Bütün dünyanı cənginə alan koronavirus pandemiyasının mənfi təsiri Azərbaycan Respublikasından da yan keçməmişdir. Pandemiya dünya ictimaiyyətinin fəaliyyətinin demək olar ki, bütün sahələrinə, o cümlədən iqtisadi münasibətlər sisteminə təsir etmişdir. Yaranmış çətinliyin qarşısını müvəffəqiyyətlə almaq üçün Azərbaycan Respublikasının dövlət başçısının və Birinci vitse-prezidentin birbaşa rəhbərliyi altında həyata keçirilən tədbirlərə dövlətin bütün imkanları səfərbər edilib və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bu imkanlardan səmərəli şəkildə istifadə edilir.
2020-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında artım əldə olunmuşdur. Belə ki, dövlət sektoru üzrə 900 min iş yeri qorundu, onların hər birinin əməkhaqqısı ödənildi. Eyni zamanda, özəl sektorda 110 min əmək müqaviləsi, 17 faizlik bir artım meydana çıxdı. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı 751 minə çatıb.
Hesabat dövründə sənayenin qeyri-neft sektorunda 11 faiz, kənd təsərrüfatında 2,2 faiz artım əldə olunmuşdur. Bitkiçilik məhsulları istehsalında artım dinamikası davam etmişdir. 2020-ci ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz çox tərəvəz, 5,3 faiz çox meyvə və giləmeyvə, 9,7 faiz çox kartof istehsal edilib. İnflyasiya birrəqəmli olmaqla 2020-ci ilin 5 ayı ərzində 2,9 faiz təşkil etmişdir.
Neft-qaz məhsulları istisna olmaqla, istehlakçılar tərəfindən ölkə ərazisində ticarət və ictimai iaşə fəaliyyəti göstərən nöqtələrdən alınmış mallara görə ödənilmiş ƏDV-nin geri qaytarılması layihəsi mayın 1-dən başlamışdır. Ötən dövr ərzində 10 milyon 400 min çek üzrə daxil olmuş müraciətlə bağlı artıq 2,7 milyon manat ƏDV istehlakçılara qaytarılıb, 2,4 milyon manat isə 30 gün tamamlananda qaytarılacaq.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcənin gəlirləri 24 milyard 134 milyon 500 min manat, xərcləri isə 26 milyard 894 milyon 700 min manat təşkil etmişdir.
Şəmkir rayonunun 2020-ci il büdcəsi xərcləri 13 milyon 894 min manat, gəlirləri isə 19 milyon 421 min manat təsdiq edilmişdir. Cari ilin 6 ayı ərzində 8 milyon 933 min 700 manat müəyyən edilmiş proqnoz göstəricisinə qarşı 9 milyon 941 min 200 manat vergi və tədiyələr üzrə vəsaitin büdcəyə ödənilməsi təmin edilmişdir ki, bu da proqnozdan əlavə 1 milyon 7 min 500 manat və ya 11,3% çox əlavə vəsaitin büdcəyə ödənilməsi deməkdir.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəmkir rayonuna ümumilikdə 1135 layihə üçün 67 milyon 355 min 410 manat məbləğində güzəştli kredit ayrılmışdır ki, bunun nəticəsində 3805 yeni iş yeri açılmışdır. O cümlədən, 2020-ci ilin 6 ayı ərzində Fond tərəfindən 4 layihənin reallaşması üçün 66 min manat güzəştli kredit ayrılmış, nəticədə 4 yeni iş yerinin yaradılması planlaşdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırığa uyğun olaraq Şəmkir Rayonu İcra Hakimiyyətində rayon iqtisadiyyatına investisiya qoyuluşunun həcminin artırılması ilə bağlı bir sıra işlər görülmüşdür. Sahibkarlığın inkişafına yaradılmış əlverişli şərait nəticəsində 2020-ci ilin 6 ayı ərzində rayon üzrə 54 milyon 596 min 510 manat dəyərində investisiya layihələrinin həyata keçirilməsi nəzərdə tutulmuş və kənd təsərrüfatı məhsulları istehsalı və satışı, tikinti, ticarət və digər xidmət sahələrinə 23 milyon 384 min 110 manat investisiya qoyuluşu həyata keçirilmişdir. Qeyd olunan layihələrin reallaşması nəticəsində 825 yeni iş yerinin yaradılması planlaşdırılmışdır.
2020-ci ilin 6 ayı ərzində rayonda 434 milyon 415 min manatlıq (əvvəlki ildəkindən 11,4 faiz çox) ümumi məhsul buraxılmış, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1974 manat təşkil etmişdir.
Müvafiq olaraq 32 milyon 757 min manatlıq sənaye (əvvəlki ildəkindən 16,6 faiz çox), 275 milyon 764 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş (əvvəlki ildəkindən 26,4 faiz çox), nəqliyyat və rabitə xidmətlərinin həcmi 5 milyon 88 min manat (əvvəlki ildəkindən 1,9 faiz çox), ticarət xidmətlərinin həcmi isə 70 milyon 537 min manat təşkil etmişdir.
Hesabat dövrü ərzində 3162 yeni iş yeri, o cümlədən 2603 daimi iş yeri yaradılmışdır.
2020-ci ilin 1-ci yarımili üçün 8 milyon 933 min 700 manat müəyyən edilmiş proqnoz göstəricisinə qarşı 9 milyon 941 min 200 manat vergi və tədiyyələr üzrə vəsaitin büdcəyə ödənilməsi təmin edilmiş, proqnozdan əlavə 1 milyon 7 min 500 manat əlavə vəsait büdcəyə ödənilməklə proqnoz göstəricisinə 111,3% əməl edilmişdir.
Şəmkir rayonu ərazisində 18 km-lik Düyərli – Zəyəm Cırdaxan – Tatarlı avtomobil yolunun yenidən qurulması işlərinə başlanmışdır.
Bildiyiniz kimi, Şəmkir rayonu Respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir.
Rayon üzrə 165 min 631 hektar torpaq sahəsi vardır. Bundan 43 min 525 hektarı dövlət mülkiyyətində, 73 min 240 hektarı bələdiyyə mülkiyyətində, 48 min 866 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır.
Əkinə yararlı 46 min hektar torpaq sahəsindən 40 min 500 hektarı suvarılan torpaq sahələridir.
2020-ci ilin II rübü ərzində 97353 ha sahənin suvarılması proqnozlaşdırılmış, faktiki olaraq 82876 ha suvarma aparılmışdır. Belə ki;
Şəmkir çayla 30181 ha plana qarşı,faktiki olaraq 31297 ha sahə;
Zəyəm çayla 9158 ha plana qarşı,faktiki olaraq 3089 ha sahə;
Nasoslarla 8514 ha plana qarşı, faktiki olaraq 5054 ha sahə;
Maşın kanalla 17132 ha plana qarşı, faktiki olaraq 9877 ha sahə;
Subartezianlarla 32368 ha plana qarşı, faktiki olaraq 33559 ha sahə suvarılmışdır.
Melirasiya olunmuş sahələr yoxdur.
2020-ci ilin II rübü ərzində əkin sahələrinin su təminatını tam təmin etmək üçün bütün su mənbələrindən maksimum istifadə olunmuşdur.
2020-ci ilin II rübü ərzində plana əsasən, kanalların lildən təmizlənməsi işləri 383 min m3 plana qarşı, faktiki olaraq 361,84 min m3 həcmində faktiki iş görülmüşdür. O cümlədən, ekskvatorlarla 251,84 min m3, buldozerlərlə isə 110 min m3 həcmində faktiki iş görülmüşdür. Daşqın və selə qarşı mübarizə üçün çay məcralarının təmizlənməsi işləri 129 min m3 plana qarşı, faktiki olaraq 155,8 min m3 faktiki iş görülərək plana 120% əməl olunmuşdur.
Rayon İcra Hakimiyyəti tərəfindən kənd təsərrüfatının inkişafı və bu sahədə olan problemlərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülmüşdür.
2020-ci ildə 40 min 662 hektar sahədə payızlıq və yazlıq bitkilər, o cümlədən 14 min 204 hektar sahədə taxıl əkilmişdir ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 0,5 % çoxdur. Cari ildə taxıl biçini mövsümündə bugünədək 40-a yaxın kombaynlar vasitəsilə 5121 hektar buğda sahəsi biçilərək hər hektardan orta məhsuldarlıq 34,3 sentner olmaqla 17560 ton, arpa isə 3464 hektar biçilərək hər hektardan orta məhsuldarlıq 31,6 sentner olmaqla 10946 ton məhsul əldə edilmişdir. Hazırda biçin işləri davam etdirilir.
Hesabat dövrü ərzində rayonda bostan, tərəvəz və meyvə istehsalında yüksək məhsuldarlıq əldə olunmuş və bu sahədə işlər davam etdirilir.
Hazırda ümumi sahəsi 1025 hektar olan istixanalarda 10 min nəfərdən artıq işçi çalışır. Mövcud istixanaların 817 hektarında pomidor, 206 hektarında xiyar, 2 hektara yaxın sahədə isə çiyələk yetişdirilmişdir. İstixanalarda yetişdirilmiş 65 min tona yaxın pomidor məhsulunun 46 min tonu gömrük sərhəd buraxılış məntəqəsindən keçərək Rusiya Federasiyasının müxtəlif şəhərlərinə ixrac edilmiş, 19 min tona yaxın isə Respublikamızın ərazisində satılmışdır.
Hesabat dövrü ərzində 6534 hektar kartof, 6407 hektar tərəvəz, 152 hektar bostan, 1624 hektar qarğıdalı, 924 hektar günəbaxan, 10374 hektar sahədə yem bitkiləri əkilmişdir.
2020-ci ildə 225 hektar sahədə şəkər çuğunduru əkilmiş və payız fəslində məhsulun yığımına başlanılacaqdır.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kind Təsərrüfatı İnformasiya Sistemində (ETKİS) 14808 nəfər fermer qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçən fermerlərdən 10955 nəfəri əkinləri haqqında məlumatı ETKİS-də bəyan etmişdir. Qeyd edilən dövrdə ümumi bəyan sayı 30670 ədəd olmuşdur.
Ölkəmizdə baramaçılığın inkişafı ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq 2016-cı ildən rayonda kiçik sahibkarlığın inkişafında mühüm yer tutan barama istehsalına başlanılmışdır.
2020-ci ildə 14071,7 kiloqram barama istehsal edilərək “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmişdir. Təhvil verilmiş barama məhsuluna görə Cəmiyyət tərəfindən istehsalçılara 53 min 817 manat vəsait ödənilmiş, 66 min 984 manat subsidiyanın ödənilməsi üçün isə aidiyyəti sənədlər Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilmişdir.
Barama istehsalını genişləndirmək məqsədilə son 2016-cı ildən Çin Xalq Respublikasından gətirilmiş və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 166 min ədəd çəkil ağacları əkilmişdir.
Heyvandarlığın inkişafı, bu sahənin problemləri daim diqqət mərkəzində saxlanılmışdır.
İri buynuzlu mal-qaranın sayı 56174 başa, qoyun və keçilərin sayı 272 min 702 başa çatmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə qoyun və keçilərin sayı 2112 baş artmışdır.
2020-ci ilin 6 ayı ərzində 4768 ton ət (diri çəkidə), 26 min 422 ton süd, 516,7 ton yun, 15 milyon 557 min ədəd yumurta istehsal olunmuşdur.
Keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 2,6 faiz, süd istehsalı 3,2 faiz, yumurta istehsalı 3,7 faiz artmışdır.
2020-ci ilin 6 ayı ərzində süni mayalanma yolu ilə 512 baş yerli mal-qara mayalanmış və 351 baş buzov doğulmuşdur. Mövcud qaydalara uyğun olaraq doğulmuş 351 baş buzovların hər bir başına 100 manat
olmaqla 35 min 100 manat subsidiya bank vasitəsilə heyvandarlara ödənilmişdir.
Rayonda aparılan profilaktiki tədbirlər nəticəsində mal-qara, qoyun-keçi və digər heyvanlar arasında infeksion xəstəliklər baş verməmişdir.
Bütün bunlar əsas verir əminliklə deyək ki, Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində iqtisadi və sosial sahələrdə sabitlik qorunub saxlanılacaq, sosial layihələr tam şəkildə icra edilərək, əhalinin rifah halının yaxşılaşmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, eyni zamanda sahibkarlığın daha da inkişafına nail olanacaqdır.
Zaur Vəliyev