Xəbər lenti



“İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar, onlardan 300-ə yaxını qızıl medaldır”.

 AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışında bildirib.

Ötən ilki nəticələri böyük nailiyyət adlandıran dövlətimizin başçısı deyib ki, dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır və hər il yüksək nəticələr göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.

“Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim. Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.



Ermənistan polisi Rusiyanın Gümrüdəki hərbi bazasına girişləri bağlamağı planlaşdıran anti-Rusiya aksiyasının onlarla iştirakçısını saxlayıb. Etirazçılar Xankəndi - Laçın yolunun açılmasını tələb ediblər.

 200-ə yaxın insanın iştirak etdiyi icazəsiz mitinqi Rusiyaya qarşı mövqeyi ilə tanınan müxalif “Milli Demokratik Qütb” təşkil edib.

Xatırladaq ki, bu hərəkatın liderləri 2016-cı ilin yayında İrəvanın mərkəzindəki polis alayının bazasını ələ keçirmiş “Sasna Tsrer” hərbiləşdirilmiş təşkilatının üzvləri idi.



Milli Hidrometeorologiya Xidmətinin yanvarın 9-na olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, qar yağır.

Bunu "Bizimaz.az"a Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

 

O qeyd edib ki, qar örtüyünün hündürlüyü İsmayıllıda 30 sm, Xaltanda 21 sm, Qubada 20 sm, Altıağacda 16 sm, Lerikdə 15 sm, Sarıbaş, Yardımlıda 14 sm, Şabranda 13 sm, Şəki, Biləsuvarda 8 sm, Qusarda 7 sm, Oğuz, Şahbuz,  Daşkəsəndə 5 sm, Qobustanda 4 sm, Sədərəkdə 3 sm, Naxçıvan, Ağdərə, Göygöl, Naftalanda 2 sm, Bərdə, Göyçay, Astara, Ağdamda 1 sm, Sumqayıtda 8 sm, Bakıda 2 sm-dək olub.

Düşən yağıntının miqdarı Astarada 16 mm, Lerikdə 15 mm, Biləsuvarda 9 mm, Qax, Lənkəranda 8 mm, Oğuz, Qəbələdə 7 mm, Qubada 6 mm, Neftçala, Göyçayda 5 mm, Şahbuz, İsmayıllı, Altıağac, Ağdam, Zərdabda 4 mm, Şabran, Xaltan, Şəki, Qobustan, Daşkəsən, Göygöldə 3 mm, Gədəbəy, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Salyanda 2 mm, Naxçıvan, Şərur, Sədərək, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şamaxı, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Cəfərxanda 1 mm, Sumqayıtda 9 mm, Bakıda 3 mm, Maştağa, Binə, Pirallahıda 1 mm-dək olub. 

A.Verdiyev onu da qeyd edib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək, dağlıq rayonlarda 14-17 dərəcə şaxta, Aran rayonlarında 3 dərəcəyədək şaxta olub.



Bakıda və ölkənin digər şəhər və rayonlarında yaşayan Naxçıvan Muxtar Respublikası sakinlərinin ASAN Xidmət mərkəzlərində şəxsiyyət vəsiqələrini dəyişdirməsi mümkün olacaq.

ASAN Xidmət Mərkəzlərində Naxçıvan qeydiyyatında olanlara şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.

 Qeyd edək ki, indiyədək Naxçıvan sakinlərinin şəxsiyyət vəsiqələrini dəyişdirməsi ildə bir neçə dəfə yalnız Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində və ya Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilirdi. Bu da istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini və ya digər sənədlərini dəyişdirmək istəyən vətəndaşlar üçün əlavə çətinlik və vaxt itkisinə səbəb olurdu.

***

DİN-in Mətbuat xidməti də məsələ ilə bağlı məlumat yayıb:

"Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar etibarlılıq müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişdirilməsi, həmçinin köhnə nəsil şəxsiyyət vəsiqələrinin yeni nəsil şəxsiyyət vəsiqələri ilə əvəz edilməsi üçün ASAN Xidmət mərkəzlərinə müraciət edə bilərlər".

***

ASAN Xidmət də məsələ ilə bağlı məlumat yayıb. Bildirilir ki, yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlara “ASAN xidmət” mərkəzlərində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üzrə xidmətlər göstərilir.
 
Müvafiq xidmətlər barədə daha ətraflı:
 
• Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar dəyişdirilməsi;
 
• Şəxsiyyət vəsiqəsinin itirilməsi, korlanması və oğurlanması halı ilə əlaqədar dəyişdirilməsi;
 
• Şəxsiyyət vəsiqəsinin ad, soyad, ata adının dəyişdirilməsi ilə əlaqədar dəyişdirilməsi;
 
• Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısının (çipinin) korlanması ilə əlaqədar dəyişdirilməsi;
 
• Şəxsiyyət vəsiqəsinin qan qrupu, göz rəngi və boy ilə bağlı məlmatlarda dəyişiklik edilməsi ilə əlaqədar dəyişdirilməsi;
 
• Şəxsiyyət vəsiqəsinin yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə əlaqədar dəyişdirilməsi;
 
• Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi.
 
Vətəndaşlarımızdan əlavə vaxt itkisinin və məsrəflərinin qarşısını almaları, mərkəzlərdə növbə gözləmədən xidmətlərdən yararlanmaları məqsədilə "ASAN növbə" mobil tətbiqindən istifadə etmələri xahiş olunur.
 
Eyni zamanda mərkəzlərə birbaşa müraciət zamanı Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 79 ünvanında yerləşən 7 saylı Bakı "ASAN xidmət" mərkəzinə üstünlük vermələri tövsiyə edilir.



Azərbaycan Mətbuat Şurası (MŞ) Fransanın “Charlie Hebdo” satirik jurnalının təfriqəçi mövqeyini pisləyib.

Bu barədə MŞ-nin yaydığı bəyanatda bildirilib.

 Bəyanatda deyilir:

“Medianın xalqlar, dövlətlər arasında qarşıdurma, nifaq yaratması yolverilməzdir. Bu, jurnalist peşəsinə həssas yanaşmanın, etik prinsiplərə sadiqliyin başlıca meyarıdır. Belə məsələlərdəki həssaslıq, həmçinin, bəşəri dəyərlərin qorunması baxımından da müstəsna əhəmiyyət daşıyan ictimai missiyadır. Təəssüf ki, yaşadığımız dünyada qeyd etdiyimiz məqamları nəzərə almayan, özünün qızışdırıcı mövqeyi ilə seçilən, lokal maraq və mənafelərin əsiri olan, jurnalistikanı siyasi alətə çevirən media orqanları var. Onlardan biri də Fransanın “Charlie Hebdo” satirik dərgisidir.

“Charlie Hebdo”nun 2023-cü ildəki ilk sayında yayımlanmış “Pantürkizm yenə erməni meyitləri üzərində möhkəmlənmək istəyir” sərlövhəli yazıda yaşadığımız Cənubi Qafqaz regionundakı gərginliyi artırmaq, Azərbaycana və Türkiyəyə münasibətdə mənfi beynəlxalq ictimai rəy formalaşdırmaq istəkləri, aşkar şəkildə, özünü göstərməkdədir. Nəşrin yanaşması, eyni zamanda, bölgədə sülhün bərqərar olması naminə həyata keçirilən fəaliyyəti heçə saymaqdır.

“Charlie Hebdo” jurnalının Fransanın ermənipərəst dairələrinin mövqeyini əsas tutması, bu dairələrin regiondakı münaqişə ocağından yeni müharibə mühiti formalaşdırmaq istəklərinin ifadəçisi qismində çıxış etməsi onun seçdiyi üslubdan da aydın görünməkdədir.

Ümumən İslam dünyasına münasibətdə əvvəllər də qərəzli, təfriqəçi, həqarət dolu baxışları ilə seçilmiş “Charlie Hebdo”nun qeyri-peşəkar təqdimat tərzini davam etdirməsi təəssüf doğurmaqdadır. İndiki halda nəşrin reallıqları və həqiqətləri nəzərə almaması, manipulyativ mahiyyət daşıyan dəst-xəti peşəkar jurnalistika prinsiplərinə meydan oxumaqdır.

O da təəssüf doğurur ki, ali dəyərləri təbliğ və təlqin etdiyini bildirən Fransada dərginin satira adı altında söz və ifadə azadlığından aşkar sui-istifadə cəhdlərinə qarşı zəruri ictimai reaksiya yoxdur, qanuni ölçü tədbiri görülmür.

Azərbaycan Mətbuat Şurası “Charlie Hebdo” satirik jurnalının təfriqəçi mövqeyini qətiyyətlə pisləyir. Şura Fransa hakimiyyətini, cəmiyyətini, həmçinin, bütövlükdə, Avropanın mütərəqqi ictimaiyyətini bu dərginin həm mənəvi, həm də hüquqi baxımdan yolverilməz sayılan fəaliyyət tərzinə biganə qalmamağa, belə meyillərə qarşı yerli qanunlarla və beynəlxalq hüquq normaları ilə müəyyənləşmiş qaydada tədbirlər həyata keçirilməsinə baxmağa çağırır”.

Qeyd edək ki, “Charlie Hebdo”nun bir neçə gün əvvəlki sayında Ukraynadakı müharibənin Ermənistan və Qarabağ üzərindəki “təhlükə”ni unutdurduğu barədə məqalə dərc olunub və hər kəsə ermənilərin xeyrinə səfərbər olmaq çağırışı edilib.



Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manat müəyyən edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb:

"1. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. 10 gün müddətində:

2.1.1. əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 
 

 

2.1.2. sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 dekabr tarixli 3051 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1464) 1-ci hissəsi ləğv edilsin.

4. Bu Sərəncamın 1-ci və 3-cü hissələri 2023-cü il yanvarın 1-dən tətbiq edilir".

 



Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına və birinci xanıma Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov