Türkiyənin “Hürriyet” qəzetinin tanınmış köşə yazarı Ertuğrul Özkök Bakıda baş tutan “Yaddaşın əlifbası” sərgisində iştirak edib və Bakı ilə bağlı təəssüratlarını qələmə alıb.
Bizimaz.az: Oxu.Az müəllifin “Katolik məktəbində oxuyan müsəlman qızın zəfəri” sərlövhəli yazısını təqdim edir:
Keçən şənbə axşamı... Azərbaycanın paytaxtı Bakının işıqlı prospektlərindən keçərək irəliləyirik. Əhməd Günəştəkinin “Yaddaşın əlifbası” sərgisinin açılışı üçün buradayıq.
Hava bir az qaralıb.
Bir az sonra sağ tərəfimizdə elə ilk baxışda insanı heyran edən o möhtəşəm tikili qarşımıza çıxır.
Heydər Əliyev Mədəniyyət Mərkəzi...
Bu bina haqqında ilk dəfə Cüneyt Özdəmirin yazısında oxumuş və maraqlanmağa başlamışdım.
Həqiqətən, onun yazdığı qədər varmış.
Bir arxitektura şah əsəri... Estetik bir möcüzə...
Və Əhməd Günəştəkinin bu şah əsər tikilinin önünə yerləşdirilən “Ölümsüzlük otağı” adlı əsəri sənət və arxitekturanın ölümsüzlüyündən bəhs edirdi...
Zaha Hadid 31 oktyabr 1950-ci ildı Bağdadda doğulub. Üç övladın ən böyüyü idi.
Atası Məhəmməd Hadid sünni bir müsəlman idi. Amma övladını qərbli kimi yetişdirmək üçün Bağdaddakı bir katolik məktəbinə verdi. Orada müsəlman uşaqların yanında, yəhudi və xristian uşaqlarla birlikdə təhsil aldı. Məktəbdəki qızların hamısına dininə görə təhsil verilirdi.
Ata uşaqlarını tez-tez Avropaya aparır, oradakı mədəni abidələrlə tanış edirdi.
Z.Hadid daha sonra Beyrutdakı Amerikan Universitetində riyaziyyat təhsili aldı. Oranı bitirdikdən sonra London Memarlıq Akademiyasında təhsilini davam etdirdi. Və sonra o möhtəşəm karyera gəldi...
Əvvəllər sadəcə dizaynlar vardı. Sanki bir növ memari utopiya inşa edirdi. Xəyali binalar idi bunlar. Heç kim o binaların hər birinin gerçəyə çevrilə biləcəyini ağlından belə keçirmirdi. Ona bir növ zəmanəsinin Leonardo Da Vinçisi kimi baxılırdı.
Sonra o dizaynların tətbiq edildiyi meqatikililər ortaya çıxdı...
Və nəhayət, arxitekturanın ən önəmli mükafatlarından olan “Pritsker”i alan ilk qadın memar olma nailiyyəti...
Memarlıq dünyasında ona “Qövslərin kraliçası” deyilirdi...
Bu bina onun isbatı idi... Şərqin yumşaq qövslərinin...
Bakı mənim üçün bax bu möhtəşəm qadının bir əsəri ilə tanış olma fürsəti oldu.
Gehrinin Guggenheymi, yoxsa “Hadidin “Heydər Əliyev”i?
Açılışdan öncə bu şahanə tikilinin önündə xeyli gəzişdim...
Ağlıma illər əvvəl getdiyim Bilbaodakı Guggenheym Muzeyi gəldi...
Onu da Frank Gehri layihələndirmişdi. O da fövqəladə bir bina idi...
İnsan istər-istəməz bir qarşılaşdırma aparır...
Heç şübhəsiz, Frank Gehrinin memarı olduğu bina da möhtəşəmdir.
Ancaq məndə buraxdığı təəssürat bu oldu: Memar orada bir sənətkara çevrilib öz layihəsini sənət əsəri halına gətirib.
Bu da içində sərgilənən əsərləri bir az əzir.
Amma Zaha Hadid sənətkarı itirməyən bir bina dizayn edib.
İnsanı əzməyən nəhəng bir bina...
Bir də binanın çöl və daxili işığı... İkisində də Zaha Hadidinki ağır gəlirdi.
Ona görə bu iki möhtəşəm memarın layihələndirdiyi binalar arasında Heydər Əliyev Mərkəzinə üstünlük verdim.
Bu şah əsər tikilinin daha iki qəhrəmanı var
Birincisi ölkəsinin pulundan kiçildilməyəcək qədər bir hissəsini belə bir mədəniyyət mərkəzinə ayırmaq vizionuna sahib bir dövlət adamı. Müsəlman bir ölkənin dövlət başçısı...
İlham Əliyev...
İkincisi, bu dizaynı inşaat halına gətirən bir tikinti şirkəti...
DAAX və onun rəhbəri Həsən Gozal...
Doğubəyazit doğumlu, Ankara Yüksəliş Kollecində oxumuş, Bilkənt Universitetindən məzun olan bir iş adamının şirkəti.
Çamlıcanın yerində bir Zaha Hadid tikilisi ola bilərdi
Zaha Hadid katolik məktəbində, Amerikan Universitetində oxumuşdu, amma ən böyük xəyalı bir müsəlman ölkəsi ilə bağlı idi.
Bir XXI əsr məscidi...
Bu xəyal ağlına hələ çox kiçik ikən bir İspaniya səyahətində gəlmişdi. Atası ilə getdiyi İspaniyada Kurtubadakı məscidə heyran olmuşdu. Ən böyük idealı İstanbula bir məscid layihələndirmək idi.
Memar Sinan heyranı idi, amma öz dövründə, hətta zamanından irəlidə yaşayan bir dizayner idi.
Onun müasirliyi mühafizəkar iqtidarın məscid anlayışı ilə uyğun gəlmədi. Türkiyə klassik memarlığın Çamlıcadakı layihəsinə üstünlük verdiyi halda, demək olar ki, eyni illərdə Azərbaycan onun müasirliyinin surəti olan mədəniyyət mərkəzinə üstünlük verdi.
Pekin Hava Limanı və İraq Mərkəzi Bankı
Zaha Hadid 31 mart 2016-cı ildə Mayamidə infarkt keçirdi. Qaldırıldığı xəstəxanada öldü. Bakıda onun bu möhtəşəm əsərini gəzdiyimiz gündən bir həftə əvvəl Çinin paytaxtı Pekində yeni hava limanı Daksinq açıldı.
Dəniz ulduzu şəklindəki bu şahanə binanın layihəsini də Zaha Hadid hazırlamışdı.
Zaha Hadidin çox istədiyi, amma öldüyü üçün görə bilməyəcəyi son əsəri Bağdaddakı İraq Mərkəzi Bankı binası olacaqdı.
Onun layihələndirdiyi bu binanı da DAAX tikir. Çox heyf ki, Hadid doğulduğu vətənində tikiləcək bu əsərin tamamlanmasını görə bilmədi.
Mehriban Əliyeva və iki qızı sərgidə
Günəştəkinin sərgisinin açılışına Azərbaycan Prezidentinin həyat yoldaşı Mehriban Əliyeva və iki qızı da qatıldı.
Əliyeva, həqiqətən, çox gözəl bir qadındır. Sərgi ilə bağlı müşahidələrindən danışarkən, “Bu günə qədər bu mədəniyyət mərkəzində gerçəkləşən ən qələbəlik sərgi oldu” dedi.
Mənə və bir çox insana görə də Əhməd Günəştəkinin bu günə qədərki ən görkəmli sərgisi idi.
Akif Beki LGBT rəngləri önündə: Həştəq “Netflix”
Açılış mərasimindən öncə “Karar”ın yazarı Akif Bekini “Ölümsüzlik otağı” adlı əsərin qarşısına apardım və şəklini çəkdim.
Sonra da göstərib, “Bax, LGBT rəngləri önündəsən” deyə zarafat etdim.
“Netflix”dəki homoseksuallığı təbliğ edən filmlərə reaksiya göstərmiş, bunun üçün xəbərdaredici işarə qoyulmasını istəmişdi.
O isə “göyqurşağının rəngləri” deyirdi.
Akifi ən azından göyqurşağı rəngləri ilə barışdırdım. Dostumuz Səlcuq Ramazanoğlu da zarafatından qalmadı:
“Altına həştəq “Netflix” yaz...”
Şortlu Adana kababçısının smokinqli ilk fotosu
Bakıya gələn qrupda “Adana İl Sınırı” kababçısının sahibi Adnan da vardı.
“Vədat Milorun belə bəyəndiyi, Şənər Şən və Məhmət Turqutun kababçısı” olaraq tanınan “Adana İl Sınırı” keçmiş elitanın getdiyi əsas məkanlardan olan Nişantaşındakı “Park Şamdan”ın yerinə köçdü.
Məkan kübar məhəlləyə getdi, ama Adnan divardakı Maylis Davis, Maria Kallas posterləri arasında hələ də şortla gəzirdi.
Bakıda onun smokinqdə şəklini çəkdik. Yəni Adnan yeni məhəlləsinə uyğunlaşdı.
Günəştəkinin smokinqi muzeyinə girəcəkmi?
Açılış gecəsinin ən çox bəhs edilən mövzularından biri Əhməd Günəştəkinin smokinqi idi. “Milimetric”in tikdiyi smokinq özəl olaraq dizayn edilmişdi.
Üzərində Əhməd Günəştəkinin müxtəlif əsərləri naxış olaraq işlənmişdi. Günəştəkin son iki ayda 12 kiloqram arıqladığına görə smokinq də əyninə yaxşı oturmuşdu.
Belə paltarlar gələcəkdə sənətkarın kolleksiyalarına da girər. Hər halda bu da Günəştəkinin xəyal etdiyi Batman Muzeyinə qoyular...
Bu arada, “Milimetric” qurucusu Kağan Gökalpın “Louis Vuitton”un ingiliscə alış-veriş kataloquna daxil olduğunu da öyrəndik.
Açılışlarda kimlər nə ilə diqqət çəkdi?
Açılışa Türkiyədən çox sayda insan qatıldı.
İnci Aksoy: Modellərdən belə daha gözəl daşıdığı əlbisələri, rəngli eynəkləri və zərafəti ilə...
Əlif Dürüst: Uzun əlbisəsi və hər zamankı modernliyi ilə...
Balçiçək İltər: Televiziyadan uzaqlaşsa belə, heç bitməyən işığı ilə...
Sədəf Orman: Heç bitməyən nəşəsi, qəhqəhələri və rəngarəng köynəkləri ilə...
Aslı Pamir: Sabaha qədər bitməyən enerjisi, atasından keçmiş möhtəşəm diplomatiyası ilə...
Aslı Hatəmi: Allergiya səbəbindən makyaj etmədiyi halda, makyajlıdan belə gözəl görünən gözləri ilə...
Səlcuk Yöntəm Bakıdan niyə tez qayıtdı?
Bakıdakı açılışa Səlcuk Yöntəm də dəvətli idi. Onunla gözəl bir səhər gəzintisinə çıxdıq.
Daha doğrusu, gəzə bilmədik.
Yolda o qədər çox insan onu tanıdı və şəkil çəkdirdi ki...
Ancaq gəzintidən sonra acı bir xəbər gəldi.
Tarık Ünlüoğlu ölmüşdü.
Səlcukun 47 illik dostu imiş. Xəbəri alanda çox ağladı və açılışa qatılmadan geri döndü.
Bakı gözəl bir Orta Avropa şəhəri olub
Şəhərdən mükəmməl bir dəyişiklik var.
Sahil zolağı parkları və gəzinti yerləri çox yaxşıdır. Gecə şəhərin işıqlandırılmasını çox sevdim. Qədim binalar və geniş yolları ilə Orta Avropa şəhərini xatırladır. Yeni binalar şəhərə çox əsrarəngiz bir modernlik gətirib.
“DAAX Holding”in tikdiyi Alov Qüllələrinin arxitekturası çox təsiredicidir. Gecə üzərinə düşən işıq oyunları şəhərə gözəl bir rənglilik gətirir.
Can Ortabaşın Bakıda tapdığı limon kəklikotu
Səhərlər Xəzər sahilindəki gəzinti meydançalarında Türkiyənin ən böyük arbotriumuna sahib olan Can Ortabaşla birlikdə gəzdik.
Mənə bu parkdakı bitkilərdən danışdı.
Gözəl bir kaktus bölməsi yaradılıb, çoxlu zeytun ağacı əkilib.
Yol kənarlarındakı lavanda bölmələrindən möhtəşəm qoxu yayılırdı.
Can kiçik bir bölmədəki yarpaqlardan bir neçəsini qoparıb mənə uzatdı və nə olduğunu soruşdu: “Limon kəklikotu” imiş...
Heydər Əliyev Hava Limanı ilə bizimkinin fərqi
Hava limanlarında həmişə inanc otaqlarının necə təşkil edildiyinə baxıram. Heydər Əliyev Hava Limanındakına da baxdım.
Lövhələrdə “Prayer room” yazılmışdı.
“İbadət otağı”...
Yəni hər hansı bir inanca görə təşkil edilməyib. O hava limanından keçən hər inancdan olan insan diqqətə alınıb. Münhen Hava Limanı və Dalaman Hava limanında da eyni anlayış hakimdir.
Ancaq İstanbul Hava Limanında lövhələrdə sadəcə “Məscid” yazılıb. Halbuki bura bir hub limandır... Keçən sərnişinlərin yarısı fərqli inanclardandır...
Məncə, burada da ümumi bir qavram istifadə olunması daha zərif olur.