Dördgünlük müharibə Bişkek protokolunun da üzərindən xətt çəkdi və yeni bir hüquqi siyasi reallıq meydana çıxardı.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Millət vəkili vurğulayıb ki, Aprel döyüşlərindən sonra əldə edilən hərbi uğur bütövlükdə status-kvonu dəyişdirdi və 90-cı illərdə formalaşmış gerçəkliyi ortadan qaldırmağa imkan yaratdı:
“Ermənilər hər zaman siyasi kapitulyasiyaya vadar etmək üçün vurğulayırdılar ki, 1994-cü ilin Bişkek protokolunda Qarabağ və erməni icmasının imzası var. Bunun az qala onları tərəf kimi tanımağa bərabər hadisə olduğunu bildirirdilər. Halbuki hər kəsə bəlli idi ki, maraqlı və əsas iştirakçı tərəf hüquqi anlayışlar etibarilə tamamilə fərqli vəziyyəti özündə ehtiva edir. Məsələnin ikinci önəmli tərəfi isə Dördgünlük müharibə zamanı Moskvada Ermənistan və Azərbaycan Baş Qərargah rəhbərlərinin görüşü idi. Razılaşmada Qarabağın nə erməni, nə də azərbaycanlı icması var idi. Bu o anlama gəlirdi ki, Dördgünlük müharibə Bişkek protokolunun da üzərindən xətt çəkdi və yeni bir hüquqi siyasi reallıq meydana çıxardı. İndi isə prezident seçildikdən sonra Valdimir Putinin ilk xarici səfərini Türkiyəyə etməsi müəyyən rəmzi mənaya malikdir. Erməni cəmiyyətində bir çoxları bu səfəri vahimə kimi qəbul edir, Suriya ətrafındakı razılaşmaların gələcək etibarilə Ermənistanın da əleyhinə inkişaf edə biləcəyindən qorxurlar”.
Millət vəkili bildirib ki, Azərbaycan Rusiya-Türkiyə arasındakı əlaqələrdən maksimum dərəcədə faydalanır:
“Çünki əksi olanda bu bizə ziyan vurur, ermənlərə isə xeyir verir. Bunu tarix də sübut edib. Ermənilər hər zaman Rusiyanın hesabına uğur qazanıblar. Biz isə uğursuzluğu Rusiyanın böyük bir dövlətçilik gücünü əleyhimizə yönəltməkdə “əldə etmişik”. Belə olan təqdirdə çoxları hesab edir ki, Putin “Alagöz” hərbi poliqonunda, Gümrü ətrafında 300 tank və topdan ibarət hərbi təlimlər keçirərək nə üçün Türkiyəyə gedir? Bir çoxlarına görə bu təlimlər Türkiyəyə qarşı deyil, daha artıq dərəcədə Gürcüstanda möhkəmlənən NATO-nun mövqelərinə zərbə vurmaq üçündür. Bir tərəfdən Ukraynada Qara dəniz hövzəsində, o biri yndan da Gürcüstanda böyük bir zolaq boyunca güclənən Qərb ittifaqı Putini narahat edir. Mövqelər ondan ibarətdir ki, əgər Rusiya-Türkiyə əlaqələri dərinləşərsə, bu halda onlar Qarabağ məsələsində Türkiyəni qane edəcək müxtəlif güzəştli mövqe seçə və əvəzində isə bu alyansdan Qərbin mövqelərinə zərbə vurmaq üçün faydanlana bilərlər. Belə olan şəraitdə hadisələri düzgün yön verən, onu obyektiv dəyərləndirən qüvvələrin mövqelərinə daha çox önəm verməliyik”.
Millət vəkili təəssüflə qeyd edib ki, Azərbaycan infomasiya məkanına düşən xəbərlərin bir çoxu cəmiyyəti çaşdırmağa, real hadisələrin mahiyyətindən uzaqlaşdırmağa xidmət edir:
“Onlardan biri də Rusiya Dumasında uzun illərdir erməni milyonçularının pulu ilə deputatlığını sürdürən Konstantin Zatulinin mövqeyidir. O, hər zaman İrəvanın lobbi maraqlarına sədaqətli olduğunu göstərib və yaxşı da qazanır. Məxfi informasiyalar onu sübut edir ki, Zatulinin malik olduğu bütün saraylar həmin ermənilərin ona yatırdığı pulun hesabınadır. Onun Rusiyanın Azərbaycan satdığı silahların çıxdaş modifikasiyalı olması və aşağı sinif kateqoriyasına məxsusluğu ilə bağlı sonuncu açıqlaması daha artıq dərəcədə erməni cəmiyyətini sakitləşdirməyə, oradakı antirusiya mövqelərini söndürməyə xidmət edir. O biri yandan isə Azərbaycan əleyhinə informasiya müharibəsidir. Çox təəssüf ki, təhlükəsizliyimiz əleyhinə, həmçinin ordu üzərinə yerimək istəyən qüvvələr, yaxud da siyasi hakimiyyətlə hesab çəkməyə bağlı olan dairələr Zatulinin mövqeyinə mötəbər bir məna verərək çox geniş bir kampaniyaya başlayıblar. Adamların hərəkətlərindən hiss edilir ki, iqtidar uğrunda mübarizə onların gözünü o qədər örtüb ki, hətta ölkəyə, millətə zərbə vuraraq uğur qazanmağın sonunun heç vaxt tarixdə yaxşı nəticələnmədiyinin fərqinə varmaq istəmirlər. Məsələn, bolşeviklər çarın qətli üzərindən keçərək iqtidara gəliblər, ancaq nəticəsi qırmızı terrordan başqa bir şey olmayıb”.
Z.Oruc Müdafiə Nazirliynin yüksək rəhbərliyi ilə əlaqə saxladığını və Azərbaycanın heç zaman Rusiyadan hətta aşağı keyfiyyətli bir avtomatın alınmasına belə razı olmadığını bildirib:
“Bu, tamamilə cəfəng yanaşmadır, ermənilərin maraqlarına xidmət edir. Zatulin kimilərinə istinad etmək mənəvi-siyasi cinayətdir. Bu az qala erməni səngərində bizim əleyhimizə vuruşmaqdır. Azərbaycan Ordusunun Rusiyadan aldığı silahlar erməniləri ikiqat öldürür. Azərbaycan həmin silahların gücünü Ermənistanın, düşmənin üzərində sınaya bilər. Eyni zamanda, əgər Zatulin də erməni hərbi paltarını geyinib, döyüş meydanına atılarsa, bu silahların gücü onun üzərində də sınana bilər. Bu yerdə mən hər şeydən Azərbaycan dövlətinə qarşı istifadə etməyə çalışan daxili qüvvələrə də səslənmək istəyirəm. Orduya müxalifətçilik etməyin! Orduya müxalifətçilik vətənə, millətin mənafelərinə qarşı müxalifətçiliyə bərabərdir. Azərbaycanın elə mənafeləri var ki, orada siyasi azğınlıq, barrikadaçılıq, düşərgəçilik və ya cəbhəçilik nümayiş etdirmək olmaz. Orada millətin mövqeyi vahid olmalıdır. Çünki düşmənin səngərdən atdığı güllə bütövlükdə millətə dəyir”.