Xəbər lenti



Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mürsəl İbrahimovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edib.

“Qafqazinfo”nun məlumatına görə, M. İbrahimov 1970-ci il sentyabrın 20-də Bakıda anadan olub.

O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.

1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsində inspektor və baş inspektor vəzifəsində işləyib. 

M.İbrahimov 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. 

2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə  çalışıb. Son illər “Kapital Bank”ın Təhlükəsizlik Departamentinin direktoru olub.


Kamaləddin Qafarov: “Zərifə xanım qayğıkeş ana, fədakar həyat yoldaşı, böyük alim idi”

“Bu il aprelin 28-də Azərbaycan xalqı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünü qeyd edəcək. Zərifə xanım Əliyeva, ilk növbədə, qayğıkeş ana, fədakar həyat yoldaşı kimi də bütün qadınlarımıza nümunə olub. Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyətin həyat yoldaşı olmaq, əlbəttə ki, elə də asan məsələ deyildi. Heydər Əliyev öz xatirələrindən birində Zərifə xanım haqqında demişdir: “...O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi.” Zərifə xanım Əliyevanın obrazı, siması, keçdiyi həyat yolu bizim gənc xanımlarımızın həyatının formalaşması baxımından parlaq nümunə və misilsiz örnəkdir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib: “ Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri olduqca böyükdür. Onun əziz xatirəsi respublikamızda və Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda, səhiyyə sahəsində çalışan hər bir insanın qəlbində yaşamaqdadır. Zərifə xanım tibb elmində təcrübi səhiyyəyə dair son dərəcə əhəmiyyətli araşdırmalar aparıb. Zərifə xanım Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, eləcə də dünya təcrübəsində əsas problemlər sırasında dayanan peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biridir.O, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanımın dünyada ən məşhur oftalmologiya mərkəzlərinin birində - H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” adlı doktorluq dissertasiyasının əsasını təşkil edib. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilib. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqii” (Moskva) jurnalının redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi. Zərifə xanımın məhz bu sahədə xidmətləri, fəaliyyəti layiqincə qiymətləndirilib və o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. Bu gün də Zərifə xanım Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur.”

K.Qafarov görkəmli akademikin milli tibb kadrlarının yetişmələrində əhəmiyyətli rolunu qeyd edərək deyib: “Zərifə xanım Əliyeva gənc həkimlərin yetişməsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə də gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Alim, pedaqoq, qayğıkeş, bilikli həkim, gözəl insan olan Zərifə xanım milli səhiyyəmizin inkişafında mükəmməl biliyə və bacarığa malik oftalmoloqların hazırlanmasında böyük əmək sərf edib. Ölkə Prezidenti İlham Əliyev Zərifə xanımın həyatda olduğu son günləri xatırlayaraq demişdir: “Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı olaraq qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən də məhz bu idi.” Azərbaycan xalqının ləyaqətli qızı, böyük alim Zərifə xanım Əliyevanın əziz xatirəsi daim könüllərdə yaşayacaqdır”.


Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb. 
 
President.az xəbər verir ki, məktubda deyilir:
 
"Hörmətli həmvətənlər!
 
Sizi müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.
 
Yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Ölkəmizdə xalqlararası dostluğun və dinlərarası harmoniyanın qorunması, yüksək birgəyaşayış mədəniyyətinin və demokratik ictimai-mənəvi dəyərlərin təşviqi, qlobal miqyasda sivilizasiyalararası dialoqun təbliği mütərəqqi milli-tarixi ənənəyə əsaslanan dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir.
Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan müasir Azərbaycan Respublikasında bütün etnik və dini azlıqlara, o cümlədən xristian icmasına öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradılmışdır. Təqdirəlayiq haldır ki, belə demokratik və tolerant mühitdə fəaliyyət göstərən pravoslav inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər.
 
Əziz həmvətənlər!
 
Pasxa bayramı dirçəlişin, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzidir. Bu əziz gün münasibətilə bir daha hər birinizə səadət, ailələrinizə xoş bayram ovqatı və firavanlıq arzulayıram.
 
Bayramınız mübarək olsun!”


“Azərbaycan tərəfindən Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndə təyin olunub və erməni sakinlər Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət edilib”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən bildirib.

Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığını diqqətə çatdırıb. 

Dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentə toxunan Azərbaycan Prezidenti bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu vurğulayıb.



Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 122 gündür davam edir.

Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər. Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

 



Azərbaycan Prezidenti İlham Əliyev deputat Aqil Abbasla bağlı sərəncam imzalayıb. 

Dövlət başçısının imzaladığı sərəncamla Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aqil Məhəmməd oğlu Abbasov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, aprelin 1-i Aqil Abbasın 70 yaşı tamam olub. 

***

Dövlət başçısının digər sərəncamı ilə millət vəkili Novruz Aslan da təltif edilib.

Belə ki, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Ötən ay N.Aslanın 60 yaşı tamam olub. 



Azərbaycan prezidenti İlham Əliyev aprelin 10-da Qazaxıstan Respublikasına rəsmi səfərə gəlib, dövlət başçısının rəsmi saytı xəbər verir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Əlixan Smailov və digər rəsmi şəxslər qarşıladılar.

Kamaləddin Qafarov: “Azərbaycan-Tacikistan əlaqələri  qarşılıqlı etimad əsasında inkişaf edir”

“Hazırda Azərbaycan və Tacikistan həm beynəlxalq strukturlar çərçivəsində, həm də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq edirlər. Bu əməkdaşlığın xüsusilə ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində daha da dərinləşməsi üçün yaxşı perspektivlər mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin aprelin 5-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə bu ölkəyə etdiyi dövlət səfəri də Azərbaycan-Tacikistan əməkdaşlıq əlaqələrinin inkişafına və daha da dərinləşməsinə xidmət edəcək. Təsadüfi deyil ki, dövlət başçımızın bu səfəri Tacikistanın prezidenti tərəfindən iki ölkə arasında münasibətlərin aktual məsələlərini ətraflı müzakirə etmək və yeni artım nöqtələrini müəyyənləşdirmək üçün yaxşı fürsət kimi dəyərləndirilib. ”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib: “Aprelin 5-də Azərbaycan və Tacikistan prezidentləri arasında keçirilmiş təkbətək və geniş tərkibli görüşdən, eləcə də sənədlərin imzalanmasından sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Bu bəyanatlarda Prezident İlham Əliyevin Tacikistana etdiyi dövlət səfərinin yüksək səmərəliliyi və iki ölkə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verəcəyi qeyd edilib. Diplomatik münasibətlərin otuz ili ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qurması və bu gün qardaş xalqların rifahına xidmət edən sanballı nəticələr əldə edə bilməsi xüsusi vurğulanıb. Diqqətəlayiq haldır ki, ölkələrimiz arasında səmimi münasibətlərin formalaşmasında Ulu öndər Heydər Əliyevin xüsusi xidmətləri olduğu və bu gün Azərbaycan-Tacikistan qarşılıqlı əməkdaşlıq əlaqələrinin məhz Ümummilli liderimiz tərəfindən qurulmuş qarşılıqlı etimada dayanan əsaslar üzərində inkişaf etdiyi Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon tərəfindən xüsusi qeyd edilmişdir. Tacikistan Prezidentinin bəyanatında gələn ay Ulu öndər Heydər Əliyevin 100 illiyinin Tacikistanda da qeyd ediləcəyini deməsi hər bir azərbaycanlıya şərəf və fəxarət hissi yaşatmaya bilməz. Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda belə, müdrik rəhbərlik sayəsində böyük nəticələr əldə etmək mümkündür. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoymuşdular. Həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bilməlidir ki, bugünkü uğurlu inkişafın arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin gərgin əməyi, böyük zəhməti durur.”

K.Qafarov Azərbaycan və Tacikistan arasında imzalanmış ikitərəfli sənədlərin əlaqələrin hüquqi bazasının möhkəmləndirilməsi və tamamlanması baxımından xüsusi önəm kəsb etdiyini vurğulayaraq deyib: “Dövlət başçılarının verdikləri bəyanatlarda da qeyd olunduğu kimi, aparılan danışıqların gedişində ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivləri ətraflı nəzərdən keçirilib, bütün aktual məsələlərə dair fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələr ətraflı müzakirə edilib və belə nəticəyə gəlinib ki, əmtəə dövriyyəsinin həcmi tərəflərin malik olduğu potensiala uyğun deyil. Bununla əlaqədar əmtəə dövriyyəsinin artırılmasına dair təxirəsalınmaz tədbirlər görülməsi barədə razılıq əldə olunub. Danışıqlar çərçivəsində investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri ayrıca müzakirə mövzusu olub. Xüsusi olaraq qeyd etmək lazımdır ki, aprelin 5-də dövlət başçılarının geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan və Tacikistan arasında imzalanmış ikitərəfli sənədlər əlaqələrin hüquqi bazasının möhkəmləndirilməsi və tamamlanması baxımından xüsusi önəm kəsb edəcək. O cümlədən Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında imzalanmış bir çox sənədlər ölkələrimiz arasında mövcud münasibətləri tamamilə yeni bir mərhələyə çıxaracaq. Qeyd etmək lazımdır ki, imzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” xüsusi yer tutur. Məhz bu Protokol ölkələrimiz və xalqlarımız arasında mədəni əlaqələrin daha genişlənməsi və dərinləşməsi baxımndan böyük önəm kəsb edir”.


Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları tərəfindən bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirilib.

Bu barədə Lent.az-a birgə məlumatda qeyd edilib.

Bildirilib ki, İranda yaşayan həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.
Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər. Bundan başqa Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımı dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib. Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər. Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər. Bu istiqamətdə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov