Xəbər lenti


Türkiyəyə köçəndən həm də diaspor işiylə məşğuldu. Qardaş ölkədə Vətən adına, Azərbaycan adına çox işlər görüb. Xocalı soyqırımının tanıdılması istiqamətində atdığı addım - “Yol ayrımında” tamaşası onun bundan sonra heç nə etməsə belə, gördüyü işlərin şahı sayıla bilər.

Söhbət Türkiyədə yaşayıb yaradan məşhur azərbaycanlı aktrisa Roza İbadova Kocamazdan gedir.  Roza xanım Bakıvaxtı.az-a müsahibəsində bu məqama da toxunub.

Azərbaycan səhnəsinin ilk Oliveri

- Roza İbadova Kocamazı tanıyaq. Kimdi Roza İbadova Kocamaz?

- Mən Roza İbadova Kocamaz ziyalı və Qarabağ savaşında Füzuli uğrunda savaşda mücadilə verən bir vətən sevdalısı atanın qızı…

Maştağa qəsəbəsində N.Nərimanov adına 128 nömrəli orta məktəbdə təhsil almışam. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Daha sonra təhsilimi Moskvada 12-ci teatr məktəbində devam etdirmişəm.

Universitetin ilk illərindən dəyərli sənətkarımız, Xalq artistimiz Cənnət xanım Səlimovanın təşəbbüsü ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlamışam. İlk rolum mərhum sənətkarımız, Xalq artisti Vaqif Əsədovun səhnələşdirdiyi Ç.Dikkensin Oliver Tvistin Maceraları tamaşasındakı "Oliver "rolu olub. Və Azərbaycan səhnəsinin ilk Oliveri... Ondan sonra silsilə şəkildə bir çox rejissorların tamaşalarında rollarım olub.

Bəhram Osmanovun "Muharibə" tamaşasındakı Semira rolu isə kifayət qədər səhnə yaradıcılığımda səs-küyə səbəb oldu.

Bu sırada filmlərdə, seriallarda, TV-lərdə uşaq proqramlarında aparıcı kimi də fəaliyyətimi davam etdirmişəm. 2015-ci ildə Türkiyənin İzmir şəhərinə köçənə qədər. O vaxtdan bu günə kimi artiq burda səhnə alır və çalışıram...

- Azərbaycanda sevilən bir aktrisa, aparıcının birdən-birə qardaş Türkiyəyə köçməsi nəylə bağlıydı?

- Ailə həyatı ilə bağlıdı.

- İctimai TV-nin səhər efirində uşaqlar üçün yayımlanan “Hoqqabaz” verilişi var idi. Aparıcısı da mən idim. O ərəfədə də şirkətləri ilə birlikdə Bakıya çalışmağa gəlir Cihan bəy və məni TV-də görur... Daha sonra araşdırmağa başlayır, hansı teatrda çalışdığımı öyrənir. Gəlib tamaşalarımı izləyir. Qısacası aşiq olur...Və bir neçə ay sonra biz tanış olduq, böyüklərimiz tanış oldular və ailə qurduq. İzmirə gəldik - Cihan bəyin yaşadığı şəhərə. Hazırda da burda yaşayırıq.

Burda izləyici tamaşaya əsərin hər detalını analiz edəcək qədər hazırlıqlı gəlir

- İzmirdə teatrda çalışırsınız. Azərbaycan və Türkiyə teatrları, tamaşaçıları arasında nə kimi fərqlər görürsünüz?

- Bəli, hazırda İzmirin ən böyük özəl teatrlarından olan Rüçhan Gürelin yönətmənləyindəki HAN teatrının komandasındayam. Bununla bərabər artıq doqquz ildir Ege bölgəsində Azərbaycan-Türkiyə adına keçirilən bir çox tədbirlərin aparıcısı və yönəticisiyəm.

İzmir şəhəri bir neçə xalqın mədəniyyətini özündə birləşdirir. Sənətə böyuk sevgi və qayğı var. İnsanlar öyrənəndə ki, qarşılarındakı bir sənətçidir, gözlərində par-par ışıq görünür...

Tamaşaçı arasındakı ən böyük fərq, burda izləyici tamaşaya gəlmədən öncə mutləq həm aktyorları, həm də əsəri araşdırır, oxuyur və məlumatlanıb gəlir. Yəni izlədiyi tamaşanın hər detalını analiz edəcək qədər hazırlıqlı olur...

Yaxşı ki, yolum Azərbaycan teatr səhnəsindən keçib

- Azərbaycan səhnəsi, azərbaycanlı tamaşaçı, Azərbaycan efiri üçün darıxdığınız anlar olurmu?

-  Əlbəttə, darıxmamaq mümkün deyil. Yaxşı ki,  Azərbaycan səhnəsində var olmuşam, yetişmişəm, ustadlarım olub. Böyuk sənətkarlarla eyni səhnəni bölüşmüşəm. Tək-tək adlarını söyləsəm uzun çəkər, hər birindən öyrəndiyim çox şeylər olub. Allah hamısına can sağlığı versin. Vəfat edənlərin də məkanı cənnət olsun.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı teatr akademiyasıdır. Universitet bizə sadəcə nəzəriyyə öyrədib, öyrəndiklərimizi doğru yerdə doğru zamanda istifadə etməyi, nümayiş etməyi səhnədə öyrənmişik...

Bir də mən hər şeyi buraxıb gedəndə karyeramın yaradıcılığımın ən parlaq çağları idi. Uşaqların böyuk sevgisini qazanmışdım. Axı onların sevimli Oliveri, Buratinosu, Hoqqabazı və sairi idim (gülür).

Bir sənətçinin Vətəndən kənarda Vətən üçün nələrsə etməsi qürurdur, şərəfdir

- Siz İzmirdə həm də Azərbaycan diasporunun fəal üzvü kimi tanınırsınız. Aktrisalıqla yanaşı diaspor işiylə məşğul olmaq çətin deyil ki?

- Vətən adına çaba göstərmək ən böyük qürürdur Çətinliklərimiz çox olur. Üzücü nüanslar olur. Deyək ki, bizdən öncə fəaliyyet göstərməyə çalışanlar ya ciblərini güdüblər, ya da hamısı bir-biri ilə konflikt içindədir. Bir araya gəlib, birliktə nəsə etmək çox da mümkün olmur. İnanırsınız, mən əziyyət çəkmişəm, öz zəhmətimlə, büdcəmlə tamaşa qurmuşam, sonra eşitmişəm ki, hansısa dərnəklər gedib bələdiyyələrdən pul alıblar. Halbuki bu tamaşa millətimin dərdini anlatmaq üçün quruluş verdiyim tamaşa idi. Bütün bunlara baxmayaraq yenə də hər bir sivil toplum quruluşlarına dəstək verirəm, bir qəpik maddiyyat güdmədən. Çunki bu, mənim həssas yerimdir.

Mənim atam Vətən uğrunda döyüşüb, dəfələrlə yaralanıb və hec bir zaman bunun qarşılığını gözləməyib. O, könüllü olaraq qazi maaşından, evindən imtina edən kişi olub. Mən də onun qızıyam. Sadəcə mən görəndə ki, əməyimizi, vətənə sevgimizi kimlərsə maddiyyatla ölçür uzaqlaşıram.

Bir sənətçinin Vətən uğrunda nələrsə etməsi, özü də ölkədən kənarda etməsi qürurdur, şərəfdir.

- İzmirdə lk dəfə Xocalıya həsr olunan "Yol ayrımında" dramının rejissorusunuz. Türkiyə tamaşaçısına bu əsərlə Azərbaycan həqiqətlərini nə dərəcədə çatdıra bildiniz?

-“Yol ayrımında” İzmirdə çox böyuk oyanış idi. Çoxlarının canına vəlvələ düşmüşdü ki, bu balaca qız bizi kreslomuzdan edəcək (gülür). Halbuki məqsədim tamam başqa idi. Yeni gəlmişdim, burdakı hadisələrdən xəbərsizdim. Bakıdan yaxın bir dostumuzun tanışlığı və xahişi ilə yola çıxdım. Amma təcrübə oldu, yanlış insanlarla çıxmışdım... Buna baxmayaraq, biz "Yol ayrımında" tamaşasnı İzmir tamaşaçılarına nümayiş etdirdik.

Tamaşanın ssenari müəllifi gənc dostumuz Orxan Muxtarlıdır. Rejissoru mən, aktrisa olaraq da Vusalə xanımı seçmişdik. İnanın, seyrcilər salonu hıçqırtı ilə tərk edirdi.

Hər kəs Xocalı faciəsini araşdırmağa başlamışdı. Əllərimizi, gözlərimizdən öpürdülər.

Bir dəfə Konakta saat kulesinin yanında bir qadın məni qucaqlayıb ağladı: “Biz nasıl kardeşiz bunları bilmiyorduk” deyə ağlayırdı.

İstəyim yaradıcılığıma nəsə yazılsın deyildi, məqsədim hər bir turk vətəndaşının Xocalının dərdini bilməsi idi. Hər şeyə rəğmən buna da nail oldum. Bəzən məni görənlər “o kız - katliamı anlatan kız” deyirlər.

Belə bir deyim var: "Keçmişinə güllə atsan, gələcək səni topa tutar”. Baş verənləri unutmamalı, unutdurmamalıyıq.


zmirdə Vətən adına, Azərbaycan mədəniyyəti adına nələrsə etmək istəyirəm

- Nə vaxtsa Azərbaycanda hansısa tamaşada rol almaq, yaxud tamaşa qoymaq, hansısa kanalda aparıcılıq etmək istərdinizmi?

- Son 4-5 ildir bu haqda qəti düşünmürəm. Mən İzmirdə Vətən adına, Azərbaycan mədəniyyəti adına nələrsə etmək istəyirəm. Bu haqda fikirlərimi bir neçə yerdə bölüşmüşəm də. Hətta bu yaxınlarda Bakıya gələndə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşdüm. Komitənini əməkdaşları Cavid bəy, Kənan bəy fikirlərimi dinlədilər, məsləhətlərini verdilər. Araşdırdım, nələrsə etmək olar, amma anladığım və barışdığım bir nüans var ki, arzu və istəklərimi həyata keçirmək üçün bir-iki etapı keçmək lazımdır. Zaman lazımdır, ama olacaq.

- Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafı üçün bundan sonra nələr etmək istəyirsiniz?

- Qısa deyəcəm, Azərbaycan-Türkiyə arasındakı mədəniyyət əlaqələrinin inkişafı üçün fəaliyyətində mənə ehtiyac olan yerdə hər zaman dəstək olacam.

- Azərbaycan oxucusuna, sizi sevən tamaşaçılarınıza sözünüz...

- Yaradıcılığımı hərtərəfli qorumağa və irəliyə götürməyə davam edəcəm.

- Mənim rol aldığım Teymur Hacıyevin "Şanxay Baku" filmi bir neçə beynəlxalq film festivalında yer alıb, eləcə də Teymur Qənbərovun "Quxuroba" filmi, Engin Kundağın "Ağrı Dağ" filmi keçən il Berlin film festivalinda idi. Biz də ordaydıq.

Bununla yanaşı teatrda həm aktrisa, həm rejissor köməkçisiyəm, həm də gənclərə dram dərsləri keçirəm.

Bakıvaxtı.az saytının kollektivinə diqqətiniz üçün təşəkkür edirem. Hər zaman bizə zaman ayırırsınız.

Burda bir deyim var, onunla biirəcəm fikirlərimi: "Zirvəyə qartal da yetir, ilan da. İlan sürünərək, qartal süzərək…"

Nərgiz Məmmədli


© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov