Xəbər lenti



Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək.

“Report” xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023” ilinin rəsmi açılış mərasimində deyib.

O qeyd edib ki, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq geniş tədbirlər planı hazırlanıb:

“TÜRKSOY, Azərbaycanın müvafiq nazirlikləri və digər dövlət qurumları, habelə digər əlaqədar təşkilatlarla birgə illik tədbirlərin və bir sıra yeni layihələrin həyata keçirilməsi gündəlikdədir. Bu xüsusda, böyük məmnuniyyət hissi ilə elan etmək istərdim ki, oktyabr ayında planlaşdırılan Nazirlərin Daimi Şurası çərçivəsində Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi nəzərdə tutulur”.

“Forum coğrafiyamızda mədəniyyət üçün çalışan bütün maraqlı tərəfləri bir araya gətirməyi və birgə mədəniyyətimizin inkişafına daha ciddi töhfə verməyi planlaşdırır. İnanıram ki, Azərbaycanın bu təşəbbüsü həm bizim həmkarlar, həm beynəlxalq təşkilatlar, həm də elmi dairələrimiz və yaradıcı sənayelərimiz tərəfindən dəstəklənəcək. Şuşa ötən əsrlərdə mədəniyyətimizdə, klassik musiqimizdə bir sıra yenilikləri ilə tarixə düşdü. Əminəm ki, Şuşada keçiriləcək Birinci Türk Dünyası Mədəniyyət Forumu da XXI əsrin türk əsrinə çevrilməsi üçün mədəni əlaqələrin inkişafında yeni üfüqlər yaradacaq, bizim ən güclü ortaq platformalarımızdan birinə çevriləcək”, - nazir vurğulayıb.



Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir.

 Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur.

 
Kamaləddin Qafarov: “ Heydər Əliyev qəlbimizdə hər zaman xilaskar kimi yaşayacaq”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xalqa müraciət edib. Bu müraciətin paytaxt Bakıdan deyil, qədim Şuşadan səslənməsi böyük məna kəsb edir. Dövlət başçısının da qeyd etdiyi kimi, Şuşa Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbənin tacıdır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. 2020-ci ilin sentyabr-noyabr aylarında şanlı Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi möhtəşəm Zəfərlə Ümummilli Liderimizin və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının ən böyük arzusunu çin etdi. Bu gün isə, işğaldan azad olmuş torpaqlarımız sürətlə yenidən qurulur, dirçəlir. Bu il mayın 2-dən bu günə qədər Qarabağda və Şərqi Zəngəzurda birbaşa Prezident İlham Əliyevin iştirakı ilə 10 kəndin təməli qoyulmuş, bir çox açılışlar həyata keçirilmişdir. ”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.

Deputat deyib: “Ulu Öndər Heydər Əliyev bütün ömrünü öz doğma xalqına xidmətə həsr etmişdir. İstər 1969-1982-ci, istərsə də 1993-2003-cü illərdə Ümummilli Liderin bütün çoxşaxəli və gərgin fəaliyyətinin əsasında yalnız xalqımızın maraqları, dövlətimizin milli mənafeləri durmuşdur. Məhz bu fəaliyyət müasir müstəqil Azərbaycan dövlətinin qurulması üçün dayanıqlı əsasların yaradılmasını təmin etmişdir. Hər zaman prinsipiallığı və qətiyyəti ilə seçilən Ulu Öndər 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqının faciələri də məhz Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. Ulu Öndərin 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar. Əgər Ulu Öndər hakimiyyətdə təmsil olunsaydı, erməni millətçiləri heç vaxt bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bütün qadağalara rəğmən, hətta özü və ailəsi üçün yaranmış həyati təhlükəni belə gözə alaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmiş və burdan bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşmüş, burada Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilmişdir. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmiş və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Həmin dövrdə tam blokadada olan Naxçıvanın da ağır günləri davam edirdi. Naxçıvanın gələcəkdə yaşaması ilə bağlı çox böyük təhlükələr var idi. Ermənilər Qarabağ kimi, Naxçıvanı da ələ keçirməyi planlaşdırırdılar. Məhz belə bir dövrdə Heydər Əliyev Naxçıvanı qorudu və Naxçıvan çətin də olsa, blokada şəraitində də olsa yaşadı, ayaqda qaldı.”

Deputat daha sonra bildirib: “Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra keçən iki il ərzində respublikada sürətlə davam edən mürtəce, dağıdıcı proseslər 1993-cü ilin may-iyun aylarında ölkəni vətəndaş müharibəsinin başlanması ərəfəsinə gətirmiş və müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir mürəkkəb dövrdə Azərbaycan xalqı dövlətin və millətin başı üzərini almış ölümcül təhlükələrdən yeganə xilas yolunun yalnız Ulu Öndərin ölkəyə rəhbərliyi öz üzərinə götürməsində olduğunu düzgün müəyyən etdi və Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Bundan sonra ölkənin o dövrkü rəhbərliyi Ulu Öndəri Bakıya dəvət etməyə məcbur oldu. Ölkənin, xalqın, Azərbaycan dövlətçiliyinin taleyinin həll olunduğu ağır bir zamanda xalqın çağırışına səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü. Bu yolda atılan ən mühüm addımlardan biri də 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” oldu. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sazişin imzalanması növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir. Azərbaycan dövləti “Əsrin müqaviləsi”nin icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün “Əsrin müqaviləsi”nin icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır.”
K.Qafarov açıqlamasının sonunda deyib: “ Ölkə Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu hər gün daha da yüksəlir. Azərbaycan Avropa üçün çox önəmli ölkəyə çevrilib və Avropa İttifaqına üzv ölkələrin üçdə biri - doqquz ölkə ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Azərbaycan beynəlxalq müstəvidə özünə lazım olan bütün sənədləri, qətnamələri qəbul etdirə bilib və bu, İkinci Qarabağ müharibəsinin uğurla aparılması üçün öz mühüm rolunu oynamışdır. Bütün bunlar onun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev düşünülmüş, uğurlu xarici siyasət yürüdərək, bütün beynəlxalq təşkilatlar çərçivəsində lazım olan hüquqi və siyasi bazanı yarada bilib. Azərbaycan xalqı Ulu Öndərin vəsiyyətini yerinə yetirərək Vətən torpaqlarını azad etdiyi kimi, Qarabağın və Şərqi Zəngəzurun bərpası missiyasını da şərəflə yerinə yetirəcək”.
Kamaləddin Qafarov: “ Azərbaycan faşizm üzərində qələbəyə möhtəşəm  töhfələr verib”

“İkinci Dünya müharibəsi bəşəriyyət tarixinə ən qanlı və ən dağıdıcı müharibə kimi daxil olub. 1941-ci ildə faşist Almaniyasının Sovet İttifaqına hücumu ilə keçmiş SSRİ-nin tərkibində olan Azərbaycan da bu müharibəyə cəlb edildi. Faşizm üzərində 1945-ci ildə əldə olunmuş qələbədə xalqımızın və respublikamızın danılmaz xidmətləri, böyük payı vardır. Ulu Öndər Heydər Əliyev bu barədə demişdir: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir”.

Bu sözləri mətbuata verdiyi müsahibəsində Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat bildirib ki, müharibə başlayarkən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 640 minə yaxın oğul və qızı cəbhəyə getmişdir”. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Faşizmə qarşı mübarizədə 43-ü azərbaycanlı olmaqla 121 nəfər Azərbaycan SSR vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 15-i azərbaycanlı olmaqla 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycanın qəhrəman övladları həmçinin Fransa, İtaliya və digər Avropa dövlətlərinin orden və medalları ilə təltif olunublar.”

Deputat faşizm üzərində qələbənin əldə olunmasında Bakı nefti amilinin xüsusi rolunu qeyd edərək deyib: “1941-1945-ci illərdə, İkinci Dünya müharibəsinin ən şiddətli dövründə Bakı neftçiləri bütün çətinliklərə rəğmən fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Ümummilli Lider Heydər Əliyev öz çıxışlarının birində bu amilin vacibliyini vurğulayaraq demişdir: “Bu qələbənin qazanılmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan SSR-in nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu... Əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi”. Müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü məhz Bakı benzini ilə işləyirdi. Marşal Rokossovski bu barədə demişdir: “Qorxmaz şahinlərin hər bir döyüş zərbəsində, sovet tankçılarının hər bir reydində, alman faşist qüvvələri üzərindəki hər bir qələbədə heç də az olmayan uğur payı Bakı neftçilərinə məxsusdur””.

K.Qafarov faşizm üzərində əldə olunan qələbənin ölkəmizdə dövlət səviyyəsində qeyd olunduğunu xüsusi vurğulayıb və bunun mühüm göstərici olduğunu bildirib: “Faşizm üzərində tarixi qələbənin ildönümü respublikamızda təntənəli şəkildə qeyd olunur. Ölkə Prezidenti İlham Əliyev hər il Qələbə Günündə müharibənin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb. Möhtərəm dövlət başçımız cari ilin 26 aprel tarixində “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” müvafiq Sərəncamı imzalamışdır. Azərbaycan xalqı faşizm üzərində qələbəyə həqiqətən də möhtəşəm töhfələrini vermişdir və dünya bunu heç zaman unutmamalıdır”.

Ulu Öndər Heydər Əliyev Azərbaycan-Türkiyə qardaşlığını indi dillərdə əzbər olan bir aforizmə sığışdırdı: “Bir millət, iki dövlət!” Bu aforizmə Prezident İlham Əliyev bir millət və iki dövlətin düşmənin unutmayacağı bir ifadə əlavə etdi: “Bir millət, iki dövlət və bir yumruq!” Bu sözlər tarixən sevinci, kədəri bir olan Azərbaycan və Türkiyənin qardaş dövlətlər olduğunu dünyaya bir daha bəyan etdi.

Canımız-Türkiyəmiz! Böyük Atatürkün sözüdür:

 

“Ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardır”

Yeni Türkiyənin arxitektoru Atatürk və yeni Azərbaycanın arxitektoru Heydər Əliyev öz dövlətçilik quruculuğu ilə bütöv bir məktəb qoyub getdilər. Bu böyük məktəbi Azərbaycanda İlham Əliyev, Türkiyədə Rəcəb Tayyip Ərdoğan zirvələrə qaldırdılar. Tale bu iki dövlətin bir millətini həmin iki davamçının elan etdikləri qardaşlıq missiyası ilə dünyada görünməmiş gücə çevirdi. Tanrının millətə bir messiya (məhz messiya) kimi göndərdiyi İlham Əliyev və Rəcəb Tayyip Ərdogan bu müqəddəs messiya vəzifəsini tarixin indiyədək görmədiyi bir güc möcüzəsiylə yerinə yetirdi: İlham Əliyev 44 günlük vətən müharibəsində “dəmir yumruğu” ilə yağı düşmənin-erməninin başını əzdi. Ərdoğan Türkiyədə rəhbər vəzifələrdə olduğu 21 ildə bu ölkəni dünyaya nümunə kimi yenidən yaratdı. Bir millətin, iki dövlətinin başçıları ən ağır günlərdə də, ən qürurlu anlarda da bir- birinin yanında oldular.

İndi Türkiyədə Prezident seçkilərinə sayılı günlər qalıb. Azərbaycan xalqı Tanrıya duaları ilə Ərdoğanı yenidən Cümhurbaşkanı görmək arzusundadır. İki dövlətin bir millətinin bu arzusu gerçəkləşməyə bilməz. Bunu Türkiyənin böyük şəhərlərində seçicilərlə görüşlərə gələn Ərdoğanın xalqa müraciətlərindəki aydın nitqlərində millət, vətən sevgisi ilə dolu sözlərinə millətin alqışlarında görürük.

Ötən bazar günü belə görüşlərdən biri İstanbulda baş verdi. İstanbul hava limanında Ərdoğanı bir milyon 750 min seçici gözləyirdi. Ərdoğanın meydana gəlişi Tanrı zühuruna bənzədi. Bu tarixi görüşdə bir saat yarım çıxış edən Ərdoğan xalqa öz hesabatını təqdim etdi. Tarixə və tarix dərsliklərinə düşəcək bu çıxışlardan belə bir qənaətə gəldik ki:

- Ərdoğan Türkiyə dövlətinin siyasi, ictimai, iqtisadi, mənəvi, real iradəsidir;

- Ərdoğan Türkiyədə son on ildə həyata keçirilən onlarca, yüzlərcə projenin ideya və icraçı müəllifidir;

- Ərdoğan yeni dünya düzənində Türkiyənin yerini güc dövlətlərinə göstərən milli qəhrəmandır;

- Ərdoğan Türkiyə milli sənayesi ilə ən yeni və ən güclü silahlar yaradan bir ordu başçısıdır.

- Ərdoğan dünyanın ən uca hava limanının, Türkiyənin uzaq bölgələrini bir-birinə yaxınlaşdıran kəsə yolların, ən uzun tunellərin, ən yeni metro tikintisinin baş memarı və mühəndisidir;

Həmçinin oxuyun: Таркан проголосовал в Германии - Фото

- Ərdoğan özünün sülhsevər missiyası ilə dünyanın bir çox media mənsublarının Nobel sülh mükafatına layiq hesab etdikləri bir liderdir;

- Ərdoğan mübarək Türkiyənin səmasında görünən qara buludları qovan cəsarət sahibidir;

- Ərdoğan Türkiyəni dünyanın ən müasir ölkəsinə çevirən keçərli sözə malik dövlət başçısıdır.

- Ərdoğan Türkiyəni terrorla hədələyən PKK-çıların dərsini verən mükəmməl bir hərbiçdir.

- Ərdoğan müsəlman dünyasına nifrətini gizlətməyən Fransa prezidenti Makronu “Ey Makron, haddini bil!” nidası ilə yerində oturdan bir siyasət adamıdır;

- Ərdoğan son illərdə təkcə İstanbulda 37 Universitet yaradan, tələbələrə mümkün olan hər cür dövlət qayğısını təmin edən rəhbərdir.

Ərdoğanın İstanbul seçiciləri ilə görüşünün unudulmaz bir loqosu vardı: “Türkiyə sana emanet!” Bu loqo Ərdoğana ümumxalq sevgisinin cəmi üç sözdə ifadəsidir.

Biz də bu loqoya əlavələr edirik:

- Canımız -Türkiyəmiz! Sən dünya liderləri içərisində ulduz kimi parlayan Ərdoğana əmanət!

- Canımız -Türkiyəmiz! Sən dünyanı savaşdan barışa çağıran Ərdoğana əmanət!

- Canımız -Türkiyəmiz! Sən dünyanın ən dəhşətli zəlzələsinin ağrılarını millətə sevgi qayğıları ilə aradan qaldırmaqda olan Ərdoğana əmanət!

- Canımız -Türkiyəmiz! Sən Atatürk dövlətinin yüz ilini bütün istiqamətlərdə qələbə ilə qarşılamağa çağıran Ərdoğana əmanət!

- Canımız -Türkiyəmiz! Sən doğma qardaşın - Azərbaycanın Prezidenti İlham Əliyevin dayağı olan Ərdoğana əmanət!

14 may günümüz mübarək! 15 mayda Ərdoğanı yenidən Cümhurbaşkanı kürsüsündə görəcək gözlərimiz mübarək!

Filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, xüsusi olaraq “Qafqazinfo” üçün  

 

 
 


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə həbsdə olan Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev əfv edilib.
 
AZXEBER.COM Əli Əliyevin azadlıqdan ilk fotosunu təqdim edir:
 

 



Baku TV daha bir kabel televiziyasında yayıma başlayıb.

AZXEBER.COM xəbər verir ki, 2018-ci ildən internet kanalı kimi fəaliyyət göstərən Baku TV-ni bu gündən KATV1 abunəçiləri də izləyə biləcək. Bunun üçün abunəçilər axtarış bölməsindən Baku TV-ni taparaq, seçilmişlər siyahısına əlavə etməlidir.

Ölkədə və dünyada baş verən önəmli və aktual hadisələri izləyiciyə  çatdıran xəbər kanalı hadisə yerindən reportajları, eksklüziv müsahibələri, müəllif verilişləri və araşdırmaları ilə abunəçilərə geniş  kontent təqdim edir.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Baku TV-yə Audiovizual Şura  tərəfindən peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib. Kanal ilk olaraq Connect TV-də yayımlanıb.


Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfrans keçirilib. 
 
AZXEBER.COM-un xəbərinə görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
 
Daha sonra Ümummilli Lider H.Əliyev və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
 
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev medianın işini, jurnalist əməyini daim yüksək qiymətləndirib, jurnalist peşəsinə hər zaman dərin hörmət bəsləyib, mətbuat işçiləri ilə yaxın təmasda olub, onların problemləri ilə maraqlanıb və heç vaxt köməyini əsirgəməyib.
 
O vurğulayıb ki, Ümummilli Liderin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyev medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib, bu böyük etimad media nümayəndələrinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətini artırıb.
 
Ümummilli Liderin demokratiyanın mühüm prinsiplərindən olan söz və məlumat azadlığına, eləcə də medianın inkişafına diqqət və qayğısından bəhs edən Audiovizual Şuranın sədri İsmət Səttarov bildirib ki, məhz Ulu Öndərin 1998-ci ildə senzuranın ləğv edilməsi haqqında məlum fərmanından sonra bir sıra qanunvericilik aktları qəbul olunub, Avropa standartlarına uyğun müstəqil tənzimləyici qurum olan şura yaradılıb, televiziya və radio yayımının tənzimlənməsi sferası tam yeni mərhələyə qədəm qoyub. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və audiovizual media bazarında münbit şəraitin yaranması yeni televiziya və radio yayımçılarının yaranmasına və bu sahənin yeni formaya qədəm qoymasına imkan yaradıb.
 
Konfransda çıxış edən YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə milli etimad əsasında - xalqın iradəsi ilə hakimiyyətə gəlməsindən sonra bütün istiqamətlərdə olduğu kimi, media sahəsində də islahat xarakterli məqsədyönlü tədbirlər həyata keçirilmiş, bu istiqamətdə əsaslı - müsbət dəyişikliklər baş verib. Xüsusilə vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər yürüşünə çıxan igid əsgər və zabitlərimizin unudulmaz qəhrəmanlıqları ilə yanaşı, arxa cəbhədə - ideoloji və təbliğat müstəvisində mübarizə aparan dəyərli qələm sahibləri - vətənpərvər və peşəkar jurnalistlərimiz Azərbaycanın mənafelərini qətiyyətlə qoruyub, həqiqi reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaqla erməni yalanlarını ifşa ediblər.
 
Sonra "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan mediası” adlı videoçarx nümayiş olunub.
 
"Ümummilli Lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda keçirilən panel sessiyada moderatorluq edən Azərbaycan Televiziyasının sədr müavini Rafiq Həşimov Ulu Öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələrin aradan qaldırıldığını qeyd edib.
 
Panel sessiyada çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu Heydər Əliyev siyasətində media azadlığı və kütləvi siyasi şüur məsələsinə toxunub, Azərbaycanda media azadlığının konstitusion əsaslarından bəhs edərək medianı ictimai rəyi formalaşdıran universal vasitə kimi qiymətləndirib.
 
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Ulu Öndər Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük tarixi xidmətlərindən biri 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğv edilməsi olub. O əlavə edib ki, Ulu Öndərimiz cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynayıb, bütün ölkə jurnalistləri Heydər Əliyevi təkcə ölkə başçısı kimi deyil, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edib.
 
Audiovizual Şuranın üzvü Telli Pənahqızı Heydər Əliyevin görkəmli lider və vətəndaş kimi atdığı addımların müstəqil Azərbaycanın güclənməsində, eləcə də savadlı, peşəkar və xalqını sevən gənclərin, o cümlədən peşəkar jurnalistlərin yetişməsində vacib rol oynadığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
 
"Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov vurğulayıb ki, Ümummilli Lider tərəfindən mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsi, söz və fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaradıb. 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 


“Türkiyə ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaq niyyətində deyil”.

 

Bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu “Lider Haber” telekanalına müsahibəsində deyib. 

“Biz ABŞ və Aİ-nin Rusiyaya qarşı təktərəfli sanksiyalarına qoşulmayacağıq. Biz öz fayda və rifahımızdan çıxış edirik. Bununla yanaşı, biz Montrö Konvensiyasının müddəalarının icrasına ciddi nəzarət edirik”, - deyə Çavuşoğlu vurğulayıb.



Şuşada olan Birinci vitse-prezident Mehriban Əliyeva instaqram hesabında video paylaşıb.

 

“Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir:

“Viaduklar, tunellər — Şuşa yolunun yeni görkəmi”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov