Xəbər lenti

Eldar Quliyev: “Bu gün ordumuzun apardığı hərbi əməliyyatların və əldə olunmuş nəticələrin önəmini kimsə şübhə altına almağa çalışırsa bu, yalnız Azərbaycanı gözügötürməyənlər və yaxud da onlara xidmət edənlər ola bilərlər”


MÜSAHİBƏNİN ƏVVƏLLİ BURADA

Milli Məclisinin deputatı Eldar Quliyevin müsahibəsi

AİA.az-ın suallarını Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev cavablandırır.

- Bu ilin aprel ayının 6-da Prezident İlham Əliyevin Brüsselə baş tutmuş səfəri Avropa İttifaqı ölkələrinin Cənubi Qafqazda olan maraqlarının təmin olunması yollarının axtarışına artıq yeni, tamamilə fərqli yanaşma sərgiləməyə hazır olduqlarını bir daha nümayiş etdirdi. Necə bilirsiz, bu yenilik Azərbaycan – Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə keçidi üçün bir platforma ola bilərmi?

- Tamamilə doğru qeyd etdiniz. Məsələ bundadır ki, Cənubi Qafqaz istər enerji resursları, istərsə də malik olduğu geostrateji mövqeyi ilə hər zaman böyük və güclü dövlətlərin diqqətini cəlb edib. Lakin bu gün artıq Cənubi Qafqazın verə biləcəyi üstünlüklərdən yararlana bilmək üçün sadəcə gücə sahib olmaq heç də yetərli amil deyil. Çünki Azərbaycan tarixi Zəfərlə başa vurduğu Vətən müharibəsinin nətcələri ilə özünün regional liderlik mövqelərini daha da möhkəmlətdi. Azərbaycan bütün dünyaya birmənalı olaraq bəyan etdi ki, artıq Cənubi Qafqazda yeni, tamamilə fərqli reallıqlar formalaşıb və bundan sonra bu regionda hər hansı bir layihəni həyata keçirmək niyyətində olan istənilən ölkə ilk növbədə bu reallıqları qəbul etməli, həmin reallıqları yaradan ölkənin maraq və mənafeylərini nəzərə almalıdır.

Bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının qarşısında duran ən vacib məsələlərdən biridir. Xüsusilə qitənin şərqində gedən mürəkkəb geosiyasi proseslər, hər an bütün Avropanı müharibə alovuna bürüyə biləcək təhlükəli hərbi münaqişənin hələ də davam etməsi fonunda Avropa İttifaqının Cənubi Qafqazda gedən proseslərə yeni baxış, yeni münasibət formalaşdırmaq niyyətini sərgiləməsi və bu istiqamətdə konkret addımlar atmağa başlaması tamamilə anlaşılandır. Özünün enerji təhlükəsizliyinin təmin olunması məqsədilə bu gün Azərbaycanın imkanlarından maksimum dərəcədə yararlanmaq niyyətini göstərən Avropa İttifaqı artıq postmüharibə dövründə Cənubi Qafqazda gedən proseslərə müəyyən dərəcədə nüfuz etmək imkanı əldə edə bilmək üçün yeni formatın yaradılmasının zəruriliyini də qəbul etdi. İlk növbədə də məhz elə bu baxımdan Prezident İlham Əliyevin 2022-ci il 6 aprel tarixli Brüssel səfəri ölkəmizin milli maraqlarının təmin olunması istiqamətində atılmış növbəti vacib addım oldu. Münaqişə başa çatdıqdan sonra ATƏT-in Minsk Qrupu avtomatik olaraq lazımsız bir təsisata çevrildi. Həmçinin qrupun həmsədr ölkələri arasında hazırda getdikcə gərginləşən münasibətlər də bu qurumun artıq heç bir prosesə real təsir imkanlarına malik olmadığını deməyə əsas verir. Lakin Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqlarını heç kim ləğv etməyib. Əksinə, bu gün Aİ ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi bu maraqları daha konkret formalarda ortaya qoyur. Məhz elə bu maraqların da təmin olunması naminə Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış bu yeni reallığa əsaslanır.

- Eldar müəllim, yəqin Siz də razılaşarsınız ki, bu gün Azərbaycanın xarici siyasətində xüsusi diqqət mərkəzində saxladığı prioritet istqamətlərdən biri də Xəzər hövzəsi ölkələri ilə münasibətlərin formalaşması və inkişafıdır. Bu sahədə son vaxtlar əldə olunan irəliləyişlər barədə nə deyə bilərsiz?

- Təbii ki, Azərbaycan üçün Xəzəryanı ölkələrlə münasibətlərin inkişafı çox vacib məsələdir. Bu baxımdan iyunun 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çox böyük siyasi və tarixi əhəmiyyət kəsb edən bir hadisə oldu. İlk növbədə bu mötəbər beynəlxalq tədbir Xəzər dənizi hövzəsində yerləşən ölkələrin daha yaxınlaşmasına, dövlətlərarası münasibətlərin inkişafına xidmət edəcək. Bu gün getdikcə daha böyük sürətlə qloballaşan dünyada cərəyan edən hadisələrin fonunda belə yaxınlaşmaya hər ölkənin ehtiyacı var. Çünki belə yaxınlaşmalar qonşu ölkələrin qarşısında duran ümumi məsələlərin həlli istiqamətində birgə addımların atılması üçün əlverişli şərait yaradır. Təbii ki, Xəzəryanı dövlətlərin də qarşısında həllini gözləyən mühüm ümumi məsələlər var və Aşqabad Sammiti də məhz həmin məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq. Sammitdə çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev bu dəfə də qlobal düşüncə tərzi nümayiş etdirərək Azərbaycanın ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verdiyini bildirdi.

Diqqətəlayiq haldır ki, bu gün Xəzəryanı dövlətlər arasında əməkdaşlığın hüquqi bazasının hetdikcə möhkəmləndiyini müşahidə edilir. Artıq bir çox sahələrdə, o cümlədən təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi və bir çox digər mühüm istiqamətlərdə sazişlər imzalanıb və qüvvəyə minib. Həmçinin əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş aparılır. Bu, çox önəmli göstəricidir və Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından ən mühüm amillərdəndir. Dövlətimizin başçısı Aşqabad Sammitində çıxış edərkən xüsusi olaraq vurğuladı ki, hövzə ölkələrinin qarşılıqlı fəaliyyətilərinin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir və Xəzər dənizi bu regionun bütün xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. O cümlədə, nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın mühüm istiqamətidir. Bu sahədə bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan artıq bütün Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımalar, o cümlədən Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi hər il artır. Təbii ki, regionun nəqliyyat arteriyalarının daha da şaxələnməsi üçün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsindən sonra daha geniş imkanlar yaranıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə bu imkanlar daha da artacaq. Belə ki, Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin vacib elementinə çevriləndən sonra Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmi dəfələrlə artacaq. Dəhlizin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsini təmin edəcək və bu birləşmənin geosiyasi əhəmiyyətini daha da yüksəldəcək.

- Azərbaycan bu gün bir çox beynəlxalq siyasi təsisatlarda uğurla təmsil olunur. Əlbəttə ki, bu mövzuda danışarkən ölkəmizin Qoşulmama Hərəkatında fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu fəaliyyətin təşkilata üzv ölkələr tərəfindən yüksək qiymətləndirildiyinin daha bir göstəricisi isə Azərbaycanın Hərəkata sədrlik müddətinin 2023-cü ilin sonunadək uzadılması oldu. Bu barədə hansı fikirlərinizlə bölüşmək istərdiniz?

- Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci ən böyük siyasi təsisatıdır. Azərbaycan 2011-ci ildən bu mötəbər təşkilatın üzvüdür və 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Bütün bu illər ərzində ölkəmiz təşkilat daxilində yüksək fəallıq nümayiş etdirmiş, bütün üzv dövlətlərin maraqlarına cavab verən bir çox önəmli təşəbbüslərlə çıxış etmişdir. Bütün bunlar Azərbaycanın həm Qoşulmama Hərəkatı daxilində, həm də beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, nüfuzunun daha artmasına xidmət etmişdir. Bu ilin 30 iyun – 1 iyul tarixlərində Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının da əsas məqsədi Azərbaycanın növbəti təşəbbüsünün həyata keçirilməsi, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradılması idi.

Bakı konfransında çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın digər ölkələrlə münasibətlərin qurulmasında əsas kimi məhz Bandunq prinsiplərini götürdüyünü bir daha vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, əgər bütün ölkələr tərəfindən ərazi bütövlüyünün toxunulmazlığı, suverenliyin, müstəqilliyin tanınması, bir-birinin işlərinə müdaxilə etməmək kimi prinsiplərə əməl olunsaydı, o zaman heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Təəssüflər olsun ki, bu gün də bəzi ölkələrə rəhbərlik edən hərbi-siyasi rejimlər bu prinsiplərdən çox uzaq olan meyarlar əsasında siyasət yürüdürlər ki, bu da regional münaqişə ocaqlarının yaranmasına səbəb olur. Azərbaycan isə hər zaman Bandunq prinsiplərinə riayət edib və bütün ölkələrin suveren hüquqlarına hörmətlə yanaşıb. Təbii ki, ölkəmizin bu prinsipial mövqeyi təşkilata üzv olan bütün ölkələr tərəfindən də yüksək qiymətləndirilir. 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilin sonuna qədər uzadılması isə, heç şübhəsiz ölkəmizin fəaliyyətinin yüksək qiymətləndirilməsinin təsdiqidir. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə beynəlxalq müstəvidə təşkilata üzv ölkələrin qanuni maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. O cümlədən Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib.

Qeyd olunmalıdır ki, Qoşulmama Hərəkatının təşviq etdiyi bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipləri Azərbaycanın tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticələrinin mahiyyətində aşkar şəkildə öz əksini tapıb. Məhz bu səbəbdən Təşkilata üzv ölkələr hər zaman beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək veriblər. Öz çıxışında Prezident İlham Əliyev bu məsələyə xüsusi toxundu və bildirdi ki, Azərbaycan bu həmrəyliyə görə təşkilatın bütün üzv ölkələrinə minnətdardır. Heç bir şübhə ola bilməz ki, Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini bundan sonra da gücləndirəcək.

- Bir az öncə biz Azərbaycan – Avropa İttifaqı münasibətlərindən bəhs etdik. Təbii ki, Azərbaycanla əməkdaşlıq əlaqələrinin həm əhatəliliyinə, həm də möhkəmliyinə görə Avropa ölkələri arasında İtaliya Respublikasının xüsusi yeri var. Məhz bu baxımdan Prezident İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-dən sentyabrın 2-dək davam edən Romaya işgüzar səfərinin əhəmiyyətini necə şərh edə bilərsiz?.

- İlk öncə qeyd edim ki, İtaliya Avropanın Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan bu ölkədir və Azərbaycanın İtaliya ilə sıx dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Deyə bilərik məhz İtaliya ki, Avropa İttifaqı ölkələri arasında Azərbaycanla daha geniş və möhkəm əməkdaşlıq əlaqələrinə malik olan ölkədir. Hələ 2020-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına olan dövlət səfəri zamanı ölkələrimiz arasında 28 sənəd imzalanmışdı. Həmin sənədlər arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” xüsusi əhəmiyyət kəsb edir. Məhz bu sənəd Azərbaycan və İtaliya arasında münasibətlərin inkişafında başlıca plan rolunu oynayır və özündə siyasi dialoq, ticari-iqtisadi münasibətlər, enerji, nəqliyyat-kommunikasiya, elm, təhsil, mədəniyyət, humanitar, müdafiə sahələrində əlaqələrin inkişafına dair xeyli məsələləri ehtiva edir. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını, eləcə də ölkəmizin NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərini daim ən fəal şəkildə dəstəkləyib. Bu gün isə, Azərbaycanın ümumiyyətlə Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələsində rolu getdikcə artmaqdadır. Avropanın aparıcı ölkələri gələcəyə dair qurduqları strateji planlarına Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərini getdikcə daha çox daxil etməyə üstünlük verirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-dən sentyabrın 2-dək davam edən Romaya işgüzar səfəri də bunu bir daha təsdiq etdi. Bu səfər çərçivəsində enerji, iqtisadiyyat, elm və təhsil kimi strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması ölkələrimiz arasında əməkdaşlığın yeni bir səhifəsini açmış oldu.

Digər tərəfdən isə Möhtərəm dövlət başçımızın İtaliyaya rəsmi səfər çərçivəsində sentyabrın 2-də Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci beynəlxalq Çernobbio Forumuna dəvət olunması və bu mötəbər tədbirdə əsas qonaq qismində iştirakı özü-özlüyündə xüsusi əhəmiyyət kəsb edən bir hadisədir. İlk növbədə nəzərə almaq lazımdır ki, Mərkəzi Avropada, eləcə də bu məkanın hüdudlarından kənarda əhatəli tərəfdaşlıq şəbəkəsinə malik olan “The European House – Ambrosetti” beyin mərkəzi 1965-ci ildən fəaliyyət göstərir və və hazırda İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində 1 nömrəli beyin mərkəzi hesab olunur. Həmçinin bu təsisat Avropada ilk onluqda qərarlaşmaqla İtaliya və Avropa şirkətləri üçün əhəmiyyətli olan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif beynəlxalq tədbirlər təşkil edir. Bununla da “The European House – Ambrosetti” ilk növbədə İtaliya şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə böyük töhfələr verir. Eyni zamanda da bu beyin mərkəzi təqdim etdiyi yüksək səviyyəli beynəlxalq müzakirə platformalarında ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirməklə Avropa İttifaqı üçün əlverişli potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə xidmət edir.

- Xüsusən də hazırda bu əməkdaşlığın inkişafında Avropa ölkələrini daha çox maraqlı edən bir çox əhəmiyyətli amillər mövcuddur...

- Əlbəttə, bu gün Avropanı bürüyən böhran dalğası Rusiya-Ukrayna müharibəsi səbəbi ilə getdikcə daha da dərinləşir. Aydındır ki, alternativ enerji təchizatçıları axtarışında olan Avropa İttifaqı ilk növbədə zəngin enerji ehtuyatlarına, təbii resurslara malik ölkələrə diqqətini yönəldir. Lakin sadəcə zəngin ehtiyatlara sahib olmaq hələ etibarlı təchizatçı, etibarlı tərəfdaş qismində çıxış edə bilmək anlamına gəlmir. Strateji tərəfdaşlıq bir çox vacib amillərin təmin olunmasını tələb edir. Təbii ki, Avropa ölkələri əməkdaşlıq edəcəkləri ölkələrin coğrafi yerləşməsindən tutmuş, həmin ölkələrin əhatəsində mövcud olduqları qonşu dövlətlərlə münasibətlərinə, ölkədaxili ictimai-siyasi sabitliyin davamlılığına və bir çox digər göstəricilərə qədər ən müxtəlif istiqamətlərdə əsaslı təhlillər və qiymətləndirmələr aparırlar. Ölkə Prezidenti cənab İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövr ərzində Azərbaycanın stabil ictimai-siyasi daxili mühitə, dinamik inkişaf edən iqtisadiyyata sahib olan, tam müstəqil xarici siyasət yürüdən, güclü, eyni zamanda da üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri hər zaman yerinə yetirən məsuliyyətli bir ölkəyə çevrilməsi əlbəttə ki, dünya dövlətlərinin diqqətindən kənarda qalmır. Bu gün isə Azərbaycan Prezidentinin fəaliyyəti hər zaman olduğundan daha artıq diqqətlə izlənilir, təhlil edilir.

Beynəlxalq Çernobbio Forumda çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi, hər bir müstəqil ölkə kimi, Azərbaycan üçün də xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir. Keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd edən Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşan siyasət yürüdərək, sabit siyasi və iqtisadi mövqeyə yiyələnib ki, bu da xarici ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq münasibətləri qurmaq imkanı verir.

- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə təşəkkür edirik. Sağ olun.

- Siz də sağ olun.

Söhbətləşdi: Azər Məmmədov
aia.az
Aqiyə Naxçıvanlı: “Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri üçün böyük iqtisadi əhəmiyyət kəsb edir”

“Artıq xəbər verildiyi kimi, sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edir. Sammitdə çıxış edən cənab Prezidentimiz Təşkilata üzv ölkələri maraqlandıran bir çox məsələlər barədə ətraflı açıqlamalar təqdim etmişdir. İlk növbədə Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı diqqətə çatdırmışdır ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Məlumdur ki, Şərq-Qərb nəqliyyat dəhlizi Çindən Türkiyəyə və eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Bu dəhliz üzrə hərəkət edən qatarlar orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Şimal-Cənub dəhlizi isə əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Şimal-Cənub Tranzit Dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Aydındır ki, hər iki nəqliyyat dəhlizi birbaşa Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri üçün böyük iqtisadi əhəmiyyət kəsb edir. Bu isə, vacib tranzit mərkəzi olaraq ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın önəmini daha da artırır.”

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat qeyd edib ki, Azərbaycan tarixi İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasını hər zaman fəal şəkildə dəstəkləyib. Eyni zamanda mövcud olan digər nəqliyyat dəhlizləri ilə müqayisədə Azərbaycan yüklərin məhz bizim ölkənin ərazisindən keçməklə daha əlverişli şərtlərlə qısa müddətdə və təhlükəsiz çatdırılmasını təmin edərək müxtəlif istiqamətlərdə tranzit daşımaların həcminin dəfələrlə artmasına nail olub: “Bu gün biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Təsadüfi deyil ki, artıq dünyanın bir çox ölkələri tərəfindən Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilir. Heç şübhəsiz Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılması ölkəmizin həyata keçirdiyi ən mühüm və uğurlu tranzit layihələrindən biridir. Ölkə Prezidenti cənab İlham Əliyevin də Səmərqənd Sammitində qeyd etdiyi kimi, Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla eyni zamanda Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrinin iştirakçı ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə də şərait yaratmış olur. Beləliklə də, Azərbaycanın bir sıra hallarda təşəbbüskarı kimi çıxış etdiyi beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında münasibətlərin inkişafına və ümumilikdə Avrasiya məkanında sülhün və təhlükəsizliyin bərqərar olması işinə xidmət edir”, - deyə A.Naxçıvanlı bildirib.
Daha sonra millət vəkili Zəngəzur dəhlizinin Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olacağnı vurğulayaraq bunları deyib: “2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsini tarixi Zəfərlə başa vuran Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bununla da tarixi ədalət bərpa olundu. İndi isə Azərbaycan bu regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək niyyətindədir. Bu məqsədlə ölkəmiz Ermənistana sülh müqaviləsinin bağlanması üzrə danışıqlara başlamaqla bağlı çağırışlar etməkdədir. Təbii ki, Ermənistan 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. O cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi isə Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən mühüm beynəlxalq nəqliyyat arteriyasının bir hissəsidir. Əlbəttə, Zəngəzur dəhlizi Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Lakin eyni zamanda da bu dəhliz Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsinin bütün iştirakçılarının tranzit və yükdaşıma imkanlarının artmasına, həmin ölkə xalqlarının rifah halının daha da yüksəlməsinə əhəmiyyətli töhfə olacaq”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini sona çatdırıb.
 
Eldar Quliyev: “Bu gün ordumuzun apardığı hərbi əməliyyatların və əldə olunmuş nəticələrin önəmini kimsə şübhə altına almağa çalışırsa bu, yalnız Azərbaycanı gözügötürməyənlər və yaxud da onlara xidmət edənlər ola bilərlər”

MÜSAHİBƏNİN ƏVVƏLLİ BURADA

Milli Məclisinin deputatı Eldar Quliyevin müsahibəsi

AİA.az-ın suallarını Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev cavablandırır.

- Yəqin mənimlə razılaşarsınız ki, bu ilin avqust ayının 26-sı bütün ölkə üçün, xalqımız üçün ən əlamətdar günlərdən biri kimi tarixdə qalacaq. Məhz həmin gün biz Laçına əbədi qayıtdıq. İstərdim ki, bu tarixi hadisə ilə bağlı fikirlərinizi, düşüncələrinizi oxucularımızla da paylaşasınız.

- Həqiqətən də qalib ölkənin vətəndaşı olmaq insanlara başqa heç nə ilə müqayisə edilə bilməyəcək dərəcədə böyük bir qürur hissi yaşadır. Azərbaycan xalqı isə bu hissi artıq iki ildir ki, yaşayır. Düz iki il bundan öncə Ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən qızğın və amansız döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. 2020-ci il sentyabr ayının 27-də Ermənistanın silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq və Vətən torpaqlarını işğaldan azad etmək məqsədilə Azərbaycan Ordusunun başladığı hərbi əməliyyatlar tez bir zamanda geniş miqyas alaraq Vətən müharibəsinə çevrildi. Əslində bu müharibənin nə ilə nəticələnəcəyi ilk gündən məlum idi. Dövlət başçımızın müdrik uzaqgörənliklə həmin tarixi günə qədər ötən illər ərzində həyata keçirdiyi əhatəli və effektiv hazırlıq işlərinin nəticəsi olaraq Azərbaycan istər hərbi potensialına, istər iqtisadi gücünə, istərsə də ölkədə hökm sürən ictimai-siyasi şəraitin əlverişliliyinə görə Ermənistanı qat-qat üstələyirdi. Erməni işğalçıları bu dəfə də dünyada olan havadarlarının dəstəyinə, Azərbaycana ediləcək təzyiqlərə və hətta əgər mümkün olarsa üçüncü tərəf kimi hansısa digər ölkələri münaqişəyə cəlb edə biləcəklərinə ümid edirdilər. Lakin bu dəfə onlar çox ciddi şəkildə yanılmışdılar. Artıq nə zaman ötən əsrin 90-cı illərinin əvvəli, nə də Azərbaycan səriştəsiz rəhbərlik tərəfindən xaosa doğru sürüklənən ölkə deyildi. 2020-ci ilin 8 noyabrında Şanlı Ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı indiyədək hərb tarixində misli görünməmiş əməliyyat keçirməklə düşməndən azad etdilər. Bundan sonra düşmən özünün faktiki kapitulyasiya aktı olan tarixi 10 noyabr Üçtərəfli Bəyannaməsini imzalamağa məcbur oldu.

Qeyd etmək lazımdır ki, məhz Şuşanın azad olunması hərbi əməliyyatların Azərbaycan üçün ən əlverişli şərtlərlə başa çatmasını təmin etdi. Noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Azərbaycanın maraqlarına tam cavab verən, bu Ermənistan üçün isə faktiki kapitulyasiya aktı olan bu sənədin ən əhəmiyyətli cəhətlərindən biri də bu oldu ki, sənədin imzalandığı an hələ də işğal altında olan digər rayonlarımız - Ağdam, Laçın, Kəlbəcər rayonları artıq qan tökülmədən özümüzə qaytarıldı. Bu isə bir daha Ölkə Prezidenti cənab İlham Əliyevin insanlarımızın, əsgərlərimizin həyatını hər şeydən daha üstün tutduğunu aydın şəkildə göstərir.

Mən az öncə də qeyd etdim ki, Azərbaycan xalqı artıq iki ildir qələbə sevincini yaşayır. Lakin bu, sadəcə 2020-ci ildə əldə olunmuş tarixi Qələbənin sevinci deyil. Məsələ bundadır ki, öz torpaqlarını işğaldan azad etdikdən sonra da qalib Azərbaycanın möhtəşəm uğurları davam edir. Artıq Azərbaycan dünya birliyinin də nəzərində 2020-ci ilin sentyabr ayına qədər olduğu imicində deyil. Bu gün Azərbaycan güclü, nüfuzlu, sözünü demiş və bundan sonra da deməyi bacaracaq bir ölkə kimi bütün beynəlxalq platformalarda öz mövqelərini sürətlə möhkəmləndirməkdədir. Bu gün Azərbaycanın irəli sürdüyü təşəbbüslər, o cümlədən Ermənistan hökumətinə ünvanlanan mesajlar Cənubi Qafqazda regional sülhün, sabitliyin və davamlı inkişafın bərqərar olması üçün ən optimal təkliflər kimi dəyərləndirilməlidir və dəyərləndirilir də. O cümlədən avqustun 26-da Laçın şəhərindən, Zabux və Sus kəndlərindən orada qanunsuz məskunlaşdırılmış ermənilərin qeyd-şərtsiz çıxarılması da Azərbaycanın nüfuzunun, möhtərəm Prezidentimizin siyasi iradəsinin daha bir təzahürüdür. Bu əlbəttə ki, böyük nailiyyətdir, amma bizi irəlidə daha böyük nailiyyətlər və qələbələr gözləyir.

- Eldar müəllim, əlbəttə ki, 2022-ci ilin ən önəmli hadisələrindən biri məhz avqustun 26-da Laçın rayonundan burada qeyri-qanuni məskunlaşdırılmış ermənilərin çıxarılması oldu. Bununla belə etiraf etməliyik ki, yaşadığımız il Azərbaycan üçün daha bir çox əhəmiyyətli hadisələrlə əlamətdar olub. Buna misal olaraq fevral ayında Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısını qeyd etmək olar. Bu mötəbər beynəlxalq tədbirin əhəmiyyəti barədə nə deyə bilərsiz?

- İlk növbədə qeyd etmək lazımdır ki, bu gün Cənubi Qafqazda gedən proseslərə və bu proseslərdə Azərbaycanın aparıcı roluna münasibətdə Avropa İttifaqı ölkələrinin mövqeyi kifayət qədər önəmlidir. Məhz bu baxımdan da Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində getdikcə artan rolu bu mövqeyin formalaşmasına əhəmiyyətli təsir edən bir amil kimi çıxış edir. Əlbəttə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizinin xüsusi rolu var. Məlum olduğu kimi, dəyəri 33 milyard ABŞ dolları olan və XXI əsrin ən böyük layihələrindən biri hesab edilən Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın formalaşması Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın istismara verilməsilə artıq daha yüksək səviyyəyə keçid almış oldu və bu nailiyyət ilk növbədə Prezident İlham Əliyevin bütün bu illər ərzində nümayiş etdirdiyi prinsipial mövqeyi, qətiyyəti və strateji idarəçiliyi sayəsində əldə olunub. Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir və bu da ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.

Möhtərəm dövlət başçımızın fevral ayının 4-də keçirilmiş toplantıda etdiyi çıxışında bildirdiyi kimi, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Həmçinin yeni bazarlarda Azərbaycan qazına ehtiyac var və tələbat getdikcə artır. Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb. Bütün bu illər ərzində Azərbaycan özünü etibarlı tərəfdaş kimi göstərərək, təchizatda hər hansı bir fasiləyə və ya müqavilə şərtlərinin pozulmasına yol verməyib. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər də getdikcə artır.

- Doğrudur, hazırda məhz ənənəvi enerji resurslarının istehsalı və ixracı ölkə iqtisadiyyatının aparıcı sektoru kimi çıxış edir. Bununla belə bu gün Azərbaycan alternativ, bərpaolunan enerji növlərinin istehsalına da önəmli investisiya qoyuluşları edir. Necə bilirsiz bu sahənin perspektivləri ölkəmiz üçün nə dərəcədə önəmlidir?

- Bu gün Azərbaycanın daxilində də istər təbii qaza, istərsə də digər enerji resurslarına tələbat getdikcə artır. Daxili tələbatın artmasına səbəb olan amillərdən biri Azərbaycanda demoqrafik vəziyyətin müsbət olması, yəni əhalinin sayının getdikcə artmasıdır. Həmçinin sürətlə inkişaf edən sənayemizin tələbatını təmin etmək üçün və əlbəttə ki, 2020-ci ildə Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin qazlaşdırması üçün də əlavə həcmdə qaza ehtiyac var. Bir sözlə qaza və enerjiyə tələbat getdikcə artır və bu da bərpaolunan enerji növlərinin istehsalına marağı artırır. Çünki məhz bərpaolunan enerji mənbələrinin çoxluği ixrac üçün daha çox təbii qaza qənaət etməyə imkan verə bilər.

Ölkə Prezidenti cənab İlham Əliyev fevralın 11-də “Qobu” Enerji Qovşağının açılışından sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə verdiyi müsahibəsində ölkəmizdə bərpa olunan enerji növlərinin istehsalı sahəsində görülən işlər barədə ətraflı açıqlamalar təqdim etdi. Dövlət başçımız bu sahədə Azərbaycanın böyük potensiala sahib olduğunu və bu imkanların tezliklə reallaşması istiqamətində gərəkli addımların atıldığını vurğuladı. Həqiqətən də bu gün artıq bir çox böyük xarici şirkətlər də Azərbaycanda bərpa olunan enerji növlərinin istehsalına sərmayə yatırmaq niyyətlərini bildirirlər. Əlbəttə ki, bu, ilk növbədə ölkəmizdə yaradılmış əlverişli və təhlükəsiz investisiya mühiti bağlıdır. Eyni zamanda da Azərbaycanın ötən illər ərzində formalaşmış etibarlı tərəfdaş imici investorları ölkəmizə cəlb edir.

O cümlədən bu ilin əvvəlində enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Bundan başqa, Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər kifayət qədər yüksəkdir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Lakin hazırda ölkənin ən böyük potensialı Xəzər dənizindədir. Məhz bu səbəbdən hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər və onlardan konkret təkliflər gəlməyə başlamışdır. Xəzər dənizinin bərpa olunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Əlbəttə ki, bütün bu layihələr Azərbaycana ixracla bağlı öz fəaliyyətini genişləndirmək, yeni ixrac bazarlarına çıxmaq imkanları verəcək. Beləliklə, Azərbaycan enerji sahəsində çox yüksək potensiala sahibdir və bu potensial həm daxili, həm də ixrac tələbatlarının ödənilməsinə yönəldiləcək.

- Eldar müəllim, bu gün Azərbaycan azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işlərini davam etdirir. Prezident İlham Əliyevin ölkənin rayon və bölgələrinə mütəmadi etdiyi səfərlər də bu işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Hazırda intensiv yenidənqurma işlərinin davam etdiyi bölgələrimizdən biri də Ağdam rayonudur. Dövlət başçısının fevral ayının 13-də Ağdama etdiyi səfərinin əhəmiyyəti barədə hansı fikirlərinizlə bölüşmək istərdiz?

- Möhtərəm Prezidentimizin ölkənin bütün rayon və bölgələrinə mütəmadi olaraq etdiyi səfərlərin hər biri həmin bölgənin inkişafı baxımından böyük əhəmiyyət kəsb edən hadisəyə çevrilir. Belə səfərlərin gedişində sonradan bölgənin sosial-mədəni həyatında, iqtisadi yüksəlişində xüsusi rol oynayan obyekt və müəssisələrin açılışı və ya təməlinin qoyulması artıq çoxdan bir ənənə halını almışdır. Əlbəttə ki, bu baxımdan Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdığı gündən indiyədək Ölkə Prezidentinin işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər həm iqtisadi, həm də mənəvi-siyasi cəhətdən xüsusi önəm daşıyır. Bu səfərlər bir tərəfdən həmin torpaqlarda böyük vüsətlə aparılan bərpa-quruculuq işlərinin birbaşa dövlət başçısının nəzarətində və diqqət mərkəzində saxlandığını vurğulayır. Digər tərəfdən də Qarabağ torpaqlarının tarixi sahiblərinin kimlər olduğuna dair dünyada hələ də yanlış fikir formalaşdırmağa ara-sıra cəhdlər edən bəzi qüvvələrə ünvanlanan mesajları özündə ehtiva etməklə bu səfərlər önəmli siyasi əhəmiyyət daşıyır. Eynilə fevral ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam və Ağcabədi rayonlarına etdikləri səfər də bir çox önəmli hadisələrlə əlamətdar oldu.

O cümlədən dövlətimizin başçısı Ağdam şəhərində sənaye parkının iki yeni müəssisəsinin təməl daşını qoymaqla ümumilikdə bölgənin inkişafına böyük töhfə vermiş oldu. Məlum olduğu kimi, bu gün ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri də məhz qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan sənaye parkları və məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. O cümlədən Ağdamın Qarabağ regionunda tutduğu coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını artırır. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Həmçinin işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Ağdamda infrastruktur layihələri sürətlə icra olunur. Belə ki, artıq azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. Prezident İlham Əliyevin açılışını etdiyi “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək və bu da ölkənin enerji təhlükəsizliyinin təminatına növbəti önəmli töhfə olacaq.

Həmçinin Ağdamda yeni mehmanxananın inşasına başlanması da bu işlərin bir hissəsidir. Məlum olduğu kimi, son illər Azərbaycanda turizmin inkişafı istiqamətində böyük işlər görülüb. Ölkəmiz bütün dünyada getdikcə daha çox sevilən beynəlxalq turizm məkanlarından birinə çevrilməkdədir. Lakin ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ bölgəsi işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. Bu gün isə Müzəffər Ali Baş Komandanın qətiyyəti və Şanlı Ordumuzun rəşadəti sayəsində artıq işğaldan azad edilmiş bu torpaqlarda bir çox digər sahələr kimi, turizmin inkişaf etdirilməsi üçün də məqsədyönlü addımlar atılır, irimiqyaslı layihələrə start verilir.

ardı var...
 
 
Eltun Süleymanov: “Baş verənlərə görə bütün məsuliyyət müstəqil siyasət yürüdə bilməyən rəsmi İrəvanın üzərindədir”

“Ermənistan silahlı qüvvələrinin sentyabr ayının 13-də, gecə saatlarımnda Azərbaycanla sərhəd boyunca Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdikləri genişmiqyaslı təxribat bu ölkəni idarə edən hərbi-siyasi rejimin işğalçı niyyətlərini bir daha ortaya qoydu. Baş vermiş təxribata cavab olaraq silahlı qüvvələrimiz tərəfindən adekvat tədbirlər görülüb. Heç bir şübhə yoxdur ki, baş verənlərə görə bütün məsuliyyət hələ də Ermənistanda revanşist əhval-ruhiyyəsini qızışdırmağa çalışan daxili və xarici qüvvələrin və əlbəttə ki, müstəqil siyasət yürüdə bilməyən rəsmi İrəvanın üzərindədir. Diqqətəlayiq haldır ki, hətta Ermənistanın müttəfiqləri hesab olunan KTMT-yə üzv ölkələr də hücuma məhz hansı tərəfin ilk olaraq başladığının aydın olmadığını bildirdilər. Artıq hamıya aydındır ki, Ermənistan məhz belə təxribatlar planladığı üçün bu günədək sərhədlərin demarkasiya məsələsində hələ də təcavüzkar mövqedən çıxış edir və qəsdən mübahisəli vəziyyət yaratmağa çalışır.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

E.Süleymanov bildirib ki, bu kimi təxribatlar törətməklə Ermənistan regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradır və bununla da dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir: “Əslində rəsmi İrəvan və bu marionet rejimi idarə edən qüvvələr ölkəmizə qarşı törətdikləri növbəti hərbi təxribatla bir neçə çəqsəd güdürlər. İlk növbədə Ermənistan hökuməti belə təxribatlarla revanşist niyyətlərini həyata keçirmək üçün əlvrişli şərait yaratmağa çalışır. Bir tərəfdən indiyədək hələ də Azərbaycana mina xəritələrinin verilməməsi, digər tərəfdən də bizim ərazilərdə yeni minalama cəhdləri ilə Ermənistan genişmiqyaslı hərbi hücumları üçün platforma yaratmağa və eyni zamanda da Azərbaycanın müdafiə imkanlarını məhdudlaşdırmağa səy göstərir. Bu isə açıq-aşkar rəsmi İrəvanın hələ də ölkəmizə qarşı təcavüzkar planlarından xəbər verir. Beləliklə də Ölkə Prezidenti cənab İlham Əliyevin iyunun 27-də Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında dünyada güc amilinin öz aktuallığını qoruyub saxlamasına dair dediyi sözlər bir daha öz təsdiqini tapır. Həmin tədbirdə möhtərəm dövlət başçımız demişdir: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.” Həmçinin erməni təxribatının daha bir məqsədi ölkəmizin getdikcə artan beynəlxalq nüfuzunu, möhkəmlənən mövqelərini zəiflətməkdir. Belə ki, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələlərində getdikcə artan rolu dünyadakı antiazərbaycan qüvvələrini narahat edən əsas məqamlardan biridir. Bu da məlumdur ki, enerji təhlükəsizliyinin təminatı Azərbaycanın mövcud olduğu Cənubi Qafqaz regionunda sülhün və stabilliyin mövcudluğundan birbaşa asılıdır. Deməli, Ermənistanın hərbi təxribatların bir məqsədi də məhz Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasıdır”, - deyə müsahibimiz qeyd edib.

Daha sonra E.Süleymanov Azərbaycanın erməni təxribatlarına cavab tədbirlərinin nəticələrinə kölgə salmağa çalışan radikal müxalifət təmsilçilərinin əslində antiazərbaycan qüvvələrin maraqlarından çıxış etdiklərini vurğulayaraq bunları deyib: “Bu gün ordumuzun apardığı hərbi əməliyyatların və əldə olunmuş nəticələrin önəmini yalnız Azərbaycanı gözügötürməyənlər və yaxud da onlara xidmət edənlər şübhə altına almağa çalışa bilərlər. Azərbaycan xalqı onları yaxşı tanıyır. Hamı yaxşı xatırlayır ki, ölkəmiz Vətən müharibəsini apardığı dövrdə də məhz bu qüvvələr siyasi birliyə gəlməkdən imtina etmişdilər. Səbəb isə o zamn da, indi də təmin edilməmiş ambisiyalardır. Azərbaycan təxribatçıların öz ərazilərinə daxil olmasına, diversiyalar törətməsinə, yollarımızı minalamasına necə göz yuma bilər? Şanlı Ordumuz iki il bundan əvvəl qan tökərək, şəhidlər verərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, 30 il işğal altında olan torpaqlarımızı, rayon və kəndlərimizi azad etdi. Bu gün həmin ərazilərdə irimiqyaslı yenidənqurma işləri aparılır və artıq keçmiş köçkün vətəndaşlarımızın həmin ərazilərə qayıdışına start verilib. Belə olan halda Azərbaycan dövləti əlbəttə ki, sərhəd rayonlarda yaşayacaq insanlarımızın təhlükəsizliyi təmin etməlidir. Buna görə də biz Ermənistanla sərhəddə möhkəmlənməliyik, özümüzə aid olan əraziləri işğaldan xilas edib orada istehkamlar qurmalıyıq. Bütün bunlar ona görə lazımdır ki, Laçın, Kəlbəcər və digər sərhədə yaxın şəhər və kəndlərimiz atəş altında qalmasın. Azərbaycan birmənalı olaraq ərazilərimizi, hərbi və yaşayış məntəqələrini hədəf alan düşmənin hərbi birliklərini məhv etmək, təxribatlarına adekvat cavab vermək məqsədilə məqsədyönlü tədbirlər həyata keçirməlidir və bunu da edir. Artıq heç bir qüvvə Azərbaycanın qarşısına qoyduğu bütün məqsədlərinə nail olmasına əngəl törədə bilməz”, - deyə Eltun Süleymanov öz fikirlərini tamamlayıb.


“Ermənistanın təxribatı iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərbədir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib.

Dövlət başçısı vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.



Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının sammitinin yekunu olaraq Səmərqənd Bəyannaməsi qəbul edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sputnik-Uzbekistan” məlumat yayıb.

Sammitin əsas sənədi olan Səmərqənd Bəyannaməsi təşkilatın gələcək inkişafı məsələləri, qlobal və regional gündəlikdə duran aktual məsələlər üzrə ŞƏT-ə üzv dövlətlərin vahid mövqeyini əks etdirir.

Sənəddə praktiki əməkdaşlığın daha da təkmilləşdirilməsi, regional sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, nəqliyyat əlaqələrinin gücləndirilməsi, eləcə də mədəni dialoqun dərinləşdirilməsinə dair birgə yanaşmalar əksini tapıb.

Eldar Quliyev: “Bu gün ordumuzun apardığı hərbi əməliyyatların və əldə olunmuş nəticələrin önəmini kimsə şübhə altına almağa çalışırsa bu, yalnız Azərbaycanı gözügötürməyənlər və yaxud da onlara xidmət edənlər ola bilərlər”

Milli Məclisinin deputatı Eldar Quliyevin müsahibəsi

AİA.az-ın suallarını Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev cavablandırır.

- Eldar müəllim, ilk növbədə bizə zaman ayırdığınıza görə Sizə dərin təşəkkürümüzü bildirirəm. Elə vaxtınızı artıq almamaq üçün də, icazənizlə dərhal ilk sualımı verim. Təbii ki, bu sual sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribatla bağlı olacaq. Sizcə əvvəlcədən məğlubiyyətə məhkum olnduğunu hər kəsdən də yaxşı bilən Ermənistan niyə bu addımı atır?

- İlk növbədə Ermənistan silahlı qüvvələrinin sentyabr ayının 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədi boyunca Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdikləri genişmiqyaslı təxribat bu ölkənin hərbi siyasi hakimiyyətinin işğalçı-faşist simasını bir daha bütün dünyaya nümayiş etdirdi. Bu təxribat nəticəsində, eləcə də silahlı qüvvələrimiz tərəfindən görülən cavab tədbirlərinin gedişində ordumuz yenə də şəhidlər verdi. Bununla bağlı mən artıq dünən bütün Şəhidlərimizin ailələrinə və yaxınlarına baş sağlığı vermişəm. Bir daha Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirəm. Həqiqətən də torpaq yalnız onun uğrunda ölümə gedən oğulları olduqda Vətən sayılır. Azərbaycanın şanlı hərbçiləri, qəhrəman övladları isə bu Vətəni sonsuz məhəbbətlə sevdiklərini dəfələrlə sübut ediblər.

Ermənistan tərəfinin təxribatlarına gəlincə isə əminəm ki, burada bütün məsuliyyət hələ də erməni faşizmini təbliğ edən ideoloqların, bu ölkədə revanşist əhval-ruhiyyəsini qızışdırmağa çalışan daxili və xarici qüvvələrin təsirindən qurtula bilməyən, bəlkə də qurtulmaq istəməyən hakimiyyətin üzərindədir. Diqqət edirsinizsə, Ermənistanın törətdiyi təxribatların ardınca dərhal kömək üçün müraciət etdiyi əsas müttəfiqləri, KTMT-yə üzv olan ölkələr belə hücuma məhz hansı tərəfin ilk olaraq başladığının aydın olmadığını bildirdilər. Ermənistan nəyə görə bu günədək sərhədlərin demarkasiya məsələsində də təcavüzkar mövqedən çıxış edir və qəsdən mübahisəli vəziyyət yaratmağa çalışır? Əlbəttə ki, ilk növbədə məhz belə təxribatlar planladığı üçün. Çünki sərhədlər dəqiq müəyyənləşdirilmədikcə, kimin kimə hücum etdiyini aydınlaşdırmaq da çətin olur. Lakin Ermənistanın bu oyunları artıq onun müttəfiqlərini də bezdirib. Artıq onlar da İrəvanı əvvəlcə sərhədlərin demarkasiya edilməsinə razılıq verməyə və yalnız bundan sonra hansısa iddialar irəli sürməyə çağırırlar. Son hadisələr göstərdi ki, Ermənistan münaqişə zonasının ərazisini süni şəkildə böyütməyə və bu yolla hərbi əməliyyatlara üçüncü ölkələri cəlb etməyə yönəlmiş cəhdləri ilə artıq heç kimi aldada bilmir.

Ermənilərin bu kimi təxribatlar törətməkdə məqsədlərinə gəlincə isə, burada təkcə onların deyil, bir çox antiazərbaycan qüvvələrinin müxtəlif niyyətləri var. İlk növbədə rəsmi İrəvan belə təxribatlarla revanşist niyyətlərini həyata keçirmək üçün əlvrişli şərait yaratmağa çalışır. Bir tərəfdən indiyədək hələ də Azərbaycana mina xəritələrinin verilməməsi, digər tərəfdən də bizim ərazilərdə yeni minalama cəhdləri ilə Ermənistan genişmiqyaslı hərbi hücumları üçün platforma yaratmağa və eyni zamanda da Azərbaycanın müdafiə imkanlarını məhdudlaşdırmağa səy göstərir. Bu isə açıq-aşkar rəsmi İrəvanın hələ də ölkəmizə qarşı təcavüzkar planlarından xəbər verir. İkinci məqsəd ölkəmizin getdikcə artan beynəlxalq nüfuzunu, möhkəmlənən mövqelərini zəiflətmək niyyətini həyata keçirməkdir. Aydındır ki, dünyadakı antiazərbaycan qüvvələrini narahat edən məqamlardan biri Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələlərində getdikcə artan roludur. Əlbəttə ki, enerji təhlükəsizliyinin təminatı regionda sülhün və stabilliyin mövcudluğundan birbaşa asılıdır. Deməli, Ermənistanın hərbi təxribatların bir məqsədi də məhz Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasıdır. Nəhayət, 13 sentyabr insidenti eyni zamanda həm də Minsk Qrupunun reanimasiyasına bir cəhd kimi qiymətləndirilə bilər. Bu halda düşmən qüvvələr 15-16 sentyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının növbəti samitində Azərbaycana qarşı təzyiqlərini artırmaq üçün özlərinin planladıqları bu təxribatdan yararlanmağa çalışacaqlar. Bütün bunlar bir daha Ermənistanın Cənubi Qafqazda sadəcə forpost ölkə olduğunu bir daha təsdiq edir.

- Siz bu barədə danışmadız, amma bilirik ki, rəhərlik etdiyiniz Azərbaycan Ağsaqqallar Şurası 13 sentyabr təxribatı ilə əlaqədar Bəyanat verib.

- Əlbəttə ki, Ağsaqqallar Şurası bu gün ölkəmizin həyatında fəal iştirak edir və başqa cür ola da bilməz. Xüsusilə sərhədlərimizdə hərbi aktivliyin yaşandığı belə bir dövrdə biz ağsaqqallaq hadisələri kənardan müşahidə edə bilmərik. Dövlətimizin siyasətini düzgün şərh etmək, gənc nəslin milli-vətənpərvərlik ruhunda formalaşmasında bilavasitə iştirak etmək, antiazərbaycan qüvvələrinin təbliğatına qarşı tutarlı söz demək, şəhid ailələrinin, qazilərimizin yanında olmaq, onlara ən azından mənəvi dəstək vermək bizim birbaşa Vətən qarşısında borcumuzdur. Ermənistanın 13 sentyabr təxribatı ilə əlaqədar verdiyimiz Bəyanatda da biz qeyd etmişik ki, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində növbəti dəfə hərbi təxribat törətmələrinə cavab olaraq, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qurucusu olduğu müasir, güclü, rəşadətli Azərbaycan Ordusu düşmənə tutarlı cavab verərək ona ağır zərbələr vurub və müdafiə məqsədilə uğurlu əks-hücumlar həyata keçirib.

Bu ağır və məsuliyyətli günlərdə Azərbaycan Ağsaqqallar Şurası Ermənistanın ona havadar qüvvələrlərin köməkliyi ilə həyata keçirdiyi növbəti təcavüzkar hərbi-siyasi təxribatını qətiyyətlə pisləyir, dünya dövlətlərini və beynəlxalq təşkilatları əzəli-əbədi torpaqlarımızda sülhün, əmin-amanlığın bərpa edilməsinə dəstək verməyə çağırır, həmçinin bütün xalqımıza səslənərək, onları daha da ayıq-sayıq olmağa, xüsusilə antiazərbaycan qüvvələrin təxribatlarına uymamağa dəvət edirik.

Bu çətin dönəmdə hər bir Azərbaycan vətəndaşı kimi biz ağsaqqallar da daha böyük məsuliyyətlə fəaliyyət göstərməli, Vətənimizin bütövlüyü uğrundakı bu mübarizədə bir əsgər kimi öz mövqeyimizdə daha əzmlə çalışmalıyıq. Azərbaycanın ən tarixi məqamlarında hər zaman cəmiyyətin önündə olmuş Respublika Ağsaqqallar Şurası, onun hər bir üzvü xalqımızın, dövlətimizin, Silahlı Qüvvələrimizin və onun Ali Baş Komandanı cənab İlham Əliyevin yanındadır və biz əminik ki, həmişə olduğu kimi indi də bütün xalqımız və rəşadətli Ordumuz milli həmrəylik göstərərək düşmənə layiqli cavab verəcəkdir.

- Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi mütərəqqi islahatların daha bir bariz təzahürü kimi bu gün Azərbaycan cəmiyyətində formalaşmış birlik və həmrəyliyi göstərmək olar. Lakin təəssüflər olsun ki, bəzi qüvvələr hələ də bu ümumxalq birliyinə qısqanclıqla baxır, hətta milli həmrəyliyimizi sarsıtmaq məqsədilə Azərbaycan Ordusunun erməni təxribatlarına cavab olaraq həyata keçirdikləri hərbi əməliyyatların əhəmiyyətini belə şübhə altına almağa çalışırlar. Bu barədə nə deyə bilərsiz?

- Bu məsələyə münasibət yalnız birmənalı ola bilər. Kimliyindən, siyasi baxışlarından asılı olmayaraq, bu gün ordumuzun apardığı hərbi əməliyyatların və əldə olunmuş nəticələrin önəmini kimsə şübhə altına almağa çalışırsa bu, yalnız Azərbaycanı gözügötürməyənlər və yaxud da onlara xidmət edənlər ola bilər. Xatırlayırsınızsa, hətta iki il bundan öncə, Azərbaycan işğalçı düşmənə qarşı Vətən müharibəsini apardığı dövrdə də məhz bu qüvvələr siyasi birliyə gəlməkdən imtina etmişdilər. Səbəb isə o zamn da, indi də təmin edilməmiş ambisiyalardır. Təsəvvür edin ki, illərdir müxtəlif Qərb ölkələrində yaşayan Altay Göyüşov son hadisələr barədə belə bir fikir ifadə edib: “Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm”. Əlbəttə ki, sənə nəinki Zəngəzur, sənə heç Şuşa da, Laçın da lazım deyil. Sənin məntiqindən belə çıxır ki, Azərbaycan təxribatçıların öz ərazilərinə daxil olmasına, diversiyalar törətməsinə, yollarımızı minalamasına göz yummalıdır? Bu necə ola bilər? Azərbaycan Ordusu iki il bundan əvvəl qan tökərək, şəhid verərək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə, 30 il işğal altında olan torpaqlarımızı, rayon və kəndlərimizi azad etdi. Bu gün həmin ərazilərdə irimiqyaslı yenidənqurma işləri aparılır və artıq keçmiş köçkün vətəndaşlarımızın həmin ərazilərə qayıdışına start verilib. Belə olan halda Ermənistanla sərhəd rayonlarda yaşayacaq insanlarımızın təhlükəsizliyi necə təmin olunmalıdır? Belə görünür ki, nə Altay Göyüşovu, nə Əli Kərimlini, nə Arif Hacılını, nə də onlara dəstək olan digərlərini bu məsələ qətiyyən narahat etmir və düşündürmür. Amma məhz bu məsələ Azərbaycan dövlətini, Ölkə Prezidenti cənab İlham Əliyevi ilk növbədə düşündürən prioritet məsələdir. Məhz buna görə biz Ermənistanla sərhəddə möhkəmlənməliyik, özümüzə aid olan əraziləri işğaldan xilas edib orada istehkamlar qurmalıyıq. Bundan başqa sülh müqaviləsi imzalanmadıqca Azərbaycan hətta iki ölkə arasında bufer zona da yaratmalıdır. Bütün bunlar ona görə lazımdır ki, Laçın, Kəlbəcər və digər sərhədə yaxın şəhər və kəndlərimiz atəş altında qalmasın. Azərbaycan birmənalı olaraq ərazilərimizi, hərbi və yaşayış məntəqələrini hədəf alan düşmənin hərbi birliklərini məhv etmək, təxribatlarına adekvat cavab vermək məqsədilə məqsədyönlü tədbirlər həyata keçirməlidir və bunu da edir. Ordumuz antiterror əməliyyatı həyata keçirməklə artıq strateji yüksəklikləri və Laçın dəhlizini qısa müddətdə geri qaytardı. Ermənistanı yalnız bu yolla sülhə məcbur etmək olar və Azərbaycan bunu edir. Son toqquşmalardan sonra Nikol Paşinyanın “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh sazişi imzalamalıdır” ifadəsini səsləndirməsi də Ermənistanın artıq Azərbaycan Prezidentinin qətiyyəti və ordumuzun gücü ilə hesablaşmaq məcburiyyətində qaldığından xəbər verir.

- Eldar müəllim, maraqlıdır ki, müharibədə qalib gələn tərəf olmasına rəğmən bu gün məhz Azərbaycan daha çox Ermənistanla münasibətlərin normallaşmasına, sülh müqaviləsinin imzalanmasına çalışır. Sizcə Ermənistanın bu yönümdə indiyədək adekvat qərarlar verməsinə nə mane olur?

- Bilirsiniz, burda bir çox amillər rol oynaya bilər. İlk növbədə nəzərə almaq lazımdır ki, Ermənistanın mütəqilliyi tamamilə formal xarakter daşıyan bir məfhumdur. Möhtərəm Prezidentimizin öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, iqtisadi cəhətdən müstəqil olmayan ölkə siyasi cəhətdən də müstəqil ola bilməz. Ermənistanın isə iqtisadiyyatı nəinki müstəqil deyil, əslində bu iqtisadiyyat faktiki olaraq yox səviyyəsindədir. Məhz buna görə bu gün Ermənistanın yürütdüyü xarici siyasət də erməni xalqının deyil, ən müxtəlif daxili və xarici qüvvələrin maraq və mənafelərinə uyğunlaşdırılır. Təbii ki, bu qüvvələrin içərisində Cənubi Qafqazda qeyri-sabitlikdə maraqlı olanlar da, utopik “böyük Ermənistan” xəyalları ilə yaşayanlar da, faşizm ideologiyasının daşıyıcıları da və daha kimlər-kimlər var. Təəssüflər olsun ki, yalnız erməni xalqının gələcəyini düşünənlər yoxdur. Əgər varsa da, onları bu gün nə görmək, nə də eşitmək olmur. Azərbaycan dövləti isə hər zaman təkcə öz xalqının deyil, həmçinin bütün qonşularının, bütün region ölkələri xalqlarının rifahını düşünüb. Siz də bilirsiniz ki, indiyədək Azərbaycanın təşəbbüskarı olduğu bütün transmilli layihələr bu layihələrdə iştirak edən ölkələrin hər birinə yalnız xeyir verib, mənfəət gətirib. Bu gün də Azərbaycan sülhə çağırışları ilə bütün Cənubi Qafqazın inkişafı üçün çalışır. Çünki Vətən müharibəsinin nəticələri bu regionda indiyədək heç zaman müşahidə olunmamış unikal inkişaf perspektivləri vəd edir və biz bu imkanlardan yararlanmasaq nə tarix, nə də gələcək nəsillər bunu bizə bağışlamazlar. Və yenə də, bütün bu baş verənlərin fonunda əslində ona verilən tarixi şansa ən çox ehtiyacı olan Ermənistan elə özü də mütərəqqi prosesləri əngəlləyir. Niyə? Bir daha deyirəm, çünki bu ölkənin hökuməti müstəqil siyasət yürüdə bilmir və öz xalqının maraqlarını düşünmür. Artıq dəfələrlə gördüyümüz kimi, bəzən vəziyyət elə bir absurd həddə çatdırılır ki, Ermənistan müəyyən irticaçı qüvvələrin təhriki ilə Azərbaycana qarşı yeni təxribatlara da əl atır.

Lakin bu gün Azərbaycanın çörək verən əli olduğu kimi, ölümcül zərbə endirməyə qadir olan dəmir yumruğu da var. Biz bunu avqust ayının əvvəlində də, son baş verən hadisələrdə də aydın şəkildə gördük. İlk növbədə avqustun 3-də ermənilərin növbəti təxribatlarına cavab olaraq Ali Baş Komandanın əmri ilə dərhal “Qisas” əməliyyatı keçirildi, şəhidimizin qanı alındı və qarşı tərəf ciddi cəzalandırıldı. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdırlar. Lakin az öncə də dediyim kimi, son günlərin hadisələri, erməni tərəfinin yol verdiyi yeni və daha genişmiqyaslı təxribatlar bir daha deməyə əsas verir ki, qarşı tərəf hələ də aldığı dərslərdən lazım olan nəticəni çıxarmayıb. Məhz buna görə də 12-13 sentyabr tarixlərində Azərbaycan növbəti hücuma məruz qaldı. Amma ermənilərə xəbərdarlıq olunmuşdu. Ölkə Prezidenti cənab İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində avqust hadisələrinə xüsusi olaraq toxundu və birmənalı olaraq bildirdi ki, əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Dövlət başçımızn bu sözləri cəmi bir ay sonra öz təsdiqini tapdı. Ermənistan bu dəfə daha ciddi şəkildə cəzalandırıldı.

Bir daha təkrar edirəm, Azərbaycan Vətən müharibəsinin nəticələri kimi yaranmış yeni regional reallıqlar fonunda ortaya çıxan iqtisadi inkişaf perspektivlərindən bütün qonşu ölkələrin yararlanmasının tərəfdarıdır. Məhz bu səbəbdən də möhtərəm Prezidentimiz cənab İlham Əliyev mütəmadi olaraq Ermənistan rəhbərliyinə Azərbaycanla münasibətlərini normallaşdırmaq istiqamətində konkret addımlar atılmasının zəruriliyini vurğulayan mesajlar ünvanlayır. Əlbəttə ki, yalnız rəsmi İrəvanın ilk növbədə Azərbaycanla sülh müqaviləsini imzalamasından, sərhədlərin müəyyən edilməsi və tanınması kimi beynəlxalq hüquqi aktların təsdiq olunmasından, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün rəsmən tanınmasından sonra bu ölkənin regional layihələrdə iştirakı müzakirə mövzusu ola bilər. Buna qədər Ermənistan özünün təxribat planlarından, Azərbaycana və Türkiyəyə qarşı hər hansı ərazi iddialarından əl çəkməli, mehriban qonşuluq əlaqələrinin yaradılmasına ciddi səylər göstərməlidir.

- Bu gün Azərbaycanın xarici əlaqələri sürətlə inkişaf edir. Ölkəmizin durmadan artan nüfuzu, möhkəmlənən mövqeləri bunun bariz təzahürüdür. Bəzi ölkələrlə isə bu münasibətlər artıq müttəfiqlik fəaliyyəti səviyyəsinə yüksəlir. Bu barədə nə deyə bilərsiz?

- Əlbəttə ki, Azərbaycanın başlıca müttəfiqi qardaş Türkiyədir. 2021-ci ilin 15 iyun tarixində Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” bu müttəfiqliyi daha yüksək səviyyəyə qaldırdı. Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən bəyannamə ilə Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib.

Azərbaycanın xarici siyasət kursunda əsas prioritet region ölkələri və beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin qurulması, bütün güc mərkəzləri ilə əməkdaşlığın aparılması, heç bir cəbhədə yer almamaqdır. Qoşulmama Hərəkatına üzv olmağımız və ölkəmizin hərəkata uğurla sədrlik etdiyi dövrdə qlobal sülh naminə irəli sürdüyü təşəbbüslər, həyata keçirdiyi layihələr də bunu təsdiq edir. Eyni zamanda da Azərbaycan üçün qonşu ölkələrlə münasibətlərin inkişafı son dərəcə vacibdir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən fevralın 22-də Moskvada imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə də çox önəmlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin sayəsində ölkəmiz hazırda Rusiya ilə yüksək münasibətlərə malikdir. Ölkələrimiz arasında bir çox sahələrdə çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Rusiya ilə imzalanan müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin mətni ilə tanış olduqda isə, Azərbaycanın yeni mühüm nəticələr əldə etdiyini aşkar şəkildə görmək olar. Bu sənəd ilk növbədə Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar fonunda formalaşmış və regional proseslərdə əsas rol oynayan Azərbaycan-Türkiyə-Rusiya alyansının mövqelərinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Bu proses Azərbaycanın müharibədə əldə etdiyi qələbənin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsini və ölkəmizin regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsini qaçılmaz edir. Xüsusi olaraq bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik haqqında Bəyannamə Ermənistanın mövqelərinə böyük zərbə kimi qiymətləndirilir. Artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.

- Eldar müəllim, bəhs etdiyimiz bu mövzunun davamı kimi, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də Azərbaycana etdiyi səfərin əhəmiyyətini necə şərh edərdiniz?

- Qazaxıstan bu gün Qırğızıstan, Türkmənistan, Özbəkistanla yanaşı Azərbaycanın qarşılıqlı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyi ölkələrdən biridir. Əlbəttə ki, bu münasibətlərin formalaşmasına təsir edən əsas amillərdən biri azərbaycan və qazax xalqlarının türkdilli xalqlar olmasıdır. Məhz buna görə də biz hər iki xalqın etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxın olduqlarını deyə bilirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi prioritet məsələlərdən biridir. Həmçinin öz çıxışlarında dövlətimizin başçısı bu ölkələrlə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini də hər dəfə xüsusi olaraq qeyd edib. Məhz bu baxımdan da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də Azərbaycana etdiyi səfər həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri 2004-cü ilin mart ayında Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci ilin mayında Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib. Demək olar ki, məhz bu iki tarixi sənədin imzalanması ilə Azərbaycan və Qazaxıstan arasında münasibətlərin yeni, strateji müttəfiqlik mərhələsinə keçidi üçün möhkəm zəmin yaradılıb. Bu ilin avqust ayının 24-də hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə isə artıq iki dost ölkənin həm də müttəfiq olduqlarını deməyə əsas verir. Sənədlərin imzalanmasından sonra mətbuata bəyanatla çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan-Qazaxstan münasibətlərinin daha geniş hüquqi bazası yaradıldı. İmzalanmış Bəyannamə və digər sənədlər isə gələcək fəaliyyət üçün çox ciddi baza kimi xidmət edəcək.

Öz çıxışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xüsusi olaraq vurğuladı ki, bu ölkədə Azərbaycan Prezidenti cənab İlham Əliyevə çox böyük hörmət bəsləyirlər. Möhətərəm dövlət başçımıza Qazaxıstanın ali mükafatı olan “Altın kıran” ordeninin təqdin edilməsi də bu hörmətin daha bir təsdiqidir. Həmçinin mötəbər qonaq öz çıxışında Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsini də mühüm tarixi əhəmiyyət kəsb edən hadisə kimi qeyd edib və bildirib ki, Qazaxıstan Azərbaycana münasibətdə dövlətlərin ərazi bütövlüyü prinsipini həmişə dəstəkləyib. Ölkələrimiz arasında bu prinsipial məsələyə eyni mövqe, eyni yanaşmalar, ortaq baxışların olması da gələcəkdə əməkdaşlığın inkişafı üçün yaxşı əsas olacaq. Bu əməkdaşlıq formatı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Xəzəryanı ölkələrin və Türk dünyasının inkişafına mühüm töhfələr verəcək.

Bir məqamı da qeyd edim ki, Azərbaycan Ağsaqqallar Şurası da Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasında təmsil olunmaqla Türk birliyinin getdikcə daha da möhkəmlənməsinə önəmli töhfələr verir. Belə ki, bu xətlə keçirilən görüş və toplantılarda biz daima Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasəti təbliğ edirik, bu siyasi kursun prioritet istiqamətlərinə dair açıqlamalar veririk və Azərbaycanın bütün Türk dünyasının maraqlarına xidmət edən təşəbbüslərinin təhlil və şərhlərini təqdim edirik.

ardı var...


Özbəkistanın Səmərqənd şəhərində sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində keçiriləcək görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin əsas müzakirə mövzusu Ukrayna olacaq.

Ərdoğanın Putinin dəvəti ilə qatıldığı Zirvədə liderlər taxıl dəhlizinin fəaliyyətini müzakirə edəcəklər.

Üz-üzə görüşdə Ərdoğan Putinin “taxıl, təəssüf ki, varlı ölkələrə gedir” açıqlamasından sonra Rusiya məhsullarının da Türkiyənin koordinasiyası ilə gəmilərlə dəhlizdən göndərilməsini istəyəcək.

Ərdoğan və Putin görüşündə əsas gündəm Rusiya-Ukrayna müharibəsi olacaq. Ərdoğan rusiyalı həmkarına Türkiyənin vasitəçilik cəhdləri çərçivəsində müharibəni bitirmək və daimi atəşkəsə nail olmaq üçün bütün səylərə davam edəcəyini çatdıracaq. Türkiyə dövlət başçısı ölkəsində liderləri bir araya gətirmək təklifini Putinə xatırladaraq, diplomatik həll yolunu vurğulayacaq. İki liderin görüşündə Suriyaya qarşı mümkün hərbi əməliyyatın da gündəmdə olması gözlənilir.



Bu gün Bakıda Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirakı ilə “Universal” Vəkil Bürosunun ofisinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, deputat Aqil Abbas, vəkillər və hüquqşünaslar iştirak ediblər.

 

Açılışda iştirak edən qonaqlar ofis ilə tanış olublar.

Bildirilib ki, binada vəkillərin fəaliyyəti üçün tam rahat və komfortlu şərait yaradılıb.

A.Bağırov bildirib ki, Azərbaycanda vəkilliyin inkişafı vəkillərin sayının artırılmasında özünü büruzə verir:

“Bu gün vəkil olmaq hüquqşünaslar üçün bir imic məsələsidir. Düşünürəm ki, vəkil adını daşımaq hər bir Azərbaycan hüquqşünasının arzusudur. Biz çalışırıq ki, vəkilliyə qəbul imtahanı beynəlxalq standartlara cavab versin. Ölkəmizdə vəkil bürolarının sayı artıq 110-u keçib. Bütün bürolarda beynəlxalq standartlara cavab verən və vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almasını təmin edən şərait yaradılıb”.

“Biz bundan sonra da həm Bakıda, həm də regionlarda yeni vəkil bürolarının açılmasına hər cür dəstək verəcəyik. Kollegiya az qurumlardandır ki, özü-özünü maliyyələşdirir. Maliyyə müstəqilliyi olmayan qurum heç vaxt müstəqil ola bilməz. Bu gün vəkilliyə gələn hüquqşünasların 80 faizi 40 yaşına qədərdir”, - deyə A.Bağırov qeyd edib.

Tədbirdə iştirak edən qonaqlar yeni açılan büronun fəaliyyətinin uğurlu olacağına əminliklərini vurğulayıblar.

Eyni zamanda, görüş zamanı deputatların və büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib, onların peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinlənilib, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verilib.

“Photostock.az” açılış mərasimindən fotoları lentə alıb:

 



Mediada yayımlanmış məlumatlar və cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. 

Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, istintaqla vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20 000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işi üzrə hüquqi əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.  

“Media nümayəndələri, habelə sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır ki, istintaq olunan cinayət işi ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılması qadağandır və qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. 

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunub.

11:01

Sentyabrın 10-da saxlanılan jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında aparılıblar.

Bu barədə haqqin.az-a Elçin Sadıqovun vəkili Bəxtiyar Hacıyev məlumat verib.

B.Hacıyev qeyd edir ki, Ə.Zeynallı və E.Sadıqov Baş Prokurorluq tərəfindən saxlanılsalar da, məhkəmədən sonra onlar birbaşa DTX-nin İstintaq Təcridxanasına aparılıblar.

Xatırladaq ki, Əvəz Zeynallı barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqov barəsində isə 32,311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddəsi ilə cinayət işi başlanıb. Onlar “Baku Steel Company” poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham olunurlar.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov