Xəbər lenti



Rusiya ordusu Ukraynanın Dnepr bölgəsinə raket hücumu həyata keçirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

Açıqlamada hücumda 9 mərtəbəli bir binada ağır dağıntıların olduğu, biri uşaq olmaqla 12 nəfərin öldüyü bildirilib.

Raket hücumu nəticəsində 73 nəfərin yaralandığı, dağıntılar altındakı ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib. Yaralanan mülki vətəndaşlardan 14-nün uşaq olduğu paylaşılıb.

Ukrayna Prezidenti Volodimir Zelenski hücumu terror kimi qiymətləndirib.

***

Ukraynanın Dnepr şəhərinə edilən raket hücumunda ölənlərin sayı artıb.

Ukrayna Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dağılmış hündürmərtəbəli binadan 38 nəfər, o cümlədən 6 uşaq xilas edilib. Dağıntılar altında biri uşaq olmaqla 18 nəfər ölüb, 14-ü uşaq olmaqla 73 nəfər yaralanıb.

***

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinə həyata keçirdiyi raket hücumunda həlak olan mülki vətəndaşların sayı 20-yə yüksəlib.

Bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko öz teleqram hesabında məlumat paylaşıb.

***

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərindəki hündürmərtəbəli binaya raket atması nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat verib.

Bildirilib ki, ölənlərdən 2-si uşaqdır. 72 nəfər isə xəsarət alıb.

 

 

 


Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyası davam edir.

bizimaz..az xəbər verir kİ, bu gün Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb ilə aksiyanın 36-cı günüdür.

Havanın şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları mübarizəni davam etdirir. Ənənəvi olaraq  İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Hər iki istiqamətdə Azərbaycan bayrağı dalğalanır.

Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı üç dildə (Azərbaycan, rus və ingilis dillərində) plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.

İsmayıl Alısoy



"İsveç və Finlandiya 130-a yaxın terrorçunu Ankaraya təhvil verməkdən imtina edib".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlada çıxışı zamanı bildirib.

O, Türkiyənin Skandinaviya ölkələrinin NATO-ya üzv olmaq ərizələrini ratifikasiya etməkdən imtina etməsini bununla izah edib. Türkiyə liderinin çıxışı yerli televiziya ilə yayımlanıb.

İsveç və Finlandiyaya dedik: Sizin NATO-ya üzvlüyünüzü təsdiqləmək üçün bizə 130-a yaxın terrorçunu ekstradisiya etmək lazımdır. Təəssüf ki, bu edilmədi ”, - Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, Ankara xüsusilə Türkiyədə həbs cəzası alan jurnalist Bülənt Keneşin ekstradisiyasını tələb etsə də, Stokholm bundan imtina edib.

2022-ci ilin may ayında Stokholm və Helsinki NATO-ya üzv olmaq üçün ərizə verdi. Sənədlər Alyansa üzv olan 30 ölkənin hamısı tərəfindən ratifikasiya edilməli idi. Hələlik bunu yalnız Türkiyə və Macarıstan etməmişdir.

Bundan əvvəl “Le Figaro” qəzeti yazıb ki, Türkiyə İsveçin Kürdüstan Fəhlə Partiyasına (PKK) sadiqliyinə görə İsveçin NATO üzvlüyünü indiki formada ratifikasiya edə bilməz . Ankaranın İsveçdə Türkiyədə qadağan olunmuş PKK-ya yaxın bir qrup tərəfindən yaradılmış, prezident Ərdoğanın asılaraq "diktator" kimi xatırlandığı video montajı pisləməsindən sonra qərarın qarşısı alınıb.



Xəbər verdiyimiz ki, yanvarın 15-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edilib.

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət edib.

Dəvət minnətdarlıqla qəbul olunub.



Bu gün Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 31 ili tamam olur.

Diplomatik münasibətlər 1991-ci ilin noyabrın 9-da qardaş ölkənin Azərbaycanın müstəqilliyini tanımasından bir neçə ay sonra - 1992-ci il yanvarın 14-də qurulub.

 

Həmin ilin avqustunda Azərbaycanın Türkiyədə səfirliyi açılıb. 1993-cü ilin yanvar ayında isə İstanbul şəhərində, 2004-cü ilin aprelində isə Qars şəhərində Baş konsulluqlar təsis edilib. Eyni zamanda Türkiyənin Bakıda Səfirliyi, Naxçıvan və Gəncə şəhərlərində Baş Konsulluqları fəaliyyət göstərməkdədir.

Azərbaycanın Türkiyədəki Səfirliyi isə 1992-ci ilin avqust ayında açılıb.

Türk xalqının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirləri iki qardaş dövlətin əlaqələrinin təməlində dayanır. Müasir dövrdə etibarlı strateji tərəfdaş olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin prioritetlərindəndir.

Bakı-Ankara əlaqələri bu gün bütün sahələrdə uğurla inkişaf etdirilir. İki dövlət liderlərinin - Prezident İlham Əliyevlə həmkarı Rəcəb Tayyib Ərdoğanın ənənə halını almış qarşılıqlı səfərləri ölkələr arasında əlaqələrin inkişafında, habelə qarşılıqlı inteqrasiyasında mühüm rol oynayır.

Türkiyə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü və Ermənistanın tarixi ərazilərimizi 30 il işğal altında saxladığı dövrdə Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edib, 2020-ci ildə baş verən Vətən müharibəsi zamanı Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstək verib.

Həmçinin, keçirilən birgə hərbi təlimlərlə dostlara inam, düşmənə gözdağı verməkdə davam edir. Xatırlatmaq yerinə düşər ki, təkcə ötən il təxminən 20 birgə hərbi təlim keçirilib. Bu təlimlərlə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri qarşılıqlı təcrübə mübadiləsi aparırlar. Eləcə də Azərbaycan Ordusunun Türkiyə modelinə, NATO standartlarına uyğunlaşması prosesi uğurla davam edir.

Azərbaycan-Türkiyə münasibətləri 15 iyun 2021-ci il tarixində Azərbaycanın tarixi mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanan “Şuşa Bəyannaməsi” ilə müttəfiqlik səviyyəsinə yüksəlib. Beləliklə, Azərbaycan və Türkiyə iki qardaş dövlət olmaqla yanaşı, həm də rəsmən müttəfiq olublar. “Şuşa Bəyannaməsi” həmçinin, dərin və hərtərəfli xarakterə malik Azərbaycan-Türkiyə əlaqələrinin növbəti mərhələyə qaldırılması deməkdir. “Şuşa Bəyannaməsi”ndən irəli gələrək Azərbaycan-Türkiyə münasibətləri yeni dönəmin reallıqlarına uyğun olaraq hər sahədə daha da inkişaf edir və dərinləşir. Bu məqsədlə bütün dövlət qurumlarımız türkiyəli həmkarları ilə əməkdaşlığı “Şuşa Bəyannaməsi”nin ruhuna uyğun formada həyata keçirir.

“Şuşa Bəyannaməsi”nin doğurduğu praktiki nəticələr artıq öz bəhrəsini verir. Belə ki, Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi üçün konkret addımlar atılır. Digər dövlət qurumları da gündəliklərini “Şuşa Bəyannaməsi”nin tələblərinə uyğunlaşdırırlar.

Bu gün Azərbaycan-Türkiyə birgə əməkdaşlığı təkcə ikitərəfli münasibətlərə deyil, həm də regional təhlükəsizliyə, sabitliyə töhfə verir. Xüsusilə Ermənistanla münasibətlərin normallaşması istiqamətində rəsmi Ankaranın səmimiyyəti və qətiyyəti Cənubi Qafqazdakı sülh idealı üçün mühüm əhəmiyyət daşıyır.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 20 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.

Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı.

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə bir daha sübüt etdi ki,bu günədək verdiyi bütün sözləri layiqincə yerinə yetirib. Onun Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağı, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəyi xalqına gün kimi aydındır.

Ölkəmiz regionda söz sahibidir

Dövlət başcısının dediyi kimi 2022-ci ilin mənzərəsi göstərir ki, ötən il ölkəmiz üçün uğurlu dövr olub. Bu dövrdə qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib, respublikamız özünün strateji məqsədlərinə doğru inamla addımlayıb.Onun 44 günlük Vətən müharibəsindən sonra aparılan danışıqlar barədə verdiyi cavab bir daha sübüt etdi ki, Azərbaycan xalqı nəyinki Qarabağ münaqişəsində,regionda artıq söz sahibidir.Prezidentin dediyi bu sözləri bütün dünya eşitdi; 

"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz müstəqil ölkə kimi BMT-yə daxil olanda artıq Azərbaycanın ərazi bütövlüyü qəbul edilib, dəstəklənib və təsdiq edilib. Ona görə həm tarixi ədalət və həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. O ki qaldı, xalqların öz müqəddəratını təyinetmə prinsipinə,Ermənistan həmişə buna istinad edir,bu prinsip artıq bu münaqişə ilə bağlı işləmir. Çünki erməni xalqı öz müqəddəratını artıq müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var, hansı ki, qədim Azərbaycan torpaqlarında yerləşir və biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik".

Birləşdik,bütövləşdik

 Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birləşdik. Bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.

 Sülh müqaviləsi qacılmazdı

 Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. 

Onu da bildirək ki, tarixi qələbənin əldə edilməsi ilə bölgədə davamlı sülh, sabitlik və təhlükəsizlik mühitinin formalaşması üçün geniş imkanlar açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev postmüharibə dövrünün problemlərini həll etmək üçün Ermənistanın siyasi rəhbərliyi ilə danışıqlar aparmağa hazır olduğunu bəyan etmişdir. Danışıqlarda ilk növbədə iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyasının müəyyən edilməsi, iqtisadi-nəqliyyat kommunikasiyalarının bərpası, o cümlədən Zəngəzur dəhlizinin işə salınması, minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi və ümumən tarix sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin yaradılması ətrafında məsələlərin müzakirə edilməsi mümkün variant olaraq nəzərdə tutulur. Taleyüklü razılaşmaların əldə edilməsi sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Bu isə öz növbəsində bölgədə davamlı sülh, sabitlik və əməkdaşlıq mühitini formalaşdırar.

İlk müjdə sosial sfera ilə bağlı oldu

Prezident müsahibəsində sosial islahatlarla bağlı verdiyi anonslar az kecmədi ki, təsdiqini tapdı. İlin əvvəlində Prezident İlham Əliyevin imzaladığı sənədlərdən məhz sosial sfera ilə bağlı oldu. Dövlət başçısı 5 yanvar 2023-cü il tarixində “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzaladı. Bəhs olunan sənəd Azərbaycan dövlətinin ölkədə əhalinin rifah halının yaxşılaşdırılmasına necə böyük önəm verdiyini bir daha təsdiqləyir. Sərəncam respublikamızda  son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir.

İslahatlar davam edəcək

Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl islahatlar aparılır. Xüsusilə də, son illərdə dünyada baş verən bahalaşma, qiymət artımlarının qlobal iqtisadiyyata fəal şəkildə qoşulmuş Azərbaycana da təsirsiz ötüşmədiyi faktını nəzərə alınmaqla respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının bu təsirlərdən qorunması üçün zəruri və məqsədyönlü addımlar atılır. Elə Prezident İlham Əliyevin ili əvvəlində imzaladığı sərəncamlar da bu baxımdan istisna təşkil etmir.

Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan  345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. 

165 min təhsil işçisinin əmək haqqı artırıldı

Təhsil işçilərinin sosial müdafiəsinə gəldikdə, yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir. Artımların edilməsi məqsədilə 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılıb.

Onu da qeyd edək ki, son üç ildə ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Sonuncu artımla 250 manat olub, yeni sosial islahatla isə 300 manat təşkil edəcək. Bəllidir ki, minimum əməkhaqqı artımı əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda əməyin leqallaşdırılmasını stimullaşdırır.

Bütün bunlar sosial islahatların məzmun və statistikasının müəyyən bir hissəsini əhatə edir. Ümumi olaraq demək mümkündür ki, artım bütün sahələrə, kateqoriyalara aiddir.Vətəndaşların sosial durumunun yaxşılaşdırılmasına xidmət edir, dövlətin etibarlı sosial müdafiə siyasətinin ön planda olmasından xəbər verir. 

 Vətəndaş rifahının təminatı, ölkə əhalisinin sosial müdafiəsi Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində dayanır və ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istqiamətində ardıcıl islahatlar aparılır. 2023-cü il sosial islahatların həyata keçirildiyi növbəti illərdən biri olacaqdır.



Ceyhun Cahangirov

 Goranboy rayon Quşcular kənd Hakim Cəfərov adına tam orta məktəbin direktoru,

YAP Goranboy rayon təşkilatının fəalı.

 

 

Kamaləddin Qafarov: “Qərbi azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar”

“Ölkə Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində 2022-ci ilin nəticələrinə, eləcə də yeni - 2023-cü illə bağlı əsas gözləntilərə dair təhlil və açıqlamalarını təqdim etdi. Dövlət başçısının səsləndirdiyi fikirlər həm ölkə daxilində, həm də beynəlxalq aləmdə gedən bir çox mühüm proseslərə mahiyyət baxımından aydınlıq gətirdi, onların düzgün qiymətləndirilməsi üçün əsaslı zəmin yaratmış oldu. Prezident İlham Əliyev son iki ildə gedən proseslərin ölkəmiz üçün son dərəcə vacib əhəmiyyət kəsb etdiyini vurğulayaraq bildirdi ki, İkinci Qarabağ savaşından sonra dövlətimizin qarşısında duran əsas vəzifə Azərbaycanın hərbi qələbəsini siyasi müstəvidə də təsdiqləmək olub. Bu gün Azərbaycanın haqlı olması faktı və bu vəziyyətin yaratdığı yeni reallıqlar dünya tərəfindən qəbul edilir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat qeyd edib ki, ötən ilin nəticələri 2023-cü ilin də xalqımız və dövlətimiz üçün uğurlu olacağını söyləməyə əsas verir: “Dövlət başçısının öz müsahibəsində qeyd etdiyi kimi, bu gün Azərbaycan dünyada etibarlı və ciddi tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət kursu ölkəmizə bütün beynəlxalq müstəvilərdə öz sözünü açıq və birmənalı demək imkanı verib. Əlbəttə ki, bunun təməlində, ilk növbədə, 2020-ci ildə əldə olunmuş tarixi Qələbə və ölkənin hərbi qüdrəti durur. Bu iki həlledici amil isə birbaşa 2003-2020-ci illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı gərgin və əhatəli iş, formalaşdırdığı və uğurla həyata keçirdiyi daxili və xarici siyasi kursu sayəsində əldə olundu. Lakin müharibə faktiki olaraq başa çatsa da, Azərbaycanın müəyyən qüvvələrə qarşı mübarizəsi hələ də davam edir. Azərbaycan bundan sonra da həm hərbi, həm siyasi, həm də iqtisadi gücünü artırmalıdır. Dövlətimiz bu böhranlı vəziyyəti xalqımız üçün yüngülləşdirmək məqsədilə əhatəli sosial layihələr və proqramlar həyata keçirir. Cənab Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı çox geniş sosial paket bir daha bunu göstərir. Müharibədən təzə çıxmış və ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkənin sosial sahəyə bu qədər vəsait ayırması, deməli, dövlətin sosial siyasəti, ilk növbədə, ölkənin iqtisadi gücünü əhalinin rifah yüksəlişinin təminatına yönəltməyə hesablanıb.”

Qərbi azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin xüsusilə böyük önəm kəsb etdiyini vurğulayan K.Qafarov bu istiqamətdə atılmış və atılacaq addımların bütün beynəlxalq konvensiyaların tələblərinə uyğun olduğunu qeyd edib: “İlk növbədə, birmənalı olaraq qeyd olunmalıdır ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Həm də bu hüquqlar eyni zamanda həm Azərbaycanın, həm də Ermənistanın qoşulmuş olduğu bütün beynəlxalq konvensiyalar tərəfindən tanınır. Lakin cənab Prezident İlham Əliyevin söylədiyi kimi, Qarabağ problemi həll olunmamış Qərbi azərbaycanlıların hüquqlarından danışmaq tez idi. Qeyd edim ki, dövlət başçımızın hələ 2020-ci ildə dediyi sözlər – “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” ifadəsi bu gün artıq beynəlxalq səviyyədə müzakirələrə çıxarılmış Qərbi azərbaycanlıların hüquqları ilə bağlı məsələdə bir daha özünün qabarıq şəkildə təsdiqini tapır. Hazırda bu istiqamətdə dövlət başçısının tövsiyə və tapşırıqları əsasında görülən işlər vahid konsepsiya əsasında aparılır. Əlbəttə ki, Qərbi azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmalıdırlar və Azərbaycan dövləti bu hüququ təmin etmək üçün bütün lazım olan addımları atacaq. Dövlətimizin başçısı keçən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndələri ilə keçirdiyi görüşdə demişdi ki, dövlətimiz bunu sülh yolu ilə etmək istəyir və buna nail olacaq. Bu məsələ ilə bağlı Prezident İlham Əliyevin qeyd etdiyi çox maraqlı və eyni zamanda da önəmli məqamlardan biri də budur ki, Qərbi azərbaycanlıların deportasiyasından sonra onların boşaltdıqları kəndlərdə, demək olar, həyat yoxdur. Bu isə o deməkdir ki, gələcəkdə soydaşlarımızın öz əzəli dədə-baba yurdlarına dönərkən məskunlaşma ilə bağlı problem yaranmayacaq. Əlbəttə ki, bu ali məqsədə nail olmaq üçün vaxtilə Qarabağ mövzusu ətrafında olduğu kimi, Azərbaycan xalqı yenə də eyni yanaşmanı nümayiş etdirməli, vahid mövqedən çıxış etməlidir. Artıq təkcə xalqımız deyil, həm də bütün dünya ictimaiyyəti bilir ki, Azərbaycan Prezidenti heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmir. Buna görə də ən yaxın gələcəkdə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi yurdlarına qayıdacaqları və tarixi ədalətin bərpa ediləcəyi artıq heç kəsdə şübhə doğurmur.”


Yanvarın 13-də xarici media nümayəndələri Laçın-Xankəndi yolunda keçirilən aksiyanı işıqlandırmaq üçün hadisə yerinə gəliblər.

AZƏRTAC xəbər verir ki, İtaliya, İspaniya, Türkiyə, Rusiya, Macarıstan və Böyük Britaniyadan olan media nümayəndələri aksiya iştirakçılarından müsahibələr alıb, etirazların gedişi barədə məlumatlandırılıblar.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.




“Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) Prezidenti İlham Əliyevin ilin idman yekunları ilə bağlı idmançılar, mütəxəssislərlə görüşməsi idman ictimaiyyətində böyük ruh yüksəkliyi yaradır, daha böyük nailiyyətlər qazanmağa sövq edir. İdmançıların sosial vəziyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan ardıcıl addımlar, respublikanın idman həyatında seçilən şəxslərin fəxri adlara, dövlət mükafatlarına layiq görülmələri böyük motivasiyadır və bu, məsuliyyətimizi qat-qat artırır. Bu gün qürurla deyə bilərik ki, dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənən Azərbaycan özünü güclü idman dövləti kimi təsdiqləyib”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri AzərTac -a açıqlamasında “Sərhədçi” Peşəkar İdman Klubunun prezidenti, Dövlət Sərhəd Xidmətinin polkovniki, Vətən müharibəsi iştirakçısı, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə dövlətimizin başçısı tərəfindən “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülən Firdovsi Umudov deyib.

İdman mütəxəssisi bütövlükdə son illərdə aparılan dövlət siyasətinin bu gün öz gözəl nəticələrini verməkdə olduğunu, həyatın bütün sahələrində olduğu kimi idman istiqamətində də böyük uğurların qazanıldığını bildirib. Qeyd edib ki, ötən illərdə olduğu kimi, 2022-ci il də Azərbaycan idmanı üçün çoxlu nailiyyətlərlə dolu illərdən biri olub. Ayrı-ayrı idman növlərində saysız-hesabsız qələbələr qazanılıb, ölkəmiz nüfuzlu beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edib, idman sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kifayət qədər mühüm işlər görülüb.

 “Müstəqil dövlətçiliyimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin siyasi idarəçilik məktəbinin layiqli davamçısı olan İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva idmanın inkişafına xüsusi diqqət göstərir. Bu gün təkcə paytaxt Bakıda deyil, eyni zamanda, regionlarda Olimpiya idman kompleksləri, müxtəlif idman qurğuları tikilib istifadəyə verilməsi, güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürüdür.

Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idmanın rolunu xüsusi vurğulayan F.Umudov bildirib ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev idmançılarla görüşündə tarixi Zəfərimizdə gənclərin vətənpərvərlik hissinin, torpaq sevgisinin əsas olduğunu vurğulayıb: “Bu gün idmançılarımız qalib Azərbaycanı təmsil etdikləri üçün beynəlxalq arenalarda böyük güc, qətiyyət və iradə nümayiş etdirirlər. Onlar göstərirlər ki, döyüş meydanında qazandığımız möhtəşəm Qələbəni idman arenalarında da əldə etmək üçün sarsılmaz gücümüz var”.

“Sərhədçi” Peşəkar İdman Klubunun prezidenti deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına bəxş etdiyi tarixi Zəfər nəinki idmançılara, bütün dünya azərbaycanlılarına qalib xalq olaraq özgüvənini qaytarıb. Biz hər zaman arzu edirdik ki, Qarabağımızda beynəlxalq tədbirlər, yarışlar keçirilsin. Dövlətimizin başçısı müqəddəs arzumuzu həyata keçirdi. Bu gün doğma Şuşamızda, Suqovuşanda, Zəngilanda, azad olunmuş digər tarixi ərazilərimizdə qlobal əhəmiyyətli tədbirlər keçirilir, xarici qonaqlar dəvət olunur. Onlar öz gözləri ilə erməni vandallarının işğalı altında uzun illər qalan torpaqlarımızın hazırda necə dirçəldiyini, geniş miqyasda gedən bərpa-quruculuq işlərini görür, heyran qalırlar. Bu gün dünya azərbaycanlıları Zəfər çalan sərkərdə olaraq Prezident İlham Əliyevlə qürur duyurlar. Fəxr edirik ki, sözü imzası qədər böyük və keçərli olan liderimiz, rəhbərimiz var.

Firdovsi Umudov Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülməsi ilə bağlı minnətdarlıq da edib: “Biz idmançılar üçün ən ali məqsəd, Müzəffər Ali Baş Komandan İlham Əliyevin etimadına layiq olmaq, Vətənə, xalqa və dövlətə ləyaqətlə xidmət etməkdir. Bu müqəddəs missiya uğrunda bütün gücümüzü səfərbər edəcəyik. Dövlət tərəfindən bizə göstərilən diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk”.



“Heyvanların identifikasiyası həyata keçiriləcəkdi, bununla da küçə kəsimlərinə, at-eşşək ətinin satılmasına son qoyulacaqdı. Lakin görürük ki, son qoyulmur”.

Bunu Bakıvaxtı.az-a AQTA İctimai Şuranın üzvü, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov küçədə heyvan kəsimlərinə etirazını bildirərkən deyib.

Onun sözlərinə görə, bu barədə dəfələrlə İctimai Şuranın iclaslarında məsələ qaldırsa da, problem həll olunmamış qalıb:

“Mən dəfələrlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində dönərxanalardakı vəziyyətin ağır olması ilə bağlı məsələ qaldırmışam və sədr müavini Rəşad Mafusov məni inandırıb ki, yaxın zamanda bu məsələlər həll olunacaq”.

AİB sədri AQTA-nın irad bildirdiyi məsələ ilə bağlı hədəflərə nail ola bilmədiyini qeyd edib: “AQTA-nın Əsasnaməsinə baxsaq, görəririk ki, orda təkcə qidanın təhlükəsizliyinin təmin olunması yox, eləcə də Azərbaycan mallarının xaricu bazara çıxarılmasında böyük rol oynamalıdır”.

Eyyub Hüseynovun sözlərinə görə, AQTA hələ ki, ancaq Rusiya bazarı ilə fəal iş görür, Avropaya malların çıxarılması üçün iş görülübsə də İctimai Şuranın bundan xəbəri yoxdur:

“Yəni, digər dövlət qurumları kimi AQTA da müəyyən işlər görməli, qrantlar elan etməlidir. Burda medianın da müstəsna rolu var. Təəssüflər olsun ki, AQTA heç mediada gedən materialları izləmir. Bir sözlə, AQTA ictimai rəyə tüpürür. Bu məsələni İctimai Şuranın yığıncaqlarında da bildirmişəm. Media nümayəndələri bütün gün qarışqa kimi informasiya axtarır, dərc edir, efirə verir. Mən onlara suallar ünvanlamışam: “Nə üçün AQTA medianı təqib etmir, onlara təşəkkür məktubu yazmırsınız, demirsiniz ki, hadisə harda baş verib biz də araşdıraq?””

Onun fikrincə, nə qədər ki, dövlət qurumları, o cümlədən, AQTA jurnalistlərin işinə əhəmiyyət vermir, təqib etmir, cəmiyyətdə problemlər yaşanacaq: “Ona görə də həmişə demişəm ki, AQTA hədəflərinə çatmaq üçün qrant müsabiqələr elan etsin və orda vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər iştirak etsin”.

Nuranə Daxilqızı

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov