Prezident İlham Əliyev Bakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 saylı məktəb kompleksində yaradılan şəraitlə tanış olub.
Bizimaz.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə məktəbdə yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, 1928-ci ildə inşa edilən təhsil ocağında müxtəlif illərdə təmir-bərpa işləri görülsə də, sıxlıq səbəbindən məktəbin əsaslı şəkildə yenidən qurulmasına ehtiyac yaranmışdı. Məktəbin 790 şagird yerlik binasında 54 sinif otağı var idi. Azərbaycan Prezidentinin “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 may, 2021-ci il 8 may, 2022-ci il 27 aprel tarixli sərəncamlarının icrası ilə əlaqədar məktəbin binası əsaslı təmir edilib və köhnə korpus sökülərək yerində yenisi tikilib.
Eyni vaxtda 2304 şagirdin təhsil ala biləcəyi məktəb bütün inventarla təchiz edilib. Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək müasir məktəb binası 82 sinif otağından ibarətdir.
Qeyd olundu ki, dördmərtəbəli korpusda sinif, əmək, hərbi, rəsm, həkim, musiqi və müəllimlər otaqları, laboratoriyalar, kitabxana, yeməkxana, idman, aerobika və akt zalları var. Məktəb zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib.
***
Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.
“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, 1931-ci ildən fəaliyyət göstərən 35 nömrəli tam orta məktəb tamamilə yenidən qurulub, təhsil ocağının 1931-1935-ci illərdə inşa edilmiş köhnə korpusu sökülərək yenidən inşa olunub. Məktəbin 888 şagird yerlik yeni binasında 24 sinif, informatika, əmək, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, yeməkxana və akt zalı yaradılıb. Dördmərtəbəli binanın ümumi sahəsi 5454 kvadratmetrdir.
Prezident İlham Əliyev məktəbin yeni binasının çağırışa qədər hərbi hazırlıq otağında, ekosinifdə, biologiya kabinetində, informatika və rəsm otaqlarında, yeməkxanada, əmək otağında və fizika kabinetində yaradılan şəraitlə tanış olub.