Son vaxtlar bir çox qəzet və saytların səhifələrində dərc olunan məqalələrə oxucu diqqətini təmin etmək üçün artıq çoxdan şablonlaşmış başlıq və ya sərlövhələrdən istifadə edirlər. Bu baxımdan biz də bu yazını “Bakı Beynəlxalq Avtovağzal Kompleksində nə baş verir?” başlığı altında dərc edə bilərdik. Həm də inanın ki, bəlkə də bu sual indiyədək heç bir başqa yazının sərlövhəsində bu qədər yerində səslənməzdi. Məsələ bundadır ki, sözügedən müəssisənin fəaliyyəti həqiqətən də elə anlaşılmaz faktlarla müşahidə olunur ki, baş verənlərin mahiyyətinə qavramaq üçün bir neçə suala cavab axtarmalı olursan. İllah da ki, bu sualları elə avtovağzalın öz təmsilçiləri cavablandırmağa başlasalar, bu zaman olan-qalan məntiqi ip ucları da əldən gedəcək.
Bizimaz.az: Gəlin dediklərimin nə dərəcədə əsaslı olduğunu konkret bir epizod üzərində araşdıraq. Bu günlərdə ölkə mətbuatında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) bilet kassasında yaşanmış bir olay barədə açıqlamalar dərc olunmuşdu. Yayımlanan məlumatda qeyd olunur ki, “avtovağzalda hamilə qadının yanında gedən, 5 yaşına çatmayan uşağa görə uşaq sahibini müraciətini nəzərə almayan bilet satan xanım yarım bilet satışı yoxdur, deyərək Bakı-Gəncə avtobusuna 8 manat 40 qəpiyə bilet satmışdır.”
Beləliklə, ilk anlaşılmazlıq bunda özünü göstərir ki, ölkənin beynəlxalq avtomobil sərnişin daşımalarını həyata keçirən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kimi qabaqcıl nazirliyin tabeliyində fəaliyyət göstərən qurumun, yəni BBAK-nin bilavasitə sərnişinlərlə təmasda olan bölməsinə özünü şəxsi baqqal dükanındakı kimi sərbəst hiss edən bir şəxsi kassir (bilet satıcısı) vəzifəsinə işə qəbul ediblər. Ən maraqlısı da odur ki, kassaların qarşısında quraşdırılan kameralara diqqət yetirilsə kassirin həmin vaxt sərnişini necə borclu cıxaracağı məlum olacaq. Cox təəssüf ki, nədənsə BBAK rəhbərliyi belə məsələlərə diqqət yetirmək əvəzinə mediaya yarımcıq acıqlamalar verməklə məşğuldurlar. Necə olur Gəncədən Bakıya gedərkən sərnişin yanındakı övladına 4 manat 20 qəriyə yarım bilet alır, amma paytaxtdan Gəncəyə gedərkən 8 manat 40 qəpiyə tam bilet satılır? Belə yerdə Şəkilinin məhşur lətifəsi yadıma düşdü? Yəqin ki, BBAK-nin rəhbərliyi də həmin lətifəni xatırladış Və ən maraqlısıda odur ki, kassir sərnişinlə dialoqa girir və onun iradını absurd adlandırır. Kassir onlarda yarım bilet anlayışının olmadığlnl bildirir. Bu necə xidmətdir, hörmətli Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin başbilənləri? Bəs bu günədək sərnişinlərin yanında gedən azyaşlılara bizdə belə bir xidmət yoxdur deyilib alınan milyonlarla manat kimin cibinə gedib? Budurmu BBAK-də müasir xidmət?
Əlbəttə, əgər bu şəxs həqiqətən də özbaşına olaraq, yəni müdiriyyətin xəbəri olmadan belə bir əmələ yol veribsə. Hərçənd məsələnin bu tərəfi də ciddi şübhələr yaradır və biz bu məqama aşağıda toxunacağıq. Hələlik isə, baş verənlərə aydınlıq gətirmək cəhdlərimizə davam edək. Fərz edək ki, sərnişin Bakıdan Gəncəyə gedərkən yarı qiymətə uşaq bileti almış olardı və əks istiqamətdə hərəkət etmək üçün məhz Gəncə avtovağzalında ona güzəştli bilet satmaqdan imtina edərdilər. Bu zaman ən azından düşünmək olardı ki, paytaxtda tətbiq olunan qaydalar bəlkə də yenidir və Gəncədə bunun tətbiqinə hansısa məmurun səhlənkarlığı üzündən gecikiblər. Əlbəttə, bu fərziyyə də gülüş doğura bilər. Amma ən azından yaranmış real vəziyyətdən daha inandırıcı olardı...
İndi də keçək BBAK rəsmilərinin olaya göstərdikləri münasibətə. İlk növbədə avtovağzal rəhbərliyinin “operativliyi” diqqəti cəlb edir. Belə ki, yalnız məsələ mətbuat səhifələrinə çıxarılaraq ictimailəşdikdən sonra Bakı Beynəlxalq Avtoağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova tərəfindən olaya münasibət bildirilib. Buna qədər olunan müraciətlər isə, tamamilə cavabsız qoyulub. Bundan başqa, verdiyi açıqlamada Pərvin Məmmədova bildirib ki, xəbər yayılmadan öncə ailə üzvlərindən biri onlarla əlaqə saxlayıb: “Məsələni araşdırdıq və sərnişinin doğru dediyini təsbit etdik. Ödədiyi artıq məbləği gəlib götürməsini xahiş etdik. Satışı həyata keçirən kassirlə bağlı ciddi ölçü götürüldü. Əgər şikayət varsa və sərnişin haqlıdırsa, o məsələnin həllinə maksimum çalışırıq”.
Deməli Pərvin xanımın dediklərindən belə qənaətə gəlinir ki, BBAK-nin kassiri tərəfindən aldadılmış sərnişin 4 manat 20 qəpik məbləğində pulunu geri almaq üçün Gəncə-Bakı və Bakı-Gəncə istiqamətində daha iki bilet almalıdır və bu iki bilet üçün də 16 manat 80 qəpik pul ödəməlidir..? Yəni doğrudanmı avtovağzal rəhbərliyi öz səhvini təlafe etmək üçün daha məntiqli bir təklif düşünüb irəli sürə bilmədi?
Daha sonra açıqlamada deyilir ki, satışı həyata keçirən kassirlə bağlı ciddi ölçü götürüldü. Bəs görəsən bu kassirin adı, soyadı və ona verilən cəzanın konkret olaraq nədən ibarət olduğu barədə niyə heç bir informasiya verilmir?
Nəhayət açıqlamada qeyd olunur ki, əgər şikayət varsa və sərnişin haqlıdırsa, o məsələnin həllinə maksimum çalışırlar. Yəni hüquqları pozulmuş sərnişinin hüquqlarının bərpası yenə də sual altında qalır. Vətəndaşa dəyən mənəvi ziyandan isə danışmağa belə dəyməz. Və bütün bunlara rəğmən BBAK sözçüsü baş verənlərin özbaşınalıq adlandırılmasına da etirazını bildirir...
Sonda bir məqama da münasibət bildirmək istərdik ki, bu da az öncə qeyd etdiyimiz kimi, avtovağzalda baş verənlərdən rəhbərliyin və ilk növbədə BBAK-nin rəhbərliyi (deyilənə görə adı Cümşüd müəllimindir.Ped.) xəbərdar olmadığına dair deyilənlərə qarşı müəyyən şübhələrimizin olması ilə bağlıdır.
İlk növbədə demək lazımdır ki, əgər rəhbərlik həqiqətən də öz əməkdaşlarının əməllərindən xəbərdar deyilsə, deməli həmin rəhbər öz yerində deyil. Eyni zamanda da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri cənab Ramin Quluzadənin belə bir zəif kadrı məsul vəzifədə saxlayacağı inandırıcı deyil. Deməli, hər halda Cümşüd müəllim olub-bitənlərdən xəbəri var. Digər tərəfdən isə, Bakı Beynəlxalq Avtovağzalında bu ilin aprel ayında baş verən başqa bir olay da bu müəssisənin işində ciddi problemlərin olduğuna dəlalət edir. Xatırladaq ki, həmin vaxt 70 yaşlı vətəndaş Həsən Avşarovun mətbuata ünvanladığı şikayət məktubunda onun 4 yaşlı nəvəsinin gözü önündə BBAK-nin əməkdaşları tərəfindən təhqir olunması, şəxsiyyətinin alçaldılması, şəxsi telefonunun zorla əlindən alınması və hətta döyülməsi ilə bağlı məlumatlar öz əksini tapmışdı. Yeri gəlmişkən, elə o vaxt da hadisə ilə bağlı BBAK-nin rəhbərliyinə ünvanlanan suallara Pərvanə xanım özünəməxsus məntiqlə cavab vermişdi: “Bizim əməkdaşların yerində olsanız, siz nə edərdiniz?” Həqiqətən də ətrafında “uzun-uzadı düşünüləsi” bir sualdır...
Mövzunu diqqətdə saxlayacağıq. BBAK-si ilə bağlı araşdırmamız davam edir.
Sonda qeyd edək ki, hörmətli oxucular BBAK-sində qarşılaşdığınız hər hansı bir qanun pozuntusu ilə bağlı redaksiyamıza məlumat verməyinizi xahiş edirik.
Zaur Vəliyev