ABŞ-ın İran anlaşmasından çıxması gözlənilən idi, səbəbi də ABŞ-dan qaynaqlanmır. İsrail İrana qarşı yenidən böyük bir cəbhə formalaşdırmaq istəyir.
Bu sözləri Axar.az-a ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, ABŞ və İsrail bölgədə ciddi bir “şiə qurşağının” yaranmasından çox narahatdırlar:
“Əslində, Qərbin İraq və Suriyaya müdaxiləsindən hələlik ən çox udan ölkə məhz İrandır. İran İraqda ciddi nüfuz sahibi və oyun qurucusudur, Suriyada həlledici faktordur, Livan və Yəməndə siyasi və hərbi gücdür. Yəni cəmi 10 il əvvəl ancaq öz sərhədləri içinə sığınan İran məhz Qərbin bölgəyə müdaxiləsindən sonra sərhədlərini aşdı, bölgədə güc sahibi oldu, İran-İraq-Suriya-Livan “şiə qurşağı” yarandı. Trampın açıq söyləmədiyi etirazı məhz bununla bağlıdır, atom anlaşması isə bəhanədir. İran rahatlıqla həm də Aralıq dənizinə çıxış əldə edib, indi ABŞ və İsrailin məqsədi “şiə qurşağının” həlqələrini qırmaq, İranın Aralıq dənizinə çıxışını önləməkdir”.
Ekspert vaxtilə Obamanın İranla nüvə anlaşmasına getməsinin səbəblərinə də aydınlıq gətirib:
“Əslində, fəlsəfi-ideoloji səbəblər axtarmaq, bunu Obamanı daha liberal olması ilə izah etmək yetərli deyil. Səbəb başqa idi. Rusiyaya qarşı ilk sanksiya dalğası başlamışdı. Avropa ilk əvvəl bu sanksiyalara qoşulmaq istəmirdi, daha doğrusu, sanksiyaların iqtisadi bölümünə razı deyildi. Çünki 2015-ci ildə ABŞ-Rusiya ticarət dövriyyəsi cəmi 18 milyard dollar, Avropa-Rusiya ticarət dövriyyəsi ilə 420 milyard dollar idi. Yəni Avropanın itirəcəkləri qat-qat çox idi, Obama ABŞ-İran anlaşması ilə Avropanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa təşviq etdi, Rusiya bazarı əvəzinə Avropaya 80 milyon əhalisi və hər şeyə ehtiyacı olan İran bazarını təklif etdi. Son 3 ildə AB ölkələri İranla 300 milyard dollardan çox iqtisadi müqavilələr bağlayıblar, həm İrana həm hər şey satırlar, həm də böyük enerji layihələrində ortaq olublar. Məhz buna görə Avropa Trampın verdiyi qərara sərt münasibət göstərir və sanksiyalara qoşulmayacağını elan edib”.
İqtisadçı bildirib ki, ABŞ və İsrail İranı birbaşa vurmayacaq:
“Hibrid müharibə Suriyada olacaq, əsas hədəf də “şiə qurşağını” qırmaq, İranı Suriyadan çıxarmaq, İraq və Livanda zəiflətmək olacaq. İranın ilkin reaksiyası çox ağıllı oldu, 3000 illik dövlətçilik təcrübəsi öz sözünü deyir. Amma İran üçün çox çətin dövr başlayır”.
Ekspertin fikrincə, Trampın addımı hələ ki, neftin qiymətlərini artırdı və ABŞ-ın düşmən elan etdiyi Rusiya və İran daha çox pul qazanmağa başladı:
“Neftin qiymətinin 1 dollar artması hər gün Rusiyaya 8 milyon, İrana isə 2 milyon dollar əlavə qazanc gətirir. Bir il bundan öncə neftin qiyməti 45 dollar idi, bu gün 76 dollar olub. Keçən ilin mayına nisbətən Rusiya günə əlavə 250 milyon, İran isə 62 milyon dollar pul qazanır”.
N.Cəfərlinin sözlərinə görə, gərginlik bir az da artsa, neft 80 dolları da keçə bilər:
“Bu zaman ABŞ-ın düşmən elan etdiyi ölkələr daha çox qazanacaq. Neftin qiymətinin artmasının iqtisadi səbəblərə görə olmadığını dəfələrlə bildirmişik. Sırf hərbi-siyasi gərginliyə görə artan spekulyativ qiymətlərdir. Deməli, dayanıqlı qiymət artımı deyil, gərginlik azalan kimi, qiymətlər də düşəcək”.
Qeyd edək ki,Tramp ABŞ-ın İranla imzalanan nüvə müqaviləsindən çıxdığını bəyan edib.