Xəbər lenti



Prezident İlham Əliyev şəhid Orxan Əsgərovun təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən şəhid olan Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalına layiq görülüb.

 Xatırladaq ki, yanvarın 27-si Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı Vasif Tağıyev və Mahir İmanov xəsarət alıb.

O. Əsgərovun cənazəsi yanvarın 29-u Bakıya gətirilib. O, yanvarın 30-u II Şəhidlər xiyabanında dəfn edilib.



Dövlət Sərhəd Xidməti (DSX) bu ilin yanvar ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 33 nəfəri saxlayıb.

 

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, saxlanılanlardan 19 nəfəri Azərbaycan, səkkizi Pakistan, biri Nigeriya, ikisi Misir, biri Gürcüstan və ikisi İran vətəndaşları оlub. Qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 16 nəfər saxtalaşdırılmış pasport, viza və tarix möhürləri ilə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.

Sərhəd rеjim qaydalarını pоzduqlarına görə, 1 055 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 247 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olan 234 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 16 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.



Bu gün 2 Fevral - Azərbaycan Gəncləri Günüdür.

Əlamətdar tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 

 

Belə ki, ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.

1997-ci ildən etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Bununla da Azərbaycan, bir çox sahələrdə olduğu kimi, burada da bir çox ölkələri qabaqlayıb. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra – 1998-ci ilin 8-12 avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan olunub.

Ulu öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları buna misal ola bilər.

Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün öz təsdiqini tapır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləyir. Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının bu sahəyə böyük diqqətinə əyani sübutdur. Məsələn, Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə hərtərəfli imkanlar yaradıb. Məhz bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır.

“Azərbaycan gəncləri fəal, vətənpərvər, bilikli, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”, - deyən Prezident İlham Əliyev gənclərin məşğulluğunun təmin olunmasını da diqqət mərkəzində saxlayır.

Öz növbəsində Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir, eyni zamanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə can atır.

Dövlət başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Gənclər Fondunun yaradılması ümummilli liderin əsasını qoyduğu gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığını göstərir.

2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmağa, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmağa, bu sosial təbəqənin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmağa yönəlib.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübutu kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqların azadlığı uğrunda mübarizə əzmini göstərmək olar. Xatırladaq ki, hələ 2020-ci ilin iyul ayında Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra onminlərlə gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrində qeydiyyata düşdü.

Bundan az sonra başlayan Vətən müharibəsi zamanı gənclərin dövlətə, Vətənə bağlılığının nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Könüllü olaraq Vətən savaşında iştirak etmək istəyən gənclərin sayının xeyli artması, Ali Baş Komandan tərəfindən qismən səfərbərliyin elan olunması gənclərin Ali Baş Komandana dəstəyinin bariz nümunəsi idi.

Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan gəncliyi 44 günlük müharibədə düşmən üzərində parlaq qələbənin əldə olunmasında xüsusilə fərqləndi.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı zəmanətidir. Ölkəmizdə bu sahə ilə bağlı siyasətin uğurla həyata keçirilməsi gənclərin həyatın bütün sferalarında öz bilik və bacarıqlarına geniş imkanlar yaradıb. Gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini işıqlı gələcəyə yönəldir.

Əziz gənclər, bayramınız mübarək!



Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin Tbilisidə müalicə aldığı klinikadan yeni görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, gürcü siyasətçinin fotolarını rusiyalı müxalif siyasətçi və hüquq müdafiəçisi Mark Feygin öz feysbuk hesabında paylaşıb.

Fotolarda Saakaşvilinin köynəyinin üzərində “I'm Ukrainian” (Mən ukraynalıyam) yazısı diqqət çəkib: “Mən Ukraynanın qalib gələcəyindən əminəm, lakin yaxın qələbəyə qədər yaşaya bilməsəm, mənim ürəyim Kiyevdə dəfn edilməlidir, o, Ukraynaya aiddir”.

Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsində Saakaşvilinin məhkəməsi keçirilir. Saakaşvili iclasa müalicə aldığı klinikadan onlayn qoşulub. 

Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.

Saakaşvili cari ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb.

Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.

M. Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı. Onun yanvarın 24-ü koronavirusa yoluxduğu məlum olub.

 

 
 


Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli iki gündür davam edir, gənc fəallar gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

 Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.



Təəssüf ki, hələ də ölkə mediasında “İran” adlanan ölkənin kütləvi təbliğat vasitələrinə və onların müxtəlif domen adları altında Azərbaycandilli “törəmə” saytlarına istinadla feyk xəbərlər, təxribat xarakterli məlumatlar yayımlanır.

Narahatlıq doğuran məqamlardan biri də belə xəbərləri tirajlayan media resurslarının arasında təcrübəli, peşəkar həmkarlarımızın rəhbərlik etdiyi, yaxud çalışdığı təsisatların yer almasıdır. Mənə görə, hətta son terror hadisəsi baş verməsəydi belə, İranla bağlı, xüsusilə də bu ölkənin Azərbaycana, Türkiyəyə və bütövlükdə regiona yönəlik siyasətini ifadə edən xəbərləri təhlil etmədən, araşdırmadan yaymaq, molla rejiminin təbliğat-təxribat resurslarına istinad etmək olmazdı.

İran tərəfinin yaydığı xəbərlər, yaxud hansısa digər kontentlər ciddi şəkildə təhlil edildikdən sonra, həm də yalnız analitik yazının tərkib hissəsi kimi istifadəyə yararlı ola bilər. Bunu başa düşmək bir o qədər çətindir?

İranın təbliğat maşını bir neçə gündür ki, terror aktını ən müxtəlif formalarda, çoxsaylı manipulyasiyalarla məişət hadisəsi kimi təqdim etmək istəyir. Peşəkar media molla rejiminin sosial platformalardakı cəsus şəbəkəsinin və onların informasiya manipulyasiyalarına aldanan bəzi şəxslərin yaydığı feyk xəbərlərin, təxribat xarakterli məlumatların qarşısını almaq əvəzinə, Tehranın təbliğat-təxribat kontentlərinə istinad edir. Ayıbdır, ayıb! Bunu bilərəkdən edirsinizsə, deməli Vətən xainisiniz! Yox, əgər bilərəkdən etmirsinizsə, niyyətiniz gündəmdə olan mövzu ilə bağlı daha çox xəbər yaymaqdırsa, o zaman bu qəbildən olan “xəbər”lərin mənbəyini ciddi şəkildə araşdırın, peşəkar analitiklərlə, ekspertlərlə məsləhətləşin və onlar sizə təmənnasız, tərəddüd etmədən yardım göstərəcəklər.

 
Son olaraq, bir məqamı da qeyd etməyi vacib sayıram: “İran” adlanan ölkənin Azərbaycan Respublikasındakı səfirliyinin ölkəmizdəki media resursları ilə daim əlaqədə olmaq üçün yaratdığı vatsap qrupu var. Yanılmıramsa, “İran səfirliyinin dostları” adlanır. Terror aksiyasından sonra bəzi həmkarlarımız bu qrupu tərk edib, amma hələ də 60-dan çox media resursunun təmsilçisi “İran səfirliyinin dostu” olmaqda davam edirlər.

Onlara qaniçən molla rejiminin hakimiyyəti qəsb etdiyi günün ildönümü ilə bağlı keçiriləcək tədbirə dəvətnamələr də göndərilib və məmnuniyyətlə qəbul ediblər. Doğrusu, ilk dəfədir ki, söz üçün aciz qalıram və nə yazacağımı bilmirəm. “İran” adlanan ölkənin Azərbaycandakı nümayəndəliyinin, yəni molla rejiminin təmsilçilərinin dostu olanlar heç bir halda Azərbaycanın dostu deyillər və ola da bilməzlər. Bu baxımdan, “cənab” və “cənabə”lər, mövqeyinizi müəyyənləşdirin və ya Azərbaycanın dostu olun, ya da İranın...

Düşünürəm ki, molla rejiminin Azərbaycan mediasındakı və sosial platformalardakı “azərbaycanlı” şəbəkəsi ilə bağlı ciddi araşdırma aparılmalıdır. Onların bir çoxu, molla rejiminin diplomatik təmsilçiliyinin dəvəti ilə bir, yaxud bir neçə dəfə “İran” adlanan ölkədə səfərdə olublar. Bəzilərinə müxtəlif hədiyyələr verilib, özlərinin, yaxınlarının müalicəsinə və digər problemlərinin həllinə yardım göstərilib. Molla rejiminin əlində bəzi media nümayəndələri ilə bağlı kompramatların olması və onların davamlı şantaja məruz qalmaları da mümkündür.

İranın ideoloji zəhərini ölkə mediasının “qan damarlarından” çəkib çıxarmaq lazımdır.

Elçin Mirzəbəyli



Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının İranın casus şəbəkəsinə qarşı həyata keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın rayonlarında 7 nəfər saxlanılıb.


Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Bu barədə DTX məlumat yayıb.

“Həmin hadisə barədə araşdırmalara dair dəqiqləşdirilməmiş və rəsmi mənbələrə istinad edilməyən məlumatların yayımlanması istintaqın aparılmasına mane olmaqla əhali arasında çaşqınlığa və şayiələrin yayılmasına səbəb olur.

İranda baş vermiş hadisə ilə əlaqədar dövlət orqanlarına istinad olunmadan informasiyaların tirajlanmasının yolverilməzliyi barədə media qurumlarına xəbərdarlıq olunur”, - məlumatda deyilir.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycana səfərə gəlib.

Azərbaycanın və Misirin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Misir Prezidentini hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov