slam İnqilabı Keşikçiləri komandirləri dəfələrlə iddia ediblər ki, İranın hərbi gücünün regionda istənilən düşmənlə üz-üzə gəlmək imkanı var. Hətta ABŞ-ın bölgədəki hərbi bazaları və İsrail şəhərlərini ballistik raketlərlə hədəf ala biləcəklərini də dəfələrlə dilə gətiriblər.
Tehran rejimi bu bəyanatlar fonunda yanvarın 16-da İraqın Ərbil şəhərində “Falcon Group”un rəhbəri Peşrev Dizayinin evini hədəf alıb. Bu şirkət İraqda neft-qaz, tikinti və təhlükəsizlik daxil olmaqla, müxtəlif sektorlarda fəaliyyət göstərir.
“Falcon” şirkətinin amerikalı tərəfdaşlar da daxil olmaqla, onlarla xarici agentlik və şirkətlə mühafizə sahəsində müqavilələri var.
ABŞ-ın Ərbildə olan bazasına yaxın yerdə yerləşən Dizayinin evinin dörd raketlə hədəfə alınması daha çox ABŞ-a bu raketlərin dəqiqliyini nümayiş etdirmək üçün mesajdır. Demək istəyir ki, İran istəsə, ABŞ-ın bazalarını da dəqiq atəşlə vura bilər. Lakin bütün təhdidlərinə baxmayaraq, SEPAH ABŞ hərbi qüvvələri ilə birbaşa toqquşmadan çəkinir. İndiyə qədər İran hərbi qüvvələri və ona bağlı olan proksi qüvvələr heç bir ABŞ bazasına ciddi zərbə vurmayıb. Bəzi hallarda da İranın ABŞ bazalarına hücumu əvvəlcədən razılaşmalar əsasında baş verib.
Bu hücumlar əslində İrana daha çox daxildə lazımdır. Son bir neçə ayda İsrail ordusu Suriyada SEPAH-ın Qüds qüvvələrinin bir neçə yüksək səviyyəli komandirini öldürüb. Kirmanda Qasım Süleymaninin anım mərasimində partlayış nəticəsində İranın dinc vətəndaşları həlak olub. İran son günlərdə qisas alacağına dair bir çox təbliğat xarakterli fəaliyyətlər aparır. Daxildə və xaricdə ona qarşı hücumların cavabsız qalmayacağını bildirir. Bu səbəbdən nəsə etməsi qaçılmaz idi. İranlı komandirlər dəfələrlə “ağır qisas”dan danışıblar.
İran Ərbilə hücumla göstərmək istəyir ki, Qərb şirkətləri ilə işləyən kürd iş adamını hədəfə alaraq, MOSSAD-ın Ərbildəki qərargahını dağıdıb. İran mətbuatı xəbərləri yalnız bu istiqamətdə dərc edir. Amma həm İraq hökuməti, həm də Kürdüstan Regional hökuməti bu ittihamları rədd edir, İsrail isə belə hallara həmişəki kimi susur.
Eyni zamanda, çərşənbə axşamı səhər saatlarında Xuzistandan Suriyanın İdlib şəhərinə bir neçə ballistik raket atılıb. İslam İnqilabı Keşikçiləri Korpusu Kirmandakı son hücumlara cavab olaraq İŞİD-in İdlibdəki bazasını hədəf aldığını iddia edir.
“Təhrir əş-Şam” qruplaşması həmin ərazidə mövcud olsa da, orada İŞİD-in bazası olduğunu sübut edən heç bir sübut yoxdur.
Amma məhz Xuzistandan İdlibə qədər olan məsafəni nəzərə alsaq, görünür, İran özünün “Xeybərşekan” raketinin gücünü - 1450 km məsafəni nümayiş etdirmək istəyir. Həmin raketlər İranın digər ərazilərində və Suriyaya daha yaxın mövqelərdə də mövcuddur. Amma Xuzistandan raketləri atmaqla Təl-Əvivə mesaj verdi.