Xəbər lenti

 
Kamaləddin Qafarov: “Dövlət dilinin statusu Ulu öndərin  səyləri nəticəsində müəyyənləşib”

“Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi gündəmə gətirildi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində gördüyü işlər onun Azərbaycan qarşısında olan misilsiz xidmətlərindəndir. Ümummilli Lider çıxışlarının birində demişdir: “Bu gün iftixar hissi ilə deyə bilərik ki, sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. ” Məhz H.Əliyevin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən siyasət doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.

Deputat deyib: “ Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan dilinin artıq sovet dönəmində dövlət dili statusu Azərbaycan SSR-in Konstitusiyasında və digər müvafiq qanunlarında öz əksini tapıb. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Bununla da Ulu Öndər Moskvanın kəskin etirazlarına baxmayaraq, respublikamızda rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyini təmin etmiş, gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.Ulu Öndərin səyləri ilə həmin dövrdə respublikada Azərbaycandilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gənclərin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları – “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilib. Həmçinin qeyd olunmalıdır ki, məhz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş dəqiqlik və ardıcıllıqla araşdırılıb, elmi-maarifləndirici kitablar, dərsliklər nəşr olunub. Nəhayət, ən əsası, Ümummilli Liderimiz rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan çəkinməyərək, ana dilimizə verdiyi yüksək dəyəri vurğulayıb, dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb. O, öz çıxışlarının birində demişdir: “Fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var.” Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, onun beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol alması, yüksək nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi Ulu Öndərin yorulmaq bilməyən fəaliyyətinin və yürütdüyü müdrik, uzaqgörən siyasətin məntiqi nəticəsidir.”

K.Qafarov daha sonra deyib: “Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dil məsələsi yenidən gündəmə gəldi. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr -11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə bir sıra zəruri tədbirlər də həyata keçirdi. Heydər Əliyevin imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 29 dekabr 2000-ci il tarixində yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına etdiyi müraciətində Ümummilli Lider demişdir: “Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.”


"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında baş tutan 3 telefon danışığı bizi mövcud vəziyyətdən çıxarmağa, iki ölkə arasında gərginliyi azaltmağa, bu istiqamətdə fəaliyyət və atdığımız addımlarla ümumi yanaşmaya aparan müsbət hadisədir”.

Report "Mehr”ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani aprelin 17-də keçirdiyi ənənəvi həftəlik brifinqdə bildirib.

O deyib ki, rəsmi Tehran münasibətlərin idarə olunmasında siyasi-diplomatik yanaşmadan istifadə edib və xoşbəxtlikdən bu prosesdə nisbi uğur əldə olunub.

"Ümid edirik ki, problemlər və anlaşılmazlıqları aradan qaldırıb iki ölkə arasında mehriban qonşuluq siyasətinə əsaslanan əlaqələri təbii və faydalı prosesə çevirəcəyik”, - N.Kənani vurğulayıb.

Onun sözlərinə görə, İran bu istiqamətdə səylərini davam etdirəcək.

Qeyd edək ki, aprelin 14-də C.Bayramovla H.Ə.Abdullahian arasında telefon danışığı baş tutub.

Nazirlər Azərbaycan və İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər.

Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.

Nazirlər eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mürsəl İbrahimovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edib.

“Qafqazinfo”nun məlumatına görə, M. İbrahimov 1970-ci il sentyabrın 20-də Bakıda anadan olub.

O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib.

1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb. Daha sonra DİN Daxili Təhqiqatlar İdarəsində inspektor və baş inspektor vəzifəsində işləyib. 

M.İbrahimov 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. 

2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə  çalışıb. Son illər “Kapital Bank”ın Təhlükəsizlik Departamentinin direktoru olub.


Kamaləddin Qafarov: “Zərifə xanım qayğıkeş ana, fədakar həyat yoldaşı, böyük alim idi”

“Bu il aprelin 28-də Azərbaycan xalqı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünü qeyd edəcək. Zərifə xanım Əliyeva, ilk növbədə, qayğıkeş ana, fədakar həyat yoldaşı kimi də bütün qadınlarımıza nümunə olub. Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyətin həyat yoldaşı olmaq, əlbəttə ki, elə də asan məsələ deyildi. Heydər Əliyev öz xatirələrindən birində Zərifə xanım haqqında demişdir: “...O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi.” Zərifə xanım Əliyevanın obrazı, siması, keçdiyi həyat yolu bizim gənc xanımlarımızın həyatının formalaşması baxımından parlaq nümunə və misilsiz örnəkdir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib: “ Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri olduqca böyükdür. Onun əziz xatirəsi respublikamızda və Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda, səhiyyə sahəsində çalışan hər bir insanın qəlbində yaşamaqdadır. Zərifə xanım tibb elmində təcrübi səhiyyəyə dair son dərəcə əhəmiyyətli araşdırmalar aparıb. Zərifə xanım Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, eləcə də dünya təcrübəsində əsas problemlər sırasında dayanan peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biridir.O, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanımın dünyada ən məşhur oftalmologiya mərkəzlərinin birində - H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” adlı doktorluq dissertasiyasının əsasını təşkil edib. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilib. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqii” (Moskva) jurnalının redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi. Zərifə xanımın məhz bu sahədə xidmətləri, fəaliyyəti layiqincə qiymətləndirilib və o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. Bu gün də Zərifə xanım Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur.”

K.Qafarov görkəmli akademikin milli tibb kadrlarının yetişmələrində əhəmiyyətli rolunu qeyd edərək deyib: “Zərifə xanım Əliyeva gənc həkimlərin yetişməsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə də gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Alim, pedaqoq, qayğıkeş, bilikli həkim, gözəl insan olan Zərifə xanım milli səhiyyəmizin inkişafında mükəmməl biliyə və bacarığa malik oftalmoloqların hazırlanmasında böyük əmək sərf edib. Ölkə Prezidenti İlham Əliyev Zərifə xanımın həyatda olduğu son günləri xatırlayaraq demişdir: “Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı olaraq qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən, onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən də məhz bu idi.” Azərbaycan xalqının ləyaqətli qızı, böyük alim Zərifə xanım Əliyevanın əziz xatirəsi daim könüllərdə yaşayacaqdır”.


Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb. 
 
President.az xəbər verir ki, məktubda deyilir:
 
"Hörmətli həmvətənlər!
 
Sizi müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.
 
Yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Ölkəmizdə xalqlararası dostluğun və dinlərarası harmoniyanın qorunması, yüksək birgəyaşayış mədəniyyətinin və demokratik ictimai-mənəvi dəyərlərin təşviqi, qlobal miqyasda sivilizasiyalararası dialoqun təbliği mütərəqqi milli-tarixi ənənəyə əsaslanan dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir.
Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan müasir Azərbaycan Respublikasında bütün etnik və dini azlıqlara, o cümlədən xristian icmasına öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradılmışdır. Təqdirəlayiq haldır ki, belə demokratik və tolerant mühitdə fəaliyyət göstərən pravoslav inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər.
 
Əziz həmvətənlər!
 
Pasxa bayramı dirçəlişin, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzidir. Bu əziz gün münasibətilə bir daha hər birinizə səadət, ailələrinizə xoş bayram ovqatı və firavanlıq arzulayıram.
 
Bayramınız mübarək olsun!”


“Azərbaycan tərəfindən Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndə təyin olunub və erməni sakinlər Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət edilib”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən bildirib.

Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığını diqqətə çatdırıb. 

Dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentə toxunan Azərbaycan Prezidenti bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu vurğulayıb.



Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 122 gündür davam edir.

Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər. Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

 



Azərbaycan Prezidenti İlham Əliyev deputat Aqil Abbasla bağlı sərəncam imzalayıb. 

Dövlət başçısının imzaladığı sərəncamla Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aqil Məhəmməd oğlu Abbasov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, aprelin 1-i Aqil Abbasın 70 yaşı tamam olub. 

***

Dövlət başçısının digər sərəncamı ilə millət vəkili Novruz Aslan da təltif edilib.

Belə ki, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Ötən ay N.Aslanın 60 yaşı tamam olub. 



Azərbaycan prezidenti İlham Əliyev aprelin 10-da Qazaxıstan Respublikasına rəsmi səfərə gəlib, dövlət başçısının rəsmi saytı xəbər verir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Əlixan Smailov və digər rəsmi şəxslər qarşıladılar.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov