Xəbər lenti


 
Kamaləddin Qafarov: “ Qarabağ ermənilərinin  gələcəyi   Azərbaycan cəmiyyətinə inteqrasiyadan asılıdır ”

“Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu öz işini baş vurdu. Bakı Forumunda müxtəlif mədəni mənsubiyyətə, siyasi sistemə və siyasi tarixə malik 60 ölkədən 350 nəfər nümayəndə iştirak edirdi. Dövlətimizin başçısı tədbirin açılış mərasimində etdiyi çıxışında Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsinin və intellektual potensialının aparıcı beynəlxalq konfranslara uyğun olduğunu vurğuladı. Forumun proqramı Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edirdi. Bununla yanaşı, bu gün dünya gündəminin bir çox digər aktual məsələləri də müzakirələrin gündəliyinə daxil edilmişdi.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.

Deputat deyib: “Öz çıxışında Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatında 2019-cu ildən öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə 2023-cü ilədək uzadılmış sədrliyinin bu ilin sonunda başa çatacağını bildirdi. Azərbaycan təşkilata üzv olduğu bütün müddət ərzində və əlbəttə ki, həm də sədrliyi dövründə Qoşulmama Hərəkatını daha da aktivləşdirmək, onun dünyada gedən proseslərə müdaxilə və təsir imkanlarını artırmaq üçün fəal şəkildə və yüksək effektivliklə çalışıb. Bu məqsədlə beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil edilib. Azərbaycan COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı oldu. Zirvə toplantılarından biri pandemiya ilə mübarizəyə həsr edildi. Təşkilatın 60 illik tarixində ilk dəfə məhz Azərbaycanın təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradıldı, Hərəkatın Gənclər Şəbəkəsi təsis edildi. Dövlətimizin başçısı bəyan etdi ki, bu ilin sonunda Azərbaycanın sədrliyi başa çatdıqdan sonra da ölkəmiz öz səylərini davam etdirəcək. Çünki Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır.”

K.Qafarov münaqişələrin həlli mövzusunda fikirlərini bölüşən Prezident İlham Əliyevin öz çıxışında irəli sürdüyü konstruktiv təkliflərdə, əslində, Ermənistana da öz gələcəyini qura bilməsi üçün daha bir şansın verildiyini vurğulayıb: “Dövlətimizin başçısı Forumun açılış mərasimində etdiyi çıxışında Azərbaycanın Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün uzun illər ciddi səylər göstərdiyini bir daha bütün iştirakçıların diqqətinə çatdırdı. İşğal nəticəsində Azərbaycanda humanitar fəlakətə yol açmış, bir milyondan artıq azərbaycanlını yurdsuz qoymuş, qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olmuş, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış Ermənistan münaqişəni dinc yolla həll etmək istəmədi və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı. Bununla da Ermənistan beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə açıq-aşkar hörmətsizlik göstərdi. Lakin Azərbaycan BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək öz ərazilərini güc tətbiq etməklə azad etdi. Bu, Azərbaycanın legitim hüququ idi. Azərbaycan 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra sülh danışıqlarına başlamaq təşəbbüsü irəli sürdü və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdi. Yaxşı olardı ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı bu şansı əldən buraxmağın böyük səhv olacağına inandıra bilsinlər. Bu, Ermənistanın həqiqətən də sonuncu şansı ola bilər. Çünki, Ermənistan ölkəmizə qarşı təcavüz səbəbindən, faktiki olaraq müstəqil gələcəyini qurmaq fürsətini əldən buraxıb. Bu gün isə, Prezident İlham Əliyev öz konstruktiv və ədalətli təklifləri ilə onlara öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaradır. Dövlətimizin başçısı Azərbaycandakı erməni azlığına dair konkret mövqeyini bir daha ortaya qoyaraq, Azərbaycanın çoxkonfessiyalı, çoxmillətli ölkə olduğunu və bütün azlıqların hüquqlarının Konstitusiyamız tərəfindən qorunduğunu bir daha vurğuladı. Artıq həmin insanlar da anlamalıdırlar ki, onların gələcəyi yalnız Azərbaycan cəmiyyətinə inteqrasiya ilə bağlıdır. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onların taleyini, onların gələcək həyatını dövlətimiz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyil”.
 
 


Martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub.Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Eldar Quliyev: “Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət olaraq dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını alması faktı bu gün dünyanın bütün siyasi dairələrində birmənalı olaraq qəbul edilir”

Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması sözsüz ki, dövlətimizin və xalqın tarixində silinməz iz buraxacaq ən əlamətdar hadisələrdən biridir. Bu ilin ölkənin ümumi inkişafı, xalqımızın rifah yüksəlişi, dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi baxımından bir sıra müstəsna özəlliklərə malik olacağı artıq ilin ilik aylarından başlayaraq cərəyan edən hadisələrin, ölkə daxilində və beynəlxalq müstəvidə gedən proseslərin intensivliyində və mütərəqqi yönümündə özünü göstərməyə başladı. Dövlət başçımızın xarici ölkələrə səfərləri və mühüm beynəlxalq tədbirlərdə iştirakı, Azərbaycanın xarici siyasət kursuna və ilk növbədə enerji siyasətinə dünyada marağın son dərəcə böyüməsi, ölkəmizlə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldıran ölkələrin sayının getdikcə artması, xarici ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin intensivliyi və əlbəttə ki, ölkəmizdə dünya və Avropada keçirilən aparıcı Forum və Konfranslar səviyyəsində mötəbər beynəlxalq tədbirlərin təşkili gedən prosesləri xarakterizə edən əsas göstəricilərdir. Əlbəttə ki, bütün bu baş verənlər ölkə ictimaiyyəti tərəfindən böyük maraq və diqqətlə izlənilir, təqdir olunur. Eyni zamanda, cərəyan edən hadisələrin yaxın gələcəkdə ölkəmizin ictitimai-siyasi həyatına bilavasitə göstərə biləcəyi təsirlər, regionda səbəb ola biləcəyi dəyişikliklər barədə ortaya çıxan suallar da kifayət qədərdir.

Bugünkü buraxılışımızda cərəyan edən hadisələrin fonunda Azərbaycanın dünya və Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişaf perspektivləri, ölkəmizin Avrasiya məkanında gedən proseslərdə rolu və mövqeyi, eləcə də mövzu ətrafında Azərbaycan ictimaiyyətini maraqlandıran digər məsələlər barədə AİA.az-ın suallarını Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Xoş gördük Sizi, Eldar müəllim. İlk növbədə suallarımızı cavablandırmaq üçün bizə vaxt ayırdığınıza görə Sizə bütün redaksiyamız adından dərin təşəkkürümüzü bildiririk.

- Xoş gününüz olsun. Mən də sizinlə yenidən həmsöhbət olmaqdan çox məmnunam. İnanıram ki, bugünkü söhbətimiz də məzmun baxımından kifayət qədər aktual və maraqlı olacaq.

- Elə isə, birbaşa mövzuya keçək. Eldar müəllim, cari ilin ilk rübünün hələ tamam olmamasına rəğmən, respublikamızın ictimai-siyasi həyatı istər ölkə daxilində, istərsə də beynəlxalq müstəvidə artıq kifayət qədər zənginliyi ilə diqqəti cəlb edir. Əlbəttə ki, baş verən hadisələr, cərəyan edən proseslər barədə bir qədər sonra ətraflı söhbət edəcəyik. Lakin ilk növbədə məhz yaşadığımız bu ilin xüsusi özəlliyi barədə, yəni 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar fikirlərinizi eşitmək istərdik.

- Sizin bu ilin xüsusi özəlliyini qeyd etməyiniz çox dəqiq ifadə oldu. Həqiqətən də, Azərbaycan xalqı bu il özünün dahi lideri və xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edəcək. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması da bu ilə xalqımızın və dövlətimizin tarixində xüsusi bir önəm, çəki vermiş oldu. Ümummilli Lider Heydər Əliyevin öz ölkəsi və xalqı qarşısında olan xidmətləri barədə hələ bundan sonra illər boyunca elmi araşdırmalar aparılacaq, kitablar, elmi əsərlər yazılacaq. Təsadüfi deyil ki, bu dahi şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi illər Azərbaycan tarixində Heydər Əliyev epoxası adlandırılır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdandan sonra titanik səylər nəticəsində Azərbaycanın vahid bir ölkə kimi varlığını qoruyub saxlaması, müstəqil dövlət olaraq dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını alması faktı bu gün sadəcə ölkəmizdə deyil, həmçinin dünyanın bütün siyasi dairələrində birmənalı olaraq qəbul edilir. Lakin bu, Ulu Öndərin özünün dediyi kimi, müstəqilliyə gedən yolun hələ başlanğıcı idi. 1993-cü ilin 18 oktyabr tarixində, Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Ulu Öndər Heydər Əliyev bu başlanğıcın ardınca görüləcək işlərin ağırlığını və məsuliyyətini hər kəsə açıqlayaraq belə demişdir: “Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir.” Bu sözlər Ümummilli Liderin müstəqilliyimizin ilk illərindən bugünkü firavan, güclü, suveren və qalib Azərbaycanın vətəndaşları olaraq yaşadığımız şərəfli dövrə qədər gəlib çıxmaq üçün xalqımızın və dövlətimizin birlikdə dəf etməli olacağı çətinliklərə hazır olmağa bir çağırış idi.

- Həqiqətən də çətinliklər çox idi. Lakin Azərbaycan bu çətinliklərin öhdəsindən gəldi, düşmənlərimizin qarşımıza çəkdiyi bütün maneələri aradan qaldırdı. Sizcə xalqımıza bu gücü verən ən böyük qaynaqlar hansılar idi?

- Mən sizinlə razılaşıram ki, o dövrdə Azərbaycanın öz müstəqilliyini qoruyub-saxlamaq uğurunda apardığı mübarizədən qalib çıxa bilməməsi üçün var gücü ilə çalışan, həm ölkə daxilində, həm də xaricdə yer alan düşmən qüvvələr kifayət qədər idi. Həm də bu qüvvələr heç də zəif deyildilər. Onlara qarşı dura bilmək üçün, onlara qalib gəlmək üçün böyük güc lazım idi. İqtisadi güc lazım idi, hərbi güc lazım idi, iradə, qətiyyət, fədakarlıq lazım idi. Lakin hətta bütün bu amillərin mövcudluğu belə istənilən nəticənin əldə olunacağına tam təminat vermir. Tarix göstərir ki, belə mücadilələrdən yalnız o xalqlar qalib çıxa biliblər ki, onların milli ideyaya əsaslan, milləti qələbəyə aparacaq düşünülmüş strategiyaları və ən əsası da, bu strategiyanı hazırlayan və həyata keçirə bilən liderləri olub. Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqının milli inkişaf strategiyasının və ideologiyasının formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə Ümummilli Lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində zəruri tədbirlər görərək ümumxalq birliyinin fundamental əsaslarını formalaşdırdı. Ulu Öndər real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün azərbaycançılıq ideologiyasının ən effektiv vasitə olduğunu hər kəsdən daha yaxşı bilir və bu məsələni daim diqqət mərkəzinə çəkirdi. Heç bir şübhə yoxdur ki, Azərbaycan bu gün suveren, qüdrətli və artıq bütün dünyada yüksək nüfuza malik olan bir dövlətə çevrilə bilmək üçün sahib olduğu gücü də məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli inkişaf strategiyasından alıb.

- Eldar müəllim, hamımız bilirik ki, 1991-1992-ci illərdə respublikamızı bürümüş hərc-mərclik, anarxiya mühiti heç də müstəqilliyimizi təhdid edən amillərin hamısı deyildi. Belə ki, həmin dövrdə ölkəyə rəhbərlik edən qüvvələrin yürütdükləri yarıtmaz xarici siyasət nəticəsində Azərbaycanın ətrafında həm də son dərəcə arzuolunmaz, gərgin beynəlxalq siyasi mühit formalaşmışdı. 1993-cü ildən başlayaraq bu vəziyyətin aradan qaldırılması üçün görülən tədbirlər barədə nə deyə bilərsiz?

- Siz müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlik edən qüvvələrin yürütdükləri xarici siyasət kursunu bir kəlmə ilə çox dəqiq müəyyən etdiniz. Bu, həqiqətən də yarıtmaz siyasət idi. Əbəs yerə deyil ki, bu siyasət xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu vurğulayan Ümummilli Lider Heydər Əliyev dünyanın Azərbaycanı tanımamasının, problemlərimizdən xəbərsiz olmasının, haqq səsimizin beynəlxalq aləmdə eşidilməməsinin səbəbini də məhz bu siyasi xəttdə görürdü. Halbuki, həmin dövrdə Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi, dövlət müstəqilliyimizin qorunub-saxlanması və möhkəmləndirilməsi üçün tələb olunan zəruri şərtlərdən biri məhz praqmatik və effektiv xarici siyasət kursunun olması idi. Ulu Öndər 9 mart 1994-cü il tarixində Pekin İctimai Elmlər Akademiyasında çıxış edərkən bu məsələnin əhəmiyyətini qeyd edərək demişdir: “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir.” Məhz bu məqsədlə Ümummilli Lider Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldiyi ilk günlərdən dövlətin xarici siyasətini dəyişməyə, ölkənin strateji maraqları əsasında yeni xarici siyasi kurs müəyyənləşdirməyə başladı və qısa müddətdə buna nail oldu. Bu praqmatik kurs Azərbaycanın strateji maraqlarının digər region ölkələrinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırılmasına imkan yaratdı. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursu ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycanın dünya dövlətləri birliyinə bərabər hüquqlu bağlantısını, ölkənin mənafelərini və dünya miqyasında bir müstəqil dövlət kimi tanınmasını təmin etdi. Bu gün isə, eyni strategiyanın Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirlməsi nəticəsində Azərbaycan artıq bütün dünyada nüfuzlu, müstəqil siyasət yürüdən və öz sözünü deməyi bacaran bir dövlət kimi tanınır. Həmçinin bu məqamı da mütləq qeyd etmək lazımdır ki, dövlət başçımızın son 20 il ərzində yürütdüyü uğurlu enerji siyasəti sayəsində Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyində rolu getdikcə artır və bu da əlbəttə ki, ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.

- İlin əvvəlində, daha dəqiq olsaq, yanvar ayının 10-da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verdi. Öz müsahibəsində dövlətimizin başçısı həm də ölkəmizin üzərində olduğu beynəlxalq nəqliyyat dəhlizlərinin hazırkı vəziyyəti ilə bağlı önəmli açıqlamalar təqdim etdi. Bu barədə hansı fikirlərinizi bizimlə bölüşmək istərdiniz?

- Yeni beynəlxalq nəqliyyat dəhlizləri bu gün təkcə ölkəmiz üçün deyil, bütün Avrasiya məkanı üçün son dərəcə mühüm, aktual bir məsələdir. Bilirsiniz ki, Azərbaycan nəqliyyat sahəsində artıq uzun illərdir ki, mühüm beynəlxalq layihələrin aparıcı iştirakçısı və bir çox hallarda həm də təşəbbüskarı kimi çıxış edir. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış yeni geosiyasi şərait isə Azərbaycanın gördüyü işlərin əhəmiyyətini daha da artırmışdır. Bu səbəbdən cənab Prezident İlham Əliyevin qeyd etdiyiniz müsahibəsində toxunduğu Zəngəzur dəhlizi ilə bağlı məsələ Orta Dəhliz layihəsinin tam reallaşması baxımından xüsusilə önəmlidir. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan bu sahəyə uzun illərdir ki, böyük vəsaitlər qoyur və nəticə etibarı ilə öz ərazisində həm Orta Dəhlizlə bağlı, həm də Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işləri yekunlaşdırıb. Azərbaycan Orta Dəhliz layihəsi ilə bağlı ardıcıl siyasət aparır. Hələ beş il bundan əvvəl bütün dünya Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının şahidi oldu. Burada bir məqama xüsusi diqqət etmək lazımdır. Ermənistanın bu layihədən tamamilə kənarda qalması səbəbindən bəzi böyük Qərb ölkələri onun əleyhinə çıxış edir və reallaşmasına ciddi maneələr törədirdilər. Başqa sözlə, cənab Prezident İlham Əliyevin dediyi kimi, ermənipərəstlik bu layihənin icrasında da özünü göstərdi. Buna görə də layihənin icrası mümkün ola biləcəyindən daha çox zaman aldı. Lakin Azərbaycan bütün hallarda olduğu kimi, öz məqsədinə nail oldu və hazırda bu layihənin genişləndirilməsi ilə bağlı ciddi iş gedir. Hazırda Orta Asiyadan gedən yüklər üçün yeni yolların açılması beynəlxalq gündəmdə duran əsas məsələlərdən biri olduğuna görə, Zəngəzur dəhlizinin iqtisadi səmərəsi də artıq heç kimdə şübhə doğurmur. Nəzərə almaq lazımdır ki, bu layihə böyük bir coğrafiya üçün həm də strateji bir layihədir və onun reallaşması ölkəmizin təbii hüququdur. Məlumdur ki, Zəngəzur dəhlizinin açılması şərti eyni zamanda, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatda da öz əksini tapıb. Həmin sənəddə açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir və Ermənistan istəsə də, istəməsə də bu, baş verəcək. Bununla yanaşı möhtərəm dövlət başçımızın açıqlamasında belə bir vacib açıqlama da yer almışdı ki, hesablamalara görə təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Bu isə o deməkdir ki, Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir. Layihənin əhəmiyyətini artıran bir xüsusi məqam da budur ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra bu, Rusiya üçün əsas prioritet məsələlərdən birinə çevrilib.

- Eldar müəllim, xatırlamaq yerinə düşər ki, Orta Dəhliz layihəsi yanvar ayının 17-də Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakı zamanı Çinin CGTN televiziya kanalına verdiyi müsahibəsində də müxbirləri maraqlandıran əsas mövzulardan idi...

- Tamamilə doğru deyirsiniz və bu, təbiidir. Bildiyiniz kimi, Çin artıq yeni Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin təşəbbüsü ilə çıxış edib və hətta artıq onun icrasına da başlayıb. Dövlətimizin başçısı öz müsahibəsində bu məsələyə toxunaraq qeyd etdi ki, bu layihə də Azərbaycana, Xəzər dənizinə istiqamətlənib. Əlbəttə ki, bu layihə çox vacib əlavə təchizat marşrutudur və ümumilikdə Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Yeri gəlmişkən, cənab Prezident İlham Əliyev bunu da qeyd etdi ki, Azərbaycan Çinin 10 il bundan öncə bir təşəbbüs kimi irəli sürdüyü, bu gün isə artıq nəhəng beynəlxalq layihəyə çevrilmiş “Bir kəmər, bir yol” layihəsində də çox konstruktiv rol oynayır. Vurğulandı ki, Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və o zaman hələ mövcud olmayan infrastruktura investisiya yatırmağa başladı. Bu illər ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü və Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdi. Həmçinin dəmir yolu infrastrukturuna ən çox investisiya yatırıldı. Buna paralel olaraq bütün digər layihələr - avtomagistrallar, hava limanları kimi layihələr də həyata keçirildi. Beləliklə, açıq dənizə çıxışı olmayan bir ölkə olmasına rəğmən Azərbaycan beynəlxalq logistik və nəqliyyat mərkəzinə çevrildi.

- Amma düşünürəm ki, Çin jurnalistlərinin Azərbaycan Prezidentinin bu və ya digər qlobal məsələyə münasibətdə tutduğu mövqeyinə olan maraqları təkcə nəqliyyat layihələrinin reallaşması perspektivləri ilə bağlı deyil. Bu baxımdan Çin ilə Azərbaycan arasında mövcud iqtisadi əlaqələr barədə nə deyə bilərsiz?

- Azərbaycanın Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməsi bu əlaqələrin istər Avropa, istərsə də Asiya dövlətləri ilə yüksək səviyyədə qurulması üçün əlavə imkanlar yaradır. Bu gün Azərbaycanın etibarlı münasibətlər qurduğu ölkələrdən biri də dünyanın ən nəhəng iqtisadiyyatlarından birinə malik olan Çin Xalq Respublikasıdır. Cənab Prezident İlham Əliyev də öz müsahibəsində qeyd etmişdi ki, iki ölkənin dövlət başçıları arasında təşkil olunan görüşlər də Çin və Azərbaycanın yaxşı dost və tərəfdaş ölkələr olduğunu təsdiq edir. Elə ötən ilin payızında Pekində keçirimiş “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Çinin dövlət başçısı Si Cinpinin Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırması da dövlət başçıları arasında mövcud olan qarşılıqlı hörmətin rəmzi kimi qiymətləndirilməlidir. Azərbaycan ilə Çin arasında 30 il ərzində davam edən siyasi münasibətlər, iki ölkənin beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığı və bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi artıq ölkələrimizin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Təbii ki, siyasi münasibətlər həmçinin iqtisadi əlaqələri inkişaf etdirmək üçün möhkəm zəmin deməkdir. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini hər zaman dəstəkləyib. Bununla belə ölkələrimiz arasında enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlığın cəlbedici perspektivləri mövcuddur. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərirlər. Bu da əlbəttə ki, ölkəmizdə investisiya mühitinin çox müsbət olması sayəsindədir. Azərbaycanda xarici və yerli investisiyaların lazımınca qorunması son dərəcə önəmli amildir. Buna görə də hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar dövlətimiz tərəfindən prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Ardı var...

Söhbətləşdi: Azər Məmmədov
aia.az

 
 
 


“Mən Latviya Prezidentini Cənubi Qafqazda vəziyyətlə, xüsusən də Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı məlumatlandırdım. Ümid edirik ki, Ermənistan sülh sazişi təklifi ilə bağlı şərhlərimizə müsbət cavab verəcək”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında bildirib.

Dövlət başçısı deyib: “Biz bir az öncə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklifimizi verdik. Sonra Ermənistandan şərhləri aldıq və onların şərhləri ilə bağlı öz şərhlərimizi göndərdik. Bu, baxılma prosesindədir”.



Gürcüstanda böyük etirazlara səbəb olan xarici agentlər haqqında qanun layihəsi parlamentdən geri götürülüb.

Bu barədə hakim “Gürcü arzusu” partiyası, “Xalqın gücü” ictimai hərəkatı və parlament çoxluğunun birgə bəyanatında deyilir.

 

Eyni zamanda, hakim partiya öz təşəbbüsündən əl çəkmək niyyətində deyil.

“Qəbul edilən qanun layihəsinin cəmiyyətdə müzakirələrə səbəb olduğunu görürük. Qanun layihəsi mənfi tərəfdən təqdim edilməklə əhalinin müəyyən hissəsini çaşdıra bildi. Qanun layihəsinə yalandan “Rusiya qanunu” damğası vurulub və onun birinci oxunuşda qəbul edilməsi ictimaiyyətin bir hissəsinin gözündə Avropa kursundan uzaqlaşma kimi təqdim edilib”, - deyə məlumatda bildirilir.

Partiya iddia edir ki, radikal qüvvələr gənclərin bir hissəsini qanunsuz fəaliyyətə cəlb edə bilib.

“Biz cəmiyyətin hər bir üzvü qarşısında məsuliyyət daşıyan hökumət olaraq dəstəklədiyimiz qanun layihəsini qeyd-şərtsiz geri götürmək qərarına gəldik. Emosional fon səngidikcə, qanun layihəsinin nə üçün qəbul edildiyini və ölkəmizdə xarici təsirin şəffaflığının təmin edilməsinin nə üçün vacib olduğunu ictimaiyyətə daha yaxşı izah edəcəyik. Bunun üçün biz əhali ilə görüşlərə başlayacağıq və işin hər bir təfərrüatı ilə bağlı bütün həqiqəti geniş ictimaiyyətə çatdıracağıq”, - partiyadan bildirilib.

Mənbə: Kommersant

Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir

Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsidir. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmış, onların hərtərəfli fəaliyyətinə geniş meydan vermiş, lider qadınlar yetişdirmişdir.
Dövlət qadın siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Azərbaycan qadınlarının həyatımızın bütün sahələrində, istər siyasət, istər iqtisadiyyat, istərsə də mədəniyyət sahələrində uğurlu fəaliyyəti zərif cinsin nümayəndələrinin necə böyük bir qüvvəyə sahib olduqlarının təsdiqidir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir.
Bu Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir, məşğul əhalinin ümumi sayının ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,1 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 52,0 faizi, həkimlərin isə 62,0 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,9 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,7 faizi, ali təhsil müəssisələri tələbələrinin 48,2 faizi qızlardır. Gender bərabərliyi deyəndə cəmiyyətdə qadın və kişinin sosial-siyasi bərabərliyi nəzərdə tutulur. Beləliklə, zəngin mənəviyyatlı cəmiyyətin qurulması cinsindən asılı olmayaraq, bütün insanların müxtəlif sosial-siyasi həyat şəraiti seçmələrinə imkan verən imkanın yaradılmasından asılıdır.
Qadınların gücünün, əzminin nəticəsi olan, bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri- 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının, uzun müddət ürəyi Vətən həsrəti ilə döyünən, məcburi köçkün düşmüş qadınlarımızın bayramıdır. Artıq onlar beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edirlər. Çünki qəhrəman analarımızın sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək, Azərbaycanın ərazi bütövlüyünü təmin etdilər. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq. Azərbaycan qadının istənilən uğuru Azərbaycanın daha da güclənməsi və firavanlığı yolunda bir addımdır.

Aytən Ağalarova,
Salyan rayon Arbatan kənd tam orta məktəbin direktoru, YAP fəalı
Heydər Əliyev: “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”

Tariximizə nəzər salsaq, görərik ki, inkişafımızın bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, icitimai-siyasi həyatımızın hər bir sahəsində fəal iştirak ediblər. Azərbaycan Şərqdə qadınlara kişilərlə bərabər seçkilərdə iştirak etmək, seçmək və seçilmək hüququ verən ilk dövlətdir. Bununla da Azərbaycan qadınına hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dən əvvəl cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilib.
Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur.
“Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”.  Ulu Öndərimiz Heydər Əliyevə məxsus olan  bu dəyərli fikri  müstəqil Azərbaycanın  həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd edir ki, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bu günkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.“  Bəli, böyük tarixi, mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim yüksək ehtiramla yanaşmışdır.
Azərbaycanda qadın hərəkatının vüsət almasında Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xidmətləri xüsusilə təqdirəlayiqdir. Mehriban Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti təkcə ölkəmizdə deyil, həm də dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında müstəsna rola malikdir. Mehriban Əliyeva sözün əsl mənasında Azərbaycan qadınının ləyaqət simvoludur. Onun istər humanitar, istər elm və təhsil, istərsə də digər sahələrdə həyata keçirdiyi böyükmiqyaslı tədbirlər qadınların cəmiyyətdə rolunun artmasına dəstək olmaqla yanaşı, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.
Azərbaycan qadını tarix boyu mübarizliyi ilə tanınıb, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərib. Keçmişdə olduğu kimi müstəqillik illərində, birinci Qarabağ və 44 günlük Vətən müharibəsində də düşmənə qarşı savaşan Azərbaycan qadınları sırasında şəhidlərimiz də var. Tibb işçisi, jurnalist, hərbçi kimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və qorunması naminə canlarından belə keçiblər. Eyni zamanda, qadınlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyıblar.

Nübar Bayramova,
Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP fəalı

Bu gün Azərbaycan qadını ölkəmizin ictimai-siyasi, iqtisadi,  mədəni həyatının fəal iştirakçısıdır

Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur.
Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Tarix boyu Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Bu gün 1975-ci ildən Beynəlxalq Qadınlar Günü olaraq qeyd edilir. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq etmişdir.
Ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar.”
Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu gün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Bu il Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 illik düşmən işğalına son qoydu. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.

Yeganə Cəfərova,
Salyan rayon Qarabağlı-2 kənd tam orta məktəbin direktor əvəzi
Kamaləddin Qafarov: “Qadınlar cəmiyyətin aparıcı qüvvələrindən biridir”

“ Azərbaycan qadınları tarixin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları şanlı və qədim tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə səmərəli istifadə edib. Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat qeyd edib ki, dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir: “Məlum olduğu kimi, Azərbaycanda qadınlarla iş siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar sözügedən dövlət siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. 2000-ci ildə ulu öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalayıb. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açıb.”

K.Qafarov ölkəmizdə bu gün də dövlət qadın siyasətinin yüksək səviyyədə davam etdirilidiyini vurğulayaraq deyib: “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr bu gün Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. 2006-cı ildə Milli Məclis Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edib. Ölkəmizdə 8 Mart – Beynəlxalq Qadınlar Günü rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupunu orden və ya medallarla təltif edir.”

Kamaləddin Qafarov Azərbaycanda dövlət qadın siyasətinin uğurla həyata keçirilməsində, eləcə də dünyada Azərbaycan qadınının müsbət obrazının formalaşmasında ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük rolunu qeyd edərək deyib: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunun getdikcə daha çox yüksəlməsinə xidmət edir. Bu fəaliyyət cəmiyyətimizdə qadınlara münasibətdə Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, xanımların ictimai həyatda fəal iştiraka cəlb edilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınını təcəssüm etdirir. Ölkənin birinci xanımı həm ictimai xadim, həm ailə xanımı, həm ana kimi bütün qadınlarımıza cəmiyyətin həyatında layiqli yer tutmaq nümunəsini göstərir. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində özünün daha parlaq təcəssümünü tapır. Ölkənin Birinci vitse-prezidentinin fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlmişdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çox sayda layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov