Xəbər lenti



Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

“Qafqazinfo” xəbər verir ki, Pakistanın Baş naziri dövlət başçısına Hindistanın ölkəsinə qarşı hərbi hücumları və atəşkəsin əldə olunduğu haqqında məlumat verib.

Məhəmməd Şahbaz Şərif baş vermiş böhran zamanı Azərbaycanın göstərdiyi diplomatik, siyasi dəstəyə və Pakistan xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə edib, bunun ölkələrimiz arasında qardaşlıq münasibətlərinin nümunəsi olduğunu bildirib.

Dövlət başçısı regionda atəşkəsin təmin olunduğunu məmnunluqla qeyd edib, Azərbaycan xalqı və dövləti tərəfindən Pakistana dəstəyin və həmrəyliyin ifadə edildiyini bir daha diqqətə çatdırıb.

Telefon danışığı zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.



Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin həlli ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters”məlumat yayıb.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andrey Sibiqa ilə Zelenskinin səfərinin təşkili ilə bağlı danışıq aparıb.

Xatırladaq ki, mayın 11-də Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə birbaşa danışıqları bərpa etməyi təklif edib. O bildirib ki, mümkün dialoqun təməlində münaqişənin köklü səbəblərini aradan qaldırmaq və uzunmüddətli sülhə nail olmaq duracaq.



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa onlayn formatda görüş keçirib.
“Al Arabiya” telekanalı yaydığı məlumata görə,görüş zamanı Trampın Suriyaya qarşı sanksiyaların ləğv edilməsi barədə qərarının tarixi əhəmiyyət danışılıb.


Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Bəhruz Əhmədov Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu təyinatadək Bəhruz Əhmədov Hərbi Prokurorluqda bir sıra vəzifələrdə çalışıb.

1984-cü il təvəllüdlü B.Əhmədov Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib. Əslən Neftçala rayonundandır.

Əmək fəaliyyətinə prokurorluq orqanlarında başlamış yeni hərbi prokuror 2018-ci ildə Qazax hərbi prokuroru vəzifəsinə təyin edilib. Bu təyinatınadək o, Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi vəzifəsini tutub.

 

 
 


Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərin Azərbaycana rəsmi səfəri, iki qardaş ölkə arasında hərbi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.

Səfər çərçivəsində keçirilməsi planlaşdırılan görüşlər, xüsusilə Prezident İlham Əliyevlə baş tutan görüş Azərbaycan-Türkiyə münasibətlərində strateji xarakter daşıyan təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı etimadın, ortaq maraqların və ortaq gələcək vizyonunun bariz göstəricisi oldu.

Prezident İlham Əliyevin qəbulunda Yaşar Gülərin iştirakı iki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq hərbi-siyasi əlaqələrin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Görüş zamanı tərəflər regional təhlükəsizlik, birgə hərbi təlimlər, hərbi təyinatlı vasitələrin satın alınması və müdafiə sənayesi sahəsindəki əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Həmçinin, Azərbaycan Ordusunun formalaşdırdığı özünəməxsus modelin Türkiyə ilə təcrübə mübadiləsi fonunda daha da təkmilləşdirilməsi məsələsinə də toxunulub.

Yaşar Gülərin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş, Azərbaycan–Türkiyə hərbi əməkdaşlığının başlanğıc dövründə formalaşmış strateji əsasların bu gün necə təkmilləşdiyini və Azərbaycan Ordusunun milli modelinin möhkəmlənməsində Türkiyə ilə tərəfdaşlığın rolunu nə dərəcədə əks etdirir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın təməli, iki qardaş ölkənin ortaq tarix, mədəniyyət və milli maraqlar üzərində qurulmuş strateji münasibətləri fonunda atılıb:

"Əməkdaşlığın başlanğıc dövründə imzalanan sənədlər və razılaşmalar yalnız texniki və ya protokol xarakteri daşımayıb, əksinə, hərbi-siyasi və təhlükəsizlik məsələlərini birbaşa əhatə edən real, icra yönümlü addımlar atılıb. Bu da onu göstərir ki, iki ölkə arasında hərbi münasibətlər sadəcə müttəfiqlik deyil, eyni zamanda qarşılıqlı öhdəliklər və davamlı strateji koordinasiyaya əsaslanır".

Ekspertin sözlərinə görə, müqavilələrin bəndləri içərisində xüsusilə təhlükəsizlik və hərbi-siyasi sahələr üzrə əməkdaşlığın prioritet kimi müəyyən olunması, bu əməkdaşlığın yalnız sahəvi deyil, bütövlükdə regional sabitliyə və güc balansına təsir edən bir konsepsiya olduğunu göstərir. Bu kontekstdə Azərbaycan-Türkiyə münasibətləri Qafqazda və daha geniş coğrafiyada yeni hərbi-siyasi düzənin formalaşmasına təkan verən mühüm amillərdən biridir:

"Hərbi əməkdaşlığın bünövrəsinin möhkəm atılması nəticəsində sahələrin bütün istiqamətlərində - istər texniki-təchizat, istərsə də təlim-təhsil sahəsində sistemli inkişaf müşahidə olunub. Ən önəmlisi, bu proses yalnız Azərbaycan tərəfinin öyrənməsi üzərində qurulmayıb. Əksinə, Azərbaycan bu əməkdaşlıq modelində həm öyrənən, həm də öyrədən bir tərəf kimi çıxış edir. Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı təcrübə, xüsusilə müasir döyüş taktikaları və texnologiyaların tətbiqi sahəsində əldə etdiyi uğurlar, tərəfdaş ölkə Türkiyə üçün də maraq doğuran praktik nümunələr olub. Müasir hərbi əməkdaşlığın mühüm sütunlarından biri də hərbi təyinatlı vasitələrin satın alınması və birgə istehsal layihələridir. Türkiyə müdafiə sənayesinin inkişafı və Azərbaycanın bu sahədə tərəfdaş olaraq ortaya çıxması, yalnız alış-veriş münasibətindən ibarət deyil, eyni zamanda iki ölkənin texnoloji suverenliyini gücləndirən birgə proqramların əsasını qoyur".

Ramil Məmmədli: Azərbaycan ordusu özünəməxsus milli model formalaşdırıb

Müsahibimiz əlavə edib ki, bütün qoşun növləri üzrə Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında əlaqələrin mövcudluğu, bu əməkdaşlığın sistemli xarakter daşıdığını göstərir. Quru qoşunları, hava qüvvələri, xüsusi təyinatlı birliklər və dəniz qüvvələri səviyyəsində keçirilən birgə təlimlər, qarşılıqlı uyğunlaşma və döyüş hazırlığının inteqrasiyasına şərait yaradır.

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, təhsil sahəsi də bu əməkdaşlığın əsas sütunlarından biridir. Hər il yüzlərlə azərbaycanlı kursant Türkiyənin qabaqcıl hərbi məktəblərində təhsil alır, burada əldə etdikləri bilik və bacarıqları daha sonra Azərbaycanda tətbiq edirlər. Bu isə təkcə fərdi inkişaf deyil, Azərbaycan Ordusunun ümumi modernləşmə prosesinə birbaşa təsir edən faktordur.

"Bu kontekstdə xüsusi vurğulanmalı məqam isə Azərbaycan Ordusunun sistemi ilə bağlıdır. Azərbaycan bu sistemin qurulmasında müxtəlif orduların təcrübəsindən yararlansa da, özünəməxsus milli model formalaşdırıb. Bu model nə Rusiya, nə Türkiyə, nə də başqa bir ölkənin ordusunun tam təkrarı deyil. Əksinə, Azərbaycan mövcud coğrafi, siyasi və təhlükəsizlik reallıqlarına uyğun şəkildə öz ordusunun strukturunu, idarəetmə prinsiplərini və döyüş doktrinasını formalaşdırıb. Bu isə onu sübut edir ki, Azərbaycan artıq yalnız müttəfiqlərindən öyrənən deyil, eyni zamanda təcrübəsini paylaşan, yeni yanaşmalar təklif edən regional güc statusundadır",- Ramil Məmmədli fikrini yekunlaşdırıb.

Əli Hüseynov



Son günlərdə ölkənin bir sıra çaylarında, xüsusilə də Kür çayında sululuğun artması müşahidə olunub. Çayda su səviyyəsinin yüksəlməsi Kür boyu yaşayan sakinlər arasında narahatlıq yaradıb.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib ki, su mənbələrində suyun həcminin artması qar və buzların əriməsi, habelə intensiv yağışlar və leysanlarla əlaqədardır:

"Son vaxtlar Kürün axını da xeyli sürətlənib, bir müddət öncə su azlığı zamanı çayda əmələ gələn kiçik adalar yoxa çıxıb. Kür çayında sululuğun artmasının əsas səbəbi antropogen təsirlər deyil, təbii amillərdir. Çayda suyun səviyyəsinin artması son vaxtlar müşahidə olunan yağışlarla bağlıdır. Kür çayında müşahidə olunan su səviyyəsinin artması sahil boyunca yerləşən regionların sakinlərini sevindirib. Çünki son illər fermerlər əkinlərin suvarılması zamanı çətinliklərlə üzləşib, sahələrini suvarmaq üçün su tapa bilməyiblər. Su o qədər azalıb ki, hətta çayda xırda adalar əmələ gəlib".

Onun sözlərinə görə, bu baxımdan Kürdə suyun artması müsbət haldır:

"Kürdə suyun səviyyəsinin qalxması çay ətrafında yerləşən su nasos stansiyalarının da fəaliyyətinə müsbət təsir edəcək, qurğuların su götürmə qabiliyyəti yaxşılaşacaq. Bununla belə, Kür çayında artımın hazırda müşahidə olunan tempi qrunt sularının səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər".

Elman Cəfərli: İstənilən təbii fəlakətə hazır olmaq, vaxtında ehtiyat tədbirləri görmək lazımdır

E.Cəfərli qeyd edib ki, çayda suyun səviyyəsi artdıqca sel və daşqın təhlükəsi yaranır:

"Lil və digər qarışıqların çökməsi nəticəsində çayın deltasının dərinliyi azalıb və onun su tutumu aşağı düşüb, drenaj sistemləri və kollektorlar tutulub və digər hallar bu təhlükəni artıran amillərdir".

"Kürdə suyun səviyyəsinin qalxması bir sıra fəsadlar törədə bilir. Yol infrastrukturunda problemlər yaşanır, körpülərin uçma, zədələnmə təhlükəsi yaranır, əkin sahələrini, otlaqları su basır, yararlı torpaqlarda eroziya prosesi başlayır. Bəndlərin dağılması təhlükəsi yaranır ki, bu da fermerləri narahat edən məsələdir. Bu baxımdan istənilən təbii fəlakətə hazır olmaq, vaxtında ehtiyat tədbirləri görmək lazımdır”, - Elman Cəfərli əlavə edib.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Bakıvaxtı.az-a verilən açıqlamada bildirilib ki, son vaxtlarda müşahidə olunan yağıntılar, həmçinin dağlıq ərazilərdə qarın əriməsi nəticəsində çay hövzələrində suyun səviyyəsi yüksəlib. Xüsusilə yaz aylarında bu cür mövsümi dəyişikliklər çaylarda sululuğun artmasına səbəb olur.

Qeueumdan qeyd edilib ki, hazırda Kür çayında suyun səviyyəsinin artması ilə bağlı mövcud vəziyyət ADSEA Regional Su Meliorasiya Xidməti tərəfindən daim izlənilir və hər hansı təhlükə yaranacağı təqdirdə operativ tədbirlərin görülməsi nəzərdə tutulub:

"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən nizamlanmayan çayların daşma təhlükəsinin qarşısının alınması üçün investisiya layihələrinə uyğun mütəmadi bəndsalma işləri görülür. Bununla yanaşı digər çayların da intensiv yağıntılar zamanı daşmasının qarşısını almaq məqsədilə öncə müvəqqəti bəndsalma işləri həyata keçirilir, davamında isə daimi mühafizə bəndləri tikilir. Bu kimi ərazilər daim rayonlar üzrə fəaliyyət göstərən Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri tərəfindən nəzarətdə saxlanılır".

Nuriyyə Musayeva

 


Rudaw” telekanalı yaydəğə məlumata görə, may ayında kecirilən 12-ci qurultayında PKK (Kürdüstan İşçi Partiyası) terror təşkilatı özünü ləğv etdiyini açıqlayıb.

PKK Türkiyə ilə silahlı mübarizəni dayandırdığını bəyan edib.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov