Xəbər lenti



“İkinci Qarabağ müharibəsinin memarı Ali Baş Komandan İlham Əliyev, onun icraçısı isə Azərbaycan əsgəri və Azərbaycan xalqıdır. Bu Qələbə Ermənistan ordusunun XXI əsrin fərari ordusuna çevrilməsi ilə nəticələndi”.

Bunu “Report”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

 

O bildirib ki, ölkəmiz son əsrlərdə ilk dəfə olaraq itirilmiş ərazilərini geri qaytardı:

“Şah İsmayıl Xətaidən sonra ilk dəfə məhz Prezident İlham Əliyev Azərbaycana aid torpaqları xalqımızın nəzarətinə qaytarmaqla adını tariximizə qızıl hərflərlə yazdırdı. Ordumuzun Vətən savaşındakı möhtəşəm Qələbəsi bütün türk dünyasının yenidən formalaşmasına gətirib çıxardı. Beləliklə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi Azərbaycan ilə Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin birbaşa təsiri ilə mümkün oldu.

İllər, aylar, əsrlər keçəcək, çox şeylər unudulacaq, amma Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə göstərdiyi fədakarlıq, qəhrəmanlıq heç vaxt yaddan çıxamayacaq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza və veteranlarımıza cansağlığı versin! Bu gün məhz onların sayəsində Azərbaycan xalqı qalib xalqdır və buna görə də biz onların hər birinə minnətdarıq”.

Ekspertin fikrincə, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsini bir neçə əsas mərhələyə bölmək mümkündür:

“Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin əks-hücum əməliyyatına başlaması ilə düşmənin ön xəttinin yarılmasını, düşmənin dərinlikdəki hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılmasını, Cəbrayıl və Füzuli rayonlarının altı kəndinin azad edilməsini ilk mərhələyə aid edə bilərik. Bu mərhələ Azərbaycan Ordusunun hissə və bölmələri üçün sonrakı müddətlərə nisbətən bir qədər daha çətin oldu. Çünki düşmən 30 illik işğal dövründə həm taktiki, həm də strateji baxımdan daha əlverişli mövqelərdə yerləşmişdi. Eyni zamanda, düşmənin müdafiə xətti 25 ildən daha çox müddətdə “Ohanyan səddi” deyilən kifayət qədər ciddi maneələrə malik mühəndis qurğularından ibarət idi. Ordumuz müharibənin ən çətin vəzifəsi olan Ohanyan səddinin və düşmənin birinci müdafiə eşelonunun yarılması vəzifəsini cəmi səkkiz saata icra etdi. Bu vəzifələrlə yanaşı, həmin səkkiz saat ərzində Azərbaycan Ordusu paralel olaraq Ağdərə və Kəlbəcər istiqamətindəki yüksəkliklərdən başqa, dördü Füzuli, ikisi isə Cəbrayıl istiqamətində olmaqla daha altı kəndi düşmən işğalından azad etdi. Bu, Horadiz əməliyyatından sonra Azərbaycan Ordusunun düşmən üzərində qazandığı ən böyük uğur idi. Bu Zəfəri Silahlı Qüvvələrimiz döyüş əməliyyatlarının ilk günlərində və ən çətin vəzifələrinin icra olunduğu zamanda əldə etdi”.

Ekspertin sözlərinə görə, sonra Azərbaycan Ordusu düşmənin ehtiyat qüvvələrinin döyüşə yeridilməsinin qarşısını almaqla yanaşı, eyni zamanda Qarabağın ətrafındakı Cəbrayıl və Füzuli rayonlarını, eləcə də Qarabağ ərazisinə aid olan Hadrut qəsəbəsini azad etdi:

“Bununla da düşmənin silahlı birləşmələrinin geri çəkilməsi sürətləndi, erməni ordusunda fərarilərin sayı artmağa başladı və Ermənistan üçün ən təhlükəli olan döyüş əməliyyatlarının sahəsi genişləndi. Bu mərhələdə, həmçinin Azərbaycan Ordusunun sərhəd qoşunları Arazboyu istiqamətində kifayət qədər yüksək sürətlə irəliləyərək Xudafərin körpüsünə çatdı və Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsini bərpa etdi. Ordumuz hücumları paralel olaraq həm Qubadlı, həm də Xocalı istiqamətində davam etdirdi”.

Ə.Verdiyev, həmçinin bildirdi ki, əməliyyatın sonuncu - üçüncü mərhələsində Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Şuşa şəhərinin azad edilməsi uğrunda nümunəvi döyüşlər apardılar:

“Şuşaya digər ərazilərdən gələ biləcək düşmənin əlavə qüvvələri üçün qapalı zona rejimi tətbiq edildi. Bundan sonra Azərbaycan xüsusi təyinatlıları Şuşa-Laçın dəhlizinin müəyyən hissəsindən Şuşa şəhərinin arxa hissəsinə keçib qayalıqlarla şəhərə daxil oldular. Nəticə etibarilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində XXI əsrin ən sürətli və ən səmərəli döyüş əməliyyatlarını həyata keçirməklə böyük qəhrəmanlıqlara imza atdı”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov