Xəbər lenti



Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. 

 Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987-2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Eyni zamanda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2022-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar.



Onlar bu dünyaya ataları şəhid olandan sonra gəliblər. Əksəriyyətinə də atalarının daşıdığı əzəmətli adlar verilib. Bəziləri isə onlara qoyulan adlarla zəfəri, davamiyyəti, əbədiyyəti simvolizə edir: Şuşa, Nişanə, Cənnət kimi...

Hətta atasının adını böyüdəni belə olub, Kamrana kimi...

 

“Qafqazinfo” məhz 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində ataları Vətən müharibəsində şəhid olandan sonra dünyaya gələn uşaqlarla bağlı sənədli film hazırlayıb. 

Xəbəri rus dilində oxuyun: Они родились после того, как их отцы стали шехидами… - Документальный фильм

Filmdə əsas xətt bu körpələrin atasız qalmaqlarına baxmayaraq, onların öz şəcərələrinin həm genetik, həm də mənəvi davamçıları olmağıdır. 

Bizə əmanət qalan azyaşlıların hər biri eyni zamanda atalarının yarım qalan arzularının yenidən çiçəklənməsi, davamıdır.

“Nar”ın dəstəyi ilə ərsəyə gələn “Sonbeşiklər” adlı filmdə atalarının şəhidliyindən sonra doğulan 102 uşaqdan 13-ü lentə alınıb.

Videonu instaqramyutubteleqram və feysbuk kanallarımızdan da izləyə bilərsiz.

Sözügedən filmi təqdim edirik:

 

 

 
 
 


Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Məktubun mətnində deyilir:

 

“Hörmətli cənab Prezident.

Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir.

Bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə biz həm də təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər edirik. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.

Mən Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində Sizin davamlı addımlarınızı alqışlayıram. Amerika Birləşmiş Ştatları bizim davamlı tərəfdaşlıq və əməkdaşlığımıza sadiqdir”.

Kamaləddin Qafarov: “İqtisadi güc, hərbi qüdrət və milli birlik qüdrətli Azərbaycan deməkdir ”

“Dünyada gedən siyasi proseslər və kataklizmlər fonunda Azərbaycan həm iqtisadi gücünə, həm hərbi cəhətdən inkişaf tempinə, həm də daxili stabilliyinə görə təhlükəsizlik və sabitlik diyarına çevrilib. Bunu ölkədə aparılan quruculuq prosesi, işğaldan azad olmuş ərazilərdə görülən işlər, cəmiyyətimizn daxili və xarici siyasətə müsbət reaksiyası bir daha sübut edir. Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesləri ilə yaxından tanış olması, müvafiq göstərişlər verməsi, həm Azərbaycan cəmiyyətinə, həm də dünya ictimaiyyətinə ötürülən mesajlar Azərbaycanın müstəqillik yolunda inamlı addımlarını və qətiyyətini bir daha təsdiqləyir. Prezidentimizin Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı zamanı dediyi kimi: “Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik”.

Bu sözləri mətbuata açıqlamasında millət vəkili Kamaləddin Qafarov söyləmişdir.

Millət vəkili qeyd etmişdir ki, “104 il bundan əvvəl öz müstəqilliyinə qovuşan Azərbaycan mövcud olduğu iki il müddətində həm dövlətçilik ənənəsini bərpa etməli, həm ərazi bütövlüyünü təmin etməli, həm də dağılmış Rusiya imperiyasının caynağından xilas olmalı idi. Lakin o dövrün siyasi reallıqları yenicə qurulmuş bir dövlətin bunları həyata keçirilməsinə ciddi əngəl törədirdi. Həm imperialist güclərin basqısı, həm də mənfur qonşuların torpaq iddiaları yenicə qurulmuş bir dövlətin inkişafına mane olurdu. Məcburiyyətdən öz tarixi ərazilərimizdən imtina edilməsi, qədim Azərbaycan şəhəri İrəvanın ermənilərə güzəştə gedilməsi bunun sübutu idi. Çünki yenicə qazanılmış müstəqillik kövrək idi. Bir neçə cəbhədə mübarizə aparmaq, reallıqlarla barışmamaq dövlətçiliyin məhvinə gətirib çıxara bilərdi. Daha sonra sovet hakimiyyəti Şərqi Zəngəzuru, Azərbaycanın tarixi ərazilərini Ermənistana verərək Azərbaycanın ərazi bütövlüyünə çox ciddi zərbə vurmuş oldu. Çünki o dövrlər ciddi ziddiyyətlər dövrü idi və Azərbaycan bu problemləri həll etmək gücündə deyildi.

Bu gün isə reallıqlar dəyişib. 1993-cü ildən öz həqiqi müstəqilliyinə qovuşan Azərbaycan Ulu Öndər Heydər Əliyevin böyük dühası, əzmi və nəhəng idarəçilik ideyaları əsasında inkişaf etməkdə, regionda ən güclü dövlətə çevrilməkdədir.
Ermənistan hərbi, siyasi və iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz, postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Minsk qrupu öz fəaliyyətini başa vurub. Bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edir. Qarabağ diyarının Azərbaycan ərazisi olduğunu bütün dünya təsdiqləyir”.
Millət vəkili demişdir: “ Prezident İlham Əliyevin cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışında qeyd etmişdir ki, “Böyük qayıdış” dediyimiz prosesə start verildi. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur”

Kamaləddin Qafarov vurğulamışdır ki, beynəlxalq hüququn heç də həmişə obyektiv işləmədiyi indiki zamanda güc amili ön plandadır. Şərait göstərir ki, güc amili bundan sonra da dünyada hakim olacaq. Ona görə də əlavə güc toplamalı, daha güclü olmalıyıq. Həm hərbi qüdrətimizi, həm də iqtisadi gücümüzü daim artırmalıyıq. İqtisadi güc, hərbi qüdrət və milli birlik qüdrətli Azərbaycan deməkdir. Doğma Vətənimiz Azərbaycanı daha möhtəşəm, daha yenilməz etmək üçün onu bu səviyyəyə çatdıran Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşməli, milli birliyimizi möhkəmlətməliyik.

AİA.Az
Azərbaycan indi beynəlxalq münasibətlərdə daha böyük ehtiram göstərilən dövlətdir




104 il bundan əvvəl öz müstəqilliyinə qovuşan Azərbaycan mövcud olduğu iki il müddətində həm dövlətçilik ənənəsini bərpa etməli, həm ərazi bütövlüyünü təmin etməli, həm də dağılmış Rusiya imperiyasının caynağından xilas olmalı idi. Lakin o dövrün siyasi reallıqları yenicə qurulmuş bir dövlətin bunları həyata keçirilməsinə ciddi əngəl törədirdi. Həm imperialist güclərin basqısı, həm də mənfur qonşuların torpaq iddiaları yenicə qurulmuş bir dövlətin inkişafına mane olurdu. Məcburiyyətdən öz tarixi ərazilərimizdən imtina edilməsi, qədim Azərbaycan şəhəri İrəvanın ermənilərə güzəştə gedilməsi bunun sübutu idi. Çünki yenicə qazanılmış müstəqillik kövrək idi. Bir neçə cəbhədə mübarizə aparmaq, reallıqlarla barışmamaq dövlətçiliyin məhvinə gətirib çıxara bilərdi. Daha sonra sovet hakimiyyəti Şərqi Zəngəzuru, Azərbaycanın tarixi ərazilərini Ermənistana verərək Azərbaycanın ərazi bütövlüyünə çox ciddi zərbə vurmuş oldu. Çünki o dövrlər ciddi ziddiyyətlər dövrü idi və Azərbaycan bu problemləri həll etmək gücündə deyildi.
Bu gün isə reallıqlar dəyişib. 1993-cü ildən öz həqiqi müstəqilliyinə qovuşan Azərbaycan Ulu Öndər Heydər Əliyevin böyük dühası, əzmi və nəhəng idarəçilik ideyaları əsasında inkişaf etməkdə, regionda ən güclü dövlətə çevrilməkdədir.
Dünyada gedən siyasi proseslər və kataklizmlər fonunda Azərbaycan həm iqtisadi gücünə, həm hərbi cəhətdən inkişaf tempinə, həm də daxili sabitliyinə görə təhlükəsizlik sabitlik diyarına çevrilib. Bunu ölkədə aparılan quruculuq işləri, işğaldan azad olmuş ərazilərdə görülən işlər və cəmiyyətin daxili siyasətə müsbət reaksiyası bir daha sübut edir. Cənab Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesləri ilə yaxından tanış olması, müvafiq göstərişlər verməsi, həm Azərbaycan cəmiyyətinə, həm də dünya ictimaiyyətinə ötürülən mesajlar Azərbaycanın müstəqillik yolunda inamlı addımlarını və qətiyyətini bir daha təsdiqləyir. Cənab Prezidentin Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışında dediyi kimi “Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik.
Son 100 ildə havadarlarının köməyinə və dəstəyinə arxalanan, daim diqtə edən və silah gücü ilə danışan, Azərbaycanın əzəli torpaqlarında, sözün əsil mənasında barbarlıq edən - Ermənistanın acınacaqlı vəziyyəti göz qabağındadır. Cənab Prezidentin qeyd etdiyi kimi bu vəziyyət onların işğalçılıq siyasətinin nəticəsidir. Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz. - Postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Minsk qrupu öz fəaliyyətini başa vurub. Bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür. Sərhədlərin müəyyən olunması avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması demək olacaqdır. Qarabağ diyarının Azərbaycan ərazisi olduğunu bütün dünya qəbul edir.
44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmırıq, şəhər və kəndləri yerlə-yeksan etmirik. Dünyaya sübut edirik ki, ermənilərdən fərqli olaraq biz qurub yaradan, səhranı belə cənnətə çevirməyi bacaran millətik.
Ulu Öndər Heydər Əliyev ideyalarına söykənərək müstəqil dövlətçilik yolunda ardıcıl mübarizə aparan Azərbaycan isə özünün yüksəliş dövrünü yaşayır, gün-gündən çiçəklənir. Ölkə nəhəng tikinti meydançasını xatırladır.
Reallıq odur ki, iqtisadi cəhətdən müstəqil dövlətlər barmaqla sayılacaq qədər az olduğu bir dövrdə Azərbaycan bu dövlətlərdən biridir. Hər hansı yardıma, kreditə ehtiyac duymayan dövlətimizin iqtisadi qüdrəti artmaqdadır. İqtisadi göstəricilərimiz çox müsbətdir. Dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır.
Azərbaycan indi beynəlxalq münasibətlərdə daha böyük ehtiram göstərilən dövlətdir.
Beynəlxalq hüquq işləmədiyi indiki zamanda güc amili ön plandadır. Şərait göstərir ki, güc amili bundan sonra da dünyada hakim olacaq Ona görə də daha güclü olmalıyıq, güc toplamalıyıq. Həm hərbi qüdrətimizi, həm də iqtisadi gücümüzü artırmalıyıq.
Bu gün tarixin ən mürəkkəb sınaqlarından uğurla keçən Azərbaycan müstəqilliyimizin 104-cü ilini qeyd edir. Azərbaycan Prezident İlham Əliyevin səbirli, müdrik və uzaqgörən diplomatiyasının qazandırdığı zəfərlə güclü, qüdrətli dövlət kimi yeni bir tarixi dövrə qədəm qoyur.

Rüstəm Nağıyev,
YAP Gədəbəy Rayon Təşkilatının sədri
Aqiyə Naxçıvanlı: “Azərbaycan yeni bir tarixi dövrə qədəm qoyur”

“104 il bundan əvvəl Azərbyacanın müstəqilliyi ardı-arası kəsilməyən ağır, gərgin ictimai-siyasi hadisələrin baş verdiyi günlərdə elan olunmuşdu. Qurucuları Azərbaycan Xalq Cümhuriyyətini yaşatmaq üçün həm ölkənin daxilində, həm də xaricində kök salmış düşmənlərə qarşı mübarizə aparırdılar. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində aparılan mübarizədə bir çox sahədə nailiyyətlər əldə edilsə də, o vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi, həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. Müstəqiliyin elanından bir gün sonra yeni yaradılmış hökumət qədim Azərbaycan şəhəri olan İrəvanı ermənilərə güzəştə getməyə məcbur oldu. Çünki XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm deyildi. Dünya imperializmi və yenidən dirçələn Rusiya imperiyası buna imkan vermədi. Sovet hakimiyyəti illərində də vahid dövlət daxilində olsaq da ermənilər öz torpaq iddialarından əl çəkmədilər.Sovetlər Birliyinin dağılması onların beynəlxalq güclərə arxalanaraq Qarabağı işğal etməsi ilə nəticələndi. 30 il ərzində işğalda saxladıqları bu cənnət diyarı xarabazarlığa çevirdilər, daşı daş üstə qoymadılar. Burada baş verənlər erməni vandalizminin, faşist dünyagörüşünün bariz nümunəsi oldu.

Əsil və əbədi müstəqilliyini Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə əldə edən Azərbaycan öz haqq işi uğrunda mübarizəsindən bir an belə geri çəkilmədi. Ardıcıl və məqsədyönlü siyasət, uğurlu diplomatiya, iqtisadi və hərbi sahədə qazanılmış nailiyyətlər və siyasi sabitlik bu proseslərin sonunu gətirdi. Ulu Öndər ideyalarının mübariz davamçısı Cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın milli birliyi öz sözünü dedi.
44 günkül Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getdilər. Üç minə yaxın şəhidimizin qanı bahasına tarixi torpaqlarımız işğaldan azad olundu”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı söyləmişıdir.

Deputat qeyd etmişdir ki, “Azərbaycan xalqı tarixə adını müzəffər xalq kimi yazmağı bacardı. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik. Dünyaya sübut elədik ki, bizim qəlbimizdəki Vətən sevgisinin qarşısında heç bir güc, heç bir silah davam gətirə bilməz. Sübut elədik ki. Öz liderinin ətrafında sıx birləşən bir xalqı yenmək olmaz. İndi bu torpaqlara “Böyük qayıdış” başlayıb. Qarabağın hər guşəsində bərpa-quruculuq işləri surətlə davam edir. Zəngilanın Ağalı kəndində icra edilən birinci pilot layihə başa çatmaq üzrədir. Bir il bundan əvvəl başlayan layihənin icrası ilə 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Bu kənddə məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Bunlar göstərir ki, ermənilərdən fərqli olaraq biz azərbaycanlılar qurub yaratmağı sevirik. Onlar kimi dağıtmaq, məhv etmək, saxta tarix yazmaq kimi işlər bizə yaddır”.
Deputat əlavə edərək bildirmişdir ki, “həyat reallıqları sevir. Real olan isə budur ki, bu gün Azərbaycan Cənubi Qafqazda həm iqtisadi, həm də siyasi güc mərkəzidir. Bunun əsasında isə zəngin iqtisadi potensialdan səmərəli istifadə və çoxkombinasiyalı siyasi diplomatiya dayanır. Cənab prezident İlham Əliyevin yürütdüyü çevik diplomatiya həm iqtisadi inkişafın həm də müharibədə qazanan qələbənin siyasi əsasıdır.

Reallıq budur ki, dünyada iqtisadi cəhətdən müstəqil ölkələrin az olduğu bir dönəmdə Azərbaycan regionda yardıma, kreditə ehtiyacı olmayan yeganə ölkədir. Bu da Azərbaycana müstəqil siyasət yürütmək imkanı verir və əsl müstəqillik də budur.

Beynəlxalq siyasi-iqtisadi müstəvidə gələcəyə aydın nəzərlərlə baxan siyasi və akademik çevrələr Azərbaycanı Cənubi Qafqazın gələcəyinin, bu bölgədə sülh və əməkdaşlıq mühitinin qarantı kimi görür. Bu faktdır və Azərbaycanın illər ərzində yaradıb formalaşdırdığı, Vətən müharibəsindəki zəfərlə də nidasını qoyduğu tarixi reallıqdır. Dövlət rəhbərimizin yürütdüyü müstəqil siyasət, müasir çağırışlara uyğun çevik qərarlar verərək zamanında həyata keçirməsi qazandığımız uğurların lokomotivi olmuşdur.

Azərbaycan Prezidenti hazırkı gərgin dünyamızda apardığı müstəqil siyasətlə ölkəmizin milli-strateji inkişaf xəttini uğurla həyata keçirir. Ölkəmizə böyük tarixi nailiyyətlər qazandırmaqla yanaşı, bir çox qlobal problemlərin aradan qaldırılmasına, bəşəriyyət üçün daha gözəl bir dünyanın qurulmasına mühüm töhfələrini verir.
Azərbaycanın açıq bəyan etdiyi sülh gündəliyi və gələcək əməkdaşlığa dair təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistana deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.

Ermənistan özü nə hərbi, nə siyasi, nə iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz. Arxalandığı havadarları isə bu gün reallıqları qəbul etmək zorundadırlar. Çünki ən çətin dönəmlərdə belə, Ermənistanın xarici havadarları Azərbaycan xalqını öz hədəfindən çəkindirə bilmədi. Azərbaycan xalqı güclü iradə göstərdi, birləşdi. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayandığını sübut elədi.

Azərbaycanın təklif etdiyi 5 prinsipi qəbul edən Ermənistan bəzən bu öhdəlikılərdən yayınmağa çalışsa da danışıqlar masası arxasında oturmağa, Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməyə məcburdur. Zəngəzur dəhlizi də açılacaq, sərhədlər də tezliklə dəqiqləşəcək. Yeni dünya düzəni və Azərbaycanın real gücü bunu deyir.
Bu gün tarixin ən mürəkkəb sınaqlarından uğurla keçən Azərbaycan müstəqilliyimizin 104-cü ilini qeyd edir. Azərbaycan Prezident İlham Əliyevin səbirli, müdrik və uzaqgörən diplomatiyasının qazandırdığı zəfərlə güclü, qüdrətli dövlət kimi yeni bir tarixi dövrə qədəm qoyur”.
 
 
 Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublikası idi

1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı. Cümhuriyyət hökumətinin fəaliyyətinə böyük dəyər verən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarının birində demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır.”

Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə malik olan Azərbaycanın həyatında müstəsna əhəmiyyət kəsb edən rol oynaya bildi. AXC dövründə müstəqil dövlət quruculuğu baxımından mühüm olan bir çox qərarlar qəbul edildi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı yaradıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı. Ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atıldı, xalqın maariflənməsi və milli mədəniyyətimizin inkişafı xüsusi diqqət mərkəzinə alındı. XX əsrin əvvəllərində, bütün dünyanın siyasi nizamının yenidən qurulduğu bir dövrdə istiqlaliyyətini elan etməklə Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, xalqımız müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev XX əsrin əvvəllərində 23 ay ərzində fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti ilə 1991-ci ildə müstəqillik qazanmış Azərbaycan Respublikası arasında əlaqəni yüksək qiymətləndirirdi. 2001-ci il oktyabr ayının 18-də Milli Müstəqillik Günü münasibətilə etdiyi çıxışında Ulu öndər demişdir: “Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda”.

Cümhuriyyətin dövlətçilik tariximizdəki rolu bu gün də daim ehtiramla xatırlanır, bu tarixə böyük diqqət göstərilir. Hazırda qeyd etdiyimiz Azərbaycanın Respublika Günü, Ordu Günü, Bayraq Günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub. Xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu vurğulamışlar. Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları xüsusi olaraq qeyd olunmalıdır.

Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması da bilavasitə ümummilli liderin adı ilə bağlıdır.

Azərbaycan XX əsrdə iki dəfə öz müstəqilliyini elan edib. Birinci dəfə bu müstəqlliyə 1920-ci ildə Azərbaycanın sovet bolşevik qoşunları tərəfindən işğalı ilə son qoyuldu. Həmçinin oxşar sonluq Azərbaycanı 1993-cü ildə də gözləyirdi. Lakin bu dəfə Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin müdaxiləsi düşmən qüvvələrin planlarını alt-üst etdi və müstəqilliyimiz əbədi oldu.

Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və dinamik inkişaf yoluna qədəm qoydu.

Bu gün Heydər Əliyev siyasi kursu, əsasını qoyduğu islahatlar ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə cavab verən yeni kontekstdə uğurla davam etdirilir. Bunun nəticəsi olaraq Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Məhz dövlət başçımızın yürütdüyü praqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan 2020-ci ildə özünün dövlətçilik tarixində indiyədək əldə etdiyi uğur və nailiyyətlərin ən böyüyünə, ən şərəflisinə imza atdı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistanın 30 il işğal altında saxladığı ərazilərini geri qaytardı və bununla da ölkənin ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar həm Azərbaycan üçün, həm də digər region ölkələri və qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açıb və məhz Azərbaycan bu reallıqların müəllifidir. Artıq Azərbaycan sadəcə Cənubi Qafqazda deyil, bütün Avrasiya məkanında həyata keçirilən ən önəmli transmilli layihələrin vacib iştirakçısı, bir çox hallarda isə təşəbbüskarı kimi tanınır və qəbul olunur. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi, hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi və digər mühüm nailiyyətlər müasir Azərbaycanın real gerçəkliklərini qabarıq şəkildə əks etdirir.


Kamaləddin Qafarov,
Milli Məclisin deputatı
aia.az

 
 
 Aqiyə Naxçıvanlı: 1990-cı ildə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağının qaldırılması müstəqilliyə gedən yolun başlanğıcı oldu
Ötən əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, 1918-ci il may ayının 28-də istiqlaliyyətini elan edərək şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir.

Bu fikirlər Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlının “1990-cı ildə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağının qaldırılması müstəqilliyə gedən yolun başlanğıcı oldu” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Əlbəttə, müstəqilliyə gedən yol heç zaman rəvan olmamış, cümhuriyyət yaranmamışdan öncə xalqımızın taleyində dəhşətli faciələr baş vermişdir. Tarixin müxtəlif mərhələlərində uydurma “Böyük Ermənistan” ideyasını gerçəkləşdirməyə çalışan erməni millətçiləri bolşevik silahlı dəstələri ilə birgə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişlər. Həmin günlərdə Bakı şəhərində və respublikamızın digər bölgələrində on minlərlə dinc sakin yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Azərbaycanda mart soyqırımını törətməklə erməni-bolşevik qüvvələri daha böyük məqsədlər güdür, Azərbaycan torpaqlarını işğal etmək istəyirdilər. Lakin 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçiliyin bərpası, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin başlanması düşmənlərin bu planlarını pozmuşdu. May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd – İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı.

XX əsrin sonlarında dövlət müstəqilliyini yenidən əldə edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan edərək Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü Respublika günü olaraq hər il təntənə ilə qeyd edir. Ümummilli liderimiz Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirmiş, cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət vermişdir. Təsadüfi deyil ki, Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi məhz Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq dövlət səviyyəsində geniş qeyd olunmuşdur.

Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti özünün fəaliyyəti dövründə düzgün siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərmişdi. Bunun nəticəsi olaraq, Xalq Cümhuriyyəti dünya birliyi tərəfindən tanınmış və Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını almışdı. Ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamda qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Respublikamız SSRİ-nin tərkibində olduğu dövrdə də müstəqillik hissləri xalqımızı heç zaman tərk etməmişdir. Ümummilli lider Heydər Əliyev hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə xalqımızın dövlətçilik ənənələrinin yaşadılması və inkişafı istiqamətində çox böyük işlər görmüş, XX əsrin sonlarında itirilmiş müstəqilliyin yenidən bərpa olunması üçün möhkəm zəmin yaradılmasında misilsiz xidmətlər göstərmişdir. Məlum olduğu kimi, ötən əsrin əvvəllərində Azərbaycan torpaqları hesabına Ermənistan adında dövlət yaradan ermənilər əsrin sonunda öz çirkin niyyətlərinə yenidən qayıtdılar. Lakin Heydər Əliyev amili, onun siyasi iradəsi, gücü və nüfuzu erməni millətçilərini belə təxribatlardan çəkindirirdi. Ulu Öndərin tutduğu vəzifələrdən uzaqlaşdırılmasından dərhal sonra erməni separatçıları Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək torpaqlarımıza hərbi hücumlara başladılar.

Azərbaycan xalqı ölkəmizin müstəqilliyi və azadlığı uğrunda qanlı mübarizə apararaq 1991-ci ildə dövlət müstəqilliyini bərpa edə bilmişdi. Lakin müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, keçmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin, anarxiyanın hökm sürməsi təşviş içərisində olan Azərbaycan xalqının sabaha ümidini sarsıtmış, yenicə əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi qarşısında qoymuşdu. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü iki il çəkmişdisə, onun varisi kimi yaranan Azərbaycan Respublikasının ömrü daha qısa ola bilərdi. Lakin Ulu Öndər Heydər Əliyevin xilaskar missiyası bu fəlakətin qarşısını aldı. Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən ümummilli lider Heydər Əliyev hələ 1990-cı ildə ilk dəfə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağını Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul etdi və bu, müstəqilliyə gedən yolun başlanğıcı oldu. Xalqın çağırışı ilə 1993-cü ildə respublikaya rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etdi, Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi. Beləliklə, ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycan milli dövlətçiliyi yenidən süquta uğramaq təhlükəsindən xilas oldu.

Heydər Əliyev siyasi kursunu uğurla inkişaf etdirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə ölkəmizin dünyada iqtisadi və maliyyə böhranlarının, bir çox təhlükələrin hökm sürməsinə baxmayaraq, sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi inkişafın təmin edilməsi, beynəlxalq mövqelərinin getdikcə möhkəmlənməsi, nəhəng qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmaqla gerçəkləşdirilməsi, müstəqilliyimizin bəhrəsidir. Möhtərəm dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində müasir müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu günədək əldə olunmuş böyük uğurların, möhtəşəm nailiyyətlərin pik nöqtəsi isə əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsidir. Bu şanlı Qələbə bir daha Heydər Əliyev siyasi kursunun yeganə doğru yol olduğunu və ölkəmizin məhz bu yolla davam edərək bundan sonra daha böyük nailiyyətlərə imza atacağını təsdiq edir.
 
 
 


“TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Səlcuq Bayraktar Azərbaycan səmalarında ilk dəfə döyüş təyyarəsi idarə edib.

 

Bu barədə Səlcuq Bayraktar “Facebook” hesabında yazıb.

“İlk dəfə bir döyüş təyyarəsi ilə uçmaq Can Azərbaycan səmalarında nəsib oldu”, - deyə S.Bayraktar bildirib.

S.Bayraktar Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” qırıcı təyyarəsi ilə azərbaycanlı pilot, polkovnik Zaur Rüstəmovla birlikdə “Akıncı” pilotsuz uçuş aparatı ilə yanaşı uçuş icra edib:

“MiQ-29” ilə “Akıncı”nın qolunda “TEKNOFEST” üçün Bakı üzərində uçmaq hissi tərifolunmazdır”.



“TEKNOFEST Azərbaycan”da sürprizlərimiz olacaq. Bütün türk dünyasını bu festivala dəvət edirəm”.

Bunu “Baykar Makina” şirkətinin texniki direktoru Səlcuq Bayraktar jurnalistlərə açıqlamasında deyib.

 

O, “TEKNOFEST Azərbaycan”a hazırlıqların onu təsirləndirdiyini deyib.

“Dünən meydanı gəzdik, bütün hazırlıqları yerində müşahidə etdik. Hələ “TEKNOFEST”in ruhu olan gənclər gəlmədən orada böyük bir enerjinin olduğunu gördüm”, - deyə o qeyd edib.

Səlcuq Bayraktar Azərbaycan Texniki Universiteti tərəfindən “fəxri doktor” adına layiq görülməsinə də münasibət bildirərək, bunun qürurverici olduğunu deyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov