Azərbaycan Bolqarıstana elektrik enerjisi ixrac edə bilər.
Bu barədə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.
E.Pirverdiyev qeyd edib ki, Prezident İlham Əliyevin verdiyi tapşırıqlardan birincisi “Şimal” Elektrik Stansiyasında ikinci enerji blokunun tikintisinin bu il başa çatdırılması barədədir: "Hazırda stansiyada tikinti işlərinin tam başa çatdırılması üçün zəruri tədbirlər həyata keçirilir, tikinti-quraşdırma, sazlama işləri aparılır. Eyni zamanda stansiyanı enerjisistemlə əlaqələndirən 220 kV-luq ikidövrəli elektrik verilişi xətlərinin çəkilişi və s. işlər tam başa çatdırılıb. İlin sonuna kimi “Şimal” Elektrik Stansiyası tam gücü ilə istismara veriləcək".
Onun sözlərinə görə, investisiyalar hesabına Azərbaycanda mövcud istehsal gücünün 2015-2020-ci illər arasında 19 faiz artması gözlənilir ki, bu da, istehlakda davamlı sabit artımın olacağı təqdirdə, təhlükəsiz ehtiyat gücünü təmin edəcək səviyyə kimi səciyyələndirilir:
"Qarşıdakı dövrdə əsas sənaye mərkəzi kimi Bakı şəhəri və ümumilikdə Abşeron yarımadasında dayanıqlı elektrik təchizatı üçün zəruri infrastruktur da yaradılmalıdır. Bu baxımdan, Nazirlər Kabinetinin “2018-2020-ci illərdə Bakı şəhərində 220 kV-luq üç yarımstansiyanın inşası haqqında” 7 aprel 2017-ci il tarixli sərəncamı mühüm əhəmiyyət kəsb edir. Həmin yarımstansiyaların, onları qidalandıran və Bakı şəhərinin yerli paylayıcı şəbəkələri ilə birləşdirən elektrik verilişi xətlərinin cari ildə inşasına başlanması gözlənilir".
ASC rəhbəri xatırladıb ki, bu günlərdə elektrik enerjisinin alqı-satqısının təmin edilməsi barədə İranla müqavilə imzalanıb: "Müqaviləyə əsasən, cari ilin iyun ayından etibarən təcrid olunmuş (ada) rejimdə İranın Muğan və Astara bölgələri üçün “Azərenerji” ASC-dən elektrik enerjisinin ixracı prosesinə başlanılacaq. Bundan başqa, “Şimal-Cənub” enerji dəhlizinin yaradılması məqsədilə Azərbaycan-İran-Rusiya, “Şərq-Qərb” enerji dəhlizinin yaradılması məqsədilə Rusiya-Azərbaycan-Gürcüstan və İran-Azərbaycan-Gürcüstan enerji sistemlərinin birləşdirilməsi üzrə məsələlərin həlli istiqamətində də lazımi işlər aparılır".
E.Pirverdiyev vurğulayıb ki, hazırda Azərbaycan Türkiyənin elektrik enerjisi bazarında etibarlı tərəfdaş kimi cox əhəmiyyətli bir mövqeyə malikdir: "Türkiyəyə elektrik enerjisinin ixracı və onun mütəmadi olaraq artırılması cənab Prezidentin qarşımızda əvvəlki illərdə qoyduğu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı olub və hazırda bu istiqamətdə işlər davam etdirilir. Çox əlamətdar bir haldır ki, bu ildən Türkiyə vasitəsilə Yunanıstana elektrik enerjisinin ixracı təmin olunur. Türkiyə vasitəsilə Bolqarıstana elektrik enerjisinin ixracı istiqamətində də artıq danışıqlara başlanıb".