut xətlərinin çəkilməsi həm də ərazidə sərnişindaşımanın rahatlılığına zəmin yaradacaq. Ərazidə yerləşən Biləcəri dəmiryolu stansiyasının əhəmiyyəti artacaq, digər şəhər və rayonlara gediş-gəlişi asanlaşdıracaq”.

Elməddin Muradlı: Bölgələrdə iş yerləri açılmalıdır ki, orda yaşayan əhali işləmək üçün Bakıya üz tutmasın

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı da Bakıvaxtı.az-a bildirib ki, ictimai nəqliyyatın inkşafı, dəmiryolunun inkşafı çox vacibdir:

"Prezident İlham Əliyevin də vurğuladığı ki, metro stansiyaların, Sumqayıt, Xırdalan ərazilərinə gediş-gəlişin asanlaşdırılması üçün nəqliyyat vasitələrinin artırılması mütləqdir. Mərhələli şəkildə bunların hər biri həll olunacaq. Əsas problemlərdən biri işləyən insanların 30-40%-i ictimati nəqliyyatdan istifadə edir, qalan hissəsi isə şəxsi avtomobillərə üstünlük verir. İctimai nəqliyyatın inkşafının əsas məqsədlərindən biri də, işə gedən insanların böyük əksəriyyətinin ictimai nəqliyyatdan istifadə etməyə sövq etməkdir".

E.Muradlı əsas hədəf kimi təklif edir ki, bölgələrdə iş yerləri təkmilləşdirilsin, çoxaldılsın ki, oradan insanlar işləmək üçün Bakıya üz tutmasınlar.

Yasin Mustafayev: İctimai nəqliyyatın işini optimallaşdırmaq, metro stansiyalarının sayını artırmaq lazımdır

Mövzu ilə bağlı nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev də Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, müşavirədə paytaxtın hansı istiqamətində nə qədər nəqliyyat vasitələrinin hərəkət etdiyi statistikasını gördük. Eyni zamanda Bakı şəhərinin rəqəmsal əksi, yəni elektron xəritəsi tərtib edilib. Bunlar hamısı çıxış yolunu təyin etmək üçün yaxşı vasitələrdir:

"Mən də eynilə düşünürəm ki, ictimai nəqliyyatın işini optimallaşdırmaq lazımdır, metro stansiyalarının sayını artırmaq, avtobus zolaqlarını təkmilləşdirmək, artırmaq, həmçinin velosiped zolaqlarını da artırmaq lazımdır. Bununla yanaşı, səkilərin sayının artırmalı, dağılan, sökülən səkiləri bərpa etmək də vacib məsələlərdən biridir".

Nuriyyə Musayeva



Soyuq və şaxtalı havalar ürək-damar xəstəlikləri olan pasiyentlər üçün əlverişsiz və təhlükəli sayılır.

Ürək çatışmazlığı, xroniki koronar sindromu, anadangəlmə və ya qazanılma ürək qüsurları olanlar, ağır ürək əməliyyatı və ya aorta koronar şuntlama keçirənlər, yaxın zamanda miokard infarktı keçirənlər, müxtəlif ritm pozuntusu və ya paroksizmal aritmiya tutmalarından əziyyət çəkənlər risk qrupuna daxildirlər. Soyuq aylarda həmin xəstələrin xəstəliklərinin kəskinləşməsi halı və ürək tutmaları iki dəfə artır.

Bəs ürək xəstəliklərinin soyuq aylarda niyə kəskinləşir?

Həkim-mütəxəssis, kardioloq Emil Hasilov Bakıvaxtı.az-a deyib ki, ölkəmiz ürək-damar xəstəliklərinin statistikasına görə dünyada üst sıralarda yer alır. Bunun səbəbi yaşadığımız coğrafiyada ürək xəstəliklərinə genetik meylin populyasiyada daha çox yayılmasıdır. Onun sözlərinə görə, soyuq aylarda periferik damarlar (dəri, aşağı və yuxarı ətrafların damarları) soyuğun təsirindən daralır və bu da bədəndə dövr edən qanın həcminin böyük damarlarda artmasına səbəb olur. Bu da öz növbəsində arterial təzyiq xəstələrində təzyiqin yüksəlməsinə, ürək xəstələrində ürəyin üstünə düşən yükün artmasına və nəticə etibarı ilə kəskin hadisələrin (hipertonik krizlər, miokard infarktı və insult) artmasına zəmin yaradır.

Müsahibimiz qeyd edib ki, bundan əlavə, soyuq aylarda bəzi xəstələrin gündəlik fiziki aktivliyi daha da azalır, daha çox enerjili qidalara, duzlu qidalara üstünlük verilir ki, bu da öz növbəsində soyuq aylarda ürək xəstələrinə, arterial təzyiqi yüksək olan və bu xəstəliyə meylli olan insanlara ciddi təsirini göstərmiş olur.

Emil Hasilov, həkim-mütəxəssis, kardioloq

Bundan əlavə soyuq aylarda rast gəlinən mövsümi virus infeksiyaları fonunda da qanın reoloji xüsusiyyətləri (laxtalanma) dəyişir, bu da tromboz hadisələrini belə xəstələrdə artırır.

“Buna görə də ürək-damar xəstələri mütləq şəkildə soyuq aylarda profilaktik müayinədən keçməli və qəbul etdikləri dərmanları axsatmamalıdırlar”, - detə Emil Hasilıov vurğulayıb.

Nərgiz Məmmədli



Son zamanlar bələdiyyələrin aktivləşməsi, bələdiyyə vergilərinin toplanması ilə bağlı tədbirlərin genişləndirilməsi müşahidə edilir. Ancaq əhali arasında bu istiqamətdə məlumatlılığın təmin edilməməsi səbəbindən onlarda xeyli suallar yaranıb. Bələdiyyələr əmlak və torpaq vergisini necə hesablayırlar? Vətəndaşlar vergiləri vaxtında ödəmədikdə bələdiyyələr hansı addımları ata bilərlər? Bütün bu suallara cavab tapmaq üçün əvvəlcə bələdiyyələr tərəfindən əmlak və torpaq vergisinin hesablanmasının qanunvericilik bazasını aydınlaşdıraq.

Valyuta.az xəbər verir ki, Vergi Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, yerli vergilər, yəni bələdiyyə vergiləri aşağıdakılardır:

- Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda, fiziki şəxslərin torpaq vergisi;

- Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda, fiziki şəxslərin əmlak vergisi;

- Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

Vergi məbləğləri

Vergi mütəxəssisi, sərbəst auditor Altay Cəfərov əmlak vergisinin hesablanması və ödənilməsi qaydalarına aydınlıq gətirib.

A.Cəfərov bildirib ki, əmlak vergisinin hesablanması Vergi Məcəlləsinin 198 və 200-cü maddələri ilə tənzimlənir. Eləcə də hesablama zamanı Bakı şəhərindəki əmlaklar üçün istifadə edilən zonalar üzrə əmsallar Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli Qərarına uyğun müəyyən olunur.

Vergi Məcəlləsinin 198.1-ci maddəsinə əsasən, fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:
- onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - binaların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq edilir (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə):

A.Cəfərov bildirib ki, vətəndaşlara Bakı şəhərində bələdiyyələr tərəfindən əmlak vergisi hesablanan zaman zonalar üzrə əlavə əmsallar tətbiq edilir: “Həmin əmsallar Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə” Qərarı ilə müəyyən olunub və Bakı şəhəri 12 zonaya bölünüb. Paytaxtda 0,7-1,5 hədlərində əmsallar tətbiq edilir. Ən yüksən zona birinci, ən aşağı isə 12-ci zonadır”.

Həmin Qərarın 1-ci bəndinə əsasən, Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar aşağıdakı cədvələ uyğun müəyyən edilir:

 

Nə qədər əmlak vergisi ödəməliyik?

 

A.Cəfərov bu əmsallar nəzərə alınmaqla Bakıda və digər regionlarda xüsusi mülkiyyətdə olan evlərə və mənzillərə görə əmlak vergisinin hesablanması qaydasını da açıqlayıb: “Tutaq ki, vətəndaşın Bakı şəhərində 1-ci zonada (şəhərin mərkəzində) 200 kvadratmetr mənzil sahəsi var. Həmin əmlaka görə bələdiyyəyə ödənilməli verginin məbləği belə hesablanacaq:

200 - 30 = 170 kv.metr;
170 x 0,4 = 68 manat;
68 x 1,5 = 102 manat.

Deməli, həmin mənzilə görə əmlak sahibi illik 102 manat əmlak vergisini bələdiyyəyə ödəməlidir.

Əgər vətəndaşın 200 kvadratmetr sahəsi olan mənzili Gəncə şəhərindədirsə, onun əmlak vergisinin məbləği 51 manat təşkil edəcək:

(200 - 30) x 0,3 = 51 manat.

Qəbələ şəhərində yaşayan vətəndaşa məxsus 200 kvadratmetr sahəsi olan mənzilə görə əmlak vergisinin məbləği isə 34 manat olacaq:

(200 - 30) x 0,2 = 34 manat.

Məbləğlərin fərqli olması regionlar üzrə tətbiq edilən əmsalların dəyişməsi ilə bağlıdır”.

©vergiler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov