Xəbər lenti



Böyük Britaniya Rusiya ilə mümkün münaqişəyə hazır olmalıdır.

Bunu Britaniya Hərbi Hava qüvvələri komandanı Maykl Uiqston bəyan edib.

 

O, əmindir ki, Rusiya Federasiyası Ukraynadakı müharibə fonunda Böyük Britaniya və bütün Avropa üçün təhlükə yaradır.

M.Viqston onu da qeyd edib ki, hərbi ssenari o halda mümkündür ki, Rusiya Britaniya ərazisinə və ya NATO üzvü olan dövlətlərdən birinə hücum etsin.

Məlumata görə, Britaniya qoşunları məhz bu təhlükəyə hazır olmaq üçün artıq təlim keçir. Eyni zamanda, London Rusiya ilə birbaşa toqquşmaya getməyəcəyinə və yalnız qaçındırma tədbirləri ilə kifayətlənəcəyinə ümid edir.


“FOHOW” Beynəlxalq Korporasiyası Zaqatalada tədbir keçirib

Bu gün bəşəriyyəti ən çox düşündürən qlobal məsələlərdən biri də insan sağlamlığının qorunması, xüsusilə son bir neçə ildə dünya əhalisini daha kütləvi şəkildə təhdid etməkdə olan müxtəlif yoluxucu xəstəliklərə qarşı insan orqanizminin müqavimət imkanlarının artırılması, immun sisteminin gücləndirməsi ilə bağlıdır. Bu baxımdan artıq 8 ildən artıq bir müddət ərzində ölkəmizdə də öz şəbəkəsini qurmuş “FOHOW” Beynəlxalq Korporasiyasının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
İlk növbədə məlumat üçün bildirək ki, “FOHOW” Korporasiyasının əsası 1999-cu ildə Cin Xalq Respublikasında Yanşen mədəniyyəti daşıyıcılarının bariz nümünəsi olan cənab Yufeyn tərəfindən qoyulub. Bu gün isə Korporasiyanın geniş şəbəkəsi artıq dünyanın 90-dan çox ölkəsini əhatə edir. “FOHOW” Beynəlxalq Korporasiyasının əsas məqsədi insanların sağlamlığının keşiyində durmaqdır. Bu məqsədə nail olmaq üçün “Fohow” öz müştərilərinə insan orqanizminin immun sistemini möhkəmləndirən, sağlamlığı yaxşılaşdırmaq və qorumaq sahəsində unikal effektivliyə mailk olan, yalnız təbii inqredientlərdən hazırlanan, bitki tərkibli məhsullar təklif edir. Bu məhsulların istehsalı zamanı, ənənəvi Çin təbabətində istifadə olunan, gəncliyi, gözəlliyi və sağlamlığı qoruyan yüksək keyfiyyətli təbii məhsullardan və ən son texnologiyalardan istifadə edilir. İnsanların sağlam və xoşbəxt yaşamlarını təmin etmək üçün “Fohow” Beynəlxalq Korporasiyası bu gün orqanizmin təmizlənməsi, sağlamlığın qoruması, bədən çəkisinin azaldılması, müxtəlif xəstəliklərin qarşısının alınması üçün nəzərdə tutlan unikal vasitələr istehsal edir.
Az öncə də qeyd etdiyimiz kimi, “Fohow” Beynəlxalq Korporasiyası artıq 8 ildir ki, Azərbaycanda da öz nümayəndəliyini və geniş şəbəkəsini yaratmışdır. Hazırda bu nümayəndəliyə Nuranə xanım Tağıyeva rəhbərlik edir. Bir maraqlı məqamı qeyd edək ki, Korporasiya öz əməkdaşlarının və xarici ölkələrdə olan təmsilçilərinin peşəkarlıq səviyyələrini müəyyənləşdirmək məqsədilə onlara müxtəlif təsnifat dərəcələri təqdim edir. Nuranə Tağıyeva isə Korporasiyanın Avrasiya məkanında ilk olaraq “7 karat briliant” təsnifat dərəcəsinə sahib olmuş təmsilçisidir.
“Fohow” Beynəlxalq Korporasiyasının müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda fəaliyyəti həm də davamlı olaraq yeni iş yerlərinin açılması ilə də müşayiət olunur. Korporasiyanın fəaliyyətini təbliğ etmək, məqsəd və məramları ilə əhalini daha yaxından tanış etmək məqsədilə mütəmadi olaraq ölkənin müxtəlif şəhər və rayonlarında tədbirlər keçirilir. O cümlədən iyul ayının 16-da Zaqatala rayonunda növbəti belə bir tədbir keçirilmişdir. 400 nəfərə yaxın insanın qatıldığı həmin tədbir Heydər Əliyev Mərkəzində keçirilib. İlk növbədə tədbir iştirakçıları Vətən müharibəsində canlarını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra tədbiri açan Nuranə Tağıyeva giriş nitqi ilə çıxış edib. Tədbir iştirakçılarını salamlayan Nuranə xanım öz çıxışında ilk növbədə 44 günlük Vətən müharibəsində Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə misilsiz igidlik göstərərək torpaqlarımızı işğaldan azad etmiş Rəşadətli Azərbaycan Ordusunun şücaətini və qəhrəmanlığını bir daha qeyd edib. Həmçinin Nuranə Tağıyeva bu gün ölkəmizdə hökm sürən ictimai-siyasi stabilliyə, sahibkarlığın inkişafı və insanların rifah yüksəlişinin daha da sürətlənməsi üçün yaradılan geniş imkanlara görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib. Öz çıxışında Nuranə Tağıyeva “Fohow” Beynəlxalq Korporasiyasının məqsəd və məramları, şirkət tərəfindən təqdim olunan məhsullar və Korporasiyanın ölkəmizdəki şəbəkəsinə qoşulmaq istəyən vətəndaşlar qarşısında açılan geniş imkanlar barədə ətraflı məlumatlar təqdim edib.
Daha sonra tədbir mədəni proqramla davam edib. Proqramda incəsənət ustalarının bir-birindən maraqlı və rəngarəng çıxışları yer alıb. Tədbir rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Aia.Az
 
 
 
 
 
 


Benzinin ən baha və ən ucuz qiymətə satıldığı ölkələrin adları açıqlanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı “Picodi” portalı araşdırma aparıb.

Araşdırmanın nəticələrinə görə, 2022-ci ilin birinci yarısında Türkiyə 100 faizlik qiymət artımına görə liderdir.

Siyahıda sonrakı yerlərdə Ukrayna (63,3+ faiz) və Moldova (53+ faiz) gəlir. 

ABŞ altıncı yerdə qərarlaşıb – bu ölkədə yanacağın maya dəyəri 40,5 faiz artıb. Çində isə artım 28,3 faizə çatıb. 

Rusiyaya gəldikdə isə, burada yanacağın qiymətinin bahalaşması inflyasiyadan xeyli aşağı olub - 0,3 faiz. 

Səudiyyə Ərəbistanında qiymətlər dəyişməz qalıb. 

Qazaxıstan qiymətlərin 0,7 faiz ucuzlaşdığı yeganə ölkə seçilib.

Nəticə etibarı ilə Rusiya Avropada benzinin ən ucuz satıldığı ölkə olaraq qalır, dollarla ifadədə litri 0,89 dollara bərabərdir. Bununla belə, əmək haqqı nəzərə alındıqda, yanacaq ruslar üçün avropalılara və ya Fars körfəzi ölkələrinin sakinlərinə nisbətən qat-qat bahadır.

Ayda 52 288 rubl gəliri olan (vergi tutulmasından sonra) orta rusiyalı 1011 litr benzin ala bilər. İsveçrə, Lüksemburq və Danimarkada isə bu rəqəm müvafiq olaraq 2455, 1942 və 1502 litr təşkil edir. 

Qətərdə vətəndaş ayda 5968 litr, Küveytdə 5578 litr, Səudiyyə Ərəbistanında 4372 litr benzin ala bilər. Ən pis vəziyyət Kubadadır. Azadlıq adasının sakininin ayda cəmi 27 litr benzin əldə etmək imkanı var.

Ən aşağı benzin qiymətləri Əlcəzairdə (1 litr üçün 31 sent), Küveytdə (34 sent) və İrandadır (35 sent). Ən bahalı yanacaq isə Honq-Konqda müşahidə edilir – 1 litri 3 dollar.

Qeyd edək ki, Azərbaycanda bu il iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satış qiyməti 1.60 AZN-dən 2,00 AZN, "Aİ-98” markalı benzin isə 2,30 AZN olub. 



Rusiya Ukraynanın Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endirib.

“Qafqazinfo” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, raketlər ofis binasına düşsə də, yaşayış evlərinə də zərər dəyib.

Hadisə nəticəsində 12 nəfər həlak olub, daha 30 nəfər isə yaralanıb. 

Bununla yanaşı, 25 avtomobilin yandığı da bildirilir.

 

 

 



 


rtıq bir müddətdir meymunçiçəyi virusunun yayılması səbəbindən əhali arasında ciddi narahatlıq yaranıb. Qonşu ölkələrdə meymunçiçəyinə yoluxma faktlarının aşkarlanması isə bu narahatlığı daha da artırır. 

Belə ki, Türkiyə, İran və Gürcüstanda meymunçiçəyinə yoluxma faktları qeydə alınıb. Rusiyada da meymunçiçəyinə ilk yoluxma faktı artıq təsdiq edilib. Xəstəlik Avropa səfərindən qayıdan vətəndaşda aşkarlanıb.

 

Azərbaycan bu ölkələrin tam ortasındadır və quru sərhədləri bağlı olsa da, hava yolları açıqdır. Belə olan halda virusun ölkəyə keçmə riski artırmı?

Məsələ ilə bağlı TƏBİB-in infeksion nəzarəti təşkili şöbəsinin koordinatoru Turan İbrahimova Oxu.Az-a açıqlamasında bildirib ki, immun sistemində zəiflik olan şəxslər digərlərinə nisbətdə virus xəstəliklərinə daha tez yoluxa və daha ağır keçirə bilirlər.

Onun sözlərinə görə, hazırda ölkəmizdə meymunçiçəyi xəstəliyinə yoluxma qeydə alınmayıb:

“Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol hazırlayıb. Protokolun hazırlanmasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mütəxəssisləri də iştirak ediblər. Bu protokol ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulub.

Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib. Müraciətin nəticəsi olaraq ÜST tərəfindən üç min diaqnostik test artıq Azərbaycana gətirilərək SN-in Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib”.

T.İbrahimova onu da əlavə edib ki, Azərbaycanda digər ölkələrdən gətirilmiş meymunçiçəyi şübhələri qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur:

“Meymunçiçəyi tibbə məlum olmayan yeni bir xəstəlik deyil. Qeyd edim ki, ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında aşkarlanıb. Lakin o dövrdən bu yana dünyanın bir çox ölkələrində, əsasən endemik ölkələrdə müxtəlif alovlanmaları müşahidə olunub. Lakin son dövrlərdə ÜST tərəfindən xəstəliyə endemik olmayan dörd regionda meymunçiçəyi xəstəliyinə yoluxma faktları barədə məlumatlar bildirilib”.

“Meymunçiçəyi xəstəliyi əsasən insandan insana və heyvandan insana yoluxur. Xəstəlik daha çox gəmirici heyvanlar vasitəsilə keçir. İnsandan insana isə xəstəlik keçirən şəxsin dəri səthindəki səpki möhtəviyyatı ilə sıx təmas vasitəsi ilə yoluxa bilər. Həmçinin daha az hallarda uzun müddətli tənəffüs kontaktı vasitəsilə də xəstəliyin yoluxması mümkündür. 

Klinik simptomlarına gəldikdə isə əsasən baş, bel ağrıları, bədən hərarətində yüksəlmə müşahidə olunur və digər viral xəstəliklərdən fərqləndirici xüsusiyyəti isə limfa vəzilərində böyümənin olmasıdır. Əl gigiyenasına riayət, həmçinin xəstəliyə yoluxma şübhəsi olan insanla təmasda tibbi maska istifadə edərək qorunmaq mümkündür. Dünyada xəstəliyə qarşı vaksin mövcuddur. Həmçinin keçmiş dövrlərdə tətbiq olunan çiçək vaksininin də xəstəlikdən qoruduğu haqqında məlumatlar var”, - deyə Turan İbrahimova qeyd edib.

Könül Cəfərli



Tanzaniyada naməlum epidemiya başlayıb və artıq üç nəfər ölüb. Xəstəliklə bağlı araşdırmalara başlanılıb.

Bu barədə BBC məlumat yayıb.

 

Ölkənin cənubunda yerləşən Lindi bölgəsində ümumilikdə 13 hadisə qeydə alınıb. Xəstəliyin simptomları Ebolaya çox oxşardır - şiddətli baş ağrıları, qızdırma, yorğunluq və qanaxmalar, eyni zamanda burun qanamaları.

Tanzaniyanın Səhiyyə Nazirliyinin açıqlamasına görə, laboratoriya testlərinin ilkin nəticələri Ebola virusunun mövcudluğunu istisna edir. Ölkə hakimiyyəti yoluxmuş şəxslərin təmasda olduqları insanları araşdırır. Hazırda beş nəfər təcrid olunub.

Tanzaniyanın baş həkimi Ayfelo Siçalve vətəndaşları təlaşlanmamağa çağırıb. Sadalanan simptomları olan insanlar dərhal həkimə müraciət etməlidirlər.



Prokurorluq orqanlarında yeni kadr təyinatı olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. 

 

Baş Prokurorun əmri ilə Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru vəzifəsinə təyinat alıb.

Onun yerinə isə Ağdaş rayonuna yeni prokuror vəzifəsinə Anar Əliyev təyin edilib. 

Xatırladaq ki, Anar Əliyev bu təyinatdan əvvəl Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində böyük prokuror vəzifəsində çalışıb. O, universitetə qəbul imtahanında göstərdiyi yüksək nəticəyə görə “Prezident təqaüdçü”sü olub. 

Baş Prokurorun daha bir əmri ilə Vüqar Nəsibov Bakı şəhər prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi təyin edilib. V.Nəsibov bu təyinata qədər Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru vəzifəsində çalışıb.

Məlumatları Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-a təsdiq ediblər. 

Könül Cəfərli



Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” birinci təsnifat mərhələsində Polşanın “Lex” klubu üzərində böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə adladı. Bundan sonra da azarkeşlərin komandaya inamı böyükdür, hər halda müzakirə mövzusu Qurban Qurbanovun komandasıdırsa, bunda şübhə edəcək bir məqam da yoxdur. Bəzən 90 dəqiqə ərzində amneziya xəstəliyinə “düçar oluruq”. “Qarabağ”ın Azərbaycan futbolunun içindən çıxdığını unuduruq. Komanda Avropa səviyyəli futbol sərgiləyir, Polşa çempionu ilə ilk oyunda uduzur, cavab matçında 20-ci saniyədə qol buraxır və yekun nəticədə 5:1 hesabı ilə qalib gəlir. Türklərin sözü olmasın, buna ancaq “şapka çıkartılır”.

“Qarabağ” sözsüz ki, Azərbaycan futbolunun brendidir və bu komandanın uğurlarını sıralamasında ömrünün 14 ilini Ağdam klubuna həsr edən 50 yaşlı baş məşqçi Qurban Qurbanovun əməyi danılmazdır. 

 

Bu yazıda isə “Qarabağ”ın uğur qazanmasında yer alan gizli, pərdəarxası memarlardan bəhs edəcəyik. 

Sözsüz ki, komandanın uğur qazanmasında ən başlıca amillərdən biri də maliyyə dayaqlarının güclü olmasıdır. 

“Qafqazinfo” xəbər verir ki, 1993-cü ildə Ağdam işğal olunduqdan sonra “Qarabağ” da didərgin düşüb, komanda ciddi maliyyə sıxıntıları yaşayıb. “Köhlən atlar” maddi sıxıntılardan 2000-ci illərin əvvələrində xilas olub. Bu, 2001-ci ildə “Azərsun Holdinq”in komandaya sponsorluq etməyə başlamasından sonra reallaşıb. Həmin dövrdən klub “Qarabağ-Azərsun” adlandırılıb. 

Həmin illəri şirkətin rəhbəri, Ağdam klubun fəxri prezidenti Abdulbari Gözəl belə xatırlayır:

“Heydər Əliyev 2001-ci ildə məni çağırdı və dedi ki, klub al, adını “Qarabağ” qoy. Sonra Ağdam klubunun büdcəsi ilə maraqlandım. Dedilər ki, 32 min manatdır. Bildirdim ki, bunun 10 qatını verəcəyəm. Mənəvi cəhətdən “Qarabağ” bizim üçün çox önəmlidir. Çox şadam ki, çempionluqlar var. Futbolçularımıza təşəkkür edirəm. Bu günləri bizə yaşadan Qurban Qurbanova, Əmrah Çəlikələ təşəkkür edirəm. Ümid edirəm ki, məsuliyyətli işimizi davam etdirəcəyik”.

İki il sonra isə “Qarabağ-Azərsun”un rəhbər strukturunda bir sıra dəyişikliklər aparılıb və Abdulbari Gözəlin oğlu Tahir Gözəl komandanın vitse-prezidenti təyin edilib. Tahir Gözəlin kluba gəlişindən sonra “Qarabağ”ın tarixində yeni səhifə açılıb. Məhz Tahir Gözəlin təşəbbüsü ilə 2004-cü ildə “Qarabağ”ın tarixi adı özünə qaytarılıb və komanda yenidən bu adla adlandırılmağa başlanıb, klubun loqosu yenidən dizayn edilib.

2015-ci ildən Ağdam klubunun prezidenti olan Tahir Gözəl İngiltərənin Şeffild Management, Fransanın Soup De Coup universitetlərinin məzunudur.

“Mən heç vaxt unuda bilmirəm ki, Londonda taksiyə minəndə sürücü məndən haralı olduğumu soruşdu. Dedim ki, azərbaycanlıyam. Deyəndə fikirləşdim ki, yəqin neft ölkəsi olduğumuza görə bizi tanıdı. Dedim neftimizə görə tanıyırsan? Dedi ki, yox! Onun “Qarabağ”ın “Rosenborq”u udduğuna görə Azərbaycanı tanıdığını deyəndə mənim hansı hallar keçirdiyimi təsəvvür edə bilməzsiniz. Bu, bizim qələbəmiz idi. Dünyaca məşhur Stiv Maklarenin “Siz, “Qarabağ”la fəxr etməlisiz” deməsi bizim üçün ən böyük hədiyyə idi. Demək, neçə illər çəkdiyimiz əziyyət boşa getməyib. “Qarabağ” Azərbaycanı beynəlxalq aləmdə tanınmasında az iş görmədi. Təbii ki, bu, bizim üçün son deyil” - Tahir Gözəlin müsahibələrinin birində səsləndirdiyi bu fikirlər 10 il əvvələ təsadüf edir. Müsahibədən 5 il sonra Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolunda tarix yazır.

“Qarabağ”ın hazırda vitse-prezidenti Fevzihan Arasdır.

O, eyni zamanda klubun İdarə Heyətininü üzvüdür. 2000-ci ildə “Azərsun Holdinq”də rəhbər vəzifədə çalışan iş adamının Ağdam klubuna gəlişi 2007-ci ilə təsadüf edir.

“Qarabağ”ın rəhbər heyətində yer alanlardan biri də Əmrah Çəlikəldir. O, Ağdam klubunun icraçı direktorudur.

1976-cı ildə Ankarada anadan olan Əmrah Çəlikəl, Türkiyədə Ərciyəs Universitetinin Bədən Tərbiyəsi və İdman Fakultəsini bitirib. 1998-ci ildə isə Azərbaycana, ailəsinin yanına gəlib. Həmin illərdə Əmrah Çəlikəlin atası Bakıda “Azərsun Holdinq”də çalışıb. İxtisası idman müəllimidir, 10 ildən artıq basketbolla məşğul olub. O, Bakıya gəlişindən sonra atasının tövsiyəsi ilə “Azərsun”da satış departamentində staj keçməyə başlayıb.

“Qarabağ”a gəlişini isə belə xatırlayır:

“2003-cü il idi. “Azərsun” Qazaxıstanda nümayəndəlik açmışdı və orada işlərimiz yaxşı alınmadı. Bakıya qayıtdım və Tahir Gözəllə işləməyə başladım. Bir görüşümüzdə Tahir bəy məndən soruşdu ki, hansı universiteti bitirmisən, hansı işləri görə bilirsən. Özüm haqda ona məlumat verərkən idman akademiyasını bitirdiyimi qeyd etdim. Tahir bəy “Qarabağ”a yeni vitse-prezident təyin olunmuşdu. Heç düşünmədən klubda işləməyimi təklif etdi. Əlbəttə, mən də heç düşünmədən qəbul etdim. Deyə bilərəm ki, hər şey təsadüf nəticəsində alındı. Tahir bəy klubda işləməyimi məsləhət gördü, mən də bunu qürurla qəbul etdim.

“Azərsun Holdinq”də “Qarabağ”ın bir otağı vardı. Şirkətin baş ofisindəki otaqlardan biri klub üçün ayrılmışdı. Fəaliyətimizi orada davam etdirdik. Sonra otaqların sayı 2 oldu. Ardından bizə ayrı ofis verdilər. Mərkəz ofisin arxasında kiçik bir meydança vardı. Komanda müəyyən məşqlərini orada etməyə başladı. Daha sonra “Ruslan-93”ü icarəyə götürdük. Nəhayət, artıq bir müddətdi öz bazamız var. Göründüyü kimi, 1 otaqdan böyük bazayadək yolumuz keçdi. “Qarabağ”ın bir idarəetmə sistemi var”.

Komandada rəhbər vəzifədə çalışanlardan biri də Asif Əsgərovdur. O, Ağdam klubunun Baş meneceridir.

1981-ci ildə anadan olub. Azərbaycan Dovlət Neft Akademiyasının Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib. Eyni zamanda Stokholm Biznes Universitetinin İdman Menecmenti fakültəsinin də məzunudur. 2004-cü ildən “Qarabağ”da çalışır. 2017-ci ildən Avropa Klublar Birliyinin İşçi Qrupunun üzvü, 2019-cu ildən isə İşçi Qrupunun katibidir.

“Təcrübə bilikdən daha vacibdi. Təbii ki, bu, o demək deyil ki, siz birini və ya digərini seçsəz, uğura zəmanət veriləcək. Onda biz hər il avrokuboklarda iştirak edən klub deyildik. Amma uğura psixoloji hazırlaşırdıq. Əvvəllər minimal hədəf avrokuboklara vəsiqə qazanmaq idi. O dövrün reallıqlarına baxanda bu, çətin idi. Amma Azərbaycan kubokunu qazanandan sonra uğurlarımız davamlı oldu. Bu, gələcək taleyimizi müəyyən edən bu qığılcım idi. Biz güclü, sabit kluba çevrilmişik. İlk çempionluğu 5 il gözlədik, amma səbirli olduq və işi məşqçinin öhdəsinə buraxdıq. Biz ildən-ilə təkcə idman baxımından yox, həm də mənəvi cəhətdən böyüyürdük, qələbələrə hazır olurduq” - Asif Əsgərov komandanın uğurlarından danışarkən deyir.

Aydın məsələdir ki, komandanın uğur qazanmasında əsas amillərdən biri də düzgün transfer siyasətidir. Bu iş əksər Azərbaycan klublarında düzgün aparılmır. Bəzən klub rəhbərləri baş məşqçidən xəbərsiz futbolçu transfer edirlər ki, bu problem də mövsümün gedişində özünü biruzə verir. Ancaq “Qarabağ”ın ən böyük özəlliyi isə futbolçuların məhz baş məşqçi Qurban Qurbanovun tərəfindən seçilməsidir. Bu iş birbaşa olaraq təcrübəli məşqçinin ixtiyarına buraxılıb və heç bir müdaxilə edilmir. Uğurun əsasında da məhz bu düzgün idarəçilik dayanır.

Emin Səfərov 



Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verdiyini açıqladı. Bunu Qərb-Rusiya qarşıdurmasının Ukrayna torpaqlarındakı təzahürü fonunda izah etmək yanlış olardı.

Çünki Britaniyada daxili siyasi təlatümlər tez-tez baş verir və bu, Londonun strateji müdafiə reflekslərinə zərbə endirmək potensialına malik deyil.

 

Britaniyada kimin baş nazir postunda əyləşməsindən asılı olmayaraq, o, qlobal siyasətini dərin strateji zəka ilə müəyyənləşdirir və bu proses davam edəcək.

Bununla belə, Britaniyada hökumətə sədrlik etmək uğrunda bir yarışa start verilir və bu sahədə bəzi prosedur qaydalar mövcuddur.

Birləşmiş Krallıqda baş nazir istefa verdikdə, bir qayda olaraq, seçki keçirilmir. Boris Conson istefa versə də, onun payıza qədər vəzifəsinin başında qalacağı gözlənilir.

Əgər Conson payıza qədər baş nazir postunda qalsa, bu, o deməkdir ki, mühafizəkarlar yeni lider seçənə qədər öz vəzifəsini davam etdirəcək. Qanuna görə, bu müddət ərzində Conson Nazirlər Kabinetinə yeni üzvlər təyin edə bilər.

Bir az da aydın olsun deyə qeyd edək ki, Boris Conson Mühafizəkar partiyasının liderliyindən istefa verdikdən və yeni lider tapıldıqdan sonra baş nazirlik postu ilə vidalaşacaq.

Bəs mühafizəkarlar öz liderlərini necə seçirlər?

Mühafizəkarlar partiyasının lideri istefa verdikdən sonra yeni lider seçimi üçün seçki başlayır. Qaydalara əsasən, liderliyə namizədlərin namizədliyini irəli sürmək üçün mühafizkarlardan səkkiz deputatın dəstəyi lazımdır.

Əgər seçim zamanı ikidən çox namizəd qalarsa, bu zaman yalnız iki nəfər qalana qədər bir sıra səsvermə keçirilir.

Yəni:

- Birinci turda namizədlər seçkilərdə qalmaq üçün ən azı 5 faiz səs toplamalıdırlar,

- İkinci turda onlar 10 faiz səs qazanmalıdırlar,

- Növbəti turlarda ən az səs toplamış namizədlər mübarizədən kənarlaşdırılırlar,

- Sonda qalib iki nəfər arasından seçilir.

Britaniya mətbuatında Boris Consondan sonra kimin baş nazir olacağı da müzakirə edilir.

Həmin şəxslərin bəziləri bizə tanışdır. Məsələn, Böyük Britaniyanın yeni istefa vermiş səhiyyə naziri Sacid Cavidin, indiki xarici işlər naziri Liz Trassın və müdafiə naziri Ben Uollesin də adları namizədlər sırasında çəkilir.

Britaniya özünün qlobal siyasət konsepsiyasını “Qlobal Britaniya” strategiyası ilə təzələyib və buna uyğun davranmaqda davam edəcək.

Yəni daxili-siyasi təlatümlər Britaniyanın xarici siyasət kursuna təsir göstərməyəcək.

Aqşin Kərimov

Consonun istefası: Nələr gözlənilir? – ŞƏRH



Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir.

Nazirlikdən verilən xəbərə görə, aparılmış monitorinqlər nəticəsində 30 nəfər çalışmanın yaş həddinə çatmış müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib.

Belə ki, həmin müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili və digər sahələrdə ciddi nöqsanlar aşkar olunub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov