Xəbər lenti

Türkiyədə zəlzələ nəticəsində həlak olanların yeni sayı açıqlanıb. 

 Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyininə (AFAD) xəbər verir ki, həlak olanların sayı 36 187 nəfərə çatıb.

 



"Bütün imkanları ilə Türkiyəyə dəstək verən ölkələrə təşəkkürümü bildirirəm.
 
Türkiyədə baş verən əsrin fəlakəti beynəlxalq həmrəyliyin nə qədər önəmli olduğunu sübut etdi”.

 Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya hökumətlərinin zirvə toplantısına videomesaj vasitəsilə qoşulan zaman bildirib.
 
Ərdoğan deyib ki, Türkiyə koronavirus pandemiyası dönəmində dünyaya verdiyi dəstəyin zəlzələ fəlakəti yaşadığı bugünlərdə qarşılığını almaqdadır:
 
"Bütün imkanları ilə Türkiyəyə dəstək verən ölkələrə təşəkkürümü bildirirəm”.
 


Məlumat verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Bu barədə FHN-dən məlumat verilib.

Bu çərçivədə, Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş FHN-in xilasetmə qüvvələrinin qərargahında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə növbəti toplantı keçirilib.

Toplantıda hazırki əməliyyat şəraiti, əldə edilmiş nəticələr müzakirə edilib. Həmçinin, atılacaq növbəti addımlar, o cümlədən göndərilən humanitar yardımların məntəqələrə çatdırılması və təhvil verilməsi məsələləri nəzərdən keçirilib, müvafiq tapşırıqlar verilib.

 

 

 
Kamaləddin Qafarov: “Azərbaycan hər zaman  Türkiyənin yanındadır”

“Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ bütün Azərbaycanı sarsıtdı. Ölkəmiz türk bacı və qardaşlarımızın üzləşdiyi fəlakəti özünün faciəsi kimi qəbul etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubunda xalqımızın keçirdiyi hissləri son dərəcə dəqiqliklə ifadə etmişdir: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verən, yaralananlara şəfa diləyən dövlətimizin başçısı dərhal zəlzələdən zərər çəkmiş insanlara müvafiq yardım göstərilməsi, xilasetmə işlərinin həyata keçirilməsi, həmçinin təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində təcili tədbirlərin görülməsi üçün müvafiq göstərişlər vermişdir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanındadır və öz dəstəyini və həmrəyliyini həmişə olduğundan daha qabarıq şəkildə nümayiş etdirir.

K.Qafarov qeyd edib ki, Azərbaycandan Türkiyəyə dəstək təkcə dövlət tərəfindən deyil, eyni zamanda həm də özəl sektordan, ictimai təşkilatlardan və sadə vətəndaşlar tərəfindən göstərilməkdədir: “ Azərbaycandan qardaş Türkiyəyə göndərilən yardımların ən böyük hissəsi dövlətimiz tərəfindən təmin olunur. Zəlzələ baş verdikdən sonra keçən bir neçə gün ərzində Prezident İlham Əliyevin göstərişi ilə qardaş ölkəyə yardım aparan 7 təyyarə və 1 avtomobil karvanı göndərilib. Bu yolla Türkiyəyə 41 nəfəri tibbi heyət olmaqla FHN-in 725 nəfərlik şəxsi heyəti, xilasetmə avadanlıqları, mobil səhra hospitalı, 4 səhra mətbəxi, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri, habelə zərər çəkmiş əhali üçün humanitar yardım çatdırılıb. Özəl sektor da qardaş Türkiyəyə maddi və texniki yardım göstərməkdədir. Ümumxalq dəstəyinin ən yüksək səviyyədə olduğunu xüsusi qeyd etmək lazımdır. Bu gün Türkiyə mətbuatında da Azərbaycan xalqının zəlzələdən zərər çəkmiş türk bacı və qardaşlarımıza yardım etmək üçün səfərbər olduğu vurğulanıb. Həqiqətən də son günlərdə istər paytaxt Bakıda, istərsə də ölkənin bütün rayon və bölgələrində sadə vətəndaşların yardım toplama məntəqələrinə axını əsil izdiham yaradır.”

K.Qafarov Türkiyəyə yardım kampaniyasında Heydər Əliyev Fondunun önəmli rolunu vurğulayaraq deyib: “Qardaş Türkiyəyə yardım olunmasında Heydər Əliyev Fondunun səyləri müstəsna əhəmiyyət kəsb edir. Zəlzələdən ziyan çəkənlərə dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Fond tərəfindən dərhal 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxil edilib. Bundan başqa, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyası getdikcə genişlənir. Bir məqamı da qeyd etmək lazımdır ki, yaranmış vəziyyətdə Türkiyə dövlətinin operativ və çevik addımları insan amilinin Türkiyə hökuməti üçün əsas məsələ olduğunu bir daha təsdiq etdi. Türkiyə bu ağır sınaqdan şərəflə çıxaraq öz gücünü bir daha bütün dünyaya göstərəcək. Azərbaycn-Türkiyə qardaşlığı isə bu çətin günlərdə Türk xalqının ən etibarlı dayağı, dəstəyi olacaq.”


Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altmış beş gündür davam edir.

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

 

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

 


Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə humanitar yardım kampaniyası davam edir.

 

Belə ki, yardımlar Bakı şəhərində Heydər Əliyev adına İdman Konsert kompleksində və Bakı İdman Sarayında toplanır. 

Türkiyəyə yardım aksiyasına Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 5-ci patrul bölüyü də qoşulub. Onlar lazım olan isidici, uşaq bezləri, quru qidaları yığaraq toplama məntəqələrinə gətiriblər. 



Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ dünyanın bütün mütərəqqi qüvvələrini, o cümlədən dünya azərbaycanlılarını da səfərbər edib. 

 Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, Almaniya, İsveç, Macarıstan, Niderland, Polşa, Estoniya, Ukrayna, Gürcüstan, Yunanıstan, Rusiya, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Oman Sultanlığı və digər ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının fəalları Türkiyənin diplomatik missiyaları vasitəsilə zəlzələ qurbanlarının ailələrinə başsağlığı verməklə yanaşı, həm mənəvi, həm də maddi cəhətdən qardaş ölkənin yanında olduqlarını nümayiş etdirirlər.

“Səninləyik, Türkiyə!” çağırışı ilə yardım kampaniyasına qoşulan soydaşlarımız Türkiyə səfirliklərinin və yardım fondlarının hesablarına pul köçürür, ərzaq, geyim, yataq dəstləri, tibbi ləvazimatlar və gigiyena vasitələrindən ibarət humanitar yardımları diplomatik missiyaların və türk icmalarının vasitəsilə zəlzələ bölgəsinə göndərirlər.

Dünya azərbaycanlıları əmindirlər ki, qüdrətli Türkiyə dövləti və xalqı bu dağıdıcı təbii fəlakətin fəsadlarını tezliklə aradan qaldıracaq.



Xəzər dənizində zəlzələ olub.

 Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. 

Qeyd edilib ki, zəlzələ yerli vaxtla saat 14:19-da Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 3,4 olan yeraltı təkan 60 km dərinlikdə baş verib.



Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşür.

Budəfəki humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir.  

Heydər Əliyev Fondu, “AzərEnerji” ASC və “Azərişıq” ASC-nin dəstəyi ilə göndərilən yardım fevralın 10-da zəlzələ bölgəsinə çatdırılacaq.

Xatırladaq ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-da Türkiyəyə Heydər Əliyev Fondunun ilk humanitar yardım təyyarəsi göndərilib. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları zəlzələdən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər çatdırıb.

Həmçinin qeyd edək ki, Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi fevralın 8-dən humanitar kampaniyaya start verib. Bu kampaniya çərçivəsində vətəndaşlardan toplanan humanitar yardımlar da Heydər Əliyev Fondunun dəstəyi ilə zəlzələ bölgəsinə çatdırılır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov