İnsanların əmək hüququ dedikdə, həm də onların istirahət hüququ başa düşülür. İşçi əgər dolğun istirahət edə bilmirsə, əmək qüvvəsini də bərpa edə bilməz.
İstirahət isə təkcə iş günləri arasındakı saatları, iş həftələrinin sonunu əhatə etmir. İl ərzində məzuniyyət ayından istifadə bu mənada xüsusi önəm daşıyır. Müşahidələr göstərir ki, məzuniyyət hüququndan istifadə edənlər, həm də məzuniyyət dövrünü mənalı keçirənlər ilin qalan dövründə əmək ruhunu yüksək səviyyədə saxlaya bilirlər. Heç bir əlavə pul kompensasiyası məzmunlu məzuniyyəti əvəz edə bilməz. Müəllimlərə isə bu, bəlkə də hamıdan daha vacibdir. Çünki onlar özləri insan bağbanıdırlar.
2018-2019-cu tədris ili başa çatır. Gənc nəslin təlim-tərbiyəsi, biliklərə yiyələnməsi naminə zəhmətini əsirgəməyən müəllimlərin növbəti dərs ilində daha səmərəli fəaliyyət göstərmələri üçün yay məzuniyyətləri dövründə mənalı istirahət etməlidirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin layiqli müdafiəçisi kimi çıxış edərək, onların müalicə və istirahətinin təşkil edilməsini daim diqqət mərkəzində saxlayır.
Respublika Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri kimi, İttifaq üzvlərinin istirahətinin məzmunlu təşkil olunması yönündə atılan addımların nəticəsi olaraq hər il müxtəlif sanatoriya, istirahət evi və turist bazalarına yollayışlar alınaraq sifarişlər əsasında üzv təşkilatlar arasında bölüşdürülür və məhz ehtiyacı olan ittifaq üzvlərinə verilir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu işdə ATİAHİ Respublika Komitəsinə hərtərəfli yardım göstərir, ittifaq üzvləri AHİK-in mərkəzləşdirilmiş şəkildə ayırdığı yollayışlardan yararlanır. İstirahət mərkəzləri arasında ən çox üstünlük veriləni Xaçmaz rayonunun Nabran qəsəbəsində müasir standartlara cavab verən «Təhsil» İstirahət Mərkəsidir.
ATİAHİ Respublika Komitəsi tərəfindən inşa etdirilərək 2013-cü ildə ittifaq üzvlərinin ixtiyarına verilən mərkəzin yerləşdiyi təbiət baxımından zəngin ərazinin sahəsi ümumilikdə 10 hektardan artıqdır. Eyni vaxtda 270 nəfərin istirahət etməsi mümkün olan istirahət mərkəzinə üçmərtəbəli sanatoriya binası, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı üzgüçülük hovuzları və digər tikililər daxildir. Dörd tərəfdən meşə massivi ilə əhatə olunmuş istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı istirahət üçün daha əlverişli məkana çevirir. Dəniz sahilindən meşələrin içərisinə tərəf ayrılan yeni çəkilmiş asfalt yol Sizləri bu istirahət mərkəzinə gətirir. Bu füsunkar guşədə al-əlvan güllərə qərq olunmuş park, yaşıllıq ilin bütün fəsillərində qorunub saxlanılır.
“Təhsil” İstirahət Mərkəzinin kollektivi gələnlərin istirahətinin şən və mənalı keçməsi üçün əllərindən gələni edirlər. Burada yeməklərin keyfiyyətinə xüsusi diqqət yetirilir. Mərkəzin qonşu rayonlara gəzintiyə çıxmaq istəyənlər üçün avtobusları vardır. İstirahət edənlərin təhlükəsizliyi və hovuzların təmizliyi qorunur. Hovuzların suyu qrafikə uyğun müntəzəm dəyişdirilir. Hər mövsüm ərəfəsində təmir işləri aparılır.
Ərazinin yaşıllığı ilbəil artırılır, abadlığa xüsusi diqqət yetirilir. Buradakı şərait insana fiziki və mənəvi rahatlıq bəxş edir. Mərkəzdə kifayət qədər çeşidli əyləncə və idman proqramları hazırlanıb reallaşdırılır.Tədbirlər proqramı hazırlanarkən kontingentin zövqü, tələbləri nəzərə alınır.
"Təhsil" İstirahət Mərkəzi fədakar müəllimlərimiz üçün ən yaxşı hədiyyədir. Burada istirahət edən təhsil işçiləri xidmətin keyfiyyətindən razılıqlarını bildirir, buranı ancaq dünyanın məşhur istirahət yerləri ilə müqayisə edir, dəniz sahillərində dincəlməkdən, meşələrin təmiz havasını udmaqdan, saf bulaq sularından içməkdən, ətrafı gəzib dolanmaqdan hədsiz ləzzət duyduqlarını deyir, onlara xidmət göstərən işçilərin də ünvanına xoş sözlər söyləyilər.
İstirahər edən müəllimlər yaradılan şəraitə görə hər fürsətdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə, onun sədri, millət vəkili Səttar Mehbalıyevə, sədrin birinci müavini Hümbət Nağıyevə və əlbəttə ki, "Təhsil" İstirahət Mərkəzinin fədakər kollektivinə minnətdarlıqlarını çatdırırlar.
Zaur Vəliyev