Xəbər lenti



Prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq aşağıdakı regional mədəniyyət idarələri yaradılır:

Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi;

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;

Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi;

Qarabağ Regional Mədəniyyət İdarəsi;

Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi;

Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi;

Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi;

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;

Mil–Muğan Regional Mədəniyyət İdarəsi;

Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi;

Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi;

Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.



Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
 
AZXEBER.COM xəbər verir ki, bəyanatda deyilir:
 
"Ötən əsrin ən böyük faciələrindən biri kimi tarixdə iz salan Xocalı soyqırımı erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindəndir.
 
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri sovet ordusunun Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinin dinc əhalisini kütləvi şəkildə qətlə yetirmək məqsədilə silahlı hücuma keçdi. Yeddi min nəfər əhalisi olan bu şəhər yerlə yeksan edildi, sakinləri soyqırımına məruz qaldı.
 
Bu soyqırımını törədərkən erməni şovinistlərinin əsas məqsədləri əhalini qəddarcasına öldürməklə yanaşı, Azərbaycanın qədim dövrlərinə aid tarixi və mədəni abidələrə malik bir şəhəri olan Xocalını da yer üzündən silmək idi.
 
Beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsipləri heçə sayılaraq dinc əhaliyə, xüsusilə də ahıl şəxslərə, qadınlara, uşaqlara qarşı ən amansız qətl üsullarından istifadə edilmişdir. Nəticədə 613 nəfər, o cümlədən onlardan 106 nəfər qadın, 63 nəfər uşaq və 70 nəfər ahıl şəxs xüsusi qəddarlıqla öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 132 uşaq valideynlərdən birini itirmiş, 487 nəfər ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür, onlardan 150 nəfərin taleyi isə naməlumdur. Soyqırımı zamanı öldürülənlərdən 56 nəfəri ağlasığmaz şəkildə xüsusi qəddarlıqla qətlə yetirilmiş, insanlar diri-diri yandırılmış, onlara dəhşətli işgəncələr verilmişdir.
 
Etnik təmizləmə və nifrət zəminində törədilən Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər müharibə cinayətləri nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud və kütləvi surətdə pozulmuşdur.
 
Xocalı soyqırımı zamanı 1949-cu il Cenevrə Konvensiyalarının, "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə” Konvensiyanın, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın, "Uşaq hüquqları haqqında” Konvensiyanın müddəaları ciddi şəkildə pozulmuşdur.
 
Xocalı soyqırımına ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkə Parlamenti tərəfindən siyasi-hüquqi qiymət verilmiş, 26 fevral tarixi Xocalı Soyqırımı Günü elan olunmuş və törədilən cinayətin beynəlxalq ictimaiyyətə çatdırılması, təqsirkarların ədalət mühakiməsinə verilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
 
Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi "Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı soyqrımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsində olduqca mühüm rol oynayır. Həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində 17 dövlətin qanunvericilik orqanı, həmçinin ABŞ-nin 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul edilmişdir.
 
Hazırda da Ermənistanın davamlı olaraq həyata keçirdiyi terror siyasəti, xüsusilə də işğaldan azad edilmiş torpaqlarımıza minaların basdırılması və bunun nəticəsində mülki şəxslərin həlak olması və ya ağır yaralanması ilə bağlı məlumatların dünyaya çatdırılması istiqamətində Azərbaycan dövləti bütün zəruri addımları atmağa davam edir.
 
Ədalətin bərpası və insanlığa qarşı yönəlmiş bu kimi soyqırımı aktlarının təkrarlanmaması üçün dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımına və Ermənistanın törətmiş olduğu digər müharibə cinayətlərinə beynəlxalq siyasi-hüquqi qiymət verilməli, törədilmiş soyqırımının günahkarları beynəlxalq məhkəmə qarşısında cavab verməli və bu istiqamətdə qəti tədbirlər görülməlidir".
 
Qeyd edək ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.


İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hərbi kompleksinə hücum etdiyini bildirib.

 “Bu səhər İsrail Müdafiə Qüvvələri HƏMAS terror təşkilatına məxsus silah istehsalı müəssisəsi və hərbi iqamətgahına hücum edib”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Qəzza zolağından İsrail istiqamətində altı raket atıldığını, onlardan beşinin hava hücumundan müdafiə sistemləri tərəfindən tutulduğunu bildirmişdi.



Fevralın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağacağı, gecə və səhərin erkən saatlarında Abşeron yarımadasının şimalında qısamüddətli qara keçəcəyi gözlənilir.

 Günün ikinci yarısında yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0°-yə yaxın, gündüz 3°-dək isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti isti, gündüz 3-6° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3-8° şaxta olacaq. Yollar buz bağlayacaq.


Yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb.

 

"Qafqazinfo"ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3,6-ya bərabər olan zəlzələ hiss olunmayıb.



ABŞ Prezidenti Co Bayden Ukraynanın paytaxtı Kiyevə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı rusiyalı siyasətçi və hüquq müdafiəçisi Mark Feygin öz teleqram kanalında açıqlayıb.

 

Ukrayna mediası isə öz növbəsində, Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirildiyini yazıb.

***

Nümayəndə heyətinin tərkibində ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da var.



Xəzər dənizçiləri həmkarlar ittifaqının əsası 1906-cı ildə «Dənizçilərin həmkarlar cəmiyyəti» adı ilə yaradılmışdır. Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı 12.03.1993-cü il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Azərbaycan Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının hüquqi varisidir. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı həmkarlar ittifaqı təşkilatlarını öz ətrafında birləşdirən Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqının 7634 üzvü vardır.

Həmkarlar ittifaqının ali orqanı beş ildən bir çağırılan qurultaydır. Qurultaylararası dövrdə rəhbər orqan ildə bir dəfədən az olmayaraq çağırılan   respublika komitəsinin plenumudur. Plenumlararası dövrdə isə Rəyasət Heyətidir.

Sahənin bütün müəssisə və təşkilatlarında istehsalat məsələləri ilə yanaşı, işçilərin sosial problemlərinin həlli işəgötürən və həmkarlar ittifaqı komitələri arasında bağlanan kollektiv müqavilə ilə tənzimlənir. Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sahə xidmətinə daxil olan Gəmiçiliyin idarə və müəssisələrində, eyni zamanda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında işəgötürənlə həmkarlar ittifaqı komitəsi arasında kollektiv müqavilə bağlanmışdır. Bununla yanaşı, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında Sahə (Tarif) Saziş imzalanmışdır. Respublika Komitəsi 1992-ci ildən Nəqliyyatçıların Beynəlxalq Federasiyasının və Beynəlxalq Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinə qocaman dənizçi Səməd Allahverdiyev sədrlik edir.

Allahverdiyev Səməd Oysar oğlu 1960 - cı il martın 11-də anadan olmuşdur. Səkkizillik məktəbi bitirdikdən sonra təhsilini 1976-cı ildə Bakı şəhərində davam etdirimişdir. 1978 - 1980-ci illərdə Sovet Ordusu sıralarında Çexoslovakiyada hərbi xidmətdə olmuşdur.

1980 - cı ildə Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinə matros şagirdi kimi işə qəbul olunmuşdur. İstehsalatdan ayrılmamaq şərtilə 1983-cü ildə Bakı Dəniz Yolları məktəbini bitirərək, texnik-gəmi sürücüsü ixtisası almışdır. ARDNDİ-nin gəmilərində 1-ci dərəcəli matros, kapitanın böyük köməkçisi, kapitan vəzifələrində işləmişdir.

1993 - cü ildə Abşeron rayon Dəniz Neft Donanma İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçilmişdir. 1999 - cu ildə Donanma işçilərinin Konfransında Xəzər Dəniz Neft Donanması Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Sədri vəzifəsinə seçilmişdir.

2004 - cü ildə Moskva Əmək və Sosial Münasibətlər Akademiyasını bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.

Həmkarlar İttifaqı orqanlarında işlədiyi müddət ərzində Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyalarının Fəxri Fərmanları işlə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 27.11.2005-ci il tarixli 1117 nömrəli Sərəncamına əsasən  “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

1998 - ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2014 - cü il Aprel ayının 8-də Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının V növbədən kənar qurultayında Respublika Komitəsinin sədri vəzifəsinə seçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Səməd Oysar oğlu Allahverdiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Xidmətləri yüksək dəyərləndirilən Səməd Allahverdiyevin təltifləri sırasında həmçinin 2019-cu ildə verilmiş Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalı, 2005-ci ildə qazandığı Dəniz və Çay limanları Kuboku, 2001-ci ildə “Veteran” Xidmət Mərkəzin tərəfindən təqdim olunan fəxri diplomu, neft sənayesi sistemində çoxillik nümunəvi əməyinə və həmkarlar ittifaqında səmərəli fəaliyyətinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən layiq görüldüyü fəxri fərman, müxtəlif sertifikatlar və s. vardır.

Ailəlidir, 3 övladı var.

Səməd Allahverdiyev ömrünün 40 ildən çoxunu dənizçiliyə həsr etdiyinə, dənizçilərlə bir yerdə olduğuna görə özünü çox xoşbəxt hiss edir. İşçilərin hüquq və mənafelərini qoruyan, onların sosial-iqtisadi rifahını yüksəldən həmkarlar təşkilatının üzvlərini öz ailəsinin üzvləri hesab edib, aralarında heç bir fərq qoymayıb. Hər bir  insanın dərdinə-sərinə şərik olub, qayğılarına cavabdehlik daşıyıb. Səməd müəllimin dediklərinə görə, xüsusilə də Vətən müharibəsində şəhid olmuş dənizçilərin ailələrinə, qazilərə, müharibə iştirakçılarına böyük diqqət göstərilir.
AXDG-nin 300-dən çox işçisi könüllü olaraq Vətən müharibəsinəı qatılmışdır. Onların sosial qayğılarını qarşılamaq üçün 9 şəhid ailəsinə mənzillər verilib. Hər ay maaşdan əlavə, şəhid ailəsi üzvlərinə 350 manat, qazilərə 250 manat, müharibə iştirakçılarına 150 manat maddi yardım göstərilir. Bu qəbildən olan işçilərə Yeni il, Novruz, Qurban bayramlarında 100 manat yardım edilir, istirahət üçün Azərbaycanın gözəl guşələrinə və Nabrandakı “Dənizçi” istirahət mərkəzinə yollayışlar pulsuz verilir.

Qocaman dənizçinin sözlərinə görə, istər Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində,  istərsə də cənab İlham Əliyevin hakimiyyəti illərində gəmiçilik sahəsinin inkişafı xüsusi diqqətdə saxlanılıb: “Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində son illər ölkəmizdə dənizçiliyin inkişafında da böyük nailiyyətlər əldə olunmuşdur. Azərbaycan dəniz nəqliyyatı 5 Xəzəryanı ölkələr arasında aparıcı mövqeyə yiyələnib, beynəlxalq yükdaşıma bazarlarında tanınan iştirakçılardan birinə çevrilib, gəmilərimiz Qara və Aralıq dənizi regionunda istifadə olunur.  Azərbaycan dövlətçiliyinin banisi, bu il anadan olmasının 100 illiyi qeyd olunan ulu öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində təkrarolunmaz istedadı və ideyası nəticəsində iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatının inkişaf etdirilməsi istiqamətində formalaşdırdığı siyasət və qeyd edilən sahəyə diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə bütün dünyada olduğu kimi, Azərbaycanda da 25 iyun “Dənizçi Günü” peşə bayramı təsis olunub və artıq 8 ildir ki, ölkəmizdə də dəniz nəqliyyatı işçiləri öz peşə bayramlarını rəsmi səviyyədə qeyd edirlər. Azərbaycan dünyanın 170 dövlətinin qoşulduğu Beynəlxalq Dəniz Təşkilatının tam hüquqlu üzvüdür. Ölkə Prezidentinin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq beynəlxalq səviyyədə dəniz dövlətləri sırasında və müvafiq beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzunun daha da artırılması istiqamətində məqsədyönlü tədbirlər bu gün də uğurla həyata keçirilir”.

Z.Vəliyev

Türkiyədə zəlzələ nəticəsində həlak olanların yeni sayı açıqlanıb. 

 Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyininə (AFAD) xəbər verir ki, həlak olanların sayı 36 187 nəfərə çatıb.

 



"Bütün imkanları ilə Türkiyəyə dəstək verən ölkələrə təşəkkürümü bildirirəm.
 
Türkiyədə baş verən əsrin fəlakəti beynəlxalq həmrəyliyin nə qədər önəmli olduğunu sübut etdi”.

 Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya hökumətlərinin zirvə toplantısına videomesaj vasitəsilə qoşulan zaman bildirib.
 
Ərdoğan deyib ki, Türkiyə koronavirus pandemiyası dönəmində dünyaya verdiyi dəstəyin zəlzələ fəlakəti yaşadığı bugünlərdə qarşılığını almaqdadır:
 
"Bütün imkanları ilə Türkiyəyə dəstək verən ölkələrə təşəkkürümü bildirirəm”.
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov