Son vaxtlar gündəmdə olan Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyev bütün sosial şəbəkələri zəbt edib. Hamı ondan yazır. Bizim yazmağımıza nə söz nə də ehtiyac var. Biz biraz lap kiçiklərdən yazmaq istədik ki, görən bu kiçik idarə, müəssisə rəhbərləri kimə və necə xidmət göstərirlər.
Gəlin elə başlayaq sovetin dövründən qalmış Mənzil İstismar Sahələrindən (MİS).
Son vaxtlar sakinləri narahat edən bir məsələ var. Ev pulunu ödəməliyəm yoxsa ödəməməliyəm. (Zibil pulu) Əgər ödəyirsə yığılan pulun müqabilində sakinlərə normal xidmət göstərilirmi?
Bu gün hər bir vətəndaş kommunal xərclər sırasında ev pulu da ödəyirlər.Buna görədə MİS-in tələb etdiyi ev pulundan əlavə olaraq, bələdiyyələrin əmlak vergisi adı altında yığılan pul isə vətəndaşları çaşbaş salır. Vətəndaş da bilmir ev pulunu MİS-ə ödəsin yoxsa bələdiyyəyə.Amma hər bir vətəndaş sahib olduğu əmlaka görə vergisini ödəməlidir. Ev sahibi əmlak vergisini ərazi üzrə bələdiyyəyə, ərazinin təmizliyinə görə zibil pulunu isə MİS-ə ödəməlidir. Vətəndaş üçün ən asan xidməti qurum sizcə hansıdır? Bələdiyyə yoxsa MİS? Ümumiyyətlə MİS-in iş prinsipi nədən ibarətdir? Sakinlərə necə xidmət göstərirlər?
Elə bu mövzu ilə bağlı üz tutduq Nizami rayon MKTB- nin 57-saylı Mənzil Kommunal İstismar sahəsinə.
İdarəyə daxil olduqda ilk gözümə dəyən lövhədə böyük hərflərlə yazılmış “RƏİS” sözü oldu.
Saat 10:15 olsa da rəis hələ də iş başında deyildi. Mühasibat otağı açıq olduğu üçün qapını döyüb açmaq istədikdə qapının cəftəsi qopub əlimdə qaldı. İçəridə isə iki xanım oturmuşdu. Heç biri də tibbi maska taxmamışdı. Rəisi soruşmaq istədikdə qapının cəftəsini əlimdə görən xanımlardan biri vay-şivənə qalxdı gəl görəsən. “Siz nə etdiniz qapının cəftəsini niyə qırdınız? Tez olun! Sındırdığınız cəftənin pulunu verin! Yoxsa polisə zəng edəcəm”. Mən isə sakit bir tərzdə dedim ki, “Ay xanım qapını açmaq istəyirdim cəftə əlimə gəldi. Burda günahkar mənəm yoxsa sınıq cəftəli qapı”? Qadın isə elə öz dediyini deyirdi. “Tez olun 30 manat cəftənin pulun ödəyin. Ödəməsəniz polisə zəng edəcəm.”
Uzun bir vaxta qədər xanıma cavab vermədən tamaşa etdim. Qadın isə içəri otaqda var-gəl edərək 30 manatı tələb edirdi. Çox təəssüf olsun ki, saat 11:30 göstərirdi rəhbərlik hələ də gəlib çıxmamışdır. Qadın telefonunu çantasından çıxararaq əlinə aldı və “30 manatı ödəyirsiniz? Yoxsa polisə zəng edim” deyərək əməllicə məni şantaj etməyə başladı. “İdarənin rəisi kimdir? Zəhmət olmasa birinci rəisə zəng edin və yeri gəlmişkən siz qoruyucu maskadan niyə istifadə etmirsiniz? Koronavirus xəstəliyi ilə bağlı tətbiq edilmiş karantin qaydalarını niyə pozursunuz?” dedim. Qadın əsəbi halda dedi “Siz kimsiniz belə bir sual verirsiniz?” Dedim, jurnalistəm. Elə bu zaman qadın telefonu götürüb çölə çıxdı. 5-10 dəqiqədən sonra geri qayıtdı və otağa keçib sakitcə yerində oturdu. O biri xanım ümumiyətlə heç danışmırdı. Xanım dedim “Rəisiniz gələcəkmi?” -Yox- dedi “Ərazidədir zibil daşıyır.”
Əhsən,halal olsun belə rəislərə fəhlə ilə çiyin-çiyinə xalqın xidmətindədir. “Sabah saat 10-da gələrsiniz yerində olacaq.”
Sabahısı gün isə MİS-də çox fərqli bir gün oldu. İdarədə tam sakitçilik idi. Dünən heç olmasa iki qadın var idi. Bugün isə heç birisi də yox idi. Qapılar bağlı amma gözümə çarpan sınıq cəftənin üstündən kiçik çörək torbası asılmışdır. Bu da sakinlərə xidmət göstərən MİS-in idarəsinin acınacaqlı görünüşü.
Çölə çıxmaq istəyirdim ki, qapıda 50-55 yaşda bir xanımla qarşılaşdım. Məndən soruşdu ki rəis yerindədirmi? Yox dedim. Xanım əsəbi tərzdə deyinməyə başladı. “Mən buranın sakiniyəm. Bir aydır gəlib-gedirəm idarə rəhbərini yerində tapa bilmirəm. Ümumiyyətlə bu idarənin rəhbərliyi var-yoxdur bilinmir”. Dedim bir sakin kimi Mənzil Kommunal İstismar sahələrinin göstərilən xidmətlərindən razısınızmı? Yaşadığınız ərazidə MİS-in tərəfindən dezinfeksiya işləri aparılırmı? Xanım dedi: “Nə dezinfeksiya işləri? İdarənin rəhbəri tapılır ki xidməti də olsun. Əgər bunlar vətəndaşa xidmət göstərmirlərsə adı olub özü olmayan JEK-lər nəyə lazım?! Əgər vətəndaşa xidmət göstərə bilmirlərsə niyə dövlətdən zəhmətsiz və xidmətsiz əmək haqqı alırlar? Dövlət başçısı hardan bilsin ki, belə quru adı olan rəhbərlər vətəndaşa xidmət göstərir yoxsa yox. Ümumiyyətlə JEK lər ləğv olunmalı müəssisələrdir.” Xanımın dediyinə görə 57-saylı MİS rəisi İbrahim Salmanovdur.Rəis çox nadir hallarda idarədə tapılır. İbrahim Salmanovla telefon əlaqəsi saxladıqda baş idarədə tədbirdəyəm dedi. Son bir neçə aydır ki, koronavirus(COVİD-19) xəstəliyi ilə bağlı tətbiq edilmiş karantin qaydalarına görə idarə və müəssisələrdə tədbirlər ləğv edilib. Yəqin İbrahim müəllim karantin qaydalarından xəbərsizdir.İbrahim Salmanov yaman çaşmışdır gah dedi tədbirdə zibil daşıyıram gah da dedi yeşik daşıyıram. “Rəis” İbrahim Salmanovu heç cür başa düşə bilmədim. Sadəcə bizi yola vermək üçün özünə çıxış yolu axtarırdı. Araşdırsaq bəlkə də İbrahim Salmanovun rəhbərlik etdiyi 57-saylı MİS -də nə qədər görünməyən qapalı nöqsanlar var. Məncə belə müəssələri aidiyyatı orqanlar araşdırsa yaxşı olar. Görən JEK-lər vətəndaşlara xidmət göstərir yoxsa rahat “kresloda” oturub qarın şişirdən rəhbərlərə?! Cənab prezident İlham Əliyev öz çıxışlarının birində demişdir ki, mən xalqın xidmətçisiyəm və hər kəs də mənim kimi vəzifəsindən asılı olmayaraq xalqın xidmətçisi olmalıdır. Əzizlərim, çünki qanun qarşısında hər bir məmur və rəhbər etdikləri qanunsuzluqlara görə cavabdedirdilər.
Afət İlkin