Xəbər lenti



Yaxın keçmişimizdən bizə çox yaxşı tanış olan siyasi doktrinlərdən biri ilə assosiasiya yaratsa da, biz də “yerləşdiyimiz çevrədə bir kabus – müharibə kabusu dolaşmaqdadır” demək məcburiyyətindəyik. Sanki bu “geosiyasi landşaft”da cərəyan edənlər “müharibə şahinləri” üçün azlıq edir, onlar daha yeni münaqişə ocaqlarının yaranmasında maraqlıdırlar...

 

Bu kontkesdə cari həftə həlledici olmalı idi, çünki ABŞ prezidentinin İranla nüvə razılaşması ilə bağlı qərarı üçün müəyyən etdiyi vaxt məhz bu həftə bitirdi. Əvvəl deyildi ki, D.Tramp qərarını mayın 12-də elan edəcək. Amma proses sürətləndi, artıq mayın 8-də gecə saatlarında qərar açıqlandı və ABŞ-ın İranla nüvə sazişindən çıxması məlum oldu.

İndi hamını bunun ardınca nələrin baş verəcəyi düşündürür. Son günlərdə İsrailin baş naziri elə hey deyirdi ki, ölkəsi İranla müahiribəyə hazır vəziyyətdədir. Amma daha çox ehtimal olunanı budur ki, İrana qarşı yenidən sanksiyalar işə düşəcək. Bir çox səbəblərdən İranla açıq hərbi qarşıdurmanın, hətta “hibrid müharibəsi”nin belə ehtimalı yüksək dəyərləndirilmir.

Xüsusilə də avropalı müttəfiqlər D.Trampın qərarı ilə hələ ki, razı deyillər. Bunun özü də ciddi məqamdır – D.Trampın Qüdslə bağlı qərarına Avropa ölkələrinin BMT-də necə təpki göstərməsi güman ki, diqqətli oxucuların hələ də yadındadır. Ümumiyyətlə, son vaxtlarda, elə Trapm hakimiyyətə gələndən ABŞ-Avropa müstəvisində xeyli problem və ziddiyyət yaranıbdır ki, bu da ABŞ-ın siyasətinə əlavə ətalət verir.

Ümumiyyətlə, Yaxın Şərqin öz geosiyasi spesifikası var. Bu regionun geosiyasətində dünyanın digər regionlarında təsadüf olunmayan çalarlar nəzərə çarpır. Burada dini mistikanın və esxatologiyanın təzahürləri çox qabarıq görünür. Elə təsəvvür yaranır ki, ibtidai dini təsəvvürlər regionla bağlı ən son geosiyasi senarilərə də sirayət etməyə başlayıbdır.

Bu çalarlar prinsipcə, hamıya yaxşı bəllidir. Əvvəlcə yəhudilər, daha sonra isə ərəblər inanmağa başladılar ki, guya bu region Tanrı ilə rabitə üçün ən əlverişli və bəlkə də yeganə məkandır. Təsadüfi deyil ki, bu yerləri “peyğəmbərlər vadisi” adlandırırlar. Onlar əmindirlər ki, hətta sonuncu gün – qiyamətlə bağlı senarilər də burada gerçəkləşəcək.

Ona görə də Yaxın Şərqə çox böyük marağın mayasında yalnız onun enerji ehtiyatlarının dayanmasını düşünmək, artıq sadəlövhlük kimi başa düşülər.

Əslində isə ibtidai mistik təsəvvürlərin əsasında modern “geosiyasi senari”lər qurmağa cəhd edilir: vəd olunmuş torpağa qayıdış, sonuncu müharibə və Messiyanın gəlişi...

Bəli, bu hansısa fantastik trillerin süjeti deyil, min ildən də artıq yaşı olan ibtidai dini-mistik təsəvvürlərdir ki, bunun da əsasında, bir daha deyirik ki, “geosiyasi konsepsiyalar” qurulur.

Prinsipcə, bütün bunları xəstə bir təxəyyülün məhsulu kimi bir tərəfə atmaq və demək olar ki, İrana qarşı münasibət əslində onun ideoloji, regional və qlobal iddialarının nəticəsi kimi təzahür edir. İran siyasiləri daim deyirlər ki, onların ən əsas hədəfi, hətta nüvə silahı əldə ediləcəyi təqdirdə - İsraildir.

Bu, bizə həmişə təəccüblü görünüb. Ona görə ki, İranın İsraillə bağlı iddialarında bir anlaşılmazlıq var. Tehranı daha çox nə narahat edir? Bu, tək “Fələstin məsələsi” və İsrail-ərəb qarşıdurmaları ilə bağlıdır, yoxsa ki, qeyri səbəblər də vardır?

Bu fonda İsrailin iddiaları daha konkret və anlaşılan təsir bağışlayır. Təl-Əviv israr edir ki, bögədəki bütün radikal dini qruplaşmaların və terrorçu təşkilatların arxasında məhz İran dayanır.

İranın iddialarında isə konspirologiya, hətta mistik və dini çalarlar sezilir: Tehran baş verən bütün proseslərə “sionist sövdələşməsi”nin bir nəticəsi kimi baxır və ABŞ-ı, İsraili indi də regiondakı “şiə zolağı”nı hədəfə almaqda ittiham edir...

Bütün bunları, Yaxın Şərqlə bağlı çox incə geosiyasi məsələləri fikirləşəndə daim yadımıza 1967-ci ildə qəbul olunmuş məşhur “Xartum bəyannaməsi” düşür. Xüsusən də onun üçüncü punktunda əks olunan “üç yox” prinsipi çox maraqlıdır: İsraillə sülhə yox, İsrailin tanınmasına yox, İsraillə danışıqlara yox!

O vaxtdan görün, nə qədər vaxt keçib, amma bir çox ölkələrin İsrailə münasibəti hələ bu səpkidə qalıbdır. İndisə vəziyyət bir az gərginləşməyə doğru gedir: ABŞ Tehranla bağlanmış nüvə sazişindən çıxır, mayın 14- də isə Qüdsdə ABŞ-ın səfirliyi açılır. Bunların hər ikisi isə Yaxın Şərqdə daha bir müharibənin başlanmasına səbəb ola bilər.

Bu məsələnin üstündə ətraflı dayanmağımız da təsadüfi deyil. Hər üç ölkə - ABŞ, İsrail və İran Azərbaycan üçün çox önəmlidir. İran Azərbaycanın bilavasitə cənub qonşusu, mühüm ticari-iqtisadi partnyoru və milyonlarla azərbaycanlının yaşadığı ölkədir. İran ətrafında vəziyyətin gərginləşməsi Azərbaycanı geosiyasi seçim qarşısında qoya və onun Tehranla iqtisadi layihələrinə əngəl ola bilər.

Amma burada başqa məqam da var. Gizlətmirik ki, son dövrdə formalaşmağa başlayan Moskva-Ankara-Tehran alyansı ilə bağlı Qarabağ konteksində müəyyən ümidlərimiz vardı.

Düşünürdük ki, Kreml Ankara və Tehranla yaxınlaşacağı təqdirdə Dağlıq Qarabağla bağlı müəyyən güzəştlərə gedə, bu məsələdə siyasətini dəyişə bilər.

Lakin bu, indi növbəti puç ümid kimi görünür. İndiyədək nə qədər belə ümidlər yaranıb və hələ bundan sonra da yaranacaqdır. Ona görə ki, illər məchulluqları və qeyri-müəyyənlikləri azaltmaq əvəzinə, daha da artırır...
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov