Xəbər lenti

Prezidentdən DTX ilə bağlı fərman
 

“Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”də, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda və “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişikliklər təsdiq edilib.

Ardını oxu...

Kamaləddin Qafarov: “ Gürcüstanla münasibətlər ölkəmiz üçün  strateji əhəmiyyətə malikdir”

“Azərbaycanla Gürcüstan arasındakı münasibətlər SSRİ dönəmindən formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabr ayının 18-də qurulmuşdur. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib”.

Bu tarixi faktları Milli Məclisin deputatı Kamaləddin Qafarov Prezident İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatı ilə əlaqədar fikirlərini bildirərkən xatırladıb.

Deputat dövlətimizin başçısının 24 oktyabr tarixli səfərinin Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcəyini vurğulayıb: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar, ölkələrimiz arasında dərin tarixi ənənələrə söykənən əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. Dövlətimizin başçısı iqtisadi və ticari əlaqələrimizin vəziyyətini əks etdirən bəzi göstəriciləri də sadaladı, perspektivləri vurğuladı. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Planlaşdırılır ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Elektrik enerjisini dünya bazarına çıxarmaq istəyən Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıbdır. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması yeni reallıq yaradır. Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlər olmalıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindəyik. Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır”.

K.Qafarov dövlətimizin başçısının 24 oktyabr səfərində Azərbaycanın Qafqazda sülhün bərqərar olmasını istəyini ifadə edən fikirlərini də qeyd edib: “Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Azərbaycanın niyyəti bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Əgər prinsiplər qəbul olunarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, ölkəmiz buna hazırdır”.
Kamaləddin Qafarov: “İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb”

“Azərbaycan-Türkiyə dostluğu bütün dünyanın həsəd apardığı, qibtə etdiyi dostluqdur. Bu dostluğun kökü uzaq keçmişə, qədimlərə gedib çıxır. Təməlində milli, dini dəyərlər, dil, adət-ənənə eyniliyi, mədəni və mənəvi birlik dayanır. Əsrlərin sınağından çıxmış bu dostluq, birlik, bu gün də davam edir, yeni imtahanlardan keçir, gündən-günə möhkəmlənir, yeni səviyyəyə yüksəlir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluqları və qardaşlıqları dövlətlər arasındakı səmimi və doğma münasibətləri də tarixinin ən yüksək məqamına, indiyədək görünməmiş qardaşlıq mərtəbəsinə ucaltmışdır”.

Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov Prezident İlham Əliyevin 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanat ilə əlaqədar fikirlərini bildirərəkən demişdir
.

K.Qafarov ilk təşrif buyuran qonağı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olan Zəngilan Hava Limanının açılışının ölkəmizin həyatında çox əlamətdar hadisə olduğunu deyib: “Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Prezident İlham Əliyevin mətubuata verdiyi bəyanatda vurğuladığı kimi, Vətən müharibəsində qazanılan şanlı qələbə bizim müştərək tariximizdir. İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Türkiyə-Azərbaycan birliyi bəzi qüvvələrin müdaxiləsinin qabağını aldı. Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi. Bütün sahələrdə müttəfiq olduq. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Türkiyə son illər böyük uğurlu yol keçib, dünya çapında güc mərkəzinə çevrilib. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir”.

Deputat bütün keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdacağı ilə bağlı Prezident İlham Əliyevin əminliklə söylədiyi fikirləri də bölüşmüşdür: “İşğal dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerlə bir etmişlər. Yalnız dağılmış binalar qalıb. Bu dağıntılar Birinci Qarabağ savaşında deyil, məhz işğal dövründə ermənilər tərəfindən törədilmişdir. Azərbaycan xalqına qarşı nə qədər nifrət var idi ki, bütün binaları yerlə-yeksan etdilər. Bunun əsas məqsədi ondan ibarət idi ki, azərbaycanlılar heç vaxt bu torpaqlara qayıtmasınlar, qayıtmağa yer olmasın. Bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Vətən çəkir və hamımız qayıdacağıq. Keçmiş qaçqınların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər. Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, o cümlədən bölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark” da qeyd olunmalıdır. İnşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır və qısa müddət ərzində böyük işlər görüblər. Avtomobil və dəmir yollarının, habelə 33 tunelin inşası nəzərdə tutulmuşdur. Tunellərin ümumi uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü tikiləcək, onların bir qismi inşa edilmişdir. Körpülərin ümumi uzunluğu 12 kilometrdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik”.

Eltun Süleymanov: “Azərbaycan və Türkiyənin nəzarəti altında Cənubi Qafqazda yeni regional geosiyasi konfiqurasiya qurulur”

“20 oktyabr tarixi Vətən müharibəsinin ən əlamətdar günlərindən biridir. Məhz bu tarixdə, 2020-ci ilin oktyabr ayının 20-də Şanlı Azərbaycan Ordusu növbəti parlaq qələbələrindən birini əldə etmişdir. Silahlı Qüvvələrimizin 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda başladıqları əməliyyat iki gündən sonra düşmənin bu istiqamətdə tamamilə darmadağın olunması ilə nəticələndi. Ordumuzun bu qələbəsini şərtləndirən digər əhəmiyyətli hərbi uğurları isə Vətən müharibəsinin ilk günlərində Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonu istiqamətində düşmən qüvvələrinə vurduğu sarsıdıcı zərbələr nəticəsində əldə olunmuşdu. Həmin vaxt Şanlı Ordumuz 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad etməklə Zəngilan rayonunun inzibati hüdudlarına çıxmaq imkanı əldə etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məhz belə bir əlamətdar gündə, Zəngilanın işğaldan azad olunmasının ikinci ildönümündə Azərbaycana, Cəbrayıl və Zəngilan şəhərlərinə səfər etməsi əlbəttə ki, xüsusi önəm kəsb edən bir hadisədir.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, Vətən müharibəsinin başlandığı ilk gündən Türkiyənin bu məsələdə tutduğu mövqe ölkələrimiz və xalqlarımız arasında tarixən mövcud olan qardaşlıq münasibətlərini daha da möhkəmləndirdi. Keçən il ölkələrimiz arasında imzalanmış Şuşa Bəyannaməsi isə bu münasibərləri stateji müttəfiqlik sirvəsinə ucaltdı: “Azərbaycan-Türkiyə qardaşlığı öz möhtəşəmliyini 44 günlük Vətən müharibəsinin gedişində ən qabarıq formada bir daha bütün dünyaya nümayiş etdirdi. Müharibənin ilk günündən Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın tarixi Qələbə qazanmasında çox böyük rol oynadı. Türkiyə Prezidentinin hərbi əməliyyatların başlandığı ilk saatlardan dediyi – “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır”, sözləri bir çox xarici qüvvələrin bu münaqişəyə müdaxilə cəhdlərini mümkünsüz etdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Qələbə bayramı Türkiyədə də eynilə Azərbaycanda olduğu kimi qeyd olundu. Çünki biz həqiqətən də bir millət, iki dövlətik. Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari ilin 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanatda da bildirdiyi kimi, bu Şanlı tarix bizim müştərək tariximizdir. Əlbəttə ki, Türkiyə-Azətrbaycan münasibətləri 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanmasından sonra daha yüksək mərhələyə, müttəfiqlik zirvəsinə ucaldı. Bu tarixi sənəd hər iki ölkənin ortaq maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə yönəlməklə Azərbaycan və Türkiyənin nəzarəti altında Cənubi Qafqazda yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcı oldu. Bu gün artıq bütün dünya bilir ki, Cənubi Qafqaz regionunda Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.”

Daha sonra E.Süleymanov Zəngilan Beynəlxalq Hava Limanının açılışının əhəmiyyətini vurğulayaraq bunları deyib: “Bu gün ölkələrimizin dövlət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə məsul qurumların rəhbərlərinin davamlı qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Əlbəttə ki, oktyabr ayının 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana etdiyi səfər çərçivəsində bir çox önəmli strateji obyektlərin açılış və təməlqoyma mərasimlərində möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birgə iştirak etməsi də həm iqtisadi, həm də siyasi əhəmiyyət kəsb edən bir haldır. Əlbəttə ki, bu tədbirlərin sırasında Zəngilan Beynəlxalq Hava Limanının açılışı xüsusi yer tutur. Artıq bundan sonra bu bölgə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək. Dövlət başçımızın öz çıxışında dediyi kimi, bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, və bütün bu işlərdə, nşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Bu gün artıq Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir və bu, zəmanəmizin tələbidir”, - deyə Eltun Süleymanov öz fikirlərini tamamlayıb.

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov