Bir neçə gün bundan öncə Fransa senatı növbəti dəfə Azərbaycana qarşı həqiqəti əks etdirməyən, iftira və təxribat xarakterli qətnamə qəbul etdi. Xatırlamaq yerinə düşər ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra keçən iki il ərzində bu, ermənipərəst Fransa parlamentinin ölkəmizə qarşı qəbul etdiyi üçüncü qətnamədir. Bu qərəzli sənədlərin birincisi 2020-ci il noyabr ayının 25-də, Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan ərazilərini azad etdikdən bir neçə gün sonra qəbul olunmuşdu. Fransa senatı qondarma “dağlıq qarabağ respublikası”nın “müstəqilliyi”nin tanınması ilə bağlı qətnamə qəbul etmişdi. Bundan bir həftə sonra, dekabr ayının 3-də Milli Assambleya və parlamentin aşağı palatası Azərbaycan əleyhinə növbəti qətnamə qəbul etdi. Hazırkı qətnamə layihəsi isə bu ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş vermiş irimiqyaslı toqquşmalardan dərhal sonra Fransa senatının hakim fraksiyasına daxil olan senatorlar tərəfindən təklif edilib. Noyabr ayının 15-də isə Fransa senatı Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsini müzakirəyə çıxarıb və qəbul edib. Birmənalı olaraq bu addım Azərbaycan-Fransa münasibətlərinə mənfi təsirsiz ötüşməyəcək. Digər tərəfdən isə Fransa senatının belə bir bədnam Qətnaməni qəbul etməsi qətiyyən Cənubi Qafqazda sülühün və sabitliyin bərqərqr olmasına xidmət etmir.
Bugünkü buraxılışımızda cərəyan edən hadisələrin fonunda Azərbaycan-Fransa münasibətlərinin inkişaf perspektivləri, Azərbaycanın ata biləcəyi cavab addımları və mövzu ətrafında ölkə ictimaiyyətini maraqlandıran digər məsələlər barədə AİA.az-ın suallarını Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.
- Bir daha Sizi xoş gördük, Eldar müəllim.
- Salam, xoş gününüz olsun.
- Eldar müəllim, öncədən deyim ki, suallarımız çoxdur. Yəqin mənimlə razılaşarsınız ki, bu gün bütün dünyada, o cümlədən Avropada cərəyan edən hadisələr kifayət qədər yüksək dinamikliyə malikdir və eyni zamanda da bir çox bölgələrdə gedən proseslər həm də dramatikliyi ilə diqqəti cəlb edir. Məhz bu proseslərin fonunda Azərbaycanda müşahidə olunan ictimai-siyasi sabitlik və iqtisadi inkişaf daha yüksək dəyər kəsb edir. Amma bu barədə bir qədər sonra daha ətraflı danışarıq. Hələlik isə bu gün ölkə ictimaiyyətinin daha çox müzakirə etdiyi bir məsələ, Fransa senatının Azərbaycanla bağlı qəbul etdiyi bədnam Qətnamə və buna qarşılıq olaraq bizim ata biləcəyimiz addımlar barədə fikirlərinizi almaq istərdim.
- Əslində bu iki mövzu bir-biri ilə sıx bağlıdır. Yəni Azərbaycanda hökm sürən sabitlik və inkişaf bir tərəfdən çoxsaylı dostlarımızı sevindirdiyi kimi, digər tərəfdən də düşmənlərimizi və onların havadarlarını məyus və pərişan edir. Məhz buna görə də biz Fransa senatının qəbul etdiyi Qətnamə kimi qərəzli, əsassız və hətta absurd sənədlərin ortaya çıxmasını müşahidə edirik. Fransanın ənənəvi olaraq Ermənistanı, bu ölkənin şovinist və işğalçı siyasət yürüdən hökumətini himayə etdiyi heç kim üçün sirr deyil. Amma bu münasibəti formalaşdıran amillərin mahiyyəti barədə fikirlər bəzən birtərəfli olur. Aydındır ki, Fransa erməniləri bu ölkənin hakimiyyət orqanlarına müəyyən təsir imkanlarına malikdirlər. Bu da ondan irəli gəlir ki, Qərb ölkələri arasında Fransa erməniləri ABŞ ermənilərindən sonra ikinci ən böyük erməni diasporudur. Bu ölkədə yerləşən iki rəsmi erməni təşkilatının verdikləri məlumata görə bu gün Fransada 600 min nəfər erməni əsilli yaşayır. Əlbəttə onların birbaşa Fransanın xarici siyasətini yönləndirdiklərini demək düzgün olmasa da, hər halda konkret bir məsələyə dair hətta senat səviyyəsində müəyyən sənədlərin qəbuluna nail olmaq üçün bu diasporun yetərincə imkanları var. Çünki ermənilər davamlı olaraq seçkilərdə senata və digər orqanlara namizədliklərini irəli sürmüş şəxslərə maliyyə dəstəyi göstərirlər. Bunun da müqabilində həmin insanlar öz üzərlərinə müəyyən öhdəliklər götürmüş olurlar. Lakin dediyim kimi, Azərbaycana qarşı Fransa senatının noyabrın 15-də qəbul etdiyi Qətnamənin sırf ermənilərin təşəbbüsü olduğunu və məhz onların səyləri nəticəsində qəbul edildiyini düşünmək birtərəfli yanaşma olar və düşünürəm ki, həqiqəti tam əks etdirməz. Məsələ bundadır ki, ayrı-ayrılıqda götürülən senatorlar və hökumət üzvləri ermənilər tərəfindən maliyyələşdirilə və onların iradəsini ifadə edə bilərlər. Amma ümumilikdə Fransanın xarici siyasətindən danışırıqsa, burada məsələ daha fərqlidir. Məlumdur ki, ermənilərin Avropa ölkələrinə miqrasiyası 19-20-ci əsrlərdən etibarən kütləvi hal almağa başlayıb. Bu da həmin dövrdə Osmanlı imperiyası ərazisində ermənilərin Qərb dövlətləri, o cümlədən Fransa tərəfindən qızışdırılması və onlardan Osmanlı imperiyasına qarşı təzyiq vasitəsi kimi istifadə etməyə başlanması ilə əlaqədar idi. Həmin vaxt Osmanlı imperiyası ərazisində ermənilərin təxribat xarakterli fəaliyyətləri, silahlı iğtişaşlar törətmələri dövlət rəhbərliyinin onlara qarşı təhlükəsizlik tədbirlərini gücləndirməsinə səbəb oldu və bu da ermənilərin Qərb ölkələrinə mühacirət etməsinə gətirib çıxardı. Odur ki, ermənilər hələ Fransada hər hansı bir nüfuz və ya imtiyaz sahibi olana qədər, Fransa dövləti artıq onlardan öz məqsədləri üçün yetərincə istifadə edirdi. Eynilə bu gün də Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən, nüfuzlarının artmasından ciddi şəkildə narahat olur və erməni kartını oynayaraq ölkəmizin mövqelərini zəiflətməyə yönəli addımlar atmağa çalışır.
- Eldar müəllim, bu Qətnamənin mahiyyətində nə durur və Fransa senatı tərəfindən bu sənədin qəbul edilməsinin nə kimi nəticələri ola bilər?
- Dərhal deyim ki, bu Qətnamə Azərbaycan üçün əhəmiyyətsiz kağız parçasından başqa heç nə deyil. Bu gün Azərbaycan artıq ötən əsrin 90-cı illərinin əvvəllərindəki zəif, gücsüz ölkə deyil. Azərbaycan müstəqil dövlətdir. Həm də bu müstəqilliyə Ermənistan kimi sözdə deyil, reallıqda sahibdir. Azərbaycanın güclü iqtisadiyyatı, qüdrətli ordusu və ən əsası da müstəqil siyasət yürüdən qətiyyətli Prezidenti var. Heç bir xarici qüvvə ölkəmizi öz kursundan, öz məqsədlərindən yayındıra bilməz. Qətnamənin mahiyyətinə gəlincə isə, bu sənəd əslində Ermənistanda revanşist əhval-ruhiyəsini qızışdırmağa, regionda artıq formalaşmağa başlamış sülh və sabitlik mühitini sarsıtmağa və münaqişəni yenidən qızışdırmağa hesablanıb. Diqqət etmisinizsə Qətnamədə “Azərbaycan və onun tərəfdaşları” ifadəsi yer alıb. Bu isə bir daha təsdiq edir ki, Fransa az öncə də qeyd etdiyim kimi, Azərbaycanla yanaşı Türkiyənin də regionda mövqelərinin möhkəmlənməsindən çox narahatdır. Halbuki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində yaranmış yeni regional geosiyasi reallıqlar Cənubi Qafqazda maraqları olan, amma diqqət edin, sağlam maraqları olan bütün ölkələr üçün əlverişli əməkdaşlıq imkanları açır. Sadəcə bu imkanlardan yararlanmaq üçün ilk növbədə Azərbaycanla münasibətləri düzgün müstəvidə qurmaq lazımdır. Fransanın mövqeyi isə hələ ki, buna uyğun görünmür. Əksinə, Fransa senatı və Milli Assambleyası xüsusilə son dövrlərdə açıq-aşkar azərbaycanofob, türkofob və islamofob mövqelərdən çıxışlarını daha da intensivləşdirib. Amma Fransa Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımları ilə eyni zamanda beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirir və düşünürəm ki, bu heç də nəticəsiz qalmamalıdır.
- Bəs Azərbaycan yaranmış vəziyyətdə hansı adekvat addımlar ata bilər? Yəni bizim Fransanın qərəzli mövqeyini ifşa etmək və dünya ictimaiyyətinin qınağına zəmin yaratmaq üçün hansısa real təsir vasitələrimiz varmı?
- Dediyim kimi, Fransa senatının bu Qətnaməsi Azərbaycana qarşı heç bir mənfi təsir gücünə malik deyil və ola da bilməz. Lakin bu heç də o demək deyil ki, Azərbaycan dövləti bu kimi təxribatları cavabsız qoymalıdır. Əlbəttə ki, biz müvafiq addımlar atmalıyıq və artıq bunu edirik. Bildiyiniz kimi, noyabrın 16-da Azərbaycan Respublikasının Milli Məclisi Fransa Senatının qətnaməsi ilə bağlı Bəyanat qəbul edib. İlk növbədə Bəyanatda Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəliklərin, xüsusilə də Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” Müqavilənin şərtlərinin Fransa tərəfindən kobud şəkildə pozulduğu əsaslandırılmış şəkildə qeyd olunub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi Fransa tərəfinin həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliklərindən irəli gəlir. Həmçinin bizim qəbul etdiyimiz Bəyanatda Fransa hökumətinin faktiki olaraq erməni vandalizmini himayə etdiyinə, Azərbaycana qarşı açıq diskriminasiyaya yol verdiyini, Cənubi Qafqaz regionunun və bütövlükdə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş Ermənistan-Azərbaycan münaqişəsinin 30 ilə yaxın bir müddətdə həll edilməsini əngəllədiyini təsdiq edən dəlillər öz əksini tapıb. Bundan başqa Fransa dövlətinin son iki yüz ildə davamlı olaraq çox sayda Afrika və Asiya ölkələrinə qarşı işğalçı təcavüzkar siyasəti, həmin ölkələrin ərazilərində törətdikləri qətliam və qırğınlar, xüsusilə müsəlman ölkələrinin xalqlarına qarşı nümayiş etdirdiyi qəddarlıq, erməni terror təşkilatlarını himayə etməsi, ölkədə irqçilik əhval-ruhiyəsinin artmasına qarşı heç bir tədbir görməməsi və bir çox digər ciddi məsələlər də Bəyanatda diqqət mərkəzinə gətirilib.
- Əlbəttə ki, mən bu Bəyanatın mətni ilə tanışam və xüsusilə də həmin sənəddə hökumətə ünvanlanan çağırışlar diqqətimi daha çox cəlb etdi...
- Bəli, bu çağırışlar məhz sizin az öncə Azərbaycanın Fransanı qınaq obyekti olaraq dünya ictimaiyyətinə təqdim etmək imkanları barədə verdiyiniz suala bir cavab ola bilər. Milli Məclis öz Bəyanatında Azərbaycan Hökumətinə Fransanın indilik Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində iştirakına imkan verilməməsi, Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivlərinin aşkar edildiyi təqdirdə onların dondurulması, bu ölkənin şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi və onların Azərbaycan tərəfi ilə enerji sektorunda əməkdaşlığına yenidən baxılması, ölkərimiz arasında mövcud olan siyasi və iqtisadi münasibətlərə yenidən baxılması ilə bağlı çağırış edib. Həm də bu yalnız Azərbaycan-Fransa ikitərəfli münasibətləri ilə bağlı atılmağı tövsiyyə olunan addımlardır. Lakin Azərbaycan həm də bir çox mötəbər beynəlxalq təşkilatların nüfuzlu və fəal üzvüdür. Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən böyük təsisatı olan Qoşulmama Hərəkatının sədridir. Bütün bunlar Azərbaycana Fransa ilə bağlı məsələləri beynəlxalq müstəvidə ən yüksək səviyyədə müzakirəyə çıxara bilmək imkanları verir. Bu baxımdan Milli Məclisin qəbul etdiyi Bəyanatda Azərbaycan hökumətinə həm də Fransanın müstəmləkəçilik siyasəti, insanlıq əleyhinə cinayətləri və hərbi cinayətləri ilə bağlı məsələlərin Qoşulmama Hərəkatı çərçivəsində, islamofobiya siyasəti məsələsinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində və türkofobiya siyasəti məsələsinin Türk Dövlətləri Təşkilatı çərçivəsində gündəliyə çıxarılması ilə bağlı çağırış olunub. Yəni, Azərbaycanın bu gün istər Fransaya, istərsə də bizə münasibətdə qərəzli mövqedən çıxış edən hər hansı digər ölkəyə qarşı müvafiq cavab tədbirləri görmək imkanı da, gücü də var.
- Yeri gəlmişkən, Eldar müəllim, Ölkə Prezidenti cənab İlham Əliyev 11 noyabr tarixində Səmərqənddə keçirilmiş Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə etdiyi çıxışında Türk Dövlətlərinin bir-birilərinin milli maraqları nəzərə alınaraq qarşılıqlı dəstək və həmrəylik göstərmələrinin vacibliyini xüsusi vurğulamışdı. Gördüyümüz kimi, bu çağırış cəmi 4 gün sonra Fransa senatının Qətnaməsi ilə bir daha öz aktuallığının təsdiqini tapdı...
- Ümumiyyətlə möhtərəm dövlət başçımızın istər dünya birliyinə müraciətlərində, istərsə də ölkəmizin üzv olduğu bütün beynəlxalq təşkilatlar çərçivəsində etdiyi çıxışlarında yer alan çağırışların, irəli sürdüyü təşəbbüslərin hər biri ünvanlı, məqsədyönlü və aktual olur. Əlbəttə ki, Azərbaycan hər zaman türk dünyasının sıx birləşməsinə öz töhfələrini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında nazirliklər səviyyəsində daimi əməkdaşlığı təmin edən strukturlar yaradılıb. Həmçinin qeyd edim ki, Azərbaycan Ağsaqqallar Şurası da öz növbəsində Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurası ilə sıx əməkdaşlıq edir. Sizin qeyd etdiyiniz IX Zirvə Görüşündə də cənab Prezident İlham Əliyev bu gün Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olduğunu vurğulamaqla sahib olduğumuz həqiqətən böyük potensialın əslində hələ çox cüzi bir hissəsinin açıldığını diqqətə çatdırmış oldu. Artıq heç kimdə şübhə olmamalıdır ki, müasir dünyada gedən proseslər fonunda qarşıya çıxan yeni tələblərə cavab verə bilmək üçün Türk dövlətlərinin məhz təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı daha da fəallaşdırılması bu gün artıq bir zərurətə çevrilib. Yalnız bu yolla, yalnız birlik və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi ilə Türk dünyası özünün təhlükəsizliyini, insanlarının rifah yüksəlişini təmin edə bilər. Dövlət başçımızın Zirvə Görüşündəki çıxışında yer almış çağırışlar da məhz bu hədəflərə istiqamətlənmiş addımların atılması zərurətini qeyd edir. Mən bir məqamı da xüsusi olaraq vurğulamaq istərdim. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin Səmərqənd Zirvə Görüşündəki çıxışında daha bir vacib məsələni, Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramalarına yol verilməməsi istiqamətində məqsədyönlü addımların atılmasının zəruriliyini diqqət mərkəzinə gətirdi. Bununla dövlətimizin başçısı Türk dünyasının təkcə müstəqil türk dövlətlərindən ibarət olmadığını, onun coğrafi sərhədlərinin daha geniş olduğunu vurğuladı. Xüsusi olaraq cənab Prezident gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı əldə etmək məsələsinin daim təşkilatın gündəliyində saxlanmalı olduğunu qeyd etdi. Əminəm ki, hər zaman olduğu kimi, möhtərəm Prezidentimizin irəli sürdüyü bu təklif və təşəbbüslər də Türk dünyasının daha da güclənməsinə dəyərli töhfələr verəcək.