
Bütün dünyanı cənginə alan koronavirus pandemiyasının mənfi təsiri Azərbaycan Respublikasından da yan keçməmişdir. Pandemiya dünya ictimaiyyətinin fəaliyyətinin demək olar ki, bütün sahələrinə, o cümlədən iqtisadi münasibətlər sisteminə təsir etmişdir. Yaranmış çətinliyin qarşısını müvəffəqiyyətlə almaq üçün Azərbaycan Respublikasının dövlət başçısının və Birinci vitse-prezidentin birbaşa rəhbərliyi altında həyata keçirilən tədbirlərə dövlətin bütün imkanları səfərbər edilib və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bu imkanlardan səmərəli şəkildə istifadə edilir.
2020-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında artım əldə olunmuşdur. Belə ki, dövlət sektoru üzrə 900 min iş yeri qorundu, onların hər birinin əməkhaqqısı ödənildi. Eyni zamanda, özəl sektorda 110 min əmək müqaviləsi, 17 faizlik bir artım meydana çıxdı. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı 751 minə çatıb.
Hesabat dövründə sənayenin qeyri-neft sektorunda 11 faiz, kənd təsərrüfatında 2,2 faiz artım əldə olunmuşdur. Bitkiçilik məhsulları istehsalında artım dinamikası davam etmişdir. 2020-ci ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz çox tərəvəz, 5,3 faiz çox meyvə və giləmeyvə, 9,7 faiz çox kartof istehsal edilib. İnflyasiya birrəqəmli olmaqla 2020-ci ilin 5 ayı ərzində 2,9 faiz təşkil etmişdir.
Neft-qaz məhsulları istisna olmaqla, istehlakçılar tərəfindən ölkə ərazisində ticarət və ictimai iaşə fəaliyyəti göstərən nöqtələrdən alınmış mallara görə ödənilmiş ƏDV-nin geri qaytarılması layihəsi mayın 1-dən başlamışdır. Ötən dövr ərzində 10 milyon 400 min çek üzrə daxil olmuş müraciətlə bağlı artıq 2,7 milyon manat ƏDV istehlakçılara qaytarılıb, 2,4 milyon manat isə 30 gün tamamlananda qaytarılacaq.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcənin gəlirləri 24 milyard 134 milyon 500 min manat, xərcləri isə 26 milyard 894 milyon 700 min manat təşkil etmişdir.