srailin Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılış mərasimi baş tutub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və israilli həmkarı Eli Kohen iştirak edib.
Tədbirdə Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov iştirak ediblər.
Qeyd edək ki, ötən ilin sonunda Milli Məclis Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Daha sonra Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib.
Azərbaycanın İsraildəki səfiri vəzifəsinə Muxtar Məmmədov təyin edilib.
***
Azərbaycan XİN də səfirliyin açılması barədə məlumat yayıb. Bildirilib ki, martın 29-u xarici işlər naziri Ceyhun Bayramovun və İsrailin xarici işlər naziri Eli Kohenin iştirakı ilə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimi keçirilib.
Tədbirdə, həmçinin İsrailin kəşfiyyat naziri Gila Qamliel, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, çoxsaylı millət vəkilləri, Knessetin təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Yuli Edelşteyn, İsrail Knessetində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Beliak, Knessetin üzvləri, Yisrael Beytenu partiyasının sədri Aviqdor Liberman, Azərbaycan yəhudi icmasının üzvləri, İsrailin ictimai-siyasi xadimləri, Knessetin sabiq spikeri Dalia İtzik, Qüds merinin müavini və s. rəsmi şəxslər iştirak edib.
Açılış mərasimində çıxış edən nazir Ceyhun Bayramov, Səfirliyin açılmasının Azərbaycan və İsrail arasında mövcud olan strateji münasibətləri daha da dərinləşdirəcəyini qeyd edərək, həmçinin, İsraildə Azərbaycan icmasının iki ölkə arasında münasibətlərdə vacib rolunu vurğulayıb.
Azərbaycanın İsrail ilə münasibətlərə verdiyi önəmdən bəhs edən nazir, bu münasibətlərin xalqların birlikdə sülh və əmin-amanlıq içində birgə yaşayışına dayandığını bildirib. İkitərəfli münasibətlərdə ölkələr arasında mövcud yüksək səviyyəli siyasi dialoqun, habelə birgə Hökümətlərarası Komissiyanın işinin vacibliyi qeyd olunub.
Tədbirdə daha sonra çıxış edən İsrail xarici işlər naziri Eli Kohen təhlükəsizlik, iqtisadiyyat, enerji, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perkspektivlərini vurğulayıb. Səfirliyin açılmasının münasibətlərdə olduqca önəmli tarixi hadisə olduğunu diqqətə çatdırıb.
Nazirlərin iştirakı ilə daha sonra Azərbaycanın İsraildəki Səfirliyinin adının əks olunduğu lövhənin açılış mərasimi keçirilib.
Tədbirdə, həmçinin Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş sərgi nümayiş etdirilib.
Tədbir Azərbaycanın klassik və xalq musiqisinin görkəmli nümayəndələrinin ifasında konsert proqramı ilə davam edib.