Xəbər lenti



Bəzi kütləvi informasiya vasitələrində Ombudsmanın 30 min manata təyyarə icarəyə götürməsi ilə bağlı iddialar yayılıb. Bildirilib ki, İnsan Hüquqları üzrə Müvəkkil təyyarəni 23-31 may tarixləri arasında icarəyə götürüb və hava gəmisi Bakı-Füzuli-Bakı istiqamətində səfər edib.

“Qafqazinfo” xəbər verir ki, Ombudsman aparatı məsələ barədə açıqlama yayıb.

 

Bildirilib ki, bu iddialar həqiqəti əks etdirmir:

“Yayılmış iddialarla əlaqədar bildirmək istərdik ki, qeyd olunan məlumat həqiqəti əks etdirmir və ölkəmizdə insan hüquqları sahəsində aparılan islahatları, həmçinin Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətləri hər zaman dünya ictimaiyyətinə çatdıran Müvəkkilin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır.

Kütləvi informasiya vasitələri nümayəndələrinə müraciət edərək, bu cür qərəzli və əsassız məlumatların yayımlanmasından çəkinməyi tövsiyə edirik. Yekunda bildirmək istərdik ki, Azərbaycan Ombudsmanı bundan sonra da üzərinə düşən vəzifələri şərəflə yerinə yetirməyə davam edəcək”.

Professor Əhməd Cabbariyə minnətdarlıq məktubu

Həqiqətən də bir həkim üçün onun vasitəsilə şəfa tapmış, hansısa xəstəlikdən xilas olmuş pasiyentinin təbəssümündən və təşəkküründən daha böyük mükafat ola bilməz. Hər bir həkimin bütün fəaliyyət illəri ərzində əldə edə biləcəyi ən dəyərli mükafatı, onun müalicə edib sağlam həyata qaytara bildiyi insanların minnətdarlıqlarıdır. Əslində elə bu yazının ərsəyə gəlməsinin də səbəbkarı məhz qardaş İran İslam Respublikasında neyrocərrah Əhməd doktorun müalicə etmiş olduğu pasiyaentlərindən biri, Nuranə Tağıyevanın bizə müraciəti olub. Nuranə xanım redaksiyamıza müraciət edərək Əhməd doktora öz minnətdarlığını məhz bu cür bildirməsində ona köməklik etməyimizi xahiş etmişdi.


Neyrocərrah, tibb elmləri doktoru, professor Əhməd Cabbari İran İslam Respublikasında onurğa beyni cərrahiyəsi, kəllə bazası cərrahiyəsi və neyroendoskopiya kimi sahələrdə uğurla fəaliyyət göstərən yüksək ixtisaslı peşəkar həkimlərdən biridir.


Nuranə Tağıyeva isə, professor Əhməd Cabbarinin yenidən öz sağlamlığına qovuşdurduğu çoxsaylı insanlardan biridir. Nuranə xanım öz həkiminə minnətdarlığını bildirərək bunları deyib: “Neyrocərrah, professor Əhməd Cabbariyə yüksək peşəkarlığına və sonsuz insansevərliyinə görə ən dərin təşəkkürümü və ən səmimi hörmətimi bldirmək istəyirəm.


Əminəm ki, hörmətli professor indiyədək yüzlərlə xəstəyə dəqiq müayinəsi və müalicəsi ilə yeni həyat verib, mənim kimi, onları da ölümün pəncəsindən alıb. Ola bilsin, Əhməd doktor bəlkə də fərqinə varmır ki, hər gün həm İranın, həm də Azərbaycanın neçə-neçə kəndində, şəhərində yüzlərlə ailədə onun adına xeyir-dua səsləndirilir, minnətdarlıq edilir. Çünki o, nə qədər ümidsiz, əlacsız xəstəyə, demək olar ki, onların həyatlarının son anında nicat, şəfa vermiş, keçirdiyi uğurlu əməliyyatla onları yenidən həyata qaytara bilmişdir.Bu arada məni bilavasitə professor Əhməd Cabbari ilə tanış etmiş Turac ağaya da mənə etdiyi bu yaxşılığına görə xüsusi minnətdarlığımı bildirirəm. Allah sizlərdən razı olsun!”


Sonda bir maraqlı məlumatı da oxucularımızın diqqətinə çatdırmaq istəyirik. Məsələ bundadır ki, professor Əhməd Cabbari ailədə beş qardaşdan biridir, amma yeganə həkim deyil. İnsansevərlikləri, yüksək ziyalı həyat tərzləri ilə seçilən Cabbarilər ailəsinin daha üç üzvü, yəni Əhməd doktorla birlikdə beş qardaşdan dördü həkimdirlər. Professor Əhməd Cabbarinin digər üç qardaşı da öz sahələrində yüksək ixtisaslı peşəkarlardırlar.

AİA.Az
 



Britaniyanın yeni Baş Qərargah rəisi 3-cü Dünya Müharibəsi ilə bağlı xəbərdarlıq edib.

Britaniyanın yeni Baş Qərargah rəisi general Sir Patrick Sanders 3-cü Dünya Müharibəsi ilə bağlı xəbərdarlıq edib. Sandersin açıqlamaları təkcə Britaniya mətbuatında deyil, bütün dünyada geniş işıqlandırılıb.


İngiltərənin Mirror qəzetinin xəbərinə görə, Sanders əsgərlərə mümkün 3-cü Dünya Müharibəsində Rusiya ordusu ilə döyüşməyə hazırlaşmalı olduqları barədə mesaj göndərib. Sanders xəbərdarlıq edib ki, qoşunlar yenidən Avropada döyüşməyə hazır olmalıdır, çünki Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsizliyin yeni dövrünə gətirib çıxarır.


“Azərbaycana meymunçiçəyi ilə bağlı testlər və dərmanlar gətiriləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Report”a açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan səhiyyəsi istənilən epidemik və pandemik çağırışlara cavab verməyə hazırdır: “Meymunçiçəyi ilə əlaqədar bütün lazımi qabaqlayıcı tədbirlər görülüb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizə bu günlərdə testlər gətiriləcək. Eyni zamanda meymunçiçəyinin müalicəsi üçün lazım olan və qeydiyyatdan keçmiş bütün dərman preparatları çox qısa müddətdə ölkəmizə gətiriləcək”.

Səhiyyə naziri, həmçinin meymunçiçəyi ilə bağlı əhaliyə müraciət edib. O qeyd edib ki, meymunçiçəyinin geniş yayılmasına bir səbəb yoxdur: “Dünyada bununla bağlı iki minə yaxın hadisə qeydə alınıb. Ancaq indiyədək meymunçiçəyi ilə bağlı birbaşa ölüm hadisəsi qeyd edilməyib. Fürsətdən istfiadə edərək əhalimizə meymunçiçəyi ilə bağlı müraciət etmək istərdim ki, sadə fərdi gigiyena qaydalarına riayət etməklə bu bəladan uzaq dursunlar. Bununla da vətəndaşlarımız normal həyat tərzinə davam edə bilərlər”.



Azərbaycan işğaldan azad olunmuş Qarabağda bütün bərpa işlərini öz imkanları hesabına həyata keçirir.

Bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında söyləyib.

Bu gün Şuşada IX Qlobal Bakı Forumunun panel iclasının təşkilini mühüm hadisə adlandıran E.Hüseynov deyib: “Forumda iştirak edən xarici ölkələrin nümayəndələri burada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olurlar. Qonaqlara ərazilərin bərpa prosesi, enerji, telekommunikasiya, minalardan təmizlənməsi istiqamətində görülən işlər və bu işlərin mürəkkəbliyi barədə məlumat verilib”.
Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin 60 illik yubileyi

Ölkəmizin ən müasir standartlara cavab verən tibb ocaqları sırasında layiqli yer tutan Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yaranmasının 60 illiyinə həsr olunan elmi-praktiki konfrans keçirilib.

AİA.Az xəbər verir ki, konfransda Səhiyyə Nazirliyinin müavini Nadir Zeynalov, TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Milli Məclisin deputatları Musa Quliyev, İlham Məmmədov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, eləcə də Mərkəzdə fəaliyyət göstərən və xaricdən dəvət edilən həkim-mütəxəssislər iştirak ediblər.

Tədbir dövlət himninin səslənməsi ilə başladı.

Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbirdə açılış nitqi ilə çıxış edən M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, respublikanın əməkdar həkimi Rauf Ağayev bildirdi ki, hazırda Mərkəz Respublikanın böyük elmi-tədqiqat müəssisələrindən biri hesab edilir və burada ölkədə analoqu olmayan ixtisaslaşdırılmış cərrahi xidmət növləri cəmləşib. R.Ağayev vurğuladı ki, uşaq ürək cərrahlığı, xüsusiləşdirilmiş angioloji mərkəzlər, kardiocərrahiyyə, endokrin cərrahlığı, damar cərrahlığı və s. şöbələr ölkədə yeganə ixtisaslaşdırılmış şöbələrdir. 2011 - ci ildə ECM-nin 50 illiyi ilə əlaqədar tam təmir olunduğunu, müasir avadanlıqlarla təchiz edildiyini, açılışa dövlət başçısının şəxsən özünün gəldiyini minnətdarlıq hissi ilə xatırladı. Natiq belə qayğılı münasibətin bu müəssisənin kollektivini öz üzərinə düşən işləri daha həvəslə yerinə yetirməyə sövq etdiyini vurğulayaraq, göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. Mərkəzin bir elm ocağı kimi gənc həkimlərin, cərrahların yetişməsində müstəsna rolu olduğunu deyən R. Ağayev hal - hazırda müəssisədə 119 elmi işçinin, o cümlədən, 26 professorun, 70 tibb üzrə fəlsəfə doktorunun çalışdığını, Vətən müharibəsi dönəmində ECM-nin 35 həkiminin ön cəbhədə qospitallarda fəaliyyəti göstərdiyini, Mərkəzdə 120 qazinin cərrahi əməliyyata və müalicə olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, Mərkəzin həkimləri mütəmadi olaraq regionlara ezam olunaraq həm xəstələrə yardım edirlər, həm də bölgələrdəki həkimlərə öz bilik və bacarıqlarını öyrədirlər.

Daha sonra çıxış edən Səhiyyə nazirinin müavini Nadir Zeynalov M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əvvəllər Milli Elmlər Akademiyasının, sonradan Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərdiyi bütün bu 60 il ərzində çox şərəfli yol keçdiyini qeyd etdi. Mərkəzin sovet dönəmində də Elmi-Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutu kimi tanınan bir elm ocağı olduğunu bildirdi. Peşəkar tibbi və qeyri-tibbi personalın xidməti sayəsində hər gün onlarla insanın şəfa tapdığını söylədi. Mərkəzdə çalışan təcrübəli həkimlər tərəfindən müasir səhiyyə standartlarına uyğun əməliyyatların icra edildiyini deyən nazir müavini sonra Səhiyyə naziri Teymur Musayevin təbrikini və salamlarını çatdırdı.

Sonra çıxış edən TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva bildirdi ki, 60 illik müddət ərzində A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi fəaliyyəti ilə həmişə seçilən və öndə olan müəssisələrdən biri olub. Y.Qarayeva Mərkəzin əməkdaşları tərəfindən hazırlanan 300-dən çox elmi işin ölkədə və xaricdə nəşr edildiyini diqqətə çatdırıb.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov Azərbaycan səhiyyəsinin özünün yeni inkişaf mərhələsini yaşadığını və son illərdə tibbi xidmətlərin müasir standartlar səviyyəsinə yüksəldiyini, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələlərinin dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutduğunu bildirdi. O, ölkə səhiyyəsinin inkişafında Mərkəzin xüsusi yerinin olduğunu vurğuladı.

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin adından, universitetin müəllim və tələbələri adından tədbir iştirakçılarını salamlayaraq yubiley münasibətilə təbrik edən ATU-nun prorektoru Sabir Əliyev ECM-nin yaxşı tanıdığı həkimləri haqqında öz xatirələrini danışdı.
Konfransda Milli Məclisin deputatları Musa Quliyev və İlham Məmmədov ölkə başçısı İlham Əliyev tərəfindən səhiyyə sisteminə göstərilən diqqət və qayğıdan danışıb, həyata keçirilən islahatların gələcək illərdə səhiyyənin inkişafı üçün əvəzsiz rol oynayacağını qeyd etdilər.
Milli Onkologiya Mərkəzinin direktor müavini Fuad Quliyev Mərkəzin direktoru Cəmil Əliyevin təbrik məktubunu oxudu.

Gürcüstan və Qazaxıstan nümayəndə heyətinin də iştirak etdiyi və çıxışlarının dinlənildiyi tədbirdə Türkiyədən, Tacikistandan, Dağıstan və Özbəkistandan göndərilən təbrik məktubları oxundu.

Tədbirdə Elmi Cərrahiyyə Mərkəzinin fəaliyyəti haqqında qısametrajlı film nümayiş olundu.
 
 
 
 
 


“Rusiyaya qarşı sanksiyalar kontekstində Ermənistan iqtisadiyyatı üçün vəziyyət xoş deyil”.

 

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“Şübhəsiz ki, təkcə Rusiyadakı iqtisadi vəziyyət Ermənistan iqtisadiyyatına birbaşa təsir etməyib. Belə ki, ərzaq tədarükü, inflyasiya və digər çoxsaylı amillər ilə bağlı qlobal iqtisadi gərginlik də ölkə iqtisadiyyatına təsir edib”, - deyə Paşinyan söyləyib.



Təhsil naziri Emin Əmrullayev “Son zəng” tədbiri ilə bağlı qatıldığı 234 nömrəli məktəbdə məzunları təbrik edib.

“Report”un məlumatına görə, təbrikdə deyilir:

 

“Məktəbi bitirməyiniz münasibəti ilə bütün məzunları “Son zəng”lə bağlı təbrik edirəm. Bu gün elə günlərdən biridir ki, hər zaman yadda qalacaq. Bu gün həm də məsuliyyətli gündür. Artıq 11 illik böyük məktəb ili geridə qalıb. Bu müddət ərzində öyrəndikləri sinif yoldaşlarından, dostlarından, müəllimlərdən, məktəbdən ayrılıb yeni dünyaya atılırsınız. Yəqin ki, əksəriyyət yay aylarında qəbul imtahanları gözləyir. Bir qismi başqa təhsil, yaxud hərbi xidmət gözləyir. Həyatın sizə hazırladığı hansı hekayədən asılı olmayaraq hər birinizə uğurlar arzulayıram.

Builki “Son zəng” gözəl ilə təsadüf edir. Belə ki, ölkə başçısının sərəncamı ilə Azərbaycanda 2022-ci il “Şuşa ili” elan olunub. Şuşa ilinin məzunları olmaq hər kəs üçün qürurvericidir. Hər birimiz Azərbaycanın şanlı Qələbə tarixinin şahidi olmaqdan qürur duyuruq.

Eyni zamanda məzun olduğunuz dövrdən sonra Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi yəqin ki, hər birinizin həyatında əsaslı rol oynayacağını vurğulaya bilərəm. Bu il məktəbi bitirib müxtəlif ixtisaslara yiyələnəcəksiniz. Bir ixtisas mütləq olacaq. İnanıram ki, bir qisminizin işi, peşəsi məhz işğaldan azad olunmuş torpaqların bərpasına sərf ediləcək. Öz əmək fəaliyyətinizi şanlı və şərəfli işə yönəldəcəksiniz.

Müəllimləri də xüsusi təbrik edirəm, çünki bu gün siz öz əməyinizin bəhrəsini görürsünüz. Valideynlərə də təbrik düşür. Övladlarını 11 il hazırlayıb məktəbə göndərmək çətin dövrləri arxada qoyurlar.

Bu gün ölkədə 91 mindən artıq məzun məktəbi bitirir. Azərbaycan gənc ölkədir, əhalinin təxminən 2/3-sinin yaşı 40-dan aşağıdır. Gənc xalq olmağımızın üstünlüyü odur ki, ölkənin inkişafında, rifahında rolu böyükdür. Bu gün ən vacib arzum ondan ibarət olacaq ki, harada hansı peşədə olmalarından asılı olmayaraq daim Azərbaycanın inkişafına töhfə verən vətəndaşlar olasınız”.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov