Xəbər lenti



İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna verilən cəza açıqlanıb.

Türkiyə mediası xəbər verir ki, İBB sədri Əkrəm İmamoğlu “vəzifələrinə görə idarə heyətində çalışan Yüksək Seçki Qurumunun üzvlərini açıq-aşkar təhqir etmək” ittihamı ilə 2 il 7 ay 15 gün həbs cəzası alıb.

Belə ki, İmamoğlu 30 oktyabr 2019-cu il tarixində Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində çıxış edib.

 
 İBB sədri çıxışı zamanı seçki dövründə dövlət resurslarından qeyri-məhdud şəkildə hakimiyyətin xeyrinə istifadə edildiyini, kampaniya zamanı cəmiyyəti parçalayan və qütbləşdirən bir dildən istifadə edildiyini, prezident və kabinet üzvlərinin aksiyalar həyata keçirdiklərini və seçki qadağalarını nəzərə almayan təcrübələr etdiyini vurğulayıb.

Bu səbəbdən məhkəmə qərarı ilə İmamoğlunun "vəzifələrinə görə kollegiya olaraq çalışan dövlət məmurlarını açıq-aşkar təhqir etmək" ittihamı ilə həbs cəzasına məhkum edildiyi bildirilib.

Həmçinin, “müəyyən hüquqların həyata keçirilməsindən məhrum etmə”ni özündə əks etdirən 53-cü maddənin də İmamoğluya tətbiq edilməsinə qərar verib.

Qeyd edək ki, 2019-cu il 31 martda Türkiyədə keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə əsasən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilib.

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib
 

Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə işgüzar səfərə gedib.

Ardını oxu...



Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Oxu.Az xəbər verir ki, hazırda aksiya iştirakçılarının sayı artmaqdadır və paytaxt Bakıdan aksiyanın keçirildiyi Şuşa-Xankəndi yoluna ictimai fəalların axını başlayıb.

 

Aksiya iştirakçıları səsucaldıcılarla “Volkov, cavab ver!”, “Ekoloji terrora son!” şüarlarını səsləndirirlər.

Aksiya iştirakçıları Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.

Onu da qeyd edək ki, Şuşa-Xankəndi yolunu Rusiya sülhməramlıları bağlayıb. Onlar ZTR və hərbi yük avtomobilləri vasitəsilə həm Laçın istiqamətindən, həm də Xankəndidən gələn yolu bağlayıblar. 

09:53

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyası davam edir.

Oxu.Az xəbər verir ki, ekofəallar Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkova müraciət ünvanlayıblar.

 

09:00

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Oxu.Az xəbər verir ki, 24 saata yaxın davam edən aksiyada 500-dən çox fəal iştirak edir. 

Etirazçılar Xankəndiyə gedən yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Aksiya iştirakçıları səhər saatlarında “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.

 

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.



Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il ötür.

AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

 

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.



Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.

 

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, etirazçılar yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Kamaləddin Qafarov: “Zəfər paradı illərlə yaddaşlarda qalacaq  qürurverici hadisə idi”

“Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2003-2020-ci illər ərzində keçdiyi hazırlıq dövrü ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələndi. 2020-ci ilin sentyabr-noyabr aylarında şanlı ordumuzun apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsi kimin kim olduğunu bütün dünyaya göstərdi. Müharibə dövründə Azərbaycan xalqı öz “Dəmir yumruğ”unu, birliyini və gücünü nümayiş etdirdi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək indiyədək görünməmiş həmrəylik nümunəsi göstərdi. Hərbi əməliyyatların davam etdiyi müddət ərzində Azərbaycan Ordusu daim irəli gedir,yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Nəhayət, 2020-ci il noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına qol çəkdi. Bu akta görə, Kəlbəcər, Laçın və Ağdam rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı, həmin ərazilərdə üçrəngli bayrağımız qalğalandı. Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı.”

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.


Deputat qeyd edib ki, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin rəmzi kimi xalqımızın qan yaddaşına əbədi həkk olundu: “Zəfər paradı torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan qanlı döyüşlərdən qalib çıxmış, düşmənin belini “Dəmir yumruq”la qırmış əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi vardı: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”. Zəfər paradının xüsusi önəmini vurğulayan məqamlardan biri də bu idi ki, paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin nümayişi ilə yanaşı, Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, düşməndəm qənimət götürdüyü hərbi texnikalar da nümayiş olundu. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilərək bütün dünyaya nümayiş etdirildi. Zəfər paradı Azərbaycan-Türkiyə ittifaqının getdikcə daha da gücləndiyini bütün dünyaya bir daha göstərmiş oldu. Bu Zəfər paradında Türkiyə və Azərbaycan prezidentləri yenə də yanaşı dayanıb bütün dünyaya ciddi mesajlar göndərdilər. Əsas mesajlardan biri də bu idi ki, Azərbaycan artıq tək deyil. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisə oldu. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqlarımızın mənəvi yaxınlığının ən bariz təzahürü idi.”

K.Qafarov qeyd edib ki, Azərbaycanın II Qarabağ savaşında əldə etdiyi tarixi Qələbənin möhtəşəmliyinin nümayişi baxımından Hərbi Qənimətlər Parkı xüsusi əhəmiyyət kəsb edir: “Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda, Yeni Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi- ümumilikdə 300-dən çox eksponat- o cümlədən 150-dək ağır texnika- tank, döyüş maşını, artilleriya qurğusu, zenit-raket kompleksi, həmçinin atıcı silahlar, hərbi nəqliyyat vasitələri sərgilənir. Parkda təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa imkan yaradır. Eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanmasını təsdiq edən dəlillər, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları vardır. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyi, həmçinin məğlubedilməz erməni ordusu barədə illər boyunca formalaşdırılan mifi də məhv etdi. Azərbaycan öz gücünü, öz qüdrətini bütün dünyaya göstərdi.”

Deputat işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərindən bəhs edərək, bu torpaqları xoş gələcək gözlədiyini xüsusi vurğulayıb: “Bu gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bərpa və quruculuq işlərini yüksək intensivliklə həyata keçirir. Ölkə Prezidenti cənab İlham Əliyevin mütəmadi olaraq həmin ərazilərə etdiyi səfərlər həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan son dərəcə böyük əhəmiyyət kəsb edir. Bu səfərlərin daha bir önəmi də onların mahiyyətində duran haqq-ədalət təntənəsinin təcəssümüdür. Mənfur qonşularımız və onlara bütün dünyada havadarlıq edən qüvvələr xalqımızı bu əzəli-tarixi torpaqlarından məhrum etmək üçün illər boyu çalışdılar. Ərazilərimiz işğal olundu, millətimiz dəfələrlə qırğınlara, etnik təmizləmələrə məruz qaldı. İşğal edilmiş ərazilərimizdə ermənilər hər cür talan, soyğun və vandalizm aktları həyata keçirdilər. Vətən müharibəsinin gedişində mənfur düşmən ilk gündən ağır məğlubiyyətlərə uğramasının əvəzini çıxmaq üçün mülki əhaliyə qarşı çoxsaylı hərbi cinayətlər törədib, Azərbaycanın şəhərlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutub. Namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, o cümlədən uşaqlar və qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb və ya ciddi ziyan görüb”.

K.Qafarov sonda deyib: “Möhtərəm dövlət başçımızın dəfələrlə öz çıxışlarında qeyd etdiyi kimi, dağıdılmış şəhər və kəndlərimiz erməni faşizminin canlı şahididir. Lakin Azərbaycan öz şəhər və kəndlərini tezliklə bərpa edəcək və bu gün müntəzəm olaraq Qarabağa etdiyi səfərləri ilə Prezident İlham Əliyev bu ərazilərin əsil sahiblərinin kim olduğuna dair bütün dünyaya öz mesajlarını göndərir”.


Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin dünya siyasi arenasında özünəməxsus yeri vardır. tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Əsl dövlət xadimi idi

Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.

Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır.

Gələcəyimizin təminatcısı- Heydər Əliyev idi

Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.

Özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ümummilli lider Heydər Əliyev «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi, vəzifə səlahiyyətləri ilə bağlı cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibət nümayiş etdirirdi.

Mixail Qorbaçovun siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə qarşı həsəd və qısqanclıq hisslərinin baş qaldırması, Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsi Ulu Öndərin vəzifədən uzaqlaşdırılması ilə nəticələndi.

Məntiqli siyasətin nəticəsini dünya gördü

Bundan istifadə edən ermənilər ölkəmizə qarşı uydurma ərazi iddiaları irəli sürərək əzəli torpağımız olan Dağlıq Qarabağ ətrafında hərbi təcavüzə başladı. Əgər o vaxt Heydər Əliyev Azərbaycanda və ya sovet rəhbərliyində olsaydı heç vaxt Dağlıq Qarabağ kimi problem meydana çıxmazdı. Heydər Əliyev amili, onun gücü, qüdrəti erməni millətçilərini belə təxribatlardan çəkindirirdi.

1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü.

Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Burada məşhur fransız mütəfəkkiri Volterin “dövlətin xilası üçün bir dahi insan kifayətdir” kəlamı yada düşür. Heydər Əliyev də Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan idi.

Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar.

Ölkəmizdə demokratiyanın  tərəqqisi onun adl ilə bağlıdır

Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi. Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu. Müstəqilliyimizin on ili - 1993-2003-cü illər ərzində dahi Heydər Əliyev “siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir” məşhur kəlamda söylənildiyi kimi, düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyən etdi. O inkişaf ki, sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl və potensial rolunu oynadı.

Ölkəsini regionda lider ölkəyə cevirməyi bacardı

Bu gün iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə Azərbaycan Davos Dünya İqtisadi Forumunun, Dünya Bankının hesabatlarında yüksək pillələrdə qərarlaşır, islahatçı dövlət kimi seçilir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və gələn ay açılışı nəzərdə tutulan Trans-Anadolu (TANAP) qaz boru kəməri kimi qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olan ölkəmiz Avropada etibarlı tərəfdaşa və regionun lider dövlətinə çevrilmişdir. Respublikamızın ən mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi dövlətimizin dünyada yüksək nüfuzunu təcəssüm etdirir.

Hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyət Heydər Əliyev haqqında dünyanın məşhur simalarının necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Müasiri olan dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimləri tərəfindən dünya miqyasında böyüklüyü etiraf edilən, o cümlədən ABŞ-ın sabiq Prezidenti Corc Buşun “şəksiz lider”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “türk dünyasının tanınan və sevilən lideri”, Rusiya Prezidenti Vladimir Putinin “siyasi nəhəng”, Fransanın sabiq Prezidenti Jak Şirakın “qeyri-adi şəxsiyyət” adlandırdıqları Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi bu günlərdə yenidən göz önündə canlanır, qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır.

Xalqın sevimlisi olmağı ona qismət oldu

Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Zaman Heydər Əliyevin bu inamını təsdiq edir və Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir.Məhz bu dəstək hesabına 44 günlük Vətən müharibəsində 30 il düşmən tapdağı altında olan torpaqlarımız azad edildi.Xalq öz Ali Baş Komandanının ətrafında sıx birləşdi.

Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 12 dekabr günündə deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək onun məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.



Ceyhun Cahangirov

 Goranboy rayon Quşcular kənd HakimCəfərov adına tam orta məktəbin direktoru,

YAP Goranboy rayon təşkilatının fəalı.

Prezident qəbul keçirdi
 
 

Prezident İlham Əliyev dekabrın 7-də Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov