Xəbər lenti



Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident. Bakıda Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi bir vaxtda Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. 30 ildən artıq bir dövrdə Azərbaycan və Amerika Birləşmiş Ştatları transmilli təhlükələrlə mübarizədən inklüziv iqtisadi inkişafa qədər möhkəm tərəfdaşlıq yaradıb.

 Bu tədbir ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini vurğulayır. Azərbaycan bu səylərin həyata keçirilməsində vacib rol oynayır. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir – buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir. Qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslər məni sevindirir.

Bu tədbirlərin, habelə qanunun aliliyinin təşviqinin və Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlmiş islahatların həyata keçirildiyi dönəmdə ABŞ yanınızda olacaq. Bununla yanaşı, biz gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləməyə davam edəcəyik”.



"Kişinyovda sülhlə bağlı ilkin razılaşmalar əldə edilə bilər, lakin yekun sülh gözlənilmir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Tural İsmayılov Azərbaycan və Ermənistan liderlərinin Kişinyovda keçirilməsi nəzərdə tutulan görüşünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan dəfələrlə Ermənistana sülhlə bağlı çağırış edib: “Bizim sülhlə bağlı konkret mövqeyimiz var. Təəssüflər olsun ki, Ermənistan Azərbaycanın dürüst və obyektiv çağırışlarına rəğmən prosesdən yayınmağa cəhd göstərir”.

Politoloq deyib ki, Azərbaycan 30 illik işğal dövründə də Ermənistana sülhlə bağlı çağırışlar edirdi: “Ermənistanı Azərbaycanla normal qonşuluq münasibətləri qurmağa dəvət edirdi”.

Müsahibimizə görə, Qərbin Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməsi xüsusi vurğulanmalıdır. T.İsmayılov qeyd edib ki, Qərb Rusiyadan fərqli olaraq, sülh prosesinin daha işlək mexanizmlərini hazırlayır.

“Bu baxımdan Brüssel danışıqlarının ardınca Kişinyovda sülhlə bağlı ilkin razılaşmalar əldə edilə bilər. Bununla bağlı real işartılar da var. Hesab edirəm ki, yekun sülh müqaviləsi olmasa da, Kişinyovda tərəflər arasında ilkin sülhlə bağlı müəyyən işartılara rast gələcəyik”,-deyə Tural İsmayılov əlavə edib.

Cavad



Türkiyədə prezident seçkisində Rəcəb Tayyib Ərdoğan qalib gəldi, bundan sonra rəsmi Ankaranın xarici siyasət kursunun necə olacağı, onun beynəlxalq münasibətlər sistemindəki təsir effektlərinin perspektivi diqqət mərkəzindədir.

Ərdoğan Türkiyəyə miras qalan təhlükəsizlik problemləri ilə mübarizədə köklü dəyişikliklərə çalışacaq, ilk növbədə Ankaranın strateji prioritetlərini nəhəngləşdirmək üçün Afrika, Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya üzrə iti addımlara, Rusiya-Ukrayna müharibəsinin vasitəçisi qalmağa ehtiyac duyacaq, əldə edə biləcəyi qazancları özünə rəqib olanlarla danışıqlar predmetində üstün mövqe stilinə uyğunlaşdıracaq.

Dividendlərin danışıqlarda nəticə əsaslı paya sahiblənməsi üçün Türkiyə PKK-ya qarşı mübarizənin şiddətini artırmalıdır, ona görə ki, Ankaranın qarşısında siyasi sabitlik dövrünün davamlı olmasını təmin etmək dayanır.

PKK-nın maksimal şəkildə zərərsizləşdirilməsi Türkiyənin regional və beynəlxalq əzələlərini həddindən artıq şişirdib onu qlobal gücə çevirə bilər, ancaq Ankaranın terrorçularla mübarizədə yaxın perspektivdə nəticə əldə edə biləcəyi çətindir.

Buna rəğmən, Ərdoğan dünyanın diqqətini çəkən və beynəlxalq mübarizə kimi tövsif edilən seçkidən qalibiyyətlə çıxdıqdan sonra Türkiyənin təhlükəsizlik komandası daha sərt oynaya və PKK-ya qarşı sancılacaq oxların sayını çoxalda bilər. Suriya və İraqdan başqa, PKK-çıların məskən saldıqları başqa dövlətlərdə də onlara qarşı əməliyyatlara ehtiyac yaranır.

Lakin Türkiyəyə rəqib ölkələr də yerində saymırlar, onlar “dişə diş” hesabı ilə Türkiyəyə qarşı həmlə siyasətində PKK-ya can verməyə çalışmaqda maraqlıdırlar, hərçənd ki, burada münasibətlərin ruhunda fərqli xüsusiyyətlər də var. 

Bir tərəfdən, Türkiyənin yüksək oyunçuluq qabiliyyətinə görə onun statusundan yararlanmaq, digər yandan isə Ankaranın mübarizə meydanında monopoliya yaratmasına qarşı olmaq üçün PKK amilindən istifadə etmək durur – Türkiyənin strateji komandasının mübarizəni böyük güclər arasında tarazlığı davam etdirmək xətti fonunda quracağı gözlənilir.

Türkiyə geosiyasi paketinə yeni məhsullar əlavə etmək istəyirsə, daxildə də iqtisadi durumu düzəltməli və suriyalı qaçqınların yaxın bir ildə geri dönüşündə rəqəmləri əhəmiyyətli şəkildə yüksəltməyi bacarmalıdır.

Ədalət və İnkişaf Partiyası iqtidarı həmçinin bahalaşmanın qarşısını ala biləcək, inflyasiyanı azaldacaq, lirənin məzənnəsini sabit saxlaya biləcək güclü iqtisadiyyat komandası formalaşdırmalı və xarici kapitalın ölkəyə axını barədə yeni qərarlar verməlidir.

Yəni Türkiyə iqtisadiyyatına həm yerli, həm də xarici investorların inamını bərpa etmək üçün güclü iqtisadi meyarlar müəyyən edilməlidir və mühüm struktur islahatları həyata keçirmək lazımdır.

Türkiyə 2000-ci illərin ilk onilliyindəki iqtisadi yüksəliş dövrünə qayıtsa, bu, Ankaranın xarici siyasət zonasında böyük əməliyyatlara stimul olacaq və o, qarşısıalınmaz bir sıra mühüm fəaliyyət sferası yaradacaq.

Ankara təhlükəsizlik narahatlıqlarının iqtisadiyyatdan və hərbi-siyasi hədələrdən qaynaqlanan tərəflərini zədələmək üçün beynəlxalq güclərlə bacarıqlı danışıqlar masası yaratmaq istəyəcək.

Türkiyə beynəlxalq məsələlərdə qlobal güclərə qarşı əzəmətli muxtariyyətə malik olması ideyasını vurğulamaq üçün yeni əməkdaşlıq formatlarına da müraciət edə bilər. Bu, daha çox Türk Dövlətləri Təşkilatının fəaliyyətində, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında, İsraillə normallaşan, Rusiya ilə mövcud münasibətlərin axarında üzə çıxmaq ehtimalına malikdir. Türkiyənin yenidən şəkillənən beynəlxalq münasibətlər sistemində ağırlığını artıran Çinlə əməkdaşlıqda da praqmatik ideyaları dövriyyədə saxlayacağı gözlənilir.

Hər halda, Türkiyənin iqtidar kabinetinin formalaşdırılmasını gözləmək lazımdır, arada olan qısa intervalda isə Ankaranın maraqlarını sarsıda biləcək təhdidlərin zühur etməsi gözlənilən deyil.

Aqşin Kərimov



“Əminəm ki, bu səfər (İsrail Prezidentinin səfəri – red.) ölkələrimiz arasında dost münasibətlərin inkişafına stimul verəcək”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla geniş tərkibdə görüşdə söyləyib.

İsrail Prezidenti ilə ikitərəfli münasibətlərin gündəliyi və regional məsələlər barədə çox yaxşı müzakirələrin aparıldığını söyləyən dövlətimizin başçısı deyib:

“Əminəm ki, heyət nümayəndələri ilə görüşlər, bilavasitə Sizinlə bu gün və sabah aparacağımız söhbət çərçivəsində geniş səpkidə məsələlər müzakirə olunacaq”.



Türkiyənin ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan seçkinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayacaq.

Mənbə iddia edir ki, Sinan Oğan artıq bu gün (22 may) ikinci turda məhz Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini rəsmən elan edəcək.

Bundan əlavə, Sinan Oğanın beş bəndlik protokola imza atacağı gözlənilir.

Məlumatda həmçinin iddia olunur ki, Sinan Oğan Ərdoğanla görüşdən əvvəl xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Mənbə: Hürriyet



Azərbaycanda 50-yə yaxın özəl tibb müəssisəsində nöqsanlar aşkarlanıb.
 
Bu barədə AZXEBER.COM-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, mərkəz tərəfindən özəl tibb müəssisələrində planlaşdırılmış və plandankənar yoxlamalar keçirilir.
 
Bu ilin birinci rübü ərzində plan üzrə yoxlamalar siyahısında olan 77 özəl tibb müəssisəsindən 49-da planlı yoxlamalar baş tutub. Bunun nəticəsi olaraq, 38 müəssisədə nöqsanlar aşkarlanıb. Digər 28 özəl müəssisədə isə reyestrdən imtina, ünvan dəyişmə, təmir və ya lisenziyanın ləğvi səbəbindən yoxlamaların aparılması mümkün olmayıb, 11 müəssisədə isə heç bir nöqsan aşkarlanmayıb.
 
Eyni zamanda, plandankənar yoxlamalar nəzərdə tutulmuş 33 müəssisənin 28-də yoxlamalar aparılıb. Nəticədə 8 müəssisədə nöqsanlar aşkarlanıb.
 
Aparılan monitorinqlərin nəticəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 210.1, 215.1 və 215.4 maddələrinə əsasən 52 protokol tərtib edilib və icraata göndərilib.
 
Qeyd edilməlidir ki, İXM-in 210.1-ci maddəsinə (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) fiziki şəxslər 2 000 manatdan 3 000 manatadək, vəzifəli şəxslər 5 000 manatdan 10 000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 30 000 manatadək cərimə edilir.
 
İXM-in 215.1-ci maddəsinə görə (tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə edilir.
 
İXM-in 215.4-cü maddəsinə görə (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.
 
Bundan əlavə, 67 özəl tibb müəssisəsinin fəaliyyət ünvanlarında yaradılan şəraitin normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib, onlardan lisenziya almaq üçün edilən 55 müraciətə müsbət rəy verilib.


Prezident Rəcəb Tayyib Ərdoğan sosial media hesabında prezident seçkilərinin ikinci turu ilə bağlı paylaşım edib.
 
AZXEBER.COM xəbər verir ki, Ərdoğan ayın 28-dəki növbəti seçki turunda seçicilərini bir daha ruhlandırıb:
 
"Millətimizin xaricdəki təmsilçilərindən sizlərdən bir daha öz iradənizi güclü şəkildə müdafiə etməyinizi gözləyirəm. Ümid edirəm ki, bu sınaqdan vicdanla çıxacağıq. Xaricdə yaşayan əziz vətəndaşlarım, seçki qutularını partlatdığınız seçkilərin ilk turunu rekord fəallıqla uğurla başa vurduq. Bütün çətinliklərə baxmayaraq, siz öz vətəndaşlıq borcunuzu ən yaxşı şəkildə yerinə yetirdiniz. Mənə və Xalq Alyansına böyük lütf göstərdiniz. Siz terror təşkilatı üzvlərinin sizi qorxutmaq, təzyiq göstərmək, iradənizi qəsb etmək cəhdlərinə boyun əymədiniz. Siz türk demokratiyasının qüdrətini gücləndirdiniz, bir millət olaraq hamımızı qürurlandırdınız. Artıq hər biriniz öz adınızı siyasi tariximizə qızıl hərflərlə yazmısınız. Göstərdiyiniz bu düzgün, demokratik və qətiyyətli mövqeyə görə Sizə ürəkdən minnətdarlığımı bildirmək istəyirəm. İndi qarşımızda prezident seçkilərinin ikinci turu var. Sabahdan xaricdə və gömrük qapılarında səsvermə başlayır. Olduğunuz ölkələrdəki seçki tarixlərini yaxından izləyərək demokratik hüququnuzdan istifadə etməyinizi xahiş edirəm. Sizdən, millətimizin xaricdəki nümayəndələrindən bir daha sizin iradənizi güclü şəkildə dəstəkləyəcəyinizi gözləyirəm. Bu sınaqdan vicdanla çıxacağımıza ürəkdən inanıram" - deyə Ərdoğan paylaşımında bildirib.
 
Mikayıl
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov