Xəbər lenti



Aprelin 17-də Heydər Əliyev Mərkəzində 2018-ci ilin birinci rübü ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və prezident İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələrlə bağlı  geniş Şura iclası keçirilib.

Şurada çıxış edən icra başçısı Taleh Qaraşov 11 aprel 2018-ci il tarixli prezident seçkilərinin Lənkəranda da yüksək seçici fəallığı ilə keçdiyini diqqətə çatdırıb. 

Sonra İcra başçısı cari ilin birinci rübündə respublikanın bütün bölgələri kimi, Lənkəranın da sosial-iqtisadi inkişafının sürətlə davam etdiyini qeyd edərək bidirib ki, birinci rübdə rayonda ümumi məhsul buraxılışı 67,7 milyon manat, o cümlədən sənayedə 8,7 milyon, kənd  təsərrüfatında  12,4 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən sənaye 3,2 faiz, kənd təsərrüfatı 1,7 faiz çox olub.

Rayonda abadlıq və quruculuq işləri daha da sürətlənib, 9 çoxmənzilli yaşayış binasının qəzalı vəziyyətdə olan dam örtükləri, küçə və xiyabanlarda,  magistral yolların kənarında hasar və bardürlar təmir olunub. Əşlə kəndində yeni avtomobil körpusu tikilib, Miri Cavadzadə küçəsində qəzalı vəziyyətdə olan körpü daxili imkanlar hesabına təmir olunub, Siyavar kəndində 96 şagird yerlik yeni modul tipli məktəb istifadəyə verilib. Hazırda şəhərin 9 küçəsində asfaltlanma işləri aparılır, Olimpiya İdman Kompleksinin və  “Lənkəran İstisu və Sağlamlıq Mərkəzi”nin tikintisi  sürətlə davam etdirilir.

Yaxın günlərdə yeni xalça fabrikinin, 4 ucqar dağ kəndində yeni modul tipli məktəbin quraşdırılmasına və Gəgiran kəndində 264 şagird yerlik yeni məktəbin tikintisinə başlanacaq.

Rüb ərzində rayonda 790-nı daimi olmaqla 925 yeni iş yeri açılıb.

Cari ildə ilk dəfə olaraq rayonda barama istehsalına başlanacağını bildirən T.Qaraşov bununla əlaqədar son hazırlıq işlərinin görüldüyünü və bu məqsədlə Çin texnologiyası üzrə müasir kumxananın tikildiyini xüsusi qeyd edib.

Sonra ŞİH başçısının birinci müavini Möhübbət Babayev 2018-ci ilin birinci rübündə Lənkəran rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edib.

Məruzə ətrafında çıxışlardan sonra İcra başçısı T.Qaraşov yekun sözü söyləyərək rayonda abadlıq, quruculuq işlərinin davam etdirilməsi, sosial infrastrukturun yenilənməsi, kənd təsərrüfatının, xüsusilə çayçılığın, çəltikçiliyin, sitrus meyvəçiliyinin və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin icrasından ötrü aidiyyəti qurumların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.



2018–ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, iclası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev açıq elan edib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki prosesi ilə bağlı məlumat verir. 

Məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvaladze çıxış ediblər. S.Salmanova bildirib ki, Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.

R.Qvaladze isə seçkilərin qanunvericiliyə uyğun keçirildiyini bildirib və seçki nəticəsinə dair protokola əsasən İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu bildirib.

İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçkilər 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilib. M.Pənahov namizədlərə yaradılmış şərait, həmçinin ödənişsiz efir vaxtının, həmçinin qəzetlərdə yer ayrılmasını qeyd edib.

MSK sədri deyib ki, seçkilərin azad, demokrat və şəffaf şəkildə keçirilməsi üçün MSK tərəfindən kifayət qədər yerli və xarici müşahidəçi qeydə alınıb, habelə məntəqələrin 20 faizində veb kameralar quraşdırılıb.

MSK sədri bildirib ki, seçkilərdə 8 namizəd qeydə alınıb və seçki prosesi zamanı bütün namizədlər üçün bərabər şərait yaradılıb. M.Pənahov vurğulayıb ki, seçkilər seçicilərin fəal iştirakı ilə baş tutub. O bildirib ki, səsvermə günü baş verən proseslər həm MSK tərəfindən yayılan məlumatlarla, həm veb kameraların vasitəsilə ictimaiyyətə geniş şəkildə çatdırılıb.

Çıxışlardan sonra plenum fasiləyə ayrılıb.

***

Fasilədən sonra KM sədri Fərhad Abdullayev çıxış edərək nəticələri açıqlayıb və Konstitusiya Məhkəməsi Plenumu prezident seçkisinin nəticələrini təsdiq edib. F.Abdullayev bildirib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur.

F.Abdullayev qərarı elan edərkən bildirib ki, Konstitusiya Məhkəməsi Plenumu maraqlı tərəflərin iştirakı ilə Azərbaycan Konstitusiyasına müvafiq olaraq daxil olan protokolda olan məlumatları ümumiləşdirərək yoxlayıb.

Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu prezident seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının protokolunun Seçki Məcəlləsinin müddəalarına uyğun gəlir. İlham Əliyev səslərin 86,02 faizini topladığı üçün prezident elan edilib.

Günel Türksoy



 

Ermənistanda Serj Sarkisyan əleyhinə keçirilən aksiyanın təşkilatçısı olan müxalifətçi deputat Nikol Paşinyan ölkədə “qeyri-zorakı məxməri inqilab”ın başladığını bəyan edib. Deputat bildirib ki, ölkədə inqilabi situasiya yaranıb. 

 

Mitinqin keçirildiyi meydana təxminən 3 min insan toplaşıb. 

 

Paşinyanın sözlərinə görə, tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir. Hazırda nümayişçilər Baş Prokurorluq və bir sıra nazirliklərə girişi bloklayıblar. 

 

Hazırda parlamentdə Serj Sarkisyanın baş nazir postuna seçilməsi məsələsində dair xüsusi iclas keçirilir.

 



"Əvvəlki illərin məzunları bir neçə ildən sonra qəbul imtahanında iştirak etmək istəyirlərsə, öz biliklərini təkmilləşdirməlidirlər. Gələcəkdə ali məktəblərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları cari ilin məzunları kimi iki mərhələli - buraxılış və qəbul imtahanlarında iştirak etməlidirlər".

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, əvvəlki illərin məzunları qəbul imtahanlarında iştirak edəcəkləri təqdirdə həmin ilin tədris proqramları ilə tanış olmalıdırlar.

 DİM sədrinin sözlərinə görə, bir neçə ildən sonra buraxılış imtahanlarının nəticələrinin ən azı 2 il qüvvədə qalması planlaşdırılır.



"Prezident İlham Əliyev tərəfindən ölkənin inkişafı baxımından müəyyən edilmiş hədəflərə çatmaq üçün görülən işlərə peşəkar yanaşmadan başqa, həm də komanda prinsipinə ciddi riayət edilməsi tələb olunur. Komanda prinsipi heç də hər bir dövlət məmurunun eyni cür düşünməli olduğunu deyil, ölkənin inkişafının strateji istiqamətləri ilə bağlı vahid mövqe nümayiş etdirmələrini, qarşıya qoyulan məqsəd və vəzifələrin reallaşdırılması naminə bütün səylərini səfərbər etmələrini nəzərdə tutur".
 
Bu tezislər Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqaləsində yer alır. Məqalənin tam mətnini "AzərTAc” yayıb.
 
Ramiz Mehdiyev yazır ki, öz fəaliyyətini siyasi müstəvidəki konyunktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol verə bilərik.
 
 
Məqalədən sitat: "Bu baxımdan Prezident İlham Əliyev yerli sahibkarlarla görüşü zamanı dövlət məmurlarının vahid komanda şəklində çalışmasının vacibliyini heç də təsadüfən söyləməmişdir: "Azərbaycanın gözəl gələcəyi var. Azərbaycanda sabitlik var. Azərbaycanda gözəl insan potensialı var, çox peşəkar insanlar var. Əlbəttə, siyasi iradə də var. Əgər biz hamımız hərə öz yerində bu istiqamətdə vahid bir komanda kimi çalışsaq, əminəm ki, yaxın zamanlarda Azərbaycanda sahibkarların qarşısında heç bir problem olmayacaqdır”.
 
Ramiz Mehdiyev bildirir ki, prezident İlham Əliyevin çıxışları və söylədiyi fikirlər əsasında onun kadr siyasətinin konturlarını da görə bilərik. Prezident Administrasiyasının rəhbəri İlham Əliyevin müsahibələrindən birindən aşağıdakı sitatı gətirir: "Hesab edirəm ki, Azərbaycanda çox güclü kadr potensialı yaranıbdır. Bu potensialı, peşəkar insanları qorumaq lazımdır. Sizə deyim ki, onlar Azərbaycanda o qədər də böyük sayda deyillər. Əlbəttə, hər bir məmura, hər bir vəzifəli şəxsə eyni gözlə baxıram. Mən ayrı-seçkilik eləmirəm və hesab edirəm, kim öz vəzifə borcunu ləyaqətlə yerinə yetirirsə, əlbəttə, öz işinə davam etməlidir”.
 
R.Mehdiyevə görə hər bir məmur kadr məsələsində dövlət maraqlarına uyğun meyarları əsas götürməli və öz fəaliyyəti ilə kadr siyasətinə kölgə salmamalıdır. Ayrı-ayrı məmurların kadrlara münasibətdə özbaşınalığı, cılız və subyektiv yanaşması nəticəsində kadr potensialının itirilməsinə imkan vermək olmaz.
 
 
Administrasiya rəhbəri yazır ki, Azərbaycanda institusional islahatların mahiyyətinin, onun məqsəd və vəzifələrinin düzgün qiymətləndirilməsi struktur dəyişikliklərinin uğurla aparılmasının həlledici şərtlərindən biridir. Lakin müşahidələr göstərir ki, idarəetmə islahatlarının "fəlsəfəsi” ilə bağlı bir-birindən fərqli təsəvvürlər mövcuddur.
 
İdarəetmə islahatları bir qayda olaraq, yalnız azad iqtisadiyyatın inkişafına və bürokratik meyillərin aradan qaldırılmasına, çevik idarəçiliyə və koordinasiyaya şərait yaratdığı halda iqtisadi və təşkilati baxımdan müsbət nəticələr əldə olunur. Ümumiyyətlə, dövlət idarəetmə sistemində islahatlar ağrılı və çətin prosesdir. Lakin siyasi hakimiyyəti güclü və sabit olan ölkələrdə iqtisadi islahatlar və struktur dəyişiklikləri rəvan bir şəkildə həyata keçirilir. Çünki hakimiyyətin siyasi gücü həmin islahatların aparılması yolunda qarşıya çıxan "maneələri” asanlıqla dəf etməyə imkan verir.
 
Ramiz Mehdiyevin fikrincə dövlət idarəetmə sisteminin yenidən qurulması prosesində diqqət yetirilməli mühüm məsələlərdən biri idarəetmə islahatlarının iqtisadi islahatların tempi ilə düzgün əlaqələndirilməsidir. Yəni, idarəetmə sisteminin restrukturizasiyası ilə yeni iqtisadi sistemin formalaşması bir-birini tamamlamalıdır. "Bu baxımdan ölkəmizdə idarəetmə sisteminin təkmilləşdirilməsi iqtisadi islahatların gedişi ilə sinxronlaşdırılır və bu da, öz növbəsində, iqtisadiyyatın səmərəli tənzimlənməsinə əlverişli şərait yaradır”-Mehdiyev yazır.
 
 
Administrasiya rəhbəri onu da yazır ki, idarəetmə sistemində islahatları ayrı-ayrı dövlət orqanlarının ləğvi və ya birləşdirilməsi, yaxud da yeni strukturların yaradılması kimi xarakterizə etmək olmaz. İnstitusional islahatlar birinci növbədə dövlət strukturlarının tənzimləyici rolunun gücləndirilməsini və onların fəaliyyətinin səmərəliliyini təmin etməlidir. Bu, heç də bürokratik meyillərin dərinləşdirilməsi demək deyil. Əksinə, idarəetmə sistemində aparılan islahatlar dövlət idarəetmə orqanlarının debürokratizasiyasına, iqtisadiyyatda dövlət inhisarçılığının aradan qaldırılmasına şərait yaratmalıdır.
 
Məqalədə deyilir ki, idarəetmə islahatları ayrı-ayrı dövlət orqanlarının əsasnamələrinə yenidən baxılmasını və onların ciddi şəkildə ekspertizadan keçirilməsini tələb edir. Belə ki, iqtisadi yönümlü dövlət orqanlarının bir çoxunun fəaliyyətində bir-birini təkrarlayan funksiyalar və vəzifələr mövcuddur. Qüvvədə olan əsasnamələrin yenidən hazırlanması iqtisadiyyatın idarə edilməsi sahəsində təkrarçılığı aradan qaldıra bilər. Dövlət orqanlarının təşkilati strukturunu vahid meyar və prinsiplərlə formalaşdırmaq məqsədi ilə nazirlik və komitələr, agentlik və xidmətlər üzrə yeni nümunəvi əsasnamənin hazırlanması da məqsədəuyğundur.
 
R.Mehdiyev daha sonra bildirir: "Azərbaycanın dövlət idarəetmə aparatında nəzərdə tutulan dəyişikliklər ölkənin mövcud reallıqlarına cavab verməklə yanaşı, həm də Əsas Qanunumuzun tələblərinə uyğun olaraq həyata keçirilir. Konstitusiyaya əsasən ali icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Dövlət idarəetmə aparatı da bu prinsipə uyğun olaraq fəaliyyət göstərməli və təkmilləşdirilməlidir”.


Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Alatava və II Alatava yaşayış massivində, 17 aprel 2018-ci il tarixində gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu haqda “Azərsu” ASC-dən məlumat verilib.

Məlumatda bildirilib ki, suyun məhdudiyyətlə verilmə səbəbi magistral kəmərlərdə aparılan yenidənqurma işləridir.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir


Serj Sarkisyanın baş nazir postuna gətirilməsinə görə etiraz aksiyası Yerevanın Fransa Meydanında davam edir.

 “News.am”a istinadən xəbər verir ki, polis ictimai asayişi pozan mitinqin dayandırılması barədə çağırış etsə də, etirazçılar buna məhəl qoymayıblar. 

Bu gün səhər saatlarından nümayişçilər yenə mərkəzi küçələrə axışıblar. Qarşıdurma zamanı 30 etirazçı saxlanılıb. Yaranmış bir qarşıdurma nəticəsində 40-dan çox adam yaralanıb.



“Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib-hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” üzrə Tvinninq layihəsinin açılış mərasimi keçirilib.

 xəbər verir ki, vergilər naziri Mikayıl Cabbarov bu layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Avropa İttifaqının nümayəndələrinə minnətdarlığını bildirib. 

Nazir bildirib ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir. Eləcə də, bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübənin ölkəmizin vergi sistemində tətbiqinə çalışır:

“Vergi sahəsində aparılan islahatlar əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi sisteminin daha da təkmilləşdirilməsi məqsədinə xidmət edir.

Kommersiya əməliyyatlarında vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması Vergilər Nazirliyinin fəaliyyətində prioritet istiqamətlər sırasındadır”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov