Xəbər lenti



Rusiyanın fond bazarının çökməsi investorların diqqətini cəlb etməməlidir. Moskva və Vaşinqton arasında çətin geosiyasi situasiyada ABŞ-ın hansı şirkətə zərbə vuracağını demək çox çətindir.xəbər verir ki, bu iddia ilə amerikalı iqtisadçı Con Pol Smit çıxış edib. Onun sözlərinə görə, uzunmüddətli perspektivdə rublun kursu tutqun olaraq qalacaq:

“İstənilən şirkət ABŞ tərəfindən hədəf seçilə bilər. Bu isə öz növbəsində böyük nəticələrə səbəb ola bilər. İnvestorlar Rusiya dövlətinin müəyyən aktivlərinə yatırımda diqqətli olmalıdırlar. Tezliklə, bu ölkədə maliyyə böhranı başlayacaq ki, bu da yerli valyutanın devalvasiyasına şərait yaradacaq”.

Qeyd edək ki, Smit 1998-ci ildə Rusiyanın defoltunu proqnozlaşdıran şəxs kimi tanınır.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Suriyanın şimal-şərqindəki ABŞ hərbi kontingentini ərəb ölkələrindən olan hərbçilərlə əvəzləmək istəyir.  xəbər verir ki, “Vol Strit Jurnal” qəzeti bir müddət əvvəl bununla bağlı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Misirin Ümumi Kəşfiyyat Xidmətinin rəhbəri general Abbas Kamala zəng etdiyini və bu planın reallaşdırılmasında Vaşinqtona yardım etməsini istədiyini yazıb.

“Bundan öncə ABŞ Prezident Administrasiyası Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə müraciət edərək, Suriyanın şimal hissəsinin bərpası üçün onlardan 1 milyard dollar istəyib. Vaşinqton yeni təşəbbüsü ilə Suriyanın təhlükəsizlik zonasında vakuumun yaranmasından qaçmağa cəhd edib”, - məlumatda bildirilir.

Qəzetə açıqlama verən Yaxın Şərq İnstitutu Analitik Mərkəzinin əməkdaşı Çarlz Lister ABŞ-ın bu planının reallaşacağına inanmadığını bildirib:

“Səudiyyə Ərəbistanı və BƏƏ Yəməndə mövcudluqlarını saxlayırlar. Misir isə öz növbəsində Bəşər Əsədin idarə etmədiyi əraziləri qorumaq istəmir. Buna görə də ərəb ölkələri ABŞ-ın burada öz qoşunlarının bir hissəsini saxlamasını istəyəcək. Əks təqdirdə onlar öz ordularını Suriyaya göndərməyəcəklər”.

Qeyd edək ki, Türkiyənin terrorçuların məskunlaşdığını bildirdiyi və hədəf olaraq göstərdiyi Menbiçdə ABŞ kontingenti yerləşir.





Türkiyənin bölgədəki rolu getdikcə artır. Türkiyə Avrasiya bölgəsinin əsas dövlətlərindən birinə çevrilib. Qardaş dövlət Azərbaycanın strateji müttəfiqidir. Ona görə də Türkiyə ilə bağlı baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənir.

 xəbər verir ki, bu sözləri Türkiyə BMM-də və Xarici İşlər Nazirliyində görüşlər keçirən və yenicə Bakıya qayıdan“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu deyib. Türkiyə parlamentində AKP, MHP və CHP-nin 15-ə yaxın deputatı ilə görüşən politoloq Türkiyə-Azərbaycan strateji müttəfiqliyi, xüsusilə də Türkiyə-Rusiya strateji tərəfdaşlığının yaxın perspektivdə Cənubi Qafqaza, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri, Türkiyə-Rusiya-İran üçlüyünün Suriya ilə yanaşı, gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolu, Türkiyənin Azərbaycanda hərbi baza yaratması və iki ölkə arasında konfederasiyanın qurulması ilə bağlı bəzi suallara cavab tapmağa çalışıb.

Politoloq qeyd edib ki, daxili və xarici siyasət məsələlərində bir-birini kəskin tənqid edən partiyalar və deputatlar Azərbaycan və Dağlıq Qarabağ məsələsində faktiki eyni mövqedən çıxış edirlər:

“Əsas fikir bundan ibarətdir ki, Türkiyə həmişə Azərbaycanın yanında olmalı və Azərbaycanın haqlı maraqlarını qorumalıdır. Deputatların suallara cavablarını bu şəkildə qruplaşdırmaq olar:

- Türkiyə Dağlıq Qarabağ məsələsində dialoqu Azərbaycanın lehinə dəyişdirməyə çalışmalıdır;

- Azərbaycan və Türkiyə iqtisadi və hərbi baxımdan güclü olmalıdırlar ki, Qarabağla bağlı danışıqlarda güclü olsunlar;

- Rusiya-Türkiyə ittifaqını pozmağa çalışan qüvvələr var. Bu ittifaq dağılmasa, Suriya ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də məşğul ola bilər. Türkiyə-Rusiya ittifaqı iradə ortaya qoyarsa, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll oluna bilər;

- Ankara Moskvanı inandırmalıdır ki, Qarabağ münaqişəsi həll olunmadan bölgədə sabitlik olmayacaq;

- Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərə qoşulmağa çalışmalıdır;

- Dağlıq Qarabağın işğaldan azad olunması Türkiyəni Afrini terrorçulardan təmizlənməsindən daha çox sevindirər;

- Əgər Rusiya Azərbaycana silah satmaq istəməsə, Bakının müraciəti əsasında Türkiyə Azərbaycana silah sata bilər, bundan başqa Azərbaycana logistik dəstək də verə bilər;

- Türkiyə enerji məsələsində Rusiyadan çox Azərbaycanla əməkdaşlığı genişləndirməlidir, TAP və TANAP boru xətlərinin tikintisini sürətləndirmək lazımdır. Elə etmək lazımdır ki, Azərbaycan qazı Rusiya qazından daha tez Türkiyəyə və Cənubi Avropaya çatsın.

Beləliklə, türkiyəli deputatların fikirlərindən bu qənaətə gəlmək olar ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllini gündəmə gətirməyə hazırdır. Suriya probleminin həllini gözləmədən də Türkiyənin Rusiya qarşısında Qarabağ məsələsinin həllini qaldırmasının mümkünlüyünü vurğuladılar. Ancaq bunun üçün Qarabağ mövzusunda Bakı-Ankara dialoqu genişlənməlidir. Yəni Ankara bilmək istəyir ki, Bakı ondan Moskva qarşısında konkret olaraq hansı məsələlərin qaldırılmasını istəyir”.

Politoloq deyib ki, türkiyəli deputatlar Qarabağla bağlı sülh danışıqlarının bundan sonra da nəticə verməyəcəyi qənaətindədirlər:

“Deputatlar onu da vurğulayırlar ki, Rusiyasız bu münaqişəni həll etmək mümkün deyil, çünki Moskvanın müharibəyə də imkan verməyəcəyi düşüncəsindədirlər. Türkiyəli deputatlar Azərbaycanın gücləndiyini, Ermənistanın isə kasıblaşdığını, ayrıca, bütün layihələrdən kənar qaldığını və bu faktorun gələcəkdə Qarabağ probleminin Azərbaycanın lehinə həll olunacağını fikrindədirlər. Ərdoğana ən yaxın deputatlardan biri bu mövzudakı fikrini belə yekunlaşdırdı: “Kiçik və zəif dövlət olan Ermənistan üçün Azərbaycan və Türkiyə ilə sərhədlərin qapalı qalması İrəvana böyük zərbədir. Azərbaycanın indiki siyasəti doğrudur, Ermənistanı təcriddə saxlayıb işğalçı dövlətə təzyiqi artırmaq lazımdır”.

Siyasi şərhçi bildirib ki, Türkiyənin Azərbaycanda hərbi baza yaratması ilə bağlı türkiyəli deputatlarda dəqiq fikir yoxdur:

“Buna baxmayaraq, bəzi deputatlar Bakının hərbi baza ilə müraciətinə “yox” deməyəcəklərini də bildirdilər. “Türkiyə Azərbaycanla konfederasiya yarada bilərmi və ya yaratmalıdırmı” sualına da eyni cavab verildi. Yəni Azərbaycan Türkiyə ilə nə qədər çox yaxınlaşmaq istəsə, Ankara Bakının bu təklifinə “yox” deməyəcək. Bu qərar Azərbaycana bağlıdır. Doğrusu, konfederasiya ideyasını Azərbaycanda da səsləndirənlərin sayı çox deyil. Ancaq türkiyəli deputatlar və diplomatlar konfederasiya mövzusunun gündəmdə qalmasının əleyhinə olmadıqlarını da dedilər. Bu onun üçün vacibdir ki, Rusiyaya güvənən işğalçı Ermənistan Azərbaycanın tək olmadığını, Türkiyənin Azərbaycana istənilən dəstəyi verməyə hazır olduğunu anlasın. Yəni Ermənistan təxribat yaradıb Rusiyanı da Azərbaycana qarşı hərbi həmləyə sürükləyərsə, 1990-cı illərin əvvəllərindən fərqli olaraq Türkiyə hökuməti və ordusu buna seyrçi qalmayacaq. Konfederasiya ideyası və ya Türkiyə-Azərbaycan hərbi ittifaqı mövzusu İrəvanla yanaşı Moskvaya da mesaj olmalıdır”.

Bu arada, vaxtilə Türkiyə ilə Ermənistan arasındakı dialoq və protokolların ideya müəlliflərindən biri politoloqla maraqlı məqamları bölüşüb:

“Biz Ermənistanı Rusiyanın və erməni lobbisinin təsirindən qurtarmaq üçün İrəvanla dialoqa başladıq. Ancaq ən böyük səhvimiz bu dialoq barədə rəsmi Bakıya kifayət qədər məlumat verməməyimiz idi. Bu prosesi doğru həyata keçirmədik. Ermənistanla dialoqda Azərbaycanın da iştirakını təmin etməli idik. Alınmadı. Ona görə də İsveçrədəki protokollar işləmədi”.

E.Şahinoğlu Türkiyə Xarici İşlər Nazirliyində ilk beşliyində yer alan diplomatlarla söhbətdən 4 mühüm nəticə gəldiyini bildirib:

“Birincisi, Türkiyə praqmatik baxımdan Rusiya ilə yaxşı münasibətlər qurmağa məcburdur. Ancaq bu münasibətlər strateji deyil, taktiki xarakter daşıyır. Yaxınlaşma 3 səbəbdən baş verib. Rusiya və Türkiyənin Qərblə münasibətlərində gərginlik var və eyni dərd Moskva ilə Ankaranı yaxınlaşdırıb. Türkiyə və Rusiya Suriyada əməkdaşlıq edir. Üçüncü səbəb isə iki ölkə arasındakı yaxın qonşuluq münasibətlərini davam etdirməsiylə bağlıdır. Yəni Türkiyə-Rusiya birliyi əbədi olmaya da bilər, Rusiyada da Türkiyə ilə əməkdaşlığa taktiki birlik kimi baxırlar. Ona görə də Moskva Ankaranın “Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır” yanaşmasını qəbul etməz. Təsadüfi deyil ki, Putin Ərdoğanın Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərinə müsbət yanaşmayaraq bu məsələnin mürəkkəb olduğunu demişdi. Elə ona görə də bu cavabı Soçidə alan Ərdoğan son Ankara görüşündə Putinlə Qarabağla bağlı fikir mübadiləsi aparmağa ehtiyac duymadı. Çünki o, Putindən eyni cavabı alacağını bilirdi. Rusiya Ermənistan təsir dairəsində saxlamaq üçün Dağlıq Qarabağ münaqişəsini həll etmək istəmir. Buna baxmayaraq, münaqişə Rusiyasız həll olunmayacaq. Bu da mövcud reallıqdır. Ona görə də Azərbaycan daha da güclənməlidir ki, Rusiya Azərbaycanın gücü ilə hesablaşsın.

İkincisi, rəsmi Bakı Azərbaycan-Türkiyə-Rusiya formatı təklif etmişdi. Türkiyəli diplomatları sözlərinə görə, Moskva ümumilikdə bu ideyanı qəbul etsə də, cavabı bugünə qədər verməyib. Ümumiyyətlə, türkiyəli diplomatlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun siyasətindən və açıqlamalarandan narahatdırlar. Ancaq maraqlı gedişat ola bilər. Hazırda Türkiyə-Azərbaycan-Ukrayna üçlüyü üzərində iş gedir. Mərkəzimiz iki il əvvəl irəli sürdüyü bu ideya Ukrayna Xarici İşlər Nazirliyində bəyənilmişdi. Yaxın aylarda bu 3 dövlətin prezidentləri bir araya gəlib üçlü mexanizmi işə salacaqlar. Rusiyanın Ukrayna ilə münasibətləri gərgindir. Ona görə də Ankarada düşünürlər ki, Türkiyə-Azərbaycan-Ukrayna formatı yaranarsa, Moskva da geri qalmaq istəməyəcək və Türkiyə-Azərbaycan-Rusiya formatının yaranmasına yaşıl işıq yandıracaq.

Üçüncüsü, Türkiyə Xarici İşlər Nazirliyinin diplomatları ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həllini sürətləndirməyəcəyi fikrindədirlər. Yeni model axtarılmalıdır. Rusiya Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyə ilə əməkdaşlıq etmək istəməsə də, Dağlıq Qarabağda yerləşdirilə biləcək sülhməramlı qüvvələrin tərkibində Türkiyənin olmasını qəbul edə bilər. Yəni əgər Moskva israr etsə ki, Rusiya hərbçiləri Dağlıq Qarabağda sülhməramlılar tərkibində iştirak etməlidir, Türkiyə hərbçiləri də Dağlıq Qarabağda yerləşdirilib bölgədəki azərbaycanlılarn təhlükəsizliyinə cavabdeh ola bilərlər. Əlbəttə, bu münaqişənin sonrakı mərhələsində reallaşa bilər. Ancaq Ankarada bu mövzunu da müzakirə etməyə hazırdılar. Ancaq bunun üçün təşəbbüskar yenə rəsmi Bakı olmalıdır.

Nəhayət, Türkiyə diplomatları ona da inanırlar ki, Dağlıq Qarabağda müharibə başlayarsa, Ermənistan bütün sərhəd boyu təxribat yaratmağa çalışacaq ki, prosesə Rusiya da qarışsın. Ona görə də Ankara müharibənin necə riskli olduğunu və Bakının bu məsələdə bütün çətinliklərini anlayır.

Beləliklə, Ankara əvvəlkitək Azərbaycanın problemlərinə diqqətlə yanaşır. Buna baxmayaraq, Suriya Türkiyənin əsas xarici siyasət və təhlükəsizlik mövzusudur. Türkiyə Suriyaya görə Qərb-Rusiya qarşıdurmasında çətin vəziyyətdə qalıb. Ankara bir tərəfdən Moskva və Tehranla üçlü format formalaşdıraraq əməkdaşlığı gücləndirib, o biri tərəfdən Moskva və Tehranın dəstək verdiyi Əsəd rejiminin insanlara qarşı kimyəvi silahdan istifadəsinə göz yuma bilməz. Qərb də elə buna görə Əsədi cəzalandırmaq istəyir. Ankara da elə Qərbdən illərdir bunu gözləyirdi. Ancaq indi regional şərtlər Türkiyə üçün dəyişib. Ona görə də Ankara Suriya məsələsində Qərblə Rusiya arasında çətin seçimdə balansı pozmamağa çalışır. Ancaq bu balansı qorumaq getdikcə çətinləşir”.

Politoloq Prezidenti İlham Əliyevin bugünlərdə Türkiyəyə reallaşacaq rəsmi səfərinə də münasibət bildirib:

“Bu iki qardaş dövlət və strateji müttəfiq arasında yaxşı ənənə halını alıb. Azərbaycan və Türkiyədə hər seçkidən sonra prezidentlər ilk səfərlərini bir-birlərinə edirlər. Ankara İlham Əliyevin səfərinə hazırdır. Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi və enerji əlaqələri inkişaf edir. Ancaq Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin inkişafı üçün daha çox iş görülə bilər. Bunun üçün iki ölkə arasındakı müxtəlif nazirliklər arasındakı işçi qruplar tez-tez görüşməli və yeni ideyaların reallaşmasına çalışmalıdırlar. “Türkiyə Qarabağla bağlı daha nə edə bilər” sualı daha çox azərbaycanlı rəsmiləri, deputatları, diplomatları və ekspertləri düşündürməli və təkliflər Ankaraya çatdırılmalıdır. Ankara Bakıdan Qarabağla bağlı təkliflər gözləyir”.





Suriyanın Xüms əyalətindəki Şayrat aviabazası və Dəməşqdən 50 km şimalda yerləşən Dumeyrdəki hərbi bazaya raket zərbələri endirilib.

 xəbər verir ki, Suriyanın havadan müdafiə sistemləri Şayrat aviabazasına atılan 6 raketi vurub. Daha 3 raket Dumeyrə çatmamış vurulub.

Əl-Masdar agentliyinin məlumatına görə isə zərbələr Suriyaya Livan ərazisindən daxil olan İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri tərəfindən endirilib. Məlumat Dəməşq tərəfindən təsdiqlənməyib.

"RİA Novosti" agentliyi təkcə Şayrat aviabazasına 10 raketin atıldığını bildirib. "Əl-Mayad"in televiziyası isə Dumeyrdəki bazaya hücum zamanı burada terrorçuların Dumeyr rayonundan çıxması ilə bağlı danışıqlar apardıqlarını açıqlayıb.

İlkin məlumata görə, insident nəticəsində ölən və yaralanan yoxdur.



Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (üç mərmi) istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əsrik Cırdaxan kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şirvanlı, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.





Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, aprelin 16-da gecə saat 03.00 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki nəfər maskalı şəxs orada operator işləyən üç nəfəri tapançaya oxşar əşya ilə hədələyib, onlardan 867 manat pul alaraq hadisə yerini tərk ediblər.

Məlumat polisə daxil olan kimi dərhal Bakı şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb.

İsti izlərlə həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Həsən Mansurov və əvvəllər məhkum olunmuş Bəxtiyar Camalov saxlanılıblar.

Onlardan birinin yaşadığı evə baxış zamanı oradan hadisə vaxtı istifadə etdikləri oyuncaq tapança və maska aşkar edilərək götürülüb.

Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.




ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 18-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

 Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç və Mixail Olaru keçirəcəklər.



ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin təxirə salınması barədə göstəriş verib.
 xarici KİV-ə istinadən xəbər verir ki, Tramp müşavirləri ilə görüşdən sonra bu barədə qərar qəbul edib.

Xatırladaq ki, dünən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bildirmişdi.


Milli Məclisin rəhbərliyi, komitə sədrləri və üzvləri deputat Astan Şahverdiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.
Nekroloqda deyilir: “Azərbaycan ictimaiyyətinə və elminə ağır itki üz vermişdir. Milli Məclisin deputatı, tanınmış ictimai xadim və texnika elmləri doktoru, professor Astan Şahverdiyev aprelin 15-də ömrünün 72-ci ilində vəfat etmişdir.

Astan Şahverdiyev 1947-ci il fevralın 15-də Füzuli şəhərində anadan olmuşdur. O, 1953-1964-cü illərdə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbində təhsil almış, 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1976-cı ildə isə Azərbaycan Politexnik İnstitutunu müvəffəqiyyətlə bitirmişdir.

Astan Şahverdiyev elmə böyük maraq göstərmiş, 1981-ci ildə istilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. O, 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsini, 1994-cü ildə isə professor elmi adını almışdır. Astan Şahverdiyev 1995-ci ildə Nyu York Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, dünyanın aparıcı jurnallarında elmi məqalələrlə çıxış etmişdir. O, 2001-ci ildən ömrünün sonunadək Azərbaycan Texniki Universitetinin “İstilik və soyuqluq texnikası” kafedrasının müdiri olmuşdur. 300-dən çox elmi məqalənin, 2 monoqrafiyanın, 2 ixtiranın, 1 patentin və 10 dərslik və dərs vəsaitinin müəllifidir.

Astan Şahverdiyev yeni istedadlı gənc alimlərin yetişməsinə öz layiqli töhfəsini vermişdir. Tanınmış alim 1998-2003-cü illərdə BMT-nin Ətraf mühit və inkişaf proqramının Azərbaycan ofisində koordinator olmuş, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir. O, “İstilik və soyuqluq texnikası” kafedrasının nəzdində “Alternativ və bərpa olunan enerji mənbələri” elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri idi.

Astan Şahverdiyev Yeni Azərbaycan Partiyasının üzvü kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, seçicilərin etimadını qazanaraq müstəqil Azərbaycanın Üçüncü, Dördüncü və Beşinci çağırış Milli Məclisinin deputatı seçilmişdir. O, parlamentin qanun yaradıcılığı işində, ölkəmizdə həyata keçirilən islahatların qanunvericilik bazasının təkmilləşdirilməsində, qanunverici orqanın beynəlxalq əlaqələrinin inkişafında yaxından iştirak etmiş, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.

Tanınmış alim və ictimai xadim Astan Şahverdiyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!”

Nekroloqu Oqtay Əsədov, Ziyafət Əsgərov, Bahar Muradova, Valeh Ələsgərov, Səfa Mirzəyev, Əli Hüseynli, Ziyad Səmədzadə, Eldar İbrahimov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Aqiyə Naxçıvanlı, Fuad Muradov, Siyavuş Novruzov, Arif Rəhimzadə, İsa Həbibbəyli, Rafael Hüseynov, Səməd Seyidov, Fəttah Heydərov, Ağacan Abıyev imzalayıb.


45 km uzunluğa malik respublika əhəmiyyətli Salyan-Neftçala yolundan sonra Neftçalanın 19 yaşayış məntəqəsini əhatə edən Xolqaraqaşlı marşrutu üzrə 47 km uzunluğunda avtomobil yolunun yenidən qurulmasına start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən məlumata görə, yolun uzun müddətdir ki, istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir edilməməsinin nəticəsində yol boyu gediş-gəlişi çətinləşdirən qabarma və çökmələr yaranıb.

"Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan tikinti layihəsinə uyğun olaraq, Neftçala-Xolqaraqaşlı yolu 4-cü texniki dərəcəyə uyğun bərpa edilir. Bunun üçün yolun deformasiyaya uğramış hissələri 200 min kubmetr sahədə qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yolun profilə salınması işləri görülür. Yol yatağı hazır olan hissələrdə isə normativ qalınlıqda yol əsasının alt və üst layının qum-çınqıl və optimal qırmadaş qarışıqlarından tikintisi işləri aparılır.

Torpaq işlərinə paralel olaraq yol əsası hazır olan hissədə artıq asfaltlanma işlərinə də başlanılıb. Texnoloji ardıcıllığa uyğun olaraq hazırda 7 sm hündürlükdə iri dənəli asfalt-beton qarışığından 6 metr enində hərəkət hissə inşa edilir. Bunun ardınca 5 sm qalınlıqda xırda dənəli asfalt-beton qarışığından örtüyün üst qatı döşənəcək. Asfaltlanma işləri 280 min kvadratmetr sahəni əhatə edəcək.

Suların ötürülməsi üçün yol boyu mövcud borular yararsız vəziyyətdə olduğu üçün onların da dəyişdirilməsi işləri görülür. Artıq yola 378 paqon-metr müxtəlif diametrli suötürücü dəmir-beton boruların quraşdırılması, başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası işləri aparılıb. Bundan başqa yol boyu mövcud körpülərin dəmir-betonla bərpası, körpülərdə metal maneə çəpərlərinin quraşdırılması, 6 ədəd avtobus dayanacağın tikilməsi işləri tərtib olunmuş qrafikə uyğun aparılmaqdadır.

Tikinti işlərinin sonunda hərəkətin normal təşkili üçün 80 ədəd yol nişanı, 47 ədəd km göstəricinin quraşdırılması, 141 km uzunluğunda xətlənmə işlərinin aparılması nəzərdə tutulub.

"Bütün bu işlərdən sonra yol boyu müasir infrastruktur yaradılmış olacaq. Bunun nəticəsində vətəndaşların rayon mərkəzinə rahat gediş-gəlişi təmin olunmaqla onların yetişdirdikləri məhsulları tez və xarab olmadan bazarlara daşınmasına şərait yaradılmış olacaq. Bu isə yol boyu yaşayan vətəndaşların sosial həyat şəraitinə müsbət təsir göstərəcək", - deyə məlumatda vurğulanıb.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov