... Qara dəri üzlüklü qeyd dəftərini açıb, təmiz səhifəyə çevirir. Bir neçə vacib qeydi yazıb, dəftərini bağlayır və rəfdə həmişəki yerinə qoyur...
Əslində, bu, onun üçün sadə qeyd dəftəri deyil. Həyat kitabçasıdır... Qarşısına qoyduğu məqsədləri, hədəfləri, qazanmağı planlaşdırdığı uğurları qeyd etdiyi kitabça... Çıxdığı ömür yoluna işıq tutan yazılı mayak...
O dəftərdə nələr yoxdu ki? Orta məktəbi bitirəndə daxil olacağı universitetin və fakültənin adını əvvəldən qeyd etmişdi. Elə yazdığı kimi də olmuşdu. Sonra iş həyatına başlayanda da çalışmaq niyyətində olduğu, arzuladığı, hədəflədiyi yerlərin adını dəftərinə yazırdı. Məsələn, çalışdığı vəzifədə bir addım irəli gedəcəyini 3 ay öncədən qarşısına məqsəd qoyub, kitabçasının bir səhifəsinə həkk etmişdi. Hətta Prezident Administrasiyasında işləyəcəyinin qeydi belə, xeyli müddət əvvəl o kitabçada vardı...
Amma bu, nə uzaqgörənlikdi, nə də öncəgörücülük. Beynində qurduğu həyat alqoritmində çatacağı hədəfləri dəqiq göstərmək bacarığıdır sadəcə... Özünə çizdiyi ömür xəritəsidir... Uğur formuludur...
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Dillər Universitetində rektorun İctimai məsələlər üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri Sərraf Hüseynov (Sərraf Balaxan) özünün "Uğur formulu”nu açıqlayır.
Əlaçı tələbənin Heydər Əliyev mükafatı
Sərraf Balaxan oğlu Hüseynov 1986-cı ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dünyaya gəlib. 2004-cü ildə kənd orta məktəbini bitirib və elə həmin il Bakı Slavyan Universitetinin Filologiya fakültəsinə daxil olub və həyatının ilk hədəfinə çatıb.
- Ali təhsil mənim ilk böyük hədəfim idi. Eyni zamanda Prezident təqaüdü almağı da hədəfləmişdim. Lakin topladığım bal təqaüdə düşmədi. Buna görə o qədər təəssüfləndim ki, kədərim universitetə daxil olmaq sevincimi üstələdi. Amma 2-ci kursda oxuyanda sevindirici hal baş verdi. Universitetin ovaxtkı rektoru Kamal Abdulla təhsildə yüksək göstəricisi olan və müvafiq müsabiqəni keçən tələbələrə Heydər Əliyev mükafatı təsis etdi. Mən də hazırlaşdım, müsabiqəni keçdim, qiymətlərim də yüksək olduğuna görə mükafata layiq görülənlərdən biri oldum. Universiteti bitirənə qədər həm Heydər Əliyev mükafatı, həm də əlaçılıq təqaüdü aldım. O vaxt üçün yaxşı məbləğ idi. Artıq valideynlərimin maddi dəstəyinə ehtiyacım qalmadı. Aldığım məbləğ həm şəhərdə qalmaq, həm də yaşam xərclərimə kifayət edirdi. 1-ci kursda oxuyanda Texniki Universitetin yataqxanasında qalırdım. Təqaüd alandan sonra sinif yoldaşımla birlikdə kirayə evə köçdüm. Bakının demək olar ki, hər yerində kirayə qalmışam. Köçmək üçün də elə ağır yüküm olmurdu. Tələbəyə lazım olan əşyalar - bir dəst yorğan-döşək, bir çanta paltar və kitablarım...
"Kənd mənim enerji mənbəyimdir”
18 il kənddə yaşayan, kəndin saf, təmiz mühitinə öyrəşən gənc üçün şəhər mühitinə alışmaq əvvəl-əvvəl asan olmur. Amma bunun da öhdəsindən tez bir zamanda gəlməyi bacarır.
- Mənim düşüncəmdə şəhərdə ən böyük çətinlik evin olmamasıdır. Ay bitməmiş ev yiyəsinin kirayə pulunu istəməsi insanı ən çox sıxan nəsnədir. Sonradan bu sıxıntıdan azad oldum. Şükürlər olsun ki, tələbəlikdə nail olmasam da, sonradan çalışdım, işlədim, özümə ev aldım. Bir də kənddəki insanlar arasındakı münasibətlərdəki saflığı, təmizliyi şəhərdə görmədim. Bu, əvvəllər mənə çətin gəlirdi. İlk iş həyatıma başlayanda atama dedim ki, insanların qeyri-səmimi münasibətindən, rəftarından işləyə bilmirəm. Dedi, narahat olma, öyrəşəcəksən. Öyrəşdim də. 18 il kənddə yaşamağıma baxmayaraq, şəhər qayda-qanunlarını tez əxz etdim. Necə deyərlər, şəhərin nəbzini tuta bildim. Amma onu da deyim ki, mən kənd həyatından ayrılmamışam. Kənd saf, təmiz yer və enerji mənbəyi olaraq həmişə yaddaşımdadır. Valideynlərim, bacım, qardaşım orada yaşayır. Ayda bir dəfə mütləq kəndə gedirəm. Şəhər insana enerji vermir, bütün enerjisini dartır alır. Mənim də işləmək, nəsə yazmaq, bir iş görmək üçün enerji mənbəyim kənddir. Gedim kəndə, ayağım o torpağa dəysin, vəssalam - bütün enerjimi toplayıram, sanki batareyam dolur və şəhərdə bir ay rahat işləyə bilirəm.
Müəllimlikdən Prezident Administrasiyasına...
Sərraf Balaxan hələ tələbə vaxtı universitetdə müxtəlif ictimai işlərdə, gənclər təşkilatı sahəsində çalışıb, bir çox QHT-lərlə əməkdaşlıq edib. İlk iş həyatına isə təhsil aldığı Bakı Slavyan Universitetinin lisey kompleksində başlayıb. Müəllim kimi...
- Universiteti bitirəndə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmək təklifi aldım. Ancaq sevdiyim, özümü rahat hiss etdiyim müəllim peşəsindən tez bir zamanda ayrıldım, çünki məvacib çox az idi. YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızından gələn təklifi qəbul etdim. 2008-2011-ci illərdə orda işlədim. Sağ olsun rəhbərlik, fəaliyyətimi yüksək dəyərləndirdi. YAP Gənclər Birliyi ofisi yaradılanda məni ora rəhbər təyin etdilər. YAP icra katibi, Baş nazirin müavini Əli Əhmədov məni qəbul etdi, belə bir vəzifəni həvalə etdiyini bildirdi. Böyük məmnuniyyətlə və şərəflə qəbul etdim. 2013-cü il prezident seçkilərində gənclər hərəkatının əsas kordinatorlarından biri oldum. Partiyanın qurultayında Prezident İlham Əliyev qarşısında çıxış etdim. Düşünürəm ki, üzərimə düşən missiyanı şərəflə və vicdanla yerinə yetirdim. 2014-cü ildə isə Prezident Administrasiyasında işləməyə başladım. Həmin il Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin olundu. Orada mənə də iş təklif etdi. Partiya rəhbərliyinin də razılığı ilə təklifi qəbul etdim. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirinin məsləhətçisi, dövlət qulluğunun kiçik müşaviri oldum. 2017-ci ildə Kamal Abdulla Azərbaycan Dillər Universitetinə rektor təyin olunanda yenidən mənə burada iş təklif etdi. Burada öncə tərbiyə işləri üzrə prorektor vəzifəsini icra etdim. Hazırda rektorun ictimai məsələlər üzrə müşaviri, tələbələrlə iş və tərbiyə şöbəsinin müdiriyəm.
Bilirsiniz, təkcə mən deyil, bu gün yüzlərlə layiqli gənc ölkəmizdə müxtəlif vəzifələrdə çalışır, böyük məsuliyyət tələb edən sahələrə rəhbərlik edirlər. Bu gənclərin həyat yolunun da belə olmasında mən bir əsaslı səbəb də görürəm. Bu ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə olan böyük etimadının bu gün Prezidentimiz, gənclərin ən yaxın dostu və güvənc yeri cənab İlham Əliyev tərəfindən də davam etdirilməsidir. Düşünürəm ki, Prezidentimizin gənclərlə bağlı imzaladığı proqramlar, gəncliyə müraciətləri və yüksək məsul vəzifələri onlara etibar etməsi müasir Azərbaycan gəncinin uğur formulunun ən universal açarıdır. Və təbii ki, məhz bu açar mənim uğur yolumda olan qapıların da qıfılında iz qoyub.
ASAN-dan öncə Heydər Əliyev Fondu modeli var
Deyir, tələbələrlə iş onun üçün asandır, çünki tələbə həyatından hələ də ayrılmayıb. Magistraturadan sonra 2011-2015-ci illərdə Bakı Slavyan Universitetində doktorantura təhsili alıb. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə 2-ci magistr təhsilini də başa vurub. Hazırda "Postsovet dövr Azərbaycan nəsrində antik-mifoloji yaddaş” adlı dissertasiya üzərində işləyir.
- Mən həm də Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında müəllim işləyirəm. Müstəqillik dövrü ədəbiyyatımızı tədris edirəm. Bu fənnin proqramını da özüm yazmışam. Tələbələrlə sıx ünsiyyətdəyəm, dost kimiyik. Qapım üzlərinə hər zaman açıqdır. Nə vaxt istəsələr, gələ bilərlər. Hamısı məni özünə dost, qardaş bilir. Ürəklərini mənə açmaqlarından, müraciətlərindən hiss edirəm ki, etibarlarını qazana bilmişəm, onlarla prorektor, şöbə müdiri yox, dost olmağı bacarmışam. Kimisinə dost, kimisinə qardaş, kimisinə həmsöhbət olmağı bacarmağın özü düşünürəm, böyük bir işdir. Ümumiyyətlə, rəhbər şəxslə işçi və ya tələbə ilə müəllim arasında olan münasibətləri sahmana salmaq zamanı çoxdan yetişib məncə. Ölkəmizdə məmur-vətəndaş münasibətini nizamlayan "ASAN xidmət” modelindən əvvəl, bir Heydər Əliyev Fondu modeli də var axı! Azərbaycan insanı Heydər Əliyev Fonduna rəsmi idarədən daha çox onlara zaman ayıran, onları dinləyən və etdiyi müraciəti cavabsız qoymayan, onlara kömək edəcəyindən zərrəcə şübhəsi olmayan bir ünvan kimi baxır. Təbii ki, bu ünvanı formalaşdıran Birinci vitse-prezidentimiz, fondun rəhbəri Mehriban xanım Əliyeva faktorudur. Məhz bu kimi faktorlar mənim işimdə kimlərdənsə və ya hansısa idarədə səlahiyyətli şəxslə vətəndaş münasibətindən nümunə götürməyimə səbəb olur. Kimliyindən asılı olmayaraq sənə yüyürən insanlara qucağını bacardıqca böyük açmalısan.
"Az yatmaq, çox oxumaq, təmiz işləmək”
Sərraf Balaxan uğur qazanmağın yolunu çalışdığı sahənin savadlı və əvəzsiz peşəkarı olmasında görür. Necə deyərlər, gərək işinin sərrafı olasan. Uğur düsturu isə belədir - az yatmaq, çox oxumaq, təmiz işləmək.
- Kənddə böyüyən, atası zəhmət adamı, anası orta təhsilli evdar xanım olan ailənin övladı, şəhərdə bir arxa-dayağı olmaya-olmaya, özünə yol yaradıb, hətta Prezident Administrasiyasında işləyib. Bu, həqiqətən asan keçilən yol deyil! Bu yolda nəsə çətinlik, maneə olubsa da, dəf edə bilmişəm. Prinsipim ondan ibarətdir ki, istənilən işi ləyaqət və vicdanla yerinə yetirməliyəm. Nəyisə bilirəmsə, mükəmməl şəkildə bilməliyəm. Və kiməsə nəsə edirəmsə, təmənnasız etməliyəm. Bu, mənim formulumdur.
Azərbaycan reallığında uğur qazanmaq, nailiyyət əldə etmək üçün sadəcə öz sahəndə savadlı və əvəzsiz olmalısan. Hansı sahədə, harda olmağından asılı olmayaraq ixtisasını mükəmməl bilməli və gördüyün işdə rəqib tanımamalısan. Yeganə çətinliyim odur ki, sutkada 5 saat yatıram. Şənbə, bazar da 5 saatdan artıq yatmıram. Hər gün kitab oxuyuram. Daim oxuyur, öyrənir, araşdırıram. Uğur düsturum - az yatmaq, çox oxumaq, təmiz işləməkdir! Biliyim, bacarığım və qarşıma çıxan yaxşı insanlar sayəsində indi olduğum yerə yüksələ bilmişəm. Uğur yolumda ilk növbədə, bütün müəllimlərimə borcluyam. O sırada müəllimim Kamal Abdullanın, YAP sədrinin müavini Əli Əhmədovun və YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızının adlarını xüsusi çəkməliyəm. Onlar qabiliyyətimi görüb mənə əl uzadıblar, iş etibar ediblər. Mən də vicdanla o işin öhdəsindən gəlməyə çalışmışam.
S.Balaxan uğur qazanmasının daha bir yolunu da açıqlayır. Deyir, məqsədini, hədəfini mütləq dəftərində qeyd et ki, daim gözünün önündə olsun. Yəni uğurun alqoritmini əvvəldən qurur və ona uyğun hərəkət edir.
... Qara dəri üzlüklü qeyd dəftərini açıb, təmiz səhifəyə çevirir. Növbəti qeydini yazıb, dəftəri bağlayır və rəfdə həmişəki yerinə qoyur...
O səhifədə hansı hədəfin qeyd olunduğunu isə zaman göstərəcək...
Xəyalə MURADLI,
"Azərbaycan”