Xəbər lenti



Bakıvaxtı.az-ın budəfəki müsahibi Xəzər Universitetinin Tarix və arexologiya departamentinin müdiri, tarix elmləri doktoru Telman Nüsrətoğludur.

 

Professorla söhbəti təqdim edirik.

- Ötənlərdə Ortaq türk əlifbası qəbul edildi. Bu prosesi necə qiymətləndirirsiniz? Sizcə, əlifba işləyəcəkmi?

-Türk millətinin önəmli fikir, düşüncə adamları türk birliyindən bəhs edərək, öncə dildə, fikirdə, əməldə birliyi ön plana çəkiblər. Azərbaycan və türk dünyası böyük müstəmləkə projelərinə hədəf olmazdan əvvəl bizim Kazan, Krım, Bakı və İstanbulda işıq üzü görən dərgilər türk dünyasının hər yanında oxunurdu. Ümumi bir dil vardı, vahid yazı dili anlayışı mövcud idi. Müstəmləkə və işğal zamanı bu amil ortadan qaldırıldı. “Ayır, parçala və hökmranlıq et” siyasəti hakim oldu. Dünya bu nizamsızlıq çağının içindəykən Türk Dövlətləri Təşkilatı dünyanın yeni güc mərkəzlərindən biri olmağa iddialıdır. Burada üzərində durduğumuz başlıca məsələ dil, fikir və əməl birliyidir. Bunun üçün də ortaq əlifba lazımdır. Təəssüflər olsun ki, proses bir az ləng gedir. Bununla yanaşı, atılan addımlar, qəbul edilən qərarlar mühümdür, xüsusən də Ortaq türk əlifbasının qəbul edilməsi olduqca vacib addımdır. Amma Orta Asiyadakı qardaşlarımız arasında hələ də kiril əlifbasını istifadə edənlər var.

- Ortaq türk əlifbası onların latın əlifbasına keçidini sürətləndirə bilərmi?

- Bəli, sürətləndirəcək. Belə olarsa, Ortaq türk əlifbasını türk dövlətlərində rəsmi qəbul edilən qərarlarla ortaq əlifbaya çevirmiş olarıq. Bu, bir prosesdir, müsbət addımdır, amma üzərimizdə çox işlər var ki, bu işlər yavaş-yavaş həll edilməlidir.

- Türkiyə "Orta Asiya” termini “Türküstan” ilə əvəz edəcək. Bu amil nəyə işarə və siqnaldır?

- Tarixən də “Orta Asiya” adlandırılmış çoğrafiyata bağlı “Türküstan” termini istifadə edilib. Doğru olan da budur, çünki türk tarix və mədəniyyətinin ən böyük əsərləri, möhtəşəm dövlətləri, memarlığı, həmişə tarixçilər, etnoqraflar, coğrafiyaçılar tərəfindən yazılarkən həmin ərazi “Türküstan” olaraq qeyd edilib.

Təsadüfi deyil ki, “Şərqi və Qərbi Türküstan” terminlərinin tarixi çox qədim dönəmlərə gedib çıxır. Ora türklərin yaşadığı, məskunladığı bölgə kimi tanınır. Yenə də çar işğalı ilə birlikdə burada vahid birləşdirici bir termin olan “Türküstan” termini “Orta və Mərkəzi Asiya” sözləri ilə əvəz edilib. Hazırda isə qardaş Türkiyənin atdığı məlum addım milli hafizə və terminologiyamıza geri dönüşdür.

- Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu Zəngəzur dəhlizi ilə bağlı danışarkən qeyd edib ki, “Zəngəzur dəhlizi” Bakı-Tbilisi-Qars xəttinə alternativdir və bu da onun imkanlarını artıracaq. Layihə Xəzər dənizini keçərək Azərbaycandan Ermənistana və ya İrana, oradan isə Naxçıvan, Dilucə, İğdır, Qarsa keçəcək. Azərbaycan tərəfində mühüm hissələr tikilib, Naxçıvan tərəfdə mövcud xəttin bərpasına başlanacaq, Türkiyə tərəfində 224 km-lik tender keçirmişik, daha sonra tikintiyə başlayacağıq”. Belə qənaətə gəlmək olarmı ki, Zəngəzur dəhlizinin işə düşəcəyi tarix yaxındadır?

- Zəngəzur dəhlizi bizim üçün çox strateji dəhlizdir. Çar Rusiyası və digər dövlətlərin “erməni kartı”ndan istifadə edərək, Azərbaycan və Anadoluya qarşı aktiv istifadə etmə prosesi nəticəsində torpaqlarımız erməniləşdirildi. İrəvan xanlığı, Göyçə və Zəngəzur mahalı Azərbaycandan qoparılaraq ermənilərə verildi. Bununla da türk dünyasının quru əlaqəsi kəsilmiş oldu. Zəngəzur dəhlizini regional, qlobal çərçivədə Azərbaycan və türk dünyasının maraqları baxımından qiymətləndirmək olar. Azərbaycan Naxçıvanla maneəsiz gediş-gəlişi təmin etməlidir. Bu, beynəlxaq hüquqdan doğan məsələdir. Heç bir ölkə özünün ana parçası ilə digər hissəsi arasında maneə yaradılmasına səbirlə yanaşa bilməz.

Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan üzərinə öhdəlik götürüb. Nəhayət bu öhdəlik yerinə yetirilməlidir. Bakı-Tiflis-Qars da orta korridorun önəmli dəmir yolu və avtomobil yol hissəsidir. Gürcüstandan keçən şaxələndirilmiş “İpək yolu”ndan söhbət gedir. Əlbəttə, bunun Zəngəzurdan keçən hissəsi ilə bağlı düşündükdə, daha qısa və maraqlarımıza daha uyğun yoldur. Ancaq Cənubi Azərbaycan üzərindən də keçən bir körpünün inşası prosesi gedir. Azərbaycanla İran arasında razılaşma var. Bu iş orta koridorun önəmli hissəsi olaraq, baş tutacaq. Türkiyə də öz üzərinə düşən dəmir yollarının inşası ilə bağlı fəaliyyətini icra edir. Azərbaycan böyük ölçüdə bu işləri həyata keçirib.

Aydın Baxış

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov