Xəbər lenti



“Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahiri öldürülüb.

Bunu açıqlamasında ABŞ Prezidenti Co Bayden təsdiqləyib.

 

Adının çəkilməsini istəməyən Bayden administrasiyasının yüksək rütbəli rəsmisi isə ABŞ kəşfiyyatı tərəfindən Ayman əl-Zəvahirin yerinin bu ilin əvvəlində müəyyən edildiyini bildirib. Onun sözlərinə görə, aylarla onun hərəkətləri izlənilib və ailəsi ilə birlikdə Kabildə təhlükəsiz evdə yaşadığı müəyyən edilib.

“Əl-Zəvahirinin ailə üzvləri zərbə zamanı evin digər hissələrində olub və məqsədli şəkildə hədəfə alınmayıb və silahsız olublar. Bu zərbədə mülki əhalinin zərər çəkdiyinə dair heç bir əlamətimiz yoxdur”, - deyə rəsmi əlavə edib.

Qeyd edək ki, 71 yaşlı Ayman Əl-Zəvahiri ABŞ-da törədilən 11 sentyabr terror aktının təşkilatçısı olaraq bilinirdi. O, Usamə bin Ladenin məhv edilməsindən sonra “Əl-Qaidə”yə rəhbərlik edirdi.

“Bu gün dünyanın əksər ölkələrində tətbiq olunan əlifbalar latın qrafikası üzrə tərtib olunub. Beynəlxalq əlaqələrin təmin olunmasında istifadə olunan yazı sistemi də latın qrafikasına əsaslanır. Bu baxımdan müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın öz əlifbasını bərpa etməsi respublikamızın dünya birliyinə inteqrasiyasının sürətlənməsi baxımından vacib addım olmuşdur.”

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanda rəsmi olaraq latın qrafikalı əlifba ilk dəfə 1923-cü ildən tətbiq olunmağa başlayıb. Lakin bundan 5-il sonra Türkiyə də bu əlifbaya keçdiyinə görə İ. Stalin Sovet İttifaqının bütün müsəlman respublikalarında, o cümlədən Azərbaycanda məcburi qaydada kiril əlifbasını tətbiq etdi və bu vəziyyət 1992-ci ilə qədər davam etdi. 1992-ci ildə yenidən latın qrafikalı Azərbaycan əlifbasına keçid olunması ölkənin ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biri oldu.

Ulu Öndər Heydər Əliyev tərəfindən 2001-ci il avqustun 9-da imzalanmış “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərman xüsusi əhəmiyyət kəsb edən tarixi hadisədir. Deputat xüsusi olaraq vurğulayıb ki, ölkəmizdə Azərbaycan dilinin inkişafı və dövlət dili statusuna qədər yüksəlməsi də yalnız ötən əsrin 70-ci illərindən sonra mümkün olub: “Azərbaycan dilinin respublikamızda dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin adı ilə bağlıdır. 1960-cı illərin sonuna qədər olan dövrdə respublikamızda Azərbaycan dili hakim mövqeyə sahib deyildi. Həmin dövrdə ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi və dövlət tərəfindən bu məqsədlə hər hansı bir tədbir də görülmürdü. Əksinə, bütün tədbirlər yalnız müttəfiq respublikalarda yerli xalqların doğma dillərinin sıxışdırılması məqsədini güdürdü. 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik edən Heydər Əliyev dil məsələsində öz mövqeyini böyk cəsarətlə və qətiyyətlə bildirib.”

Deputat qeyd edib ki, Azərbaycan dilinin dövlət dili statusunun Azərbaycan Respublikasının Konstitusiyasında xüsusi maddə ilə təsdiqinə nail olmaqla Heydər Əliyev öz xalqı və gələcək müstəqil dövləti qarşısında ən böyük tarixi xidmətlərindən birini həyata keçirmiş oldu: “1977-ci ildə növbəti SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihələri də dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Azərbaycan Respublikasının

Konstitusiya layihəsi də hazırlanmışdı. SSRİ rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq bu layihədə Azərbaycan dilinin hansı status daşıması məsələsi öz əksini tapmamışdı. Lakin həmin dövrdə artıq respublikamıza rəhbərlik edən Heydər Əliyev var gücü ilə Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdı. Kreml və hökümət rəhbərlərinin müxtəlif bəhanələrlə yaratdıqları bütün ciddi maneələrə baxmayaraq, o, yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L.Brejnevlə görüşərək Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini birdəfəlik həll edir. Nəticədə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.”

Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi də ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasətinin uğurla həyata keşirilməsinin nəticələridir: “Məlum olduğu kimi, 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu gün də ölkəmizdə Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmçinin müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan möhtərəm dövlət başçımızın “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli-mənəvi varlığımızın sübutu olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik üzrə araşdırmaların yaxşılaşdırılmasıdır. Ölkə Prezidentinin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir”.
 
Bakıda Universal Döyüş idman növü üzrə növbəti “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi


Məlum olduğu kimi, bu gün əlbəyaxa döyüş növləri bütün dünyada getdikcə populyarlığını artıran idman nölərindəndir. Təbii ki, Azərbaycanda da bu idman növünə böyük maraq vardır. Qeyd etmək lazımdır ki, Azərbaycan Universal Döyüş Federasiyasının məqsədyönlü və səmərəli fəaliyyəti ölkəmizdə əlbəyaxa döyüş növlərinə marağın artmasını daha da stimullaşdırır. Belə ki, SSRİ İdman ustası, Əməkdar Məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Azər Həsənovun rəhbərlik etdiyi bu federasiyanın idmançıları mütəmadi olaraq istər Azərbaycanda, istərsə də xarici ölkələrdə keçirilən mötəbər yarış və turnirlərdə əldə etdikləri qələbələrlə bütün Azərbaycan gəncliyi üçün əsl örnək olurlar.
Digər tərəfdən isə, Azərbaycan Universal Döyüş Federasiyası belə maraqlı yarış və turnirləri mütəmadi olaraq ölkəmizdə də keçirməklə əlbəyaxa döyüş növlərinin ən yüksək səviyyədə təbliğini də həyata keçirir. Növbəti belə möhtəşəm turnirlərdən biri də paytaxt Bakıda 31 iyul tarixində təşkil olunub. Azərbaycan Universal Döyüş Federasiyası, Azərbaycan Peşəkar Universal Döyüş Liqası və “Qartal” Peşəkar İdman Klubunun birgə layihəsi olan bu turnir Peşəkarlar Arasında Reytinq Yarışları xarakteri daşıyıb.
7 çəki dərəcəsi üzrə keçirilən yarışda 55 kq Zəfər Abdulrəhmanov (Xaçmaz, “Əhməd Fight Club”); 60 kq çəki dərəcəsində Elvin Huseynli (Şəki “Qafqaz” idman klubu); 65 kq çəkidə Miradəm İbrahimov (Biləsuvar, “Zəfər” idman klubu); 70 kq çəkidə Nurlan Babayev (Xaçmaz, “Əhməd Fight Club”); 80 kq çəkidə Murad Şeldiyev (Bərdə, “Laçın” İK); +90kq çəlkidə Vahid Əsəadov (Yevlax idman klubu) və qadın idmançılar arasında 65 kq çəkidə Fərqanə Saxrayeva (Yevlax idman klubu) yarışın qalibləri olmuşlar. Turnirin qalibləri həmçinin növbəti beynəlxalq yarışlarda iştirak etmək hüququ verən lisenziya əldə etmişlər.
Qeyd edək ki, Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun rəhbərliyi və “Qartal” Peşəkar İdman Klubunun prezidenti Yaqub İbrahimovun təşkilatçılığı ilə keçirilən bu yarış “Kəhriz” sularının baş sponsorluğu və “Berg” enerji içkilərinin, “Academy Qalib Hazırlıq Kursları”nın sponsorluğu, “AF Hotel”in və “The Post” İstirahət Mərkəzinin təşkilatı dəstəyi və AİA.az (Azərbaycan İnformasiya Agentliyi) saytının informasiya dəstəyi ilə təşkil keçirilib.

Aia.Az


 
İlham Mustafayev - 70

Uca dağların yamacları da təpələrin zirvəsindən yüksəkdə durur.
Əbu Turxan



İyul ayının 31-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili idarəsinin sabiq rəisi, iqtisadiyyat üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, şərəfli və mənalı ömrünü bütövlükdə Azərbaycan təhsilinin inkişafına həsr edən İlham Mustafayevin anadan olmasının 70 ili tamam olur.

Hörmətli İlham müəllim,
Ömrünüzün arxada qalan 70 ilinə və uca zirvələrə doğru qürurla addımlayan inamlı-ilhamlı yeni qədəmlərinizə görə Uca Tanrıya min bir dualar edirik. Bu tarixi xoş gün münasibətilə Sizi, ailə üzvlərinizi, göz açdığınız ağır bir eli-Qarayazını, bütün İlhamsevənləri səmimi qəlbdən təbrik edirik.
Bir haşiyə: İlham müəllimi bir dəfə görən insanların əksəriyyətinin düşüncəsi belədir: üzündə Peyğəmbər nuru olan sadə, təbii və səmimi, xoşxasiyyət, mülayim təbiətli bir insan, əsl müəllim, əsl ziyalıdır. Daha yaxından tanıyanlar isə, onun alicənab, dərin elmi dünyagörüşünə, böyük elmi-pedaqoji təcrübəyə malik olduğunu, özünəməxsus idarəetmə bacarığı, rəhbər-böyük olmağı ilə fərqləndiyini, ictimai-siyasi proseslərdə barışmaz və prinsipial mövqeyini qorumağı bacardığını, sayılıb-seçilən, səmimiliyi və xeyirxahlığı ilə minlərlə insanın məhəbbətini qazandığını, Allaha sığınan böyük ziyalı olduğunu əminliklə deyirlər.

Bir də insanlara hörmət və səmimiyyətlə yanaşmaq ən böyük yaxşılıqdır, Sizə xas belə bir xarakter hər bir insan üçün xoşbəxtlikdir. Həm də bu nəciblik insana bir qayda olaraq söy kökündən gələndir. İlham müəllim, yazıb-yaratdıqlarınız, etdiyiniz minlərlə yaxşılıqlar qədirbilənlər arasında adınızı zirvələrə daşıdı, elm-ürfan sahibləri arasında bəlli ünvana çevirdi. Bütün bunlar Sizə el məhəbbəti qazandırdı, Xalq şairi Zəlimxan Yaqubun yazdığı kimi:

El zərgərdi, zəri seçdi, bəyəndi,
Eldən gəlsə, şöhrət göyə dəyəndi.


1974-cü ildə S.M.Kirov adına Bakı Dövlət Universitetinin “Mexanika riyaziyyat” fakültəsini bitirən İlham Abdulla oğlu Mustafayev rektorluğun qərarı ilə universitetin Hesablama Mərkəzində saxlanılır. Burada baş laborant kimi fəaliyyətə başlayan İlham Mustafayev vəzifəsinin öhdəsindən bacarıqla gəldiyinə görə qısa bir zamanda vəzifə pillələrini sürətlə addımlayır: kiçik elmi işçi, baş mühəndis, riyaziyyatçı-proqramçı, nəhayət, tədris üzrə informasiyanın hazırlanması və emalı qrupunun rəhbəri kimi məsul vəzifələri tutur.

Onun istedadlı mütəxəssis, həm də gözəl xarakterli, bir insan olması barədə ilk olaraq iş yoldaşları, daha sonra isə universitet rəhbərliyi də xoş fikirlər söyləməyə başlayırlar. Çox keçmir ki, gənc İlham Mustafayev 1979-cu ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə işə dəvət olunur. Burada da az bir zamanda: inspektor, aparıcı inspektor, böyük inspektor və baş inspektor vəzifəsinə yüksəlir.

1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Ali və Orta İxtisas Təhsili Nazirliyi yeni yaradılan Xalq Təhsili Nazirliyinin tabeliyinə verilir. Bu illər ərzində ali və orta ixtisas təhsili sahəsində bacarıqlı mütəxəssis kimi formalaşan İlham Mustafayev 1992-ci ildə Azərbaycan Xalq Təhsili Nazirliyinin (03 sentyabr 1993-cü ildən Təhsil Nazirliyi) Ali və orta ixtisas təhsili idarəsinin rəisi vəzifəsinə təyin edilir.

Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümumilli lideri Heydər Əliyev 31 avqust 1994-cü ildə Bakı şəhərinin təhsil işçiləri ilə görüşündə təhsil ictimaiyyətinə müraciət edir: “İndi Azərbaycan müstəqil dövlətdir. Respublikamız müstəqil dövlət kimi Azərbaycanın öz milli ideologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsini də milli məqsədlər, mənafelər əsasında qurmalıdır”. Milli-mənəvi dəyərlərimizə, soy kökümüzə, şanlı tarixi keçmişimizə və xoşbəxt gələcəyimizə yön alan bu müqəddəs çağırış bütün təhsil strukturlarını və işçilərini kütləvi hərəkətə gətirdi, hər kəsə qol-qanad verdi. Görüləsi işlərin həcmi və miqyası isə çox böyük idi...

Müstəqil Azərbaycan dövlətinin ali və orta ixtisas təhsili strukturunun milli maraqlar əsasında formalaşmasında: qanunvericilik bazasının qurulması, ölkə iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, yeni məzmunun yaradılması və reallaşdırılması, yeni nəsil təhsil işçilərinin yetişdirilməsi kimi ölkə əhəmiyyətli və qlobal məsələlərdə İlham Mustafayevin gərgin əməyinin xoş bəhrələri bu gün arxaya və irəli baxdıqca uzaqdan görünməkdədir.
İnanırıq ki, bundan sonra da İlham müəllim milli təhsilimizin inkişafı naminə öz əməyini, böyük təcrübəsini əsirgəməyəcəkdir.

Çox hörmətli İlham müəllim,
Tarixi hadisələrlə dolu ömrünüzün arxada qalan 70 ili xalqına, Vətəninə sadiqlik nümunəsi, öz üzərinə götürdüyü vəzifələri şərəflə icra edən, xeyirxah əməlli, ömrünü ləyaqətlə yaşamağı, könüllərdə yer tutmağı bacaran, əsl MÜƏLLİM-İNSAN olmağınızın sübutudur.
Adınız hər yerdə fəxrlə çəkilir!
Dəyərli Vətənoğlu, dostum-qardaşım, USTADIM...
İlhamsevərlər adından ömrünüzün bundan sonrakı dövründə də Sizə can sağlığı, daim gümrahlıq arzulayıram. Gələn günləriniz bir-birindən gözəl gəlsin, böyük ailəniz, həyatınız bahar təbiətli böyük ürəyinizcə olsun.
Allah Sizi qorusun!

Vidadi Ömər oğlu Orucov
Pedaqogika üzrə elmlər doktoru

 
 

Kamaləddin Qafarov: “İcra orqanlarının dövlət siyasətinin  reallaşmasında rolu böyükdür”

“Azərbaycan 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı və tarixi Qələbə ilə başa vurduğu II Qarabağ müharibəsinin əsas nəticələrindən biri olaraq özünün ərazi bütövlüyünü bərpa etdi. Artıq iki ilə yaxındır ki, işğaldan azad edilmiş ərazilərdə möhtəşəm yenidənqurma işləri aparılır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində rayonlarımızda böyük infrastruktur layihələri həyata keçirilib, əhalinin su, qaz, elektrik enerjisi ilə təchizatı, yol infrastrukturunun yenilənməsi, səhiyyə, təhsil, idman və mədəni-məişət müəssisələri üçün nəzərdə tutulan yeni binaların inşası və bir çox digər istiqamətlərdə böyük işlər görülüb və bu işlər indi də davam etdirilir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Regionların inkişaf göstəricilərindən birinin də əhalinin məşğulluğu ilə bağlı olduğunu vurğulayan deputat bildirib ki, rayonlarda həyata keçirilən infrastruktur layihələri yeni iş yerlərinin də açılmasını təmin edir: “Ölkə Prezidenti cənab İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına təyin olunmuş yeni İcra Hakimiyyəti başçlarını qəbul edərkən etdiyi çıxışında bütün bu məsələlərə xüsusi olaraq toxundu və qeyd etdi ki, yeni iş yerlərinin açılması son dərəcə əhəmiyyətli məsələdir. Həqiqətən də müstəqillik illərində ölkə əhalisinin sayının 3 milyon nəfər artdığını nəzərə alsaq, insanların rifah halının yüksəlməsi üçün əmək məşğulluğunun zəruri amil olduğunu görərik. Bu baxımdan təbii ki, ölkədə sahibkarlığın inkişafı böyük önəm kəsb edir. Bu gün Azərbaycanda özəl sektorun inkişafına göstərilən dövlət qayğısı, xüsusilə istehsal müəssisələrinin yaradılması yönümündə sahibkarlara dəstək öz nəticələrini verməkdədir. Dövlətin ödənişli sosial iş yerlərinin açılması istiqamətində atdığı addımlar da böyük önəm kəsb edir”, - deyə K.Qafarov bildirib.

Millət vəkili insanların həyat şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən dövlət proqramlarının effektiv icrası yönümündə icra strukturlarının aparıcı rolunu qeyd edərək deyib: “Aydındır ki, rayon və bölgələrdə həyata keçirilən dövlət proqramlarının effektiv icrasının təmin olunmasında rayon icra hakimiyyəti strukturlarının xüsusi rolu var. O rayonlardakı bu strukturlara rəhbərlik edən şəxslər öz işlərinə peşkarlıq və məsuliyyətlə yanaşırlar, fəaliyyətlərində xalqın və dövlətin mənafelərini əsas götürürlər, həmin rayonlarda inkişaf gedir. Təəssüflər olsun ki, bəzi hallarda bunun əksi də olur. Lakin bu gün bütün neqativ hallara qarşı dövlətimiz tərəfindən ciddi və qəti tədbirlər görülməkdədir. Öz çıxışında dövlət başçımızın da qeyd etdiyi kimi, işində yol verdiyi qanun pozuntuları səbəbilə artıq bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir. Bu, bir daha Azərbaycanda qanunun aliliyi prinsipinə ciddi əməl olunduğunu göstərir. Ölkə Prezidenti yeni təyinat alan məmurlara hər zaman konkret tapşırıq və tövsiyələrini verir. Bu tövsiyələrdə ən vacib məsələ kimi, vətəndaşlara qayğı, insanların mövcud problemlərinin həlli, rifah halının daim yüksəlməsi istiqamətində zəruri addımların atılması kimi məsələlər hər zaman önə çəkilir, xüsusi vurğulanır”.

K.Qafarov açıqlamasının sonunda deyib: “Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında bir daha şəhid ailələrinə və qazilərə daha çox diqqət və qayğı göstərilməsinin vacibliyini qeyd etdi. Bir həqiqətdir ki, hazırda dövlətimiz tərəfindən bu istiqamətdə əhatəli və effektiv iş aparılır, böyük layihələr həyata keçirilir. Şəhid ailələri və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. İndiyədək 12500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minlərlə minik maşınları verilmişdir. Dövlət öz üzərinə düşən vəzifəni səmərəli şəkildə və yüksək səviyyədə icra edir. Bu gün rayonlarda fəaliyyət göstərən icra orqanları da dövlətin bu siyasətini yerlərdə məsuliyyətlə həyata keçirməlidirlər. Möhtərəm Prezidentimizin dediyi kimi Azərbaycan dövlətinin siyasəti Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib”.

AİA.Az
 
 
Taninmiş iş adamı, xeyriyyəçi Gülağa Tənha bir qrup media nümayəndələrini mükafatlandırıb

AİA.Az xəbər verir ki, tanınmış iş adamı, alim, şair-publisist və mesenat Gülağa Tənha 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş xeyriyyə tədbiri keçirib. Tədbirə dəvət olunan media qurumları arasında Az-press.AZ xəbər saytı, Can Vətən xəbər saytı, Azeri Pravda xəbər saytı, FUTbol+, “Şərq” qəzeti, SəsTV, “Cənub Xəbərləri” saytı, AİA.az (Azərbaycan İnformasiya Agentliyi) xəbər saytı, Aziya.az saytı, DiA.AZ, SiAM.AZ, QLOBAL.az, Newscenter.az saytları yer alıblar.

Məlum olduğu kimi, Gülağa Tənha Moskva İnşaat Mühəndisləri institutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akademiyasının tikinti və memarlıq rektorudur.

Gülağa müəllimin rəhbərlik etdiyi “Gülaga Qəmbərov Fondu” Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. Respublikamızda idmanın inkişafına qayğı göstərən Gülaga Qəmbərovun ən böyük arzularından biri dünya şahmat tacının Azərbaycana gətirilməsidir.

Həmçinin Gülağa Tənha respublikamızda medianın inkişafına mütəmadi olaraq öz dəstəyini və töhfələrini verir. O cümlədən 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə də Gülağa Tənhanın bədii və publisist yaradıcılığına müntəzəm olaraq yer verən, həmçinin onun fəaliyyətilə bağlı obyektiv yazılar dərc edən media qurumlarına pul mükafatları təqdim olunub. Tədbirdə çıxış edən media nümayəndələri Gülağa müəllimin gördüyü işlərdən söz açıblar, onun xeyriyyəçilik fəaliyyətini xüsusi olaraq vurğulayıblar.

Tədbirin sonunda iştirakçılara Gülağa Tənhanın müəllif imzası ilə kitabları və sözlərinə bəstələnmiş mahnıların yazıldığı disklər hədiyyə olundu, xatirə şəkilləri çəkildi.
 
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-07_1658755673_q-1.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-07_1658755716_q-2.jpg
 
 
 
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-07_1658755673_q-1.jpg
b_500_300_16777215_00_https___aia.az_uploads_posts_2022-07_1658755716_q-2.jpg
 
Kamaləddin Qafarov: “Azərbaycan – Avropa İttifaqı əməkdaşlığı qarşılıqlı etimad prinsiplərinə əsaslanır”

“İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” çox böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, yeni imzalanmış Memorandum Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış birinci sənəd deyil. 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə isə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan – Avropa İttifaqı qarşılıqlı əməkdaşlığının kifayət qədər uğurlu tarixçəsi və real nailiyyətləri vardır. Bu günədək Azərbaycanın reallaşdırdığı demək olar ki, bütün enerji layihələri Avropa İttifaqı və tərəfdaş ölkələr tərəfindən dəstəklənib. Bu layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişir. Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq mövcuddur ki, bu da böyük nailiyyətdir.

Memorandumun əhəmiyyətini vurğulayan deputat bildirib ki, bu sənəd Azərbaycan ilə Avropa İttifaqı arasında enerji tərəfdaşlığını daha da gücləndirir: “İlk növbədə, Anlaşma Memorandumunda nəzərdə tutulan vacib məqamlardan biri Azərbaycandan Avropa İttifaqına göndəriləcək qazın həcminin ikiqat artırılması niyyətidir. Bununla bağlı Avropa İttifaqı öz üzərinə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair öhdəlik götürüb. Nəzərdə tutulub ki, hazırda nəql olunan illik 8 milyard kubmetr qaz həcmi gələn il 12 milyard, növbəti bir neçə il ərzində isə 20 milyard kubmetrə çatdırılsın.

İmzalanmış sənədin strateji əhəmiyyətini əks etdirən daha bir məqam bərpaolunan enerji ilə bağlıdır. Məlumdur ki, Azərbaycan bu sahədə də nəhəng potensiala malikdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev media üçün bəyanatda bu məqama xüsusi toxunaraq bildirdi ki, ilkin qiymətləndirməyə görə, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavata, Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə keçirdiyi geniş tərkibdə görüşün gedişində müzakirə olunan mövzulardan biri də “yaşıl” hidrogenlə bağlı oldu. Anlaşma Memorandumunun imzalanması ilə bu vacib sahədə də Azərbaycanla Avropa İttifaqı arasında gələcək əməkdaşlığın möhkəm təməli qoyulmuş oldu. Beləliklə, Azərbaycan yaxın gələcəkdə Avropa İttifaqı üçün təkcə yanacaq növlərinin təchizatçısı deyil, həm də bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaş olacaq.”

Millət vəkili Avropa İttifaqı ilə əlaqələrin ölkəmizə sərmayə qoyuluşu baxımından da perspektivli olduğunu qeyd edərək deyib: “Azərbaycan – Avropa İttifaqı əməkdaşlığı qarşılıqlı etimad prinsiplərinə əsaslanır. Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin və əməkdaşlığın enerji sahəsindən başqa digər bütün aspektləri də müzakirə edilib. Yeri gəlmişkən, Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iyulun 19-da Brüsseldə keçirilmiş iclasında da ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında yeni ikitərəfli saziş üzərində çalışmalar gedir. Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarlarından biridir. Bu gün Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti ölkəmizi xarici investorlar üçün çox cəlbedici edir. Təbii ki, bu istiqamətdə də əməkdaşlığın genişləndirilməsi Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin daha da inkişafına əhəmiyyətli töhfələr verə bilər”.

AİA.Az


“Nar”, 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini artıq  ənənəvi olaraq təşkil olunan intellektual yarışmada bir araya gətirib. 30-dan çox media orqanını təmsil edən jurnalistlər 10 komandada biliklərini yarışdırıblar. İştirakçılara 7 tur boyunca milli və dünya mədəniyyətinə, tarixə, texnologiyaya aid müxtəlif çətinlikdə suallar verilib. İntellekt yarışında qalibiyyəti “Report” komandası qazanıb, “Azərtac” İA-ni təmsil edən komanda 2-ci, “Molla Nəsrəddin” komandası isə 3-cü yerləri tutublar. Qalib komandalara “Nar” tərəfindən xüsusi hədiyyələr təqdim edilib.  

“"Nar" olaraq, Milli mətbuat gününü mətbuatımızın dəyərli nümayəndələri ilə birgə qeyd etməkdən qürur duyuruq. Bu gün böyük həcmdə informasiya ilə üzləşirik, buna görə də cəmiyyətə məlumatın düzgün şəkildə ötürülməsi böyük əzm və məsuliyyət tələb edir. Bu vacib işin öhdəsindən gələn mətbuat nümayəndələrinə "Nar" adından təşəkkür edirəm. Milli mətbuat günümüz mübarək!”, - deyə “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov tədbirdə bildirib.

 

“Nar” maariflənməni təşviq etmək məqsədilə müxtəlif sosial layihələr həyata keçirir, eyni zamanda intellektual yarışların dəstəkçisi rolunda çıxış edir. Layihələr haqqında daha ətraflı məlumat üçün: https://www.nar.az/news/  

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.

 

 




 


Şirvan şəhər sakini İbrahiməjdər Həmidovun anasından miras qalmış torpaq sahəsi və evin qardaşı tərəfindən saxta sənədlər əsasında başqa şəxsə satılması ilə bağlı daxil olmuş müraciəti üzrə prokurorluqda araşdırma aparılıb. 

Şirvan şəhər prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, Şirvan Bələdiyyəsi və ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarının  xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmələrinə, həmçinin onların həqiqi məzmununu təhrif edən düzəlişlər edərək vəzifə saxtakarlığı etmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam edir.



Ukraynada Rusiyanın başlatdığı müharibə həlledici mərhələdədir. Müttəfiqlərin və tərəfdaşların köməyi çox vacibdir.

Bunu Ramştayn formatında görüş zamanı Pentaqonun rəhbəri Lloyd Ostin bildirib.

 

“Bilirsiniz, bu, münaqişənin kritik mərhələsidir. Ona görə də bizim Ukraynaya kollektiv dəstəyimiz həyati və aktualdır. Rusiya hesab edir ki, o, Ukraynanı və bizi üstələyə bilər. Amma bu, Rusiyanın yanlış hesablamalarının sonuncusudur”, - deyə Ostin bəyan edib.

Onun sözlərinə görə, 30-dan çox ölkə Ukraynaya hərbi yardım göndərib. O, müttəfiqləri dəstəyi artırmağa çağırıb və həmçinin yardıma görə Polşa, Norveç və Britaniyaya təşəkkür edib.

Xatırladaq ki, bu gün Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun Ramştayn formatında dördüncü iclası keçirilib.

Mənbə: rbc.ua

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov