Xəbər lenti



Prezident İlham Əliyev Azərbaycan ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Azərbaycan ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində nəzərdə tutulmuş 5,0 (beş) milyon manat bu sərəncama əlavəyə uyğun olaraq Təhsil Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncama əlavədə nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

 

 
 
 

"Üçüncü Dünya müharibəsi başlaya bilər".

“Report” xəbər verir ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bu barədə tviter səhifəsində yazıb.

“Əgər liderlər 1938-ci ildə qətiyyətli hərəkət etsəydilər, Avropa İkinci Dünya müharibəsindən qurtula bilərdi. Lakin siyasətçilər qorxaq davrandılar. Nəticədə faciə oldu. Eyni səhvi təkrar etsək, tarix bizi bağışlamayacaq. Avropa Rusiya neftinə dərhal sanksiya tətbiq etməlidir”.



ADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin 1993-cü il məzunları 29 il sonra tələbə yoldaşları Azərbaycanın Milli Qəhrəmanı şəhid İxtiyar Qasımovun xatirəsini anıblar.

Əvvəlcə tədbir iştirakçıları İxtiyar Qasımovun şərəfinə ucaldılan abidəni ziyarət edib, önünə tər çiçəklər düzərək Vətən uğrunda canından keçən bütün şəhidlərin və İxtiyar Qasımovun əziz xatirəsini ehtiramla yad ediblər.  

Aqronomluq fakültəsində davam edən tədbirin ikinci hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbir iştirakçıları üçün tələbələrin hazırladığı vətənpərvər ruhda şeir və mahnılar səsləndirilib, milli rəqslər nümayiş olunub.

Tədbirdə ADAU-nun elmi işlər üzrə prorektoru, dosent Azad İbrahimov, Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov, şəhid İxtiyar Qasımovun ailə üzvləri, müəllim və tələbələr həmçinin, Universitetin Aqronomluq fakültəsinin 1993-cü il məzunları iştirak ediblər. 

İxtiyar Qasımovun tələbə yoldaşı Sahib Məmmədov 29 ildən sonra ADAU-nun 60-a dək məzununun bir araya gələrək tələbə yoldaşlarının xatirəsini yad etməyi özlərinə borc bildiyini deyib: “Hamımız bu gün Gəncəyə doğma universitetimizə gələrək Milli Qəhrəman İxtiyar Qasımovun xatirəsini andıq. Bu işi onun tələbə yoldaşları olaraq özümüzə borc bildik. Həm də Aqrar Universiteti belə müasir, dünya universitetləri ilə rəqabət aparacaq səviyyədə görmək bizi çox qürurlandırdı.”

Şəhidin qardaşı Cəmil Qasımov tədbir təşkilatçılarına öz minnətdarlığını bildirərək torpaqlarımızın bütövlüyü uğrundan canından keçən bütün şəhidlərə Allahdan rəhmət dilədiyini deyib: “İxtiyar 1990-cı ildə könüllü olaraq Ağdam rayonunun özünü müdafiə batalyonuna daxil olub. Ağdam və Ağdərənin əksər kəndlərinə gedən qanlı döyüşlərin iştirakçısı olub. 1992-ci il iyunun 14-də tək özü düşmənlə döyüşərək düşmənin 17 nəfər emənini məhv edərək qəhrəmancasına şəhid olub”.

“Aqronomluq fakültəsinin tələbəsi olan İxtiyar Qasımov intizamlı, əlaçı və gözəl idmançı olmaqla bərabər o vaxtı universitetin bütün professor-müəllim heyətinin və tələbə kollektivinin böyük hörmətini qazanmışdır. Onun əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır,”- İxtiyarın müəllimi olan ADAU-nun professoru Firudin Qurbanov onun haqqında xatirələrini danışarkən deyib.




Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 9 dekabr 1992-ci ildə Qasımov İxtiyar Qasım oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib. Onun təhsil aldığı Ağdam rayonunun Kəngərli kənd orta məktəbi, Gəncə və Ağdam şəhərlərində bir küçə onun adını daşıyır. 

 




Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür.

"Report" xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

 Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.

 
Xalqın əbədi sevgisini qazanan Ulu Öndər Heydər Əliyev!


Mən çox xoşbəxt insanam ki, Ümummilli Liderin rəhbərliyi altında uzun illər məsul vəzifədə çalışmışam və bu gün də onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyətimi davam etdirirəm

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında uzun müddət işləməyim, eləcə də onunla şəxsi tanışlığım mənim üçün böyük şərəf və qürurdur. 10 May - Ümummilli Liderin doğum günündə fürsətdən istifadə edərək Heydər Əliyevlə bağlı daim xatirələrimdə yaşayan ən mühüm məqamları bölüşmək istərdim.

1990-cı ilin iyulunda, Azərbaycan tarixinin və dövlətçiliyimizin ağır günlərində, həyatı boyu qəlbi Vətəni və xalqı ilə döyünən dahi şəxsiyyət Heydər Əliyev əsl vətənpərvər kimi qətiyyət göstərərək Moskvadan Bakıya qayıtdı. Həmin o günlərin və görüşlərin iştirakçısı kimi Ulu Öndərimizlə ilk tanışlığımız yarandı.

Məlum olduğu kimi, həmin dövrdə ölkədə vəziyyət olduqca gərgin, ziddiyyətli şəkil almışdı. Müəyyən qüvvələr öz maraqları naminə vəziyyətdən sui-istifadə edir və demək olar ki, proseslər idarəolunmaz hala çatmışdı. Bu kritik dönəmdə Ulu Öndər xalqın yanında olmağa qərar verdi və özünün həyat fəlsəfəsini belə izah edirdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib."

Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri olduğu illərdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün mühüm qərarlar qəbul etdi

O zaman Naxçıvan da ağır günlər keçirirdi. Sərhədyanı kəndlər ermənilərin mütəmadi hücumlarına məruz qalır və qarət olunurdu. Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələri kəsilmiş, iqtisadi və siyasi böhran dərinləşmiş, təxribatlar baş alıb gedirdi. Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri olduğu illərdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün mühüm qərarlar qəbul etdi. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında region dövlətləri ilə əlaqələr yaratması və xalqı öz ətrafında birləşdirərək erməni təcavüzünə qarşı müqavimət hərəkatına bacarıqla rəhbərlik etməsi mürəkkəb hərbi-siyasi şəraitdə Naxçıvanı işğaldan qorudu.

Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə desək: "Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi müdrikliyini göstərərək Ulu Öndərin ətrafında yumruq kimi sıx birləşdilər və həm erməni işğalına tutarlı cavab verdilər, onları yerində oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir."

Həmin günləri mən çox yaxşı xatırlayıram. Mən o illərdə dəfələrlə Bakıdan Naxçıvana Ulu Öndərin yanına gedir, ölkədə cərəyan edən siyasi proseslər barədə fikir mübadiləsi aparır və dəyərli məsləhətlər alırdım.


Mən çox xoşbəxt insanam ki, Ümummilli Liderin rəhbərliyi altında uzun illər məsul vəzifədə çalışmışam və bu gün də onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyətimi davam etdirirəm.

Azərbaycan xalqı əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir

XX əsrin sonlarında yenidən müstəqillik qazanan dövlətimiz qısa müddətdən sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. 1993-cü ilin iyununda ölkədə hakimiyyət böhranı kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə çatdırılmış qarşıdurma dövlət müstəqilliyimizi itirmək təhlükəsi yaratdı. Həmin dövrdə hüquq-mühafizə orqanlarında çalışdığımdan hadisələrin yaxından iştirakçısı kimi deyə bilərəm ki, bütün bunlar liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək bacarığından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin ölkəyə rəhbərlik etməsinə görə baş verirdi. Prosesləri düzgün qiymətləndirə və lazımi məcraya yönəldə bilməyən hakimiyyət əhali arasında gündən-günə nüfuzunu itirirdi.

Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalı, günü-gündən gərginləşən siyasi vəziyyət, əhalinin acınacaqlı sosial durumu ölkəmizi bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir olan Liderə və Şəxsiyyətə ehtiyac olduğunu zəruri edirdi. Azərbaycan xalqı əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Beləliklə, 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev xalqın təkidli çağırışlarına səs verərək Bakıya qayıtdı. Həmin tarixi anların iştirakçısı kimi deyə bilərəm ki, bu qayıdış sözün əsl mənasında, ölkəmizin taleyində dönüş nöqtəsi oldu. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Tarixə nəzər salsaq görərik ki, xalqların tarixində elə günlər vardır ki, həmin günlərdə onun gələcəyini müəyyən edən təməllərin əsası qoyulub. Bu tarix isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində və inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan, müdrik insan və dahi şəxsiyyət - Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

"Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır", - deyən Ümummilli Lider ölkədə vətəndaş həmrəyliyi və sabitliyin bərqərar olunmasına nail oldu.

Dövlətinə və xalqına bağlı olan milli kadrların bir çoxu mənim kimi siyasi əqidəsinə görə təqiblərə məruz qalmış və həmin illərdə hüquq-mühafizə orqanlarından xaric olunmuşdular

Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, respublikada ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Burada bir məqamı xüsusi ilə vurğulamaq istərdim. Umutmamalıyıq ki, bütün bunlar asanlıqla başa gəlməmişdir. Ölkədəki hərc-mərcliyin və anarxiyanın qarşısını almaq böyük cəsarət və gərgin iş tələb edirdi. Müstəqillikdən sonra ölkəyə rəhbərlik etmiş şəxslər öz yarıtmaz əməlləri ilə bütün sahələrdə ciddi problemlər yaratmış, ölkəni dağılmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular. Əhali arasında sosial narazılıqlar son həddə çatmışdı. Uzun illər ərzində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə çalışdığıma görə, vəziyyətə yaxından bələd olduğum üçün deyə bilərəm ki, ölkədə kriminogen vəziyyət nəzarətdən çıxmış, cinayət əməlləri baş alıb gedirdi. Dövlətinə və xalqına bağlı olan milli kadrların bir çoxu mənim kimi siyasi əqidəsinə görə təqiblərə məruz qalmış və həmin illərdə hüquq-mühafizə orqanlarından xaric olunmuşdular. Ölkədə siyasi sabitliyin bərpa olunması, vətəndaş həmrəyliyinin formalaşdırılması, ordu quruculuğu, cinayətkarlıqla mübarizə və sair bu kimi həyati vacib sahələrə peşəkar və sadiq kadrların cəlb olunması və islahatların aparılması böyük çətinliklər yaradırdı.

Lakin, bütün bunlara baxmayaraq, Ulu Öndərin fədakar zəhməti hesabına ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu və Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. Xalqın əbədi sevgisini qazanan Ulu Öndər Heydər Əliyev daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına dövlət müstəqilliyimizi yenidən bərqərar etdi. Ümummilli Liderin şəxsiyyəti, onun siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu.

Ulu Öndər əminliklə bildirirdi ki, işğal altında qalan torpaqlarımız gec-tez düşməndən azad olunacaq və bu Heydər Əliyevin ən böyük arzusu idi

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində və beynəlxalq aləmdə xalqımızın strateji mənafelərini təmin olunmasında həlledici rol oynadı.

İlk növbədə, diplomatik vasitələrlə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Ulu Öndər Heydər Əliyev Milli Ordunun formalaşması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atdı. Bütün gücünü və diqqətini ordu quruculuğuna yönəldən Ulu Öndər əminliklə bildirirdi ki, işğal altında qalan torpaqlarımız gec-tez düşməndən azad olunacaq və bu Heydər Əliyevin ən böyük arzusu idi.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Heydər Əliyevin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində inamlı islahatlar apardı. 44 günlük Vətən müharibəsində mükəmməl əks-hücum əməliyyatları ilə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələri öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Cənab Ali Baş Komandan İlham Əliyevin Şuşamızın azad olunması ilə bağlı xalqa müraciətində ata vəsiyyətini yerinə yetirdiyinə görə xoşbəxt olduğunu dilə gətirdi: "Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

Müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı Heydər Əliyev ideyalarının sadiq davamçısı cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən qoyulan tapşırıqlar - Silahlı Qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha effektiv silahların və döyüş texnikalarının istehsalı ilə müdafiə sənayesinin genişləndirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, bu gün uğurla həyata keçirilir və Ordumuz Ali Baş Komandanımızın əmr və tapşırıqlarını yerinə yetirmək üçün hər an hazır vəziyyətdədir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri,
general-polkovnik Məhərrəm Əliye
v

 

 

 


 
Deputat: Vətən müharibəsindəki Zəfərimizin əsasında dahi şəxsiyyət Heydər Əliyev siyasətinin təntənəsi dayanır

Bu günlər respublikamızın bütün guşələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü böyük coşqu ilə qeyd edilir. Ulu Öndərin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycan bu gün etibarlılıq və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda mətin addımlarla irəliləyən, demokratik təsisatların təşəkkül tapdığı müasir ölkədir. Görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan iqtisadi və siyasi müstəqilliyə qovuşub.

Bu fikirləri açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, dünya siyasətinin nəhənglərindən sayılan Heydər Əliyev xalqının xilaskarı missiyası ilə Tanrı və zaman tərəfindən Azərbaycanın taleyinə bəxş edilmiş və bu qürurlu taleyin zirvəsini müəyyən etmiş nadir şəxsiyyətlərdən biridir. Bu dahi insanın Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalması heç şübhəsiz ki, təsadüfi deyildir. Xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq gerçəkdən mümkünsüzdür. Elə bu səbəbdəndir ki, Heydər Əliyevi tanıdığımız gündən ona ən böyük azərbaycanlı demişik.

Deputatın sözlərinə görə, məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamış və onu dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib. Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacarmışdır. Müstəqil dövlət quruculuğundan danışarkən ölkənin xarici siyasət kursuna nəzər salmamaq mümkün deyildir. Ümummilli lider mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirdi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ən başlıca yer tuturdu. Bu siyasət nəticəsində ölkəmiz diplomatik müstəvidə Ermənistanı küncə sıxışdırdı və beynəlxalq təşkilatlar qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınırdı. 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan qələbənin əsasında məhz Ulu Öndərin əsasını qoyduğu uzaqgörən siyasət dayanır.

S.Fətəliyeva qeyd edib ki, ümummilli lider Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir.

İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır.

“Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı inamla irəli aparır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal altında olan torpaqlarımız azad edilib, Zəfər salnaməsi tarixdə layiqli yerini alıb. Zəfərimizin əsasında da dahi şəxsiyyət Heydər Əliyev siyasətinin təntənəsi dayanır. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ideyaları bundan sonra da müstəqil Azərbaycanın nailiyyətlərinin fövqündə olacaq”, - deyə S.Fətəliyeva vurğulayıb.


Prezident İlham Əliyev “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi zamanı fərqlənmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncamla Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi zamanı vəzifə borcunu yerinə yetirərkən xüsusi fərqlənmiş və fədakarlıq göstərmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilirlər:

 

“İgidliyə görə” medalı ilə

Abadov Rəsul Baxşəli oğlu – daxili xidmət baş çavuşu

Ağayev Mirorxan Qəribağa oğlu – polis baş serjantı

Bağıyev Ağarəsul Ağazaid oğlu – daxili xidmət baş çavuşu

Bədəlov Ramil Fəxrəddin oğlu – daxili xidmət baş çavuşu

Əhədzadə Sədi Əlağa oğlu – polis baş serjantı

Əliyev Azər Baləmi oğlu – daxili xidmət baş çavuşu

Fərəcov Paşa Ədalət oğlu – polis baş serjantı

Qarayev Bəxtiyar Orucqulu oğlu – daxili xidmət baş çavuşu

Məcidov Saqid Xıdırnəbiyeviç – daxili xidmət baş çavuşu

Məmmədov İsmayıl Bahadır oğlu – daxili xidmət baş çavuşu

Mustafayev Cahangir İbrahim oğlu – daxili xidmət baş çavuşu

Səfiyarov Çərkəz Əlhəddin oğlu – daxili xidmət baş çavuşu

Tağıyev Vüsal Ramiz oğlu – daxili xidmət baş çavuşu

Tahirov Vüsal Vidadi oğlu – daxili xidmət baş çavuşu

Vəliyev Nuru Ələkbər oğlu – daxili xidmət baş çavuşu

Cəfərov Araz Azad oğlu – polis serjantı

Dadaşlı Yaqub Şirin oğlu – polis serjantı

Əhmədov Əli Qadir Cəbrayıl oğlu – polis serjantı

Məmmədov Əli Vaqif oğlu – polis kiçik serjantı

“Hərbi xidmətlərə görə” medalı ilə

Məmmədov Vüqar Şirvan oğlu – polkovnik-leytenant

Məmmədov Kamil Sərdar oğlu – kapitan

Sadıqov Eldar Elçin oğlu – kapitan

Əlimətov Arif Əlimət oğlu – çavuş

3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

İsaqov Nurlan Novruz oğlu – daxili xidmət polkovnik-leytenantı

Ramazanov Ramazan Abudinoviç – daxili xidmət polkovnik-leytenantı

Serebrennikov Aleksandr Valeryeviç – daxili xidmət polkovnik-leytenantı

Kərimov Ramil Elşən oğlu – daxili xidmət mayoru

Kolesnikov Andrey Petroviç – daxili xidmət mayoru

Namazov Vüsal Sovet oğlu – daxili xidmət mayoru

Yusifov Ruslan Salman oğlu – daxili xidmət mayoru

Əliyev Hafiz Bəbir oğlu – daxili xidmət kapitanı

Abbasov Mövsüm Nazim oğlu – daxili xidmət baş çavuşu

Cəfərov Kamil Sabir oğlu – daxili xidmət baş çavuşu

Xəlilov Asif Əlişir oğlu – daxili xidmət baş çavuşu

Məmmədxanlı Rza Vahid oğlu – daxili xidmət baş çavuşu

Rüstəmov Ramil Fazil oğlu – daxili xidmət baş çavuşu

Seyidəlisoy Yavər Hüseyn oğlu – daxili xidmət baş çavuşu

Ağazadə Elşən İltifat oğlu – daxili xidmət çavuşu

Hacıyev Cavidan Mehman oğlu – daxili xidmət çavuşu

Haqverdiyev Rüfət Azər oğlu – daxili xidmət çavuşu

Kərimov Şahin Bəxtiyar oğlu – daxili xidmət çavuşu

Məmmədov Röyal Mahir oğlu – daxili xidmət çavuşu

Vahabov Əlihüseyn Zəraşa oğlu – daxili xidmət çavuşu.







Ölkənin yeganə ali aqrar təhsil müəssisəsi olan, ikinci böyük şəhəri Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) əvvəlki illərdə keçirilmiş beynəlxalq yay məktəblərinin ölkənin aqrar potensialının təbliğində rolunu və 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa ili” elan edilməsini nəzərə alaraq 2022-ci ilin 17-27 iyul tarixlərində “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin aqrar potensialı” mövzusunda 3-cü Beynəlxalq yay məktəbi təşkil olunacaq.

Məktəbin təşkilində məqsəd dünyanın müxtəlif ölkələrinin ali təhsil müəssisələrini təmsil edən tələbələrini bir araya gətirməklə, onları işğaldan azad olunmuş ərazilərə dəyən zərərlər və burada aqrar potensialın bərpası istiqamətində görülən işlərlə yaxından tanış etməkdir.

Yay məktəbində ölkəmizin və xarici ali təhsil müəssisələrinin aparıcı alimlərinin, beynəlxalq təşkilatların, dövlət və biznes strukturlarının nümayəndələrinin işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı, “Ağıllı kənd”, “Ağıllı kənd təsərrüfatı”, “Elektron kənd təsərrüfatı”, “Aqroturizm”, qlobal iqlim dəyişikliyi və onun aqrar sahənin inkişafı, aqrar gənclik, aqrar təhsil istiqamətləri, habelə Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın tarixi, mədəniyyəti, burada aparılan abadlıq-quruculuq işlərinə dair mühazirələr dinləniləcəkdir.

Proqram çərçivəsində iştirakçıların respublikanın müxtəlif bölgələrinə, işğaldan azad olunmuş ərazilərdə aqrar layihələrin icra olunduğu yerlərlə, habelə Şuşa şəhərinə səfərləri təşkil olunacaqdır.

Müraciət üçün tərcümeyi-hal-CV, motivasiya məktubu, tələbə bileti və təhsil müəssisəsinin tövsiyə məktubu shusha@adau.edu.azkushvar.mammadova@adau.edu.az elektron poçt ünvanına göndərilməldir.

Qeyd edək ki, iştirakçıların yaşayış və qidalanması ödənişsizdir. Yay məktəbinə müraciət 31 may 2022-ci il tarixinə qədərdir.


 
Kamaləddin Qafarov: “Xalqımız, İlham Əliyevin liderliyi ilə öz tarixinin ən şərəfli dövrünü yaşayır”

ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda Cənab Prezident İlham Əliyev giriş nitqi ilə çıxış etdi və 23 ölkədən gəlmiş nümayəndənin suallarını ətraflı şəkildə cavablandırdı. Ölkə başçısı, Ermənistan-Azərbaycan münasibətlərindəki son vəziyyət, 30 illik işğal dövründə ermənilərin törətdikləri vəhşiliklər, müharibədən sonra yaranmış reallıqlar, sülh müqaviləsinin bağlanmasına maneçilik törədən amillər, azad olunmuş ərazilərin minalardan təmizlənməsi, həyata keçirilən infrastruktur layihələri, tikinti-bərpa işləri, məcburi köçkünlərin öz yurdlarına qaytarılması istiqamətində görülən tədbirlər barədə konfrans içtirakçılarını məlumatlandırdı və gələcək fəaliyyət istiqamətlərinin, daxili siyasətdə həyata keçirilməsi nəzərdə tutulan islahatların anonsunu verdi.

Cənab prezident konfransın tarixi əhəmiyyətini qeyd edərək bildirdi ki, qloballaşan dünyada inteqrasiya meyillərinə üstünlük verən Azərbaycanın siyasəti mehriban qonşuluğa, iqtisadi inkişafa və bəşəri dəyərlərə hörmət üzərində qurulmuşdur. Çox mürəkkəb proseslərin cərəyan etdiyi indiki zamanda həm regionda, həm də dünyada öz yerini müəyyənləşdirmək bu gün prioritet məsələlərindən biridir.

Bu gün regionda başqa reallıqlar hakimdir. Torpaqlarını azad edən Azərbaycan Ermənistanın işğal siyasətinə son qoyub. Bu reallıqlar həm də ondan ibarətdir ki, dünya reallıqları qəbul edərək ermənilərin Azərbaycan torpaqlarına dair iddialarını yaxına buraxmır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı gündəliyi isə Prezident İlham Əliyev müəyyən edir.

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləmişdir.

Millət vəkili qeyd etmişdir ki, “Azərbaycan tərəfinin sülh müqaviləsinin imzalanması üçün təklif etiyi 5 prinsipə Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Azərbaycan tərəfinin təkil etdiyi sülh gündəliyi Cənubi Qafqazda dayanıqlı sülhü təmin etməklə bərabər, regionun inkişafı üçün də töhfə olacaqdır. Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar.
Azərbaycanın hazırda Qarabağda və Şərqi Zəngəzurda hıəyata keçirdiyi enerji layihələri mühüm əhəmiyyət daşıyır. Bu ərazidə istifadəyə verilmiş elektrik stansiyaları regionun elektrik təminatını qarşılayacaqdır.

Azərbaycanın yaratdığı yeni reallıqlarda,  regionda münasibətlərin normallaşdırılması prosesində diqqəti çəkən başqa bir məqam vasitəçiliklə bağlı missiyanın dəyişməsi, yeni formatın yaranmasıdır. Artıq bu missiyanı Avropa İttifaqı üzərinə götürüb və ötən ilin dekabrından başlanan "Brüssel prosesi"nin gedişatı onun nəticəyönümlü olmasına hesablanıb. Göründüyü kimi, bu prosesdə ikili standartlara, beynəlxalq hüququn tapdalanmasına yer yoxdur. Eyni zamanda yeni format göstərir ki, Azərbaycanın yaratdığı reallıqlar Minsk qrupunu tarixin arxivinə göndərib.
Millət vəkili bildirmişdir ki, “Müstəqilliyin gücləndirilməsi – Azərbaycanın dövlət siyasətinin ideoloji təməlidir. Azərbaycan dövləti və hakimiyyəti işğal dövründə həm Qarabağı geri qaytarmaq həm də dövlət müstəqilliyinin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə iqtisadi, nə də enerji cəhətdən asılı olmamağı üzərində çalışıb və buna nail olub. Məhz Qarabağın geri qaytarılması və işğala son qoyulması müstəqilliyin bariz nümunəsidir.

Bu gün biz bütün qonşu dövlətlərlə mehriban sülh şəraitində yaşamaq, iqtisadi potensialımızı gücləndirmək, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasında maraqlıyıq. Cənab Prezident konfransda sualları cavablandırarkən bildirdi ki, “Həm Türkiyə, həm də Rusiya müharibədən sonra regionda yeni konfiqurasiyanın iştirakçılarıdır. Vəziyyətə nəzarət edən Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşir. Belə bir format tarixdə ilk dəfə mümkün olmuşdur. Bundan əlavə Türkiyə-Rusiya münasibətləri də nəzərə alınmalıdır. Bu gün Prezident Ərdoğan Ukraynada atəşkəsin əldə olunmasında vasitəçilik edir. Bütün bunlar regional təhlükəsizlik və sabitliyə xidmət edir

Ölkəmizin bütün qonşularla yaxşı münasibətləri var - təkcə Rusiya və Türkiyə ilə deyil, Gürcüstan və İranla da”
30 il ərzində ancaq Ermənistanın başını sığallamaqla məşğul olan Minsk Qrupu tarixin arxivinə gömüldüyündən Azərbaycan Avropa İttifaqını ədalətli vasitəçi kimi hesab edir və onun səylərini alqışlayır. İndi Avropa İttifaqı ilə ticarət, enerji, nəqliyyat, humanitar və demokratik inkişaf məsələləri istiqamətində böyük işlərin həyata keçirilməsi reallaşmaq üzrədir”.

Millət vəkili qeyd etmişdir ki, “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də Avropada ikili standartlar qalmaqdadır. İşğal olunmuş ərazilərdə 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoymayan, bunu siyasi yanaşma hesab edən UNESCO erməni abidələrinin dağılacağı əndişəsini yaşayır. Halbuki onlar hələ də etiraf edə bilmirlər ki, Azərbaycan tolerant ölkə olmaqla yanaşı, tarixə və tarixi abidələrə qayğı və sayğı ilə yanaşır. Kimin necə qəbul etməsindən asılı olmayaraq, Azərbaycan öz strateji hədəflərinə doğru inamla addımlayacaq, Zəngəzur dəhlisi də açılacaq. Bu dəhliz təkcə bizim deyil, ermənilərin də xeyrinə olacaq, onlar da Azərbaycanın enerji resurslarından bu və ya digər formada faydalanacaqlar. Sərhədlər də yaxın vaxtlarda müəyyən ediləcək”.

Sonda millət vəkili bildirmişdir ki, “Tarix şəxsiyyətləri yetişdirdiyi kimi, şəxsiyyət də tarixin gedişini dəyişdirir. Bu mənada cənab Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti bu müddəanı bir az da gücləndirmiş, nəinki erməniləri, hətta dünya güclərini belə reallıqla barışmağa məcbur etmişdir. Artıq Azərbaycan müzəffər bir xalq kimi öz yeni tarixini- inkişaf və tərəqqi tarixini yaradır. XXI əsrin birinci rübü bu böyük hadisə ilə tarixə qovuşacaqdır. Cənab Prezident İlham Əliyevin liderliyi ilə şərəfli tarixini yaşayan Azərbaycan islahatlar və stabil inkişaf modeli ilə öz dövlətçiliyini daha da möhkəmləndirəcək və yaxın zamanlarda Cənubi Qafqazda sülhün təminatçısı olacaqdır”.

AİA.Az


“Biz ərazi bütövlüyümüzü bərpa etmək, sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib”.

 

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlətimizin başçısı deyib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik.

“Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu özü gözəl bir bünövrə olar”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov