Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qəbuldan əvvəl baş prokuror və Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 61 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilməklə, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili, habelə aprelin 11-də keçiriləcək prezident seçkiləri zamanı seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələrlə bağlı konkret tapşırıqlar verilib.