Xəbər lenti



Xəzər dənizçiləri həmkarlar ittifaqının əsası 1906-cı ildə «Dənizçilərin həmkarlar cəmiyyəti» adı ilə yaradılmışdır. Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı 12.03.1993-cü il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Azərbaycan Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının hüquqi varisidir. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı həmkarlar ittifaqı təşkilatlarını öz ətrafında birləşdirən Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqının 7634 üzvü vardır.

Həmkarlar ittifaqının ali orqanı beş ildən bir çağırılan qurultaydır. Qurultaylararası dövrdə rəhbər orqan ildə bir dəfədən az olmayaraq çağırılan   respublika komitəsinin plenumudur. Plenumlararası dövrdə isə Rəyasət Heyətidir.

Sahənin bütün müəssisə və təşkilatlarında istehsalat məsələləri ilə yanaşı, işçilərin sosial problemlərinin həlli işəgötürən və həmkarlar ittifaqı komitələri arasında bağlanan kollektiv müqavilə ilə tənzimlənir. Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sahə xidmətinə daxil olan Gəmiçiliyin idarə və müəssisələrində, eyni zamanda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında işəgötürənlə həmkarlar ittifaqı komitəsi arasında kollektiv müqavilə bağlanmışdır. Bununla yanaşı, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında Sahə (Tarif) Saziş imzalanmışdır. Respublika Komitəsi 1992-ci ildən Nəqliyyatçıların Beynəlxalq Federasiyasının və Beynəlxalq Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinə qocaman dənizçi Səməd Allahverdiyev sədrlik edir.

Allahverdiyev Səməd Oysar oğlu 1960 - cı il martın 11-də anadan olmuşdur. Səkkizillik məktəbi bitirdikdən sonra təhsilini 1976-cı ildə Bakı şəhərində davam etdirimişdir. 1978 - 1980-ci illərdə Sovet Ordusu sıralarında Çexoslovakiyada hərbi xidmətdə olmuşdur.

1980 - cı ildə Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinə matros şagirdi kimi işə qəbul olunmuşdur. İstehsalatdan ayrılmamaq şərtilə 1983-cü ildə Bakı Dəniz Yolları məktəbini bitirərək, texnik-gəmi sürücüsü ixtisası almışdır. ARDNDİ-nin gəmilərində 1-ci dərəcəli matros, kapitanın böyük köməkçisi, kapitan vəzifələrində işləmişdir.

1993 - cü ildə Abşeron rayon Dəniz Neft Donanma İdarəsi Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçilmişdir. 1999 - cu ildə Donanma işçilərinin Konfransında Xəzər Dəniz Neft Donanması Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Sədri vəzifəsinə seçilmişdir.

2004 - cü ildə Moskva Əmək və Sosial Münasibətlər Akademiyasını bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.

Həmkarlar İttifaqı orqanlarında işlədiyi müddət ərzində Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyalarının Fəxri Fərmanları işlə təltif edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 27.11.2005-ci il tarixli 1117 nömrəli Sərəncamına əsasən  “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

1998 - ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2014 - cü il Aprel ayının 8-də Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının V növbədən kənar qurultayında Respublika Komitəsinin sədri vəzifəsinə seçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Səməd Oysar oğlu Allahverdiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Xidmətləri yüksək dəyərləndirilən Səməd Allahverdiyevin təltifləri sırasında həmçinin 2019-cu ildə verilmiş Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalı, 2005-ci ildə qazandığı Dəniz və Çay limanları Kuboku, 2001-ci ildə “Veteran” Xidmət Mərkəzin tərəfindən təqdim olunan fəxri diplomu, neft sənayesi sistemində çoxillik nümunəvi əməyinə və həmkarlar ittifaqında səmərəli fəaliyyətinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən layiq görüldüyü fəxri fərman, müxtəlif sertifikatlar və s. vardır.

Ailəlidir, 3 övladı var.

Səməd Allahverdiyev ömrünün 40 ildən çoxunu dənizçiliyə həsr etdiyinə, dənizçilərlə bir yerdə olduğuna görə özünü çox xoşbəxt hiss edir. İşçilərin hüquq və mənafelərini qoruyan, onların sosial-iqtisadi rifahını yüksəldən həmkarlar təşkilatının üzvlərini öz ailəsinin üzvləri hesab edib, aralarında heç bir fərq qoymayıb. Hər bir  insanın dərdinə-sərinə şərik olub, qayğılarına cavabdehlik daşıyıb. Səməd müəllimin dediklərinə görə, xüsusilə də Vətən müharibəsində şəhid olmuş dənizçilərin ailələrinə, qazilərə, müharibə iştirakçılarına böyük diqqət göstərilir.
AXDG-nin 300-dən çox işçisi könüllü olaraq Vətən müharibəsinəı qatılmışdır. Onların sosial qayğılarını qarşılamaq üçün 9 şəhid ailəsinə mənzillər verilib. Hər ay maaşdan əlavə, şəhid ailəsi üzvlərinə 350 manat, qazilərə 250 manat, müharibə iştirakçılarına 150 manat maddi yardım göstərilir. Bu qəbildən olan işçilərə Yeni il, Novruz, Qurban bayramlarında 100 manat yardım edilir, istirahət üçün Azərbaycanın gözəl guşələrinə və Nabrandakı “Dənizçi” istirahət mərkəzinə yollayışlar pulsuz verilir.

Qocaman dənizçinin sözlərinə görə, istər Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində,  istərsə də cənab İlham Əliyevin hakimiyyəti illərində gəmiçilik sahəsinin inkişafı xüsusi diqqətdə saxlanılıb: “Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı sayəsində son illər ölkəmizdə dənizçiliyin inkişafında da böyük nailiyyətlər əldə olunmuşdur. Azərbaycan dəniz nəqliyyatı 5 Xəzəryanı ölkələr arasında aparıcı mövqeyə yiyələnib, beynəlxalq yükdaşıma bazarlarında tanınan iştirakçılardan birinə çevrilib, gəmilərimiz Qara və Aralıq dənizi regionunda istifadə olunur.  Azərbaycan dövlətçiliyinin banisi, bu il anadan olmasının 100 illiyi qeyd olunan ulu öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində təkrarolunmaz istedadı və ideyası nəticəsində iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatının inkişaf etdirilməsi istiqamətində formalaşdırdığı siyasət və qeyd edilən sahəyə diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə bütün dünyada olduğu kimi, Azərbaycanda da 25 iyun “Dənizçi Günü” peşə bayramı təsis olunub və artıq 8 ildir ki, ölkəmizdə də dəniz nəqliyyatı işçiləri öz peşə bayramlarını rəsmi səviyyədə qeyd edirlər. Azərbaycan dünyanın 170 dövlətinin qoşulduğu Beynəlxalq Dəniz Təşkilatının tam hüquqlu üzvüdür. Ölkə Prezidentinin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq beynəlxalq səviyyədə dəniz dövlətləri sırasında və müvafiq beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzunun daha da artırılması istiqamətində məqsədyönlü tədbirlər bu gün də uğurla həyata keçirilir”.

Z.Vəliyev

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov