Xəbər lenti

Kamaləddin Qafarov: “Bu Vətən bizimdir!”

“Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro Bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Lakin, ermənilər nəinki bu prinsipləri gözləmədi, əksinə həmin prinsipləri kobud surətdə pozaraq işğal etdikləri ərazilərdə təbiəti viran qoydular. Ermənilər işğal etdikləri ərazilərdə 30 il qiymətli sərvətləri amansızcasına dağıtdılar, Ermənistana daşıdılar, daşınması mümkün olmayanları isə yandırmaqla ekologiyaya ciddi ziyan vurdular. Ermənilərin meşələrdə hər il mütəmadi olaraq törətdiyi yanğınlar min hektarlarla ərazini əhatə etməklə bərabər, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə ciddi ziyan vurdu. Ümumiyyətlə, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Azərbaycan əraziləri regional ekoloji fəlakət zonasına çevrilib. Ermənistanın sabiq rəhbərləri R.Köçəryan və S.Sarkisyanın işğal dövründə törətdikləri hərbi cinayətlərini və qeyri-qanuni iqtisadi əməllərini indi də kriminal iş adamı olan Ruben Vardanyan davam etdirir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat qeyd edib ki, ərazini ən çox çirkləndirən Ermənistanın cənub-şərqində yerləşən Zəngəzur mis-molibden kombinatı, ikincisi isə Ermənistanın cənub-şərqində, Qafan şəhərindən 1,5 km şərqdə, Oxçuçay çayının aşağı axınında yerləşən Qafan mədən və emal zavodudur:” Son on ildə Ermənistan fabriklərindən ağır metalların sızması səbəbindən Oxçuçay çirklənmə mənbəyinə çevrilib. Üstəlik, son iki il ərzində Laçın yolu ilə Xankəndiyə davamlı silah, hərbi qüvvə axını olub. Bu da 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin şərtlərini, xüsusilə bütün erməni hərbçilərinin bu ərazidən çıxarılması ilə bağlı 4-cü bəndi pozur. Rusiya vətəndaşlığından imtina edib Qarabağa gələn kriminal iş adamı Ruben Vardanyan isə ekoloji fəsadları nəzərə almadan Qarabağ yataqlarında qızıl tərkibli və mis-molibden filizlərinin qanunsuz hasilatına başlayıb. Bunu nəzərə alaraq Azərbaycan ekoloqları təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq keçirmək istəsə də, dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədildi. Bu səbəbdən də bir neçə gündür Laçın-Şuşa yolunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası keçirilir. Dinc xarakterli bu aksiyada tələb ekologiyanı pozan, təbii sərvətləri talan edən separatçıların əməllərinə son qoyulması, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının dayandırılması, bütün təbii sərvətlərin istismarının Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməsidir.”

K.Qafarov bildirib ki, ermənilərin Laçın yolunun bağlanması iddiasına gəlincə, bu sadəcə erməni həyasızlığıdır:”Görünən odur ki, yolu Azərbaycanın vətəndaş cəmiyyətinin etiraz edən nümayəndələri deyil, məhz Rusiya sülhməramlı kontingenti bağlayıb. Azərbaycan isə dövlət səviyyəsində Qarabağda yaşayan bütün erməni vətəndaşlarına humanitar dəstəyi verməyə hazır olduğunu bildirib. Sadəcə su bulandırmaqla, məsələni yanlış formada şərh etməklə Ermənistan Azərbaycanın daxili işlərinə müdaxilə edir. Bu cür bəyanatlar Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə qəbul etdiyi öhdəliklərə ziddir. Azərbaycan fəallarının sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilmir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələ ki inteqrasiya olunmayıb. Ona görə də Ermənistanın absurd bəyanatları heç nəyi dəyşməyəcək və Azərbaycan dövləti öz ərazisində ekoloji terror törədilməsinin, qanunsuz silahların daşınmasının, təbii sərvətlərin talan edilməsinin qarşısını qətiyyətlə alacaqdır. Bu Vətən bizimdir!”.


Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Aksiyanın beşinci günündə etirazçılar ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndiriblər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.


Kamaləddin Qafarov: “Azərbaycan türkdilli dövlətlərlə  əlaqələrə xüsusi önəm verir”

“ Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri də türkdilli dövlətlərlə əlaqələrin daim genişləndirilməsi və inkişaf etdirilməsidir. Bu baxımdan ölkəmizin Türk Dövlətləri Birliyi (TDB) çərçivəsində fəaliyyəti xüsusi önəm kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin mütəmadi olaraq türkdilli ölkələrə etdiyi səfərlər də məhz bu məqsədə xidmət edir. Dekabrın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə səfər edib. Türkmənistanın Türk Dövlətləri Birliyinə hələlik yalnız müşahidəçi qismində üzv olduğu nəzərə alınarsa, bu sammitin əhəmiyyəti özünü daha qabarıq şəkildə göstərmiş olar. Sözsüz ki, bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər üzərində sıx bağlılığı olan bu üç ölkə arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi və güclənməsi nəticə etibarı ilə Türkmənistanın TDB-yə tam inteqrasiyasını daha da sürətləndirəcək.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat qeyd edib ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə və möhkəm əsaslar üzərində qurulmuş olması Üçtərəfli Zirvə Görüşünün effektivliyini artıran əsas amillərdən biridir: “Dövlətimizin başçısının sammitdəki çıxışında qeyd etdiyi kimi, hazırda Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Bunun təsdiqi olaraq 2021-ci ildə imzalanmış və Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəltmiş Şuşa Bəyannaməsini, eləcə də 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannaməni göstərmək olar. Ölkələrimiz arasında münasibətlərin səmimi dostluq əlaqələri əsasında formalaşdığını təsdiqləyən daha bir məqam da Türkiyə, Azərbaycan və Türkmənistanın bir-birilərinə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstərmələri ilə bağlıdır. Ölkələrimiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edirlər. Xüsusilə iqtisadi sahədə əməkdaşlıq yüksək dinamikası ilə diqqəti cəlb edir. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Ölkəmizin bu il Türkmənistanla ticarət dövriyyəsi isə 5 dəfə artmışdır.”

K.Qafarov Azərbaycan, Türkiyə və Türkmənistan arasında xüsusilə nəqliyyat-logistika sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini və bu istiqamətin böyük perspektivlərə malik olduğunu vurğulayaraq deyib: “Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, bu günə qədər həm Azərbaycan, həm Türkiyə, həm də Türkmənistan tərəfindən bir çox irimiqyaslı infrastruktur layihələri icra edilmişdir ki, bunlar da öz növbəsində ölkələrimiz arasında nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsini tarixi Zəfərlə başa vuran Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və bununla da həm Cənubi Qafqazda, həm də Xəzər dənizi hövzəsində yeni, unikal əməkdaşlıq imkanları yaratmış oldu. Təbii ki, bu imkanların tam reallaşması üçün Ermənistan 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. O cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan bu layihənin öz ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizini, avtomobil yolu üzrə 70 faizini artıq icra edib. İşlərin qalan hissəsi isə 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Zəngəzur dəhlizi Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Bu dəhliz həm də Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi üzərində olan digər ölkələrin də tranzit və yükdaşıma imkanlarının artmasına, həmin ölkə xalqlarının rifah halının daha da yüksəlməsinə mühüm töhfə olacaq”.



Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarovanın həftəlik brifinqində erməni jurnalist Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersayın Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri təyin olunmasına dair təxribat xarakterli sual verib.

Erməni jurnalistin Zaxarovaya “Nəyə görə Rusiya bəzi hallarda postsovet ölkələrinin NATO ilə əməkdaşlığına mənfi reaksiya verdiyi halda, digər hallarda bu əməkdaşlığa göz yummağa üstünlük verir?” sualını o belə cavab verib;

-“Mən sizinlə razılaşmıram, mən tək Azərbaycanda deyil, Ermənistan da daxil olmaqla digər qonşu ölkələrdə də xarici ölkə vətəndaşı olan müşavirlər görürəm. Hər bir ölkənin öz tərəfdaşları ilə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməklə bağlı suveren hüququ var. Lakin bununla belə, bu üçüncü ölkələrə qarşı yönəldilməməli və Cənubi Qafqazda yaranmış qüvvələr balansını pozmamalıdır. Biz bu tezisləri regiondakı tərəfdaşlarımıza çatdırırıq”.


Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda bir sıra hakimlərin cəzalandırılmasına qərar verilib.

Nöqsanlara görə apellyasiya məhkəməsinin 3, birinci instansiya məhkəmələrinin isə 6 hakimi intizam məsuliyyətinə cəlb olunub. Daha 2 hakim barədə intizam icraatı başlanılıb.



Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri ilə qapalı görüş keçirib.

Bu barədə xəbəri “Armlur.am” portalı yayıb.

Görüş zamanı Laçın dəhlizinin bağlanması məsələsinin müzakirə olunduğu bildirilir.

 Məlumata görə, müzakirələr qızğın keçsə də, Paşinyan deputatların dəhlizin nə zaman açılacağına dair suallarına cavab verə bilməyib.

Ermənistan hökumətinin rəhbəri qeyd edib ki, müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq təşkilatlarla təmasda olsa da, onlardan heç biri dəhlizin açılmasına zəmanət vermir.

Bununla yanaşı, Paşinyan Rusiyanın bu məsələdə vasitəçiliyinə dair də konkret fikir bildirməyib.



Qətərdə keçirilən Dünya Çempionatının növbəti finalçısı məlum olub.
 
AZXEBER.COM xəbər verir ki, yarımfinal görüşündə baş tutan Fransa-Mərakeş oyununda Argentinanın finaldakı rəqibi məlum olub.
 
Mərakeş yığmasını 0:2 hesabı ilə məğlub edən Fransa finala vəsiqə qazanıb. Bununla da Dünya Çempionatının hər iki finalçısının adları dəqiqləşib.
 
Qeyd edək ki, DÇ-2022-nin final matçı dekabrın 18-də keçiriləcək.


Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirilən əraziyə Rusiya sülhməramlıları tərəfindən üç ədəd səsgücləndirici gətirilib. 

Onların bunu hansı məqsədlə etdiyi hələlik məlum deyil.

 

09:08

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq dörd gündür ki, davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, dekabrın 12-si səhər saatlarından başlayan aksiya gecə boyu da davam edib.

Etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələri ötən axşam da ərazidə quraşdırılan çadırlarda gecələyiblər.

Aksiya iştirakçıları mədənlərin qanunsuz istismarı, ekoloji terror, Ruben Vardanyanın pozucu, təxribatçı, talançı fəaliyyəti, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı şüarlar səsləndirirlər.

Onlar həmçinin Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını hər dəfə çağırışlarında bəyan edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.



Müdafiə Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin Kəlbəcərə - dekabrın 14-də mina partlayışları baş vermiş əraziyə səfəri başlayıb.

 “Report” xəbər verir ki, məqsəd jurnalistləri erməni hərbi birləşmələrinin 2020-ci ildən mina basdırdıqları ərazilərlə tanış etmək və onların terror hərəkətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

Qeyd edək ki, dekabrın 14-də saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfərin minaya düşməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin dörd əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan dörd hərbçi də minaya düşüb, onlardan üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə həlak olub.



 Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov da həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Hicran Rüstəmov 2017-ci il yanvarında bu vəzifəyə təyin edilib. Bunu nəzərə alsaq deyə bilərik ki, H.Rüstəmov şənbə, bazar və bayram günləri də daxil olmaqla, vəzifədə olduğu hər gün üçün 97.5 min manat vəsait mənimsəyirmiş. Fantastik görünsə də, rəqəmlər bunu deyir.

 
 “Qafqazinfo” olaraq məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərlinin mövqeyini öyrəndik. O, hər hansı bir məmurun təkbaşına bu qədər vəsaiti mənimsəməsinə inanmadığını bildirib: “Rəsmi məlumat və rəqəmlər bu formada açıqlanıb. Lakin mən inanmıram ki, Naxçıvan kimi bir bölgədə hansısa məmur, hətta səlahiyyətləri olsa belə, bu qədər vəsaiti təkbaşına mənimsəsin. Bu, absurd və məntiqsiz səslənir. Naxçıvanın ümumi rəhbərliyinin birbaşa iştirakı və xəbəri olmadan bu qədər vəsaiti mənimsəmək, dövlətə bu qədər ziyan vurmaq mümkün deyil. Ona görə də düşünmürəm ki, bir tək o məmurun cəzalandırılması və ya həbsi məsələnin kökünə qədər gedib çıxmasına yetərlidir”.  

Ekspert xatırladıb ki, son zamanlar ard-arda Naxçıvanda məmurların kütləvi şəkildə pul mənimsəməsinə dair məlumatları eşidirik: “Naxçıvanın özünün prokurorluq, hüquq-mühafizə orqanları, məhkəmə hakimiyyəti var. Bu nəzarətedici qurumlar hara baxır? Əgər Muxtar Respublikada bu qədər problemlər, yeyintilər olubsa, onun nəzarətedici orqanları da bunun necə baş verməsinə dair cavab verməlidirlər. Üstü açılan işlərdə qeyd olunan vəsaitləri toplasaq, görərik ki, söhbət artıq yarım milyard manatdan artıq vəsaitdən gedir. Yəni bu qədər vəsaitin mənimsənilməsi zamanı həmin bölgənin hüquq-mühafizə və nəzarətedici orqanları hara baxıb? Axı Naxçıvan Ali Məclisinin ayrılmış vəsaitlərə nəzarətetmə səlahiyyətləri var. Həbslərə, mənimsəmələrə dair xəbərlərin çoxalması bu tipli sualları gündəmə gətirir. Mənə elə gəlir ki, Naxçıvan Muxtar Respublikasının idarəetmə formasında olan qüsurlar üzə çıxdıqca, bu idarəetmə formasının dəyişdirilməli məsələsi daha da aktuallaşır”.

Eldar Tanrıverdi

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov