Xəbər lenti



Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 23 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son bir həftə ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 23 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb. 

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Ardını oxu...

Rüstəm Nağıyev: “Goranboy rayonunda indiyə qədər heç zaman sahibkarlığın inkişafı üçün bu gün olduğu qədər əlverişli şərait mövcud olmayıb”

AİA.az (Azərbaycan İnformasiya Agentliyi) saytı olaraq bu gündən oxucularımıza yeni bir rubrika təqdim edirik – “Regional inkişaf sahibkar baxışı ilə”. Bu rubrikada respublikamızın rayon və bölgələrində yerli icra strukturları tərəfindən görülən işlər həmin ərazilərdə fəaliyyət göstərən iş adamlarının nəzər nöqtəsindən təhlil olunacaq, regionların inkişafına dair dövlət proqramlarının icrasının effektivliyi yerli sahibkarlar tərəfindən qiymətləndiriləcək. Rubrikamızın ilk qonağı isə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Goranboy rayon nümayəndəliyinin sədri Rüstəm Nağıyevdir.

- Rüstəm müəllim, xoş gördük Sizi. Çox sağ olun ki, işlərinizin bu qızğın çağında bizə vaxt ayıra bildiniz.

- Siz də rayonumuza xoş gəlmisiniz. Həqiqətən də bu gün ölkəmizin bütün digər bölgələrində olduğu kimi, bizim Goranboy rayonunda da hər zaman olduğundan daha böyük bir canlanma var. Bütün sahələrdə, istər abdlıq-quruculuq işləri olsun, istər istehsalat, kənd təsərrüfatı və ya xidmət sahəsi – hər yerdə insanlarımız əzmlə çalışırlar, hər kəs həm özünün rifah yüksəlişi, həm də dövlətimizin daha da zənginləşməsi, daha da güclənməsi naminə böyük səylər göstərir. Bununla belə hesab edirəm ki, vaxtaşırı görülən işlər barədə mətbuata hesabat xarakterli məlumatların təqdim olunması da çox vacib və xeyirli bir işdir. Vacibdir ona görə ki, görülən işlər barədə aydın təsəvvürə sahib olmaq hər bir vətəndaşın haqqıdır və xeyirlidir ona görə ki, bu məlumatların ictimailəşdirilməsi ilə görülən işlərin şəffaflığı, obyektiv qiymətləndirilməsi bir qədər də daha artıq təmin olunur.

- Tamamilə Sizinlə razıyam və elə bilirəm ki, artıq vaxt itirmədən birbaşa müsahibəmizə keçid ala bilərik. Rüstəm müəllim, az öncə dediniz ki, bu gün Goranboy rayonunda bütün sahələrdə xüsusi bir canlanma müşahidə olunur. Bəlkə bu fikrinizi bir qədər açıqlayasız...

- Əlbəttə ki, həm də böyük məmnuniyyətlə. Əslində bu canlanma nə bugünün, nə dünənin, nə də bu ilin təzahürü deyil. Bu canlanma, bu ruh yüksəkliyi artıq iki ildir ki, təkcə bizim rayonda deyil, bütün ölkədə yaşanır. Səbəb də təbii ki, bizim tarixi Qələbəmizdir. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində Azərbaycanın rəşadətli Silahlı Qüvvələri Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı və tarixi Zəfərlə sona çatdırdığı Vətən müharibəsinin nəticəsi olaraq 30 il işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Razılaşın ki, bu tarixi hadisə bir ömür yüksək əhval-ruhiyə ilə yaşamaq üçün tükənməz stimuldur. Bu gün respublikamızın bütün rayon və bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işləri həyata keçirilir. Uzun illər düşmən tapdağı altında qalan torpaqlarımıza həyat yenidən qayıdır. Budur yaşanan ümumxalq sevincinin səbəbi və mən əminəm ki, bundan sonra bizim xalqımızı gələcəkdə yalnız xoşbəxt, sevincli və firavan günlər, illər gözləyir.

- Əslində ilk sualımı bir qədər fərqli istiqamətdən nəzərdə tutmuşdum, amma indi ki, söhbət quruculuqdan düşdü, gəlin elə bu mövzunu davam etdirək. Goranboyda insanların həyat şəraitnin yaxşılaşdırılması istiqamətində bu gün hansı addımlar atılır?

- Tam səmimiyyətlə və tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Goranboy rayonunda həm iqtisadi göstəricilər durmadan yüksəlir, həm yenidənqurma işlərinin vüsəti və əhatə dairəsi getdikcə artır, həm də əhalinin sosial rifah səviyyəsi sürətlə qalxır. Xüsusilə son üç ildə rayon iqtisadiyyatının bütün sahələrində dinamik inkişaf müşahidə olunmaqdadır. O cümlədən rayon ərazisinin abadlaşdırılması, yol infrastrukturunun yenilənməsi, ətraf mühitin yaxşılaşdırılması ilə bağlı məsələlər rayon rəhbərliyi tərəfindən xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Mən statistik məlumatlarla, quru rəqəmlərlə nə Sizi, nə də oxucularınızı yormaq istəmirəm. Amma inanın ki, sadəcə bu ilin ilk 6 ayının nəticələri ilə tanış olsaz, artıq heyrətə gələrsiz. Mən yalnız müxtəlif sahələri əhatə edən bir neçə faktı diqqətinizə çatdırım. Məsələn, təhsil sahəsini götürək. 13 yanvar 2022-ci il tarixdə Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi çərçivəsində 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli tam orta məktəbinin tikintisi yekunlaşaraq şagirdlərin istifadəsinə verilib. Hazırda Dəliməmmədli şəhər tam orta məktəbində aparılan tikinti işləri, eyni zamanda rayonun Qaraçinar və Tap Qaraqoyunlu kənd tam orta məktəblərində aparılan əsaslı təmir işləri yeni dərs ilində başa çatdırılaraq şagirdlərin istifadəsinə veriləcək. Rayonun qəzalı vəziyyətdə olan Səfikürd, Qızılhacılı 1 saylı, Boluslu, Qırıxlı, Goranboy şəhər 2 saylı məktəblərində təmir tikinti işlərinin aparılması planlaşdırılır. Sonra, götürək içməli su təchizatını. Yəqin ki, Siz də bilirsiz, bu sahə rayonumuzda hər zaman problemli olub. Amma indi bu problemlər davamlı şəkildə öz həllini tapır. Rayonun əhalisini içməli su ilə təmin edən Sukanal Sahəsi bu gün 7488 abonentə xidmət göstərir. Bu gün Goranboy rayonunda və Murovdağ-Goranboy su kəmərinin ətrafında olan yaxın kəndlərdə yaşayan abonentlərə içməli su 24 saat fasiləsiz verilir. Son aylarda yağan leysan yağışların təsiri nəticəsində Qara-Goran çayında suqəbuledici və təmizləyici anbar tamamilə istismara yarasız vəziyyətə düşmüşdü. Rayon İcra Hakimiyyəti və Su Kanal Sahəsinin birgə fəaliyyəti nəticəsində nasazlıq aradan qaldırılmış, hazırda əhaliyə içməli su verilməsində heç bir problem yoxdur. Həmçinin rayonun bütün kəndlərində bu məsələlər ardıcıl şəkildə həll olunur. Bu yaxınlarda 186 təsərrüfatdan ibarət olan Qazanbulaq qəsəbəsində 196 abonenti fərdi qaydada dayanıqlı içməli su təchizatı ilə təmin edəcək 7 kilometr uzunluğunda olan mərkəzləşdirilmiş içməli su şəbəkəsi yenidən qurulmuş, əsas və daxili su boruları yenilənmişdir. Yaxın vaxtlarda fərdi qaydada sayğacların quraşdırılması prosesinə başlanılması nəzərdə tutulmuşdur. Yəni, bir də deyirəm, bütün görülən işlər barədə təfsilatı ilə danışmaq üçün saatlar lazımdır. Amma əsas olanı bu deyil, əsas odur ki, insanlarımız Rayon İcra Hakimiyyətinin timsalında dövlətin diqqətini və qayğısını açıq-aşkar hiss edirlər.

- Bəs sahibkarlar necə, onlar da bu qayğını özlərinə münasibətdə duya bilirlərmi?

- Hə, deyəsən yavaş-yavaş keçid edirik bilavasitə mənim də təmsil etdiyim sahəyə (gülür). Bilirsiniz ki, mən Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Goranboy rayon nümayəndəliyinin sədriyəm. Bu isə o deməkdir ki, yerli sahibkarların, iş adamlarının qayğı və problemlərindən xəbərdar olmaq, rayonumuzda əlverişli biznes mühitinin mövcud durumu barədə məlumatlı olmaq mənim birbaşa vəzifə borcumdur. Bu baxımdan ilk növbədə deməliyəm ki, Goranboy rayonunda indiyə qədər heç zaman sahibkarlığın inkişafı üçün bu gün olduğu qədər əlverişli şərait mövcud olmayıb. İnanın ki, istər yeni sahibkarlıq subyektlərinin açılması, istər artıq işləyən müəssisələrin problemsiz fəaliyyət göstərə bilməsi üçün bütün dövlət qurumları və ilk növbədə Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb. Bir neçə faktı diqqətinizə çatdırım. Bu ilin ilk altı ayı ərzində rayonda “Medlife Hospital”ın tikintisinə 5 milyon manat investisiya qoyulub, ilin sonuna kimi Hospitalın fəaliyyətə başlaması və 232 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub. Muzdurlar kəndində fəaliyyət göstərən “Umud Aqro” və “AK Petrol” müəssisələrinin fəaliyyətinin genişləndirilməsi məqsədi ilə əlavə 1 milyon manat investisiya qoyulub və daimi iş yerlərinin sayı 50 nəfərə çatdırılıb. Ümumilkdə, 6 ay ərzində 61 daimi iş yeri açılıb ki, onların da əksəriyyəti təbii ki, özəl sektorun payına düşür. Mövsümi iş yerlərinin sayı isə 3000-dən çox olub. Bundan başqa, mənim şəxsən şahidi olduğum daha bir neçə epizod. Bir müddət əvvəl rayonun Borsunlu kəndində bir ticarət obyekti, Qızılhacılı kəndində daha bir sahibkarlıq obyekti və Tapqaraqoyunlu kəndində bir fermer təsərrüfatının yaradılması üçün İcra Hakimiyyətinə müraciətlər olunmuşdu. Hər üç müraciətə dərhal, operativ şəkildə baxıldı və heç bir süründürməçiliyə yol verilmədən müvafiq müsbət qərarlar verildi. Yəni bu gün Goranboyda sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait və ən əsası, dövlətin dəstəyi var və bu, danılmaz faktdır. Əgər belə olmasaydı biz nə belə investisiya qoyuluşlarını, nə də yeni iş yerlərinin açılışını görə bilməzdik.

- Rüstəm müəllim, əlbəttə ki, bu günün ən vacib mövzularından biri də şəhid ailələri, müharibə veteranları və qazilərə göstərilən dövlət qayğısı ilə bağlıdır. Goranboy Rayon İcra Hakimiyyətinin şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlər barədə nə deyə bilərsiniz?

- Birmənalı olaraq deyə bilərəm ki, bu gün Goranboyda Ölkə Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verdiyi müvafiq Sərəncam və tapşırıqlara ciddi şəkildə əməl olunur. Təbii ki, ilk növbədə şəhid ailələrinə, müharibə iştirakçıları və qazilərinə diqqət və qayğının daha da artırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin Goranboyda da layiqincə reallaşdırılması üçün rayon rəhbərliyi tərəfindən bütün lazım olan addımlar atılır. Rayonumuzda Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə qazilərinə böyük diqqət və qayğı göstərilməkdədir. Ölkə Prezidentinin şəhid ailələri və qazilərimizin sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonda davamlı olaraq operatv işlər görülür, bu məsələlər hər zaman rayon rəhbərliyinin xüsusi diqqət mərkəzində saxlanılır. Həm də bu istiqamətdə görülən tədbirlər Goranboyda artıq müxtəlif ənənələrin yaranmasına səbəb olmuşdur. Belə ənənələrdən biri də Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin doğum günlərində onların məzarlarını və ailələrini ziyarət etmək olub. Həmçinin demək lazımdır ki, bu gün şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Goranboy rayonunda və rayonun kənd və qəsəbələrində Abidə Kompleksləri, Bulaqlar və Xatirə guşələri yaradılır. O cümlədən bir müddət əvvəl Goranboy şəhərində açılışı olmuş Şəhidlər Abidə Kompleksi də məhz şəhid ailələrinin rayon rəhbərliyinə müraciətləri əsasında, yeni layihə və memarlıq-arxitektura üslubunda inşa edilmişdir. Bu gün isə həmin Kompleks artıq bütün goranboyluların müqəddəs ziyarətgahına çevrilib. Ümumiyyətlə Goranboy RİH-nin rəhbərliyi və məsul işçiləri tərəfindən mütəmadi olaraq birinci və ikinci Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının ailələri, qazilər öz evlərində ziyarət edilir, onların sosial qayğıları öyrənilir, problem və ehtiyaclarının ödənilməsi istiqamətində operativ tədbirlər görülür. Bu məsələlər Goranboy rayon İcra Hakimiyyətində keçirilən Aparat müşavirələrində də hər zaman ətraflı müzakirə olunur. Bu müşavirələrdə vətəndaş müraciətlərinə baxılması, xüsusən də şəhid ailələri və qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, yerlərdə səyyar qəbulların təşkili ilə bağlı konkret qərarlar qəbul edilir.

- Rüstəm müəllim, sonuncu sualım bir qədər şəxsi xarakterli kimi görünə bilər. Səhv etmirəmsə, Siz ixtisasca həm də bizim həmkarımızsınız. Bu baxımdan, Goranboyun ictimai-siyasi həyatının ölkə mətbuatında hansı dərəcədə işıqlandırılmasından, rayonda gedən proseslər barədə KİV-lərdə yaımlanan məlumatların obyektivliyindən razısınızmı?

- Bəli, düz qeyd etdiniz, mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. İxtisasım üzrə işləməsəm də bu peşəyə hər zaman böyük hörmətlə münasibət saxlamışam. Rayonumuz barədə ölkə mətbuatında dərc olunan materiallara gəlincə isə, ümumi götürəndə bəli, həmkarlarımızın həm peşəkarlıq, həm də obyektivlik baxımından işlərindən razıyam. Amma əlbəttə ki, arada müəyyən istisnalar da olur. Nə gizlədim, bəzən bu və ya digər saytın səhifələrində rayonumuz barədə həqiqətə qətiyyən uyğun olmayan iddiaların, bəzən isə açıq iftiraların dərc olunmasını görəndə çox pərişan oluram. Həm də mənə ən çox təsir edən bilirsiz nə olur? Bir çox hallarda həmin yazıları öz saytında dərc edən müxbir və ya redaktor heç özü də bilmir ki, bu böhtan kampaniyalarını sifariş edən əslində kimdir. Amma biz bilirik axı. Çünki biz bu rayonda yaşayırıq, biz burda gedən proseslərin bilavasitə iştirakçılarıyıq. Bəzən olur ki, kimsə bir vaxtlar Rayon İcra Hakimiyyətində hansısa vəzifədə çalışıb, sonradan öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün ya işdən çıxarılıb, ya da özü ərizəsini yazıb gedib. Sonra da başlayıb öz səriştəsizliynin, məsuliyyətsizliyinin günahını başqalarında axtarmağa. Bu axtarışların da nəticəsi bəzən mətbuatda dərc olunan böhtan xarakterli yazılarda öz təzahürünü tapır. Bəzən isə daha ağlagəlməz hallar baş verir. Bir də görürsən ki, müxtəlif qanun pozuntuları səbəbilə bir neçə dəfə məhkum edilmiş, rayonun inkişafına indiyədək zərrə qədər olsun bir töhfəsi olmamış, yaşadığı rayonun, kəndin ictimai həyatından, problemlərindən xəbəri belə olmayan birisi başlayır kimisə tənqid etməyə, kimnənsə şikayət etməyə. Əlbəttə ki, belə hallar şox təəssüf doğurur və mən fürsətdən istifadə edib bir daha bütün həmkarlarımızdan (ümid edirəm ki, özümü də sizin topluma aid etdiyimə görə məni qınamazsız) artıq dərəcədə xahiş edərdim ki, belə məqamlarda ayıq-sayıq və bir qədər həssas olsunlar. Ümumilikdə isə, yenə deyirəm, rayonumuzda gedən proseslərin ölkə mətbuatında işıqlandırılmasından çox razıyam. Bunu da deyim ki, mənim şəxsən ölkənin tanınmış jurnalistləri arasında dostlarım çoxdur və ümid edirəm ki, Sizi də onların sırasına aid edə bilərəm.

- Əlbəttə, buna heç bir şübhəniz olmasın. Mən də ilk növbədə səmimiyyətinizə görə və əlbəttə ki, dolğun, əhatəli müsahibənizə görə Sizə minnətdaram, çox sağ olun.

- Siz də sağ olun.


Müsahibəni apardı: Azər MƏMMƏDOV

Fotoşəkilləri təqdim edirik:

 

 
 
 
 

 

Azərbaycanın müstəqillik yolunun əsasını qoyan tarixi hadisə

“Azərbaycanda, о cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda XX əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəlləri ictimai-siyasi hadisələrin mürəkkəb, dramatik dövrü kimi xarakterizə olunur. Sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasətinin, ermənilərin Naxçıvana ərazi iddialarının və sərhədlərdə hərbi toqquşmalar yaratmasının Muxtar Respublikanın həyatına ciddi təsir göstərdiyi həmin dövrdə Heydər Əliyevin yenidən siyasi səhnəyə qayıtması xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatmasına səbəb oldu”

– Bu sözləri Milli Məclisin deputatı Kəmaləddin Qafarov KİV-ə açıqlamasında deyib.

K. Qafarov xatırladıb ki, Azərbaycana, eləcə də Naxçıvana o vaxtkı mürəkkəb vəziyyətdə zəngin siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik müdrik rəhbər lazım idi: “Belə bir rəhbər Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyev oldu. O, 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvana qayıtdı. 1990-cı il avqustun 21-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) Ali Sovetinin Rəyasət Heyəti Heydər Əliyevin Naxçıvan MSSR vətəndaşlığı barədə qərar qəbul etdi. 1990-cı il 30 sentyabr parlament seçkilərində o, Nehrəm seçki dairəsindən Azərbaycan SSR-in xalq deputatı , Naxçıvan Trikotaj Fabrikinin kollektivi tərəfindən isə Naxçıvan MSSR-in xalq deputatı seçildi. 1990-cı ilin noyabr ayının 17-də 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə keçirildi. Həmin sessiyada çox mühüm qərarlar qəbul olundu. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması, Naxçıvan MSSR Ali Sovetinin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarlar qəbul olundu.Naxçıvan Muxtar Respublikasının Аli Məclisi Azərbaycan SSR Ali Sovetinin qarşısında həmin bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir”.

Millət vəkili daha sonra demişdir: “Görkəmli dövlət xadimi Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoydu. 1992-ci il martın 22-də Türkiyədə Baş nazir Süleyman Dəmirəllə Türkiyə Cümhuriyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstərilməsi barədə, 100 milyon dollar məbləğində kredit ayrılması və hər il 100 tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə Əməkdaşlıq Protokolu imzalamışdır. 1992-ci il mayın 29-da Naxçıvanla Türkiyə arasında Araz çayı üzərində tikilmiş “Ümid” körpüsünün açılışı olmuşdur. 1992-ci il avqustun 22-də H.Əliyev İran İslam Respublikasına səfər etmiş, ali dini lider Ayətulla Xameneyi, İran İslam Respublikasının prezidenti Əli Əkbər Rəfsəncani və digər rəsmi şəxslərlə görüşmüşdür. Bu səfərin nəticəsi olara Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair protokolları imzalamışdır.

Beləliklə, 1991-1993 - cu illər arasında ümummilli lider Heydər Əliyev Naxçıvandakı hakimiyyəti dövründə Muxtar Respublikanı geniş tərəqqi yoluna çıxarmağı bacardı və bu proseslər onun Azərbaycanı yaranmış çox çətin vəziyyətdən çıxaracağına sonsuz inam yaratdı. Hadisələrin sonrakı inkişafı və davamlı dinamik tərəqqi və sosial rifah dövrünü yaşayan mövcud Azərbaycan reallıqları göstərdi ki, xalqımız H. Əliyevi Azərbaycanı xilas etmək üçün Bakıya çağırmaqla çox düzgün tarixi seçim etmiş, ölkəmizi əsl fəlakətdən qurtarmışdır. ”

AİA.Az
 
 

Eltun Süleymanov: “Nəsimi RİH-nin fəaliyyətində əsas diqqət mərkəzində olan məsələ şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasıdır”

Vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsinin qanunçuluq, könüllülük, şəffaflıq, pluralism və bərabərlik prinsipləri ilə həyata keçirilən mütərəqqi, demokratik üsullarından olan İctimai iştirakçılığın formalarından biri kimi, qanunla nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumlar olan ictimai şuralar artıq özlərini doğrultmaqdadırlar. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) yanında yaradılmış İctimai Şuranın fəaliyyəti təqdir olunmaqla, ölkəmizdəki analoji təsisatlara nümunə kimi göstərilə bilər. Səhifəmizin qonağı Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanovdur.

– Xoş gördük Sizi, Eltun müəllim. İlk növbədə bizə vaxt ayırdığınıza görə Sizə təşəkkürümü bildirirəm. Əminəm ki, söhbətimiz kifayət qədər maraqlı olacaq və oxucularımız da bu müsahibədən istər Nəsimi Rayonu İcra Hakimiyyətinin, istərsə də təmsil etdiyiniz İctimai Şuranın fəaliyyətinə dair onların diqqətini cəlb edəcək bir çox faydalı məlumatlar əldə edə biləcəklər.

– Xoş gününüz olsun. Əslində mən Sizə öz minnətdarlığımı bildirməliyəm. Adından da göründüyü kimi, təmsil etdiyim qurum ictimai təsisatdır. Bu da o deməkdir ki, biz mütəmadi olaraq vətəndaşları fəaliyyətimiz barədə, daha dəqiq desəm, Nəsimi Rayon İcra Hakimiyyətinin fəaliyyəti barədə ətraflı məlumatlandırmalıyıq. Əlbəttə, İcra Hakimiyyətinin rəsmi saytında görülən işlər barədə mütəmadi olaraq məlumatlar, açıqlamalar təqdim olunur. Amma istənilən halda, canlı ünsiyyətdən doğan fikir mübadiləsi tam fərqli təəssüratlar yaradacaq. Odur ki, buyurun, məmnuniyyətlə suallarınızı cavablandırmağa hazıram.

– Eltun müəllim, ilk növbədə Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın formalaşması prosesi barədə bir qədər ətraflı məlumat almaq istərdim. Şura necə formalaşıb, üzvləri necə seçilib? Ümumiyyətlə İctimai Şuraya kimlər üzv ola bilər? Qurumun hansı vəzifələri və səlahiyyətləri var?

– Nəsimi rayon İcra Hakimiyyəti yanında İctimai Şura “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu, həmin qanunun icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin müvafiq bəndləri rəhbər tutularaq Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamları ilə təşkil olunmuşdur. Qeyd edim ki, Nəsimi Rayon İcra Hakimiyyətində ictimai şuranın sərbəst və bütün tərəflərə bərabər münasibət göstərməklə formalaşdırılması və hüquqlarından istifadə etməsi üçün tam şərait yaradılıb və əmin ola bilərsiz ki, səsləndirdiyim bu fikir sadəcə formal bir ifadə deyil. Tam məsuliyyətlə deyirəm ki, bu gün İctimai Şuranın irəli sürdüyü bütün rəy və təkliflərə Nəsimi Rayon İcra Hakimiyyətində “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Daxil olmuş rəy, irad və təkliflər Rayon İcra Hakimiyyəti tərəfindən müzakirə edilib qiymətləndirildikdən sonra onların nəzərə alınmasına və ya rədd edilməsinə dair on dörd gün ərzində əsaslandırılmış qərar verilir və dərc edilir.
Bizim əsas vəzifələrimiz isə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, habelə digər normativ hüquqi aktlara riayət etməkdən; şuranın fəaliyyəti barədə əhalini məlumatlandırmaq; fəaliyyətimizə dair illik hesabat hazırlamaq və dərc etdirməkdən; müzakirə olunan məsələlərə qərəzsiz yanaşmaqdan ibarətdir. Amma çox xahiş edirəm, növbəti sualınız bizim bu vəzifələrimizin öhdəsindən necə gəlməyimiz barədə olmasın, çünki qorxuram təvazökarlıqdan kənara çıxmış olum (gülür). Əlbəttə, bu bir zarafatdır, amma həqiqətdə də gördüyümüz işlərin ən düzgün qiymətini yalnız vətəndaşlar, bu rayonun sakinləri verə bilərlər.

– Sizinlə tam razıyam. Həqiqətən də sakinlərin razılığı, vətəndaşların məmnunluğu istənilən qurumun fəaliyyətini səciyyələndirə biləcək ən önəmli meyardır. Təbii ki, bu məmnunluğu formalaşdıran əsas amillərdən biri də sosial-məişət problemlərinin nə dərəcədə həll olunması, insanların yaşadıqları ərazilərin nə dərəcədə abad olması və digər bu kimi məsələlərlə bağlıdır. Yeri gəlmişkən, bu gün paytaxtın mərkəzi ərazilərindən olan Nəsimi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə nə deyə bilərsiz?

– Bilirsiniz ki, bu gün təkcə paytaxt Bakıda deyil, respublikamızın bütün regionlarında aparılan abadlıq-quruculuq işlərinin həcmi, vüsəti getdikcə böyüyür. Əlbəttə ki, Azərbaycana, azərbaycan xalqına yaraşan da budur. Çünki biz artıq qalib ölkə, qalib xalqıq. İki il bundan öncə möhtərəm Ölkə Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Zəfərlə başa vuran Şanlı Azərbaycan Ordusu bizə bu adı daşımaq hüququnu verdi. Bu gün isə Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərində də misli görünməmiş quruculuq işləri aparır.
Əlbəttə ki, bütün bu tarixi proseslərin fonunda, Sizin də qeyd etdiyiniz kimi, paytaxtın mərkəzi ərazilərini əhatə edən Nəsimi rayonu da heç cür ikinci planda qala bilməz. Xüsusilə son illər rayonumuzun ərazisində abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Aydındır ki, bu müsahibəni Nəsimi rayonunda son bir neçə ildə görülmüş işlər, həyata keçirilmiş layihələr barədə hesabat məruzəsinə çevirmək oxucular üçün də yorucu olar. Amma düşünürəm ki, cari ilin ilk altı ayı ərzində görülən işlər barədə bir qədər ətraflı danışmaq yerinə düşər. Yəni, bu deyəcəklərimə özünüz də rayon ərazisini gəzməklə şahid ola bilərsiz. İlk növbədə ötən müddət ərzində rayon ərazisində yüzlərlə ümumi yaşayış binalarının fasadlarında əsaslı təmir işləri görülüb. Küçələr boyu yaşıllıq zolaqları, yeni parklar salınıb, işıqlandırma sistemləri və oturacaqlar dəyişdirilib. Bir çox ünvanlarda asfalt örtüyü vurulub, yeni bardyurlar qoyulub. Binlarda köhnə liftlər yeniləri ilə əvəz olunub, yüzlərlə pəncərə və qapı dəyişdirilib. Küçələrdə səki daşları, suaxıdıcı boru və navalçalar dəyişdirilib. II Qarabağ Müharibəsi şəhidlərinin yaşadıqları mənzillərdə əsaslı təmir işləri aparılıb və barelyefləri binaların girişinə, eləcə də bəzi küçələrə və parklara vurulub. Ümumi yaşayış binalarının həyətlərinə söhbətgahlar, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementləri, müxtəlif turnik və idman qurğuları, kənarları bağlı stadionlar quraşdırılıb.

Bir məqamı xüsusilə vurğulamq istərdim. Biz, İctimai Şuranın üzvləri olaraq, vətəndaşlarla mütəmadi qeyri-rəsmi görüşlər keçiririk, söhbət edirik, onların bu və ya digər məsələlər barədə fikirlərini, rəylərini alırıq. İnanın, çox istərdim ki, belə görüşlərdə bizimlə olasız və sakinlərin dediklərini özünüz eşidəsiniz. Xüsusilə rayon ərazisində “Abad həyət” və “Bizim həyət” layihələri çərçivəsində görülən işlər böyükdən kiçiyə hamını məmnun edir. İnsanlar hətta yaşadıqları binanın həyətindən çıxıb hansısa istirahət parkına getməyə belə ehtiyac olmadığını deyirlər. İnanın səmimiyyətimə, hər kəs də möhtərəm Prezidentimizə bu rayona məhz cənab Asif Əsgərovu RİH-nin başçısı təyin etdiyinə görə xüsusi minnətdarlığını bildirir.

– Əslində Nəsimi rayonu ərazisində “Abad həyət” və “Bizim həyət” layihələri çərçivəsində görülən işlərdən tam da olmasa, müəyyən qədər biz də məlumatlıyıq. Ən azından bu işlərin nəticələri göz önündədir və hər kəs onları müşahidə edir. Amma daha konkret olmaq üçün, məhz bu ilin ilk yarısında reallaşdırılan layihələr barədə bir qədər daha ətraflı, hətta mümkünsə dəqiq ünvünlar göstərməklə məlumat verə bilərsinizmi?

– Məmnuniyyətlə bu barədə danışaram. Amma icazənizlə əvvəlcədən hazırladığım arayışdan istifadə edəcəyəm, çünki Siz də razılaşın ki, belə böyek həcmdə görülmüş işlər üzrə ünvanların hər birini dəqiqliklə yadda saxlamaq bir qədər çətindir. Bu ilin ilk 6 ayı ərzində aparılan abadlıq-quruculuq işləri isə həqiqətən də ürəkaçandır.

Beləliklə, Həsən Seyidzadə küçəsi 17,21 saylı ünvanlarda binaların əsaslı təmiri, həyətlərdə abadıq işləri başa çatmış, 22 fevral 2022-ci il tarixdə açılış olmuşdur; Moskva prospekti 90, 92 saylı ünvanlarda əsaslı təmir işləri 2022-ci il mart ayında başa çatmışdır, “Abad Həyət” layihəsi çərçivəsində həyətdə açılış olmuşdur; Nizami küçəsi 121 saylı ünvanda əsaslı təmir işləri başa çatmış, həyət abadlaşdırılmış və mart ayında sakinlərin istifadəsinə verilmişdir; A.Məhərrəmov küçəsi 45, 47 saylı binaların əhatəsində yerləşən həyət “Abad Həyət” layihəsi çərçivəsində abadlaşdırılmış, 19 aprel 2021-ci il tarixdə açılışı olmuşdur; Alı Mustafayev küçəsi 41 saylı ünvanda binanın fasadında və həyətibndə abadlıq işləri 14 iyun 2022-ci il tarixdə başa çatmışdır. ”Abad Həyət” layihəsi çərçivəsində həyətdə açılış olmuşdur; Akademik Topçubaşov küçəsi, akademik Mirqasımov küçəsinin kəsişməsindən Vaqif prospekti ilə kəsişməyə qədər olan yolda əsaslı təmir işləri aparılmış, yeni piyada səkiləri salınmışdır; Cəlil Məmmədquluzadə küçəsi Bakıxanov küçəsinin kəsişməsindən S.Əsgərova küçəsi ilə kəsişməyə qədər yolun əsaslı təmiri başa çatmışdır; Cəlil Məmmədquluzadə küçəsində yolun əsaslı təmiri başa çatmışdır; Azadlıq prospekti ilə S.Zeynalov küçəsinin kəsişməsindən Ş.Bədəlbəyli küçəsi ilə kəsişməyə qəqər yolun əsaslı təmiri başa çatdırılmışdır; Vaqif prospekti boyu yerləşən parklarda təmir işləri aparılaraq, 50 ədəd işıq dirəkləri cari təmir edilmiş, 50 ədəd oturacaq yenilənmişdir; Səməd Vurğun, Bakıxanov küçəsinin kəsişməsində yerləşən “Bənövşə” parkında 200 kvadrat-metr qranit səki daşlarında təmir işləri aparılmışdır; Rayon ərazisində əvvəlcədən təyin olunmuş əhalinin sıx toplaşdığı yerlərə əlavə 200 ədəd kiçik tutumlu zibil qabları qoyulmuşdur; Rayon ərazisində yerləşən bütün park və bağlarda, xiyabanlarda yaz-yay mövsümünün başlanması ilə əlaqədar cair təmir işləri aparılaraq, 300 ədəd oturacaq cari təmir edilərək rənglənmişdir, işıqlandırma sistemi bərpa olunmuşdur; Rayon ərazisindəki yaşayış binalarında 600 kvadrat - metr dam örtüyü təmir olunmuşdur; Cavadxan küçəsi boyu və digər ünvanlarda yerləşən yaşıllıq zolaqlarında 700 ədəd yeni müxtəlif növ ağaclar əkilmiş, park və xiyabanlarda 3000 ədəd mövsümi çiçək kolları əkilmiş, mövcud ağaclara aqrotexniki qaydada qulluq göstərilmişdir; Azadlıq prospekti 19 saylı ünvanda yerləşən binada yanğın hadisəsi zamanı yararsız vəziyyətə düşmüş mənzilin qapı, pəncərə və eyvan pəncərələri dəyişdirilmişdir; A.Məhərrəmov küçəsi 68 saylı evin şəhid ailəsinə məxsus 45 saylı mənzili əsaslı təmir olunmuşdur; N.B.Yusifbəyli küçəsində 100 kvadrat-metr su xətti, R.Behbudov küçəsi iri diametrli su xətti, S.Vurğun küçəsində içməli su və kanalizasiya xətti yenilənmişdir; “İzmit” parkında cari təmir işləri aparılmış, idman qurğuları və süni ot örtüyü cari təmir olunmuşdur; Akademik Mirqasımov küçəsi, Azadlıq prospektinin kəsişməsi, Ceyhun Hacıbəyli küçəsinə qədər yolun əsaslı təmiri həyata keçirilmiş, Vaqif prospekti boyu yerləşən parklarda 50 ədəd oturacaq qoyulmuş, işıqlandırma sistemində cari təmir işləri aparılmışdır; Rayon ərazisində küçə və prospektlərə 150 ədəd kiçik tullantılar üçün qablar quraşdırılmışdır; Mir Cəlal küçəsi boyu parkların işıqlandırma sistemi yenidən qurulmuş və cari təmir işləri aparılmışdır; Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsindəki “Bənövşə” parkında tamet daşları əsaslı təmir olunmuşdur; Mirəli Qaşqay küçəsindəki 35 saylı tam orta məktəbdə yeni əlavə korpus inşa olunaraq əsaslı təmir olunmuşdur; Mirəli Qaşqay küçəsi 24 saylı binanın fasadı, dam örtüyü əsaslı təmir edilmiş, qapı-pəncərələır dəyişdirilmiş, qəzalı vəziyytədə olan bütün eyvanlar sökülərək bərpa olunmuşdur; Mirəli Qaşqay küçəsi boyu binaların fasadları təmir olunaraq rənglənmişdir; Xətai prospekti boyu yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin fasadları təmir olunmuş, görünüşə xələl primitiv reklamlar sökülərək yenisi ilə əvəz olunmuşdur; “Sevil Qazıyeva” parkında cari təmir işləri aparılmış, “Qış parkı”nda oturacaqlar rənglənmişdir; Akademik Mirqasımov küçəsi əsaslı təmir edilmiş, yeni piyada səkiləri yaradılmışdır.

Təbii ki, bu siyahı durmadan artır. Çünki rayonumuzda işlər qətiyyən dayanmır və mən hal hazırda davam edən bəzi layihələri də qeyd etməyi özümə borc bilirəm. Hazırda A.Məhərrəmov küçəsi 64 və 20 Yanvar küçəsi 4/66 saylı ünvanda “Bizim Həyət” layihəsi formatında binaların fasadlarında əsaslı təmir, həyətlərində abadlıq işləri başa çatmaq üzrədir; H.B.Əliyev küçəsi 3,5,7 saylı ünvanlarda “Bizim Həyət” layihəsi çərçivəsində abadlıq işlərin başlanılmışdır və işlər davam etdirilir; N.B.Yusifbəyli küçəsində yolun əsaslı təmiri davam edir; Rayon ərazisində məhəllədaxili yollara və həyətlərə 20000 kv.m asfalt örtüyünün vurulması işləri davam edir; Mir Cəlal küçəsi 42 saylı binanın fasadında və həyətində abadlıq işləri davam etdirilir; 28 May küçəsi 20 saylı binanın fasadında təmir-bərpa işləri davam etdirilir, yararsız vəziyyətə düşmüş bəzək elementləri bərpa olunur; Tbilisi prospekti boyu yolun əsaslı təmiri başlanılmış, yeraltı kommunikasiya xətləri dəyişdirilir, işlər davam edir.

– Etiraf edim ki, həqiqətən də siyahı kifayət qədər böyükdür. Amma Siz də əmin olun ki, biz bu ünvanları bircə-bircə, heç bir ixtisara yol vermədən dərc edəcəyik. Çünki, rayonunuzda gedən bütün bu mütərəqqi prosesləri işıqlandırmaq və ən azından bu yolla sizlərə dəstək olmaq da bizim vəzifə borcumuzdur. Amma Eltun müəllim, bir məsələ də var ki, insanları ümumi, necə deyərlər, ictimai problemlərdən başqa narahat edən şəxsi xarakterli problemlər də olur. Bu baxımdan Nəsimi Rayon İcra Hakimiyyətində vətəndaşlarla iş necə qurulub?

– Siz də bilirsiniz ki, bir insanın problemini həll etmək üçün ilk növbədə onu dinləmək, ən azından problemin mahiyyətindən xəbərdar olmaq lazımdır. Məhz bu baxımdan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun  mütəmadi olaraq keçirdiyi vətəndaşlarla görüşlər, səyyar qəbullar böyük önəm kəsb edir. Mən özüm də İctimai Şuranın bir üzvü kimi, demək olar ki, bu qəbulların əksəriyyətində iştirak edirəm. Və mən bilirsiz nəyi müşahidə etmişəm? İnsanla hər belə görüşə inamla, böyük ümidlə gəlirlər. Çünki bilirlər ki, Asif müəllim bu qəbulları elə-belə, qeydiyyat xətrinə keçirmir. İnsanlar bilirlər ki, RİH başçısının hər bir sözünün, vədinin arxasında əməli işlər, nəticələr durur. Hər bir vətəndaş diqqətlə dinlənilir, qarşılaşdığı problem ətraflı şəkildə öyrənilir və onun aradan qaldırılması üçün konkret tədbirlər görülür. Məsələn, mən özüm dəfələrlə şahidi olmuşam ki, bəzi vətəndaşlar məşğulluq məsələsi ilə bağlı İcra Hakimiyyətinə müraciət ediblər və Asif müəllim də rayon ərazisində fəaliyyət göstərən bu və ya digər sahibkara müraciət edərək vətəndaşın işlə təmin edilməsinə nail olub. Əlbəttə ki, iş adamları da onlar üçün dövlətimiz tərəfindən yaradılan şəraitin müqabilində bu kimi məsələlərdə əllərindən gələn köməkliyi göstərməyə çalışırlar. Əlbəttə ki, bu, sadəcə bir epizoddur. Vətəndaşlar İcra Hakimiyyətinə ən müxtəlif problemlərlə müraciət edirlər və əksər hallarda bu problemlər az vaxtda öz həllini tapır. Xüsusi olaraq bir məqamı önə çəkmək istəyirəm. Elə siz özünüz də Nəsimi RİH-nin rəsmi saytına daxil olsanız bunu görə bilərsiz. Bu məqam ondan ibarətdir ki, Asif müəllimin tapşırığı ilə hər növbəti ay üçün vətəndaşlarla keçiriləcək görüş və qəbulların yeri və tarixi barədə dəqiq məlumatlar artıq bu ay saytda yerləşdirilir. Etiraf edək ki, bu da rayon sakinlərinə göstərilən diqqətin daha bir təzahürüdür.

– Eltun müəllim, əlbəttə ki, bu günün ən həssas, ən vacib mövzularından biri, bəlkə də birincisi şəhid ailələri, müharibə veteranları və qazilərə göstərilən dövlət qayğısı ilə bağlıdır. Nəsimi Rayon İcra Hakimiyyətinin şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlər barədə nə deyə bilərsiniz?

– Həqiqətən də bu gün Azərbaycanda şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Ölkə Prezidenti cənab İlham Əliyev öz tapşırıqlarında bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini əsas vəzifə olaraq müəyyən edib. Təbii ki, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin məsuliyyəti də daha çox məhz icra orqanlarının üzərinə düşür. Bütün ölkəmizdə olduğu kimi, Nəsimi rayonunda da Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin sosial problemlərinin həll olunması, onlara mənəvi dəstək göstərilməsi kimi məsələlər rayon rəhbərliyi tərəfindən prioritet istiqamət kimi müəyyən edilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir. Onların ailə üzvləri, həmçinin müharibə zamanı öz sağlamlığını itirmiş qazilərimiz mütəmadi ziyarət edilir, eləcə də Rayon İcra Hakimiyyəti başçısı aparatında qəbul olunaraq müraciətləri Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi tərəfindən araşdırılır və aidiyyəti üzrə müvafiq tədbirlər görülür.

Xatırladım ki, Vətən Müharibəsi zamanı 704 nəfər Nəsimi rayon sakini səfərbərliklə hərbi xidmətə yollanmışdır. Vətən müharibəsində iştirak edən 704 nəfərdən 105-i müxtəlif dərəcəli travma və xəsarətlər almış, onlardan 51 nəfərinə müxtəlif dərərcəli əlilliklər təyin olunmuşdur. Nəsimi rayon ərazisində qeydiyyatda olan 37 şəhid ailəsi və 39 Vətən müharibəsi əlili Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə mənzil növbəsinə götürülmüş və onlardan 24 şəhid ailəsi və 29 Vətən müharibəsi əlili artıq mənzillə təmin olunmuşdur. Rayon İcra Hakimiyyətinin müraciəti əsasında şəhid ailələri və Vətən müharibəsi iştirakçılarından 56 nəfər və 12 şəhid ailə üzvü işlə təmin olunmuşdur.

Bunu da qeyd edim ki, İctimai Şuranın iclaslarında da hər zaman əsas diqqət mərkəzində olan məsələ məhz şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasıdır. Tez-tez qazilərlə keçirdiyimiz səmimi söhbət əsnasında onları narahat edən məsələlər barədə Şura üzvlərini məlumatlandırırlar, eyni zamanda dövlət tərəfindən onlara göstərilən qayğı və diqqəti yüksək qiymətləndirirlər. Səmimi söhbətlər zamanı qazilər şuranın üzvlərinə də öz təşəkkürlərini bildirirlər ki, bu da bizi çox məmnun edir.

– Həmişə məmnun olasınız! Biz də Sizə, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və əməkdaşlarına, RİH-nin yanında İctimai Şuranın üzvlərinə, sizlərin şəxsinizdə Nəsimi rayonunun bütün tərəqqipərvər qüvvələrinə yeni-yeni nailiyyətlər, uğurla arzulayırıq. Maraqlı müsahibə üçün çox sağ olun!

– Siz də sağ olun!

Müsahibəni apardı: Azər MƏMMƏDOV
Fotoşəkilləri təqdim edirik:

 
 
 
 
 
 

Eltun Süleymanov: “Ulu Öndər Heydər Əliyevin misilsiz fəaliyyətinin Naxçıvan dövrü Azərbaycan dövlətçiliyi tarixinin ən parlaq səhifələrindən biridir”

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün ömrünü öz xalqının rifahına və Azərbaycan dövlətinin yüksəlişinə həsr edib. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi hər iki dövrdə, istər sovet dönəmində, istərsə də müstəqillik illərində millət və dövlət qarşısında xidmətləri əvəzolunmaz olmaqla, böyük tarixi əhəmiyyət kəsb edib. O cümlədən 1990-cı illərin əvvəllərində xalqın təkidi ilə Naxçıvana rəhbərliyi öz əllərinə götürməklə Ulu Öndər təkcə Muxtar Respublikanı böyük bir fəlakətdən qurtarmadı. Ümummilli lider həm də Azərbaycanın müstəqilliyi naminə mühüm qərarların qəbul edilməsinə nail oldu. Həmin dövr barədə Ulu Öndər Heydər Əliyev belə demişdir: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. 1990-cı ildə bütün keçmiş İttifaq respublikalarında olduğu kimi, Azərbaycanda da olduqca mürəkkəb siyasi vəziyyət yaranmışdı. Dövlətin idarəetmə potensialının son dərəcə aşağı olması səbəbindən ölkədə hərc-mərclik baş alıb gedirdi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi.”

Bu fikirləri AİA.Az-a verdiyi açıqlamasında Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov ifadə edib.

Müsahibimiz qeyd edib ki, Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də ilk sessiyasının məhz Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilməsi Muxtar Respublikanın xilası yolunda atılmış ilk addım oldu: “Müasir müstəqil Azərbaycan dövlətinin yaradıcısı, milli azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı danılmaz tarixi xidmətlərindən biri də Naxçıvanın xilası olub. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ümummilli lider Heydər Əliyevin gərgin səyləri nətcəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşmağa doğru istiqamət aldı. Dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan mahir siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açdı. Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə yüksək dəqiqliklə hesablanmışdı. Ulu Öndər həmin dövrdə özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini atdı. Məhz həmin sessiyada ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən dövlət bayrağı elan etdi.”

Həmçinin Eltun Süleymanov Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə ölkəmizin beynəlxalq əlaqələrinin də inkişafı istiqamətində mühüm addımların atıldığını vurğulayaraq bunları deyib: “Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Məhz həmin dövrdə Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar quruldu. Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi bu istiqamətdə görülən işlər arasında xüsusi əhəmiyyəti ilə seçilir. Əlbəttə ki, bütün bu qeyd olunanlar Ümummilli Liderin Naxçıvana rəhbərlik etdiyi dövrdə göstərdiyi misilsiz fəaliyyətinin yalnız kiçik epizodlarıdır. Birmənalı olaraq demək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.”
 
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov