Alman faşizmi üzərində qələbə bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir.
İkinci Dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşları olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlılar idi. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də, xalqımız müharibənin əvvəlindən axırınadək fəal iştirak etmişd. O dövrdə qeyrətli oğullarımız və qızlarımız Böyük Vətən uğrunda döyüşmək ücün hərbi əməliyyat meydanlarına can atırdılar. Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etmişdi. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi. 1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək səfərbər edilib cəbhəyə göndərildi. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Pribaltika respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar. Müharibə dövrü SSRİ rəhbərliyi sərhədlərinin təhlükəsizliyi ücün bütün mümkün tədbirlərdən istifadə edirdi. Cəbhədə təklənən Sovet İttifaqı qonşusu İran, Türkiyə,Əfqanıstan ilə silahlı müharibə aparmasa da, ehtiyatı əldən verməmək ücün səngərlər qazır, kəşfiyyat xidməti aparırdı.
Amansız müharibənin ailələrə vurduğu ağır fəsadlar Ağdam rayonun Ətyeməzli kəndində yaşayan Vəliyevlər ailəsi ücün itki ilə bitmişdir.
Müharibədə iştirak edən 640 min nəfər azərbaycanlıdan biri mənim babam - Vəliyev Ağakişi Əli oğlu olmuşdur. O babam ki, özü ilə müharibəyə apardığı arzularla birlikdə həlak olan 300 min həmyerlimizdən biri idi.
Müharibə başlayanda 5 aylıq oğlunu - balaca Fazili doyunca görməyən, onu bağrına basıb tumarlamayan babam konüllü olaraq cəbhəyə yollanır. O dövrdə məktəb direktorları müharibəyə getməmək ücün icazəli olsalar da, babam buna məhəl qoymayaraq könüllülər sırasına qoşulmuşdu. Elə buna görə də babamı İranla sərhədə göndərən hərbi komissarlıq Şaxtaxtı ərazisindəki müxtəlif hərbi hissələrdə xidmətini davam etdirməyi məsləhət görür... Qarabağın adlı,sanlı ziyalılarından olan babam müharibə dövrü ailəsinə, sevdiklərinə, qohum-əqrabasına xeyli məktub yazıb. Və qeyd edim ki, həmin məktublar bu gün də evimizin ən etibarlı yerində qorunur, axı onlar canlı tarixdir.
Babamın yazdığı məktubundan qeydlər:"...Məndən nigaran qalmayın.Təbriz yaxınlığımdayam. Pula ehtiyacımız yoxdur. Özünüzdən müğayət olun. Fazil əmanəti...."
Təxminən 1 ildən cox məktublaşma davam edir.Və bütün məktublarının birinci sətri anasını, oğlunu,qohum-əqrabasını salamlamaqla başlayır. 1942-ci ilin mart ayının 17-də yazdığı məktubdan məlim olur ki,Sovet əsgərləri İran ərazisindədir. Onları ora Şaxtaxtından gətiriblər... 27 sentyabr 1942-ci ildə anası Sərəncama yazdığı məktubunda ondan incidiyini, əli ilə cızma-qara edib ona məktub kimi bir şey yazmamaqda günahlandırır. Məktub yazmaq ücün ona yazılan məktubların icərisinə ağ kağız qoymağı tapşırır... Yazdığı bütün məktublarda qohum-əqrabanı xəbər alır, cəbhəyə gedən qardaşları Qaraşın, Lələşin,əmisi oğlanlarının harda qulluq etmələrini soruşur... Tale nədənsə babamın pedaqoji fəaliyyətini Tərtər (Mir Bəşir) rayonu ilə bağlayıb. Uzun illər bu rayonun Rəncbər, Yeddi Təpə, Carcalı, Xoruzlu (1936-1938), Hüsənli kəndlərində dil-əbəbiyyat müəllimi vəzisəsində calışıb. Müharibəyə gedərkən Hüsənli kənd 7 illik məktəbin direktoru işləyib.
1942-ci ilin sonlarına kimi məktubları ara-sıra gəlib. Həmin ilin dekabr ayından isə məktublar tamamilə kəsilib. Nə öldüsündən xəbər gəlib, nə dirisindən. O dövrdə həmin cəbhədə qulluq edib qayıdan qonşu kəndcimiz danışırmış ki, babamgilin rotası həmişə hürriyətdən, istiqlaldan, qazılan səngərin iki qardaşı ayırmalarından, Azərbaycanın bölünməsindən danışırmışlar... Amma məktubların oxuyanda əmin olursan ki, babam Vətənini, ailəsini, körpə oğlunu necə sevib..
Bu gün İkinci Dünya Müharibəsində alman faşizmi üzərində Sovet Ordusunun zəfər qazanmasının 75 ili tamam olur. Bu qələbədə mənim bababım da payı var - Cəbhəyə könüllü olaraq getmiş Vəliyev Ağakişi Əli oğlunun. Hansı ki, o dövrdə məktəb direktoru işləyirdi və müharibəyə getməyə bilərdi... Bu gün onun ocağında 4 nəvəsi, 9 nəticəsi qəlblərində babalarına xüsusi məhəbbət bəsləyirlər. Gələcək karyerasını fikirləşməyərək müharibəyə can atan babam əsl qəhrəmandır və bugünkü qələbə bayramı bizim ailə ücün də önəmlidir.