Xəbər lenti



Türkiyədə prezident seçkilərində mübarizə aparacaq 4 namizəd məlum olub.

 Türkiyə mediası xəbər verir ki, Yüksək Seçki Qurumunun sədri Əhməd Yener hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, CHP sədri Kamal Kılıçdaroğlu, Məmləkət Partiyasının sədri Məhərrəm İncə və ATA Alyansının namizədi Sinan Oğanın prezidentliyə namizədliyinin müəyyənləşdiyini bildirib.

Əhməd Yener prezidentliyə namizədlik üçün 100 min imza prosesinin bitdiyini açıqlayıb.

 

 
 
 
Kamaləddin Qafarov: “Novruz bayramını Qarabağda qeyd etmək  böyük qürur və  şərəfdir”

“Bu il Azərbaycan xalqı Novruzu “Heydər Əliyev İlin”də, Ulu öndərin anadan olmasının 100-cü ildönümü ərəfəsində qarşılayacaq. Novruz bayramının məişətimizə qaytarılması 1969-cu ildə respublikamızın rəhbəri seçilən Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət və ənənələrinə tükənməz sevgisinin daha bir əyani nümayişi idi. Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1993-cü ildə Ulu öndərin yenidən hakimiyyətə qayıdışı ilə Novruz bayramı ölkəmizdə artıq milli dövlət bayramı kimi daha böyük təntənə ilə qeyd olunmağa başladı. Ümummilli lider 1998-ci ildə çıxışlarının birində demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.” Bu tarixi çıxışdan 22 il sonra Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin bu vəsiyyətini də yerinə yetirdi. Rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan ərazilərimizi azad etdi və Azərbaycan xalqı bundan sonra əsrlər boyunca həmin yerlərdə Novruz bayramını qeyd edəcək.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat Novruzun fəlsəfi əsaslarından bəhs edərək bildirib ki, bu bayram həyatın və yeniliyin ən mükəmməl rəmzidir: “Novruz sözünün mənası yeni gün deməkdir. Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbənin – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Ümummilli lider Heydər Əliyevin bəşəri ideyalarının layiqli davamçısı olan Ölkə Prezidenti İlham Əliyev hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir. Novruz müasir həyatımıza sirayət edərək siyasətdə də bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünün göstəricisidir.”

K.Qafarov daha sonra deyib: “2004-cü ildən başlayaraq Azərbaycanın mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi, qoruma altına alınması Mehriban xanım Əliyevanın bu işə həssas münasibətinin parlaq ifadəsidir. 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Fürsətdən istifadə edib mən də bütün soydaşlarımızın Novruz bayramını səmim-qəlbdən təbrik edirəm”


Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 96 gündür davam edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.



Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, bayram şənliklərinin təşkil olunduğu və insanların kütləvi toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.



Bakı Olimpiya Stadionunda "Qarabağ" və Türkiyə "Qalatasaray"ı arasında keçiriləcək xeyriyyə oyununa satılan biletlərin sayı açıqlanıb.

Ağdam klubundan "Qafqazinfo"ya verilən məlumata görə, bu gün satışa çıxarılan biletlərin 42 500 ədədi artıq azarkeşlər tərəfindən alınıb.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "Iticket.az"ın satış məntəqələrindən, klubun "Park Bulvar"da yerləşən fan-şopundan, eyni zamanda "Iticket.az"dan da əldə etmək olar.

Qeyd edək ki, martın 26-da oynanılacaq matçdan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.



“Rusiya ilə münaqişəyə girmək istəmirik, digər tərəfdən isə Ukraynanı dəstəkləməyə davam edəcəyik”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

O, ABŞ-nin Rusiya ilə münaqişəyə girmək istəmədiyini qeyd edib.

Həmçinin, ölkəsinin Ukraynanı dəstəkləməyə davam edəcəyini də vurğulayıb.



Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə Toplantısı işinə başlayıb.

Bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə Toplantısı keçiriləcək.

Azərbaycanın təklifi ilə keçirilən Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri kimi Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Milli Şurasının Xalq İşləri İdarəsinin rəhbəri Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər.

Ötən il keçirilən Səmərqənd Zirvə toplantısında müşahidəçi statusu alan ŞKTC ilk dəfə TDT Sammitində iştirak edəcək.

Ərdoğan sammit çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək.

Mənbə: TRT Avaz


 
Kamaləddin Qafarov: “ Qarabağ ermənilərinin  gələcəyi   Azərbaycan cəmiyyətinə inteqrasiyadan asılıdır ”

“Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu öz işini baş vurdu. Bakı Forumunda müxtəlif mədəni mənsubiyyətə, siyasi sistemə və siyasi tarixə malik 60 ölkədən 350 nəfər nümayəndə iştirak edirdi. Dövlətimizin başçısı tədbirin açılış mərasimində etdiyi çıxışında Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsinin və intellektual potensialının aparıcı beynəlxalq konfranslara uyğun olduğunu vurğuladı. Forumun proqramı Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edirdi. Bununla yanaşı, bu gün dünya gündəminin bir çox digər aktual məsələləri də müzakirələrin gündəliyinə daxil edilmişdi.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.

Deputat deyib: “Öz çıxışında Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatında 2019-cu ildən öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə 2023-cü ilədək uzadılmış sədrliyinin bu ilin sonunda başa çatacağını bildirdi. Azərbaycan təşkilata üzv olduğu bütün müddət ərzində və əlbəttə ki, həm də sədrliyi dövründə Qoşulmama Hərəkatını daha da aktivləşdirmək, onun dünyada gedən proseslərə müdaxilə və təsir imkanlarını artırmaq üçün fəal şəkildə və yüksək effektivliklə çalışıb. Bu məqsədlə beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil edilib. Azərbaycan COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı oldu. Zirvə toplantılarından biri pandemiya ilə mübarizəyə həsr edildi. Təşkilatın 60 illik tarixində ilk dəfə məhz Azərbaycanın təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradıldı, Hərəkatın Gənclər Şəbəkəsi təsis edildi. Dövlətimizin başçısı bəyan etdi ki, bu ilin sonunda Azərbaycanın sədrliyi başa çatdıqdan sonra da ölkəmiz öz səylərini davam etdirəcək. Çünki Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır.”

K.Qafarov münaqişələrin həlli mövzusunda fikirlərini bölüşən Prezident İlham Əliyevin öz çıxışında irəli sürdüyü konstruktiv təkliflərdə, əslində, Ermənistana da öz gələcəyini qura bilməsi üçün daha bir şansın verildiyini vurğulayıb: “Dövlətimizin başçısı Forumun açılış mərasimində etdiyi çıxışında Azərbaycanın Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün uzun illər ciddi səylər göstərdiyini bir daha bütün iştirakçıların diqqətinə çatdırdı. İşğal nəticəsində Azərbaycanda humanitar fəlakətə yol açmış, bir milyondan artıq azərbaycanlını yurdsuz qoymuş, qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olmuş, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış Ermənistan münaqişəni dinc yolla həll etmək istəmədi və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı. Bununla da Ermənistan beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə açıq-aşkar hörmətsizlik göstərdi. Lakin Azərbaycan BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək öz ərazilərini güc tətbiq etməklə azad etdi. Bu, Azərbaycanın legitim hüququ idi. Azərbaycan 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra sülh danışıqlarına başlamaq təşəbbüsü irəli sürdü və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdi. Yaxşı olardı ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı bu şansı əldən buraxmağın böyük səhv olacağına inandıra bilsinlər. Bu, Ermənistanın həqiqətən də sonuncu şansı ola bilər. Çünki, Ermənistan ölkəmizə qarşı təcavüz səbəbindən, faktiki olaraq müstəqil gələcəyini qurmaq fürsətini əldən buraxıb. Bu gün isə, Prezident İlham Əliyev öz konstruktiv və ədalətli təklifləri ilə onlara öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaradır. Dövlətimizin başçısı Azərbaycandakı erməni azlığına dair konkret mövqeyini bir daha ortaya qoyaraq, Azərbaycanın çoxkonfessiyalı, çoxmillətli ölkə olduğunu və bütün azlıqların hüquqlarının Konstitusiyamız tərəfindən qorunduğunu bir daha vurğuladı. Artıq həmin insanlar da anlamalıdırlar ki, onların gələcəyi yalnız Azərbaycan cəmiyyətinə inteqrasiya ilə bağlıdır. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların taleyini, onların gələcək həyatını dövlətimiz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyil”.
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov